Əvvəlki saylarımızda 1992-ci ilin aprelində  Gəncə şəhəri yaxınlıgında yerləşən  Nizami hərbi bazasında(Zazalı) baş verən atışma  və orada baş verə biləcək fəlakətin qarşısının alınması haqqında məqalə dərc etmişdik.  Həmin mövzuya bir daha qayıdırıq. Tərəf. Infonun əməkdaşı  adı çəkilən bazada baş verən silahlı insidentin canlı şahidi  və həmin insidentdə qardaşı şəhid olan  Ayaz Qafarovla söhbət edib və bəzi açıqlamalar əldə edib. 

Ayaz Qafarovun açıqlamalarını olduğu kimi sizə təqdim edirik:

“ 1992-ci ilin aprelində Gəncə  yaxınlığındakı hərbi bazada keçirilən əməliyyat haqqında qısa da olsa danışmaq istərdim.  Müharibənin ən ağır günlərindən idi. Mən 818 № li Gəncə ərazi müdafiə batalyonunun tərkibində, kəşfiyyat qrupunun sıravi əsgər idim.

Aprel ayı  idi. Mən məzuniyyətə buraxılmışdım. Bu vaxt  bizə rəhbərlik tərəfindən belə bir əmr gəldi ki, təcili Gəncə yaxınlıgındakı  Nizami hərbi bazasına gedib, bazanın qorunmasını təmin etməlisiz. Zaqafqaziya hərbi korpusundan həmin bazaya vertolyot gəlib enmişdi. O da bazadan hansısa onlara lazım olanları götürüb, yenidən geri qayıtmalıydı. Biz bunun qarşısını almalıydıq. Biz öz heyətimizlə bazaya getdik və bizə təyin olunmuş postumuzda gözləməyə başladıq. Təxminən 1 sutkaya kimi gözlədik. Sonra bizi başqa qrupla dəyişdilər, bizi hərbi polisin qrupu əvəz etdi. Mənim qardaşım Qafarov Elxan da həmin hərbi polisin qrupunun tərkibində idi. Həmin vaxt da hərbi polisin silahları kifayət qədər deyildi. Elə oldu ki, qardaşım öz silahını yoldaşına verdi, mən də müvəqqəti öz silahımı qardaşıma verdimki, sonra silahımı geri götürərəm. Aradan bir sutka kecdi. Mən komandirim Arif Cabbarovla birgə qardaşımı axtarmaga başladıq, həm silahı geri almaq üçün, həm də nəsə olacagindan narahat idim. Bazadakı bir neçə postları axtardıq, lakin qardaşımı tapmadım. Biz məcbur olduq Gəncəyə, qərargaha baş çəkmək üçün yola düşdük. Biz şəhərə tərəf gələndə  gördük ki, bazaya tərəf, rus hərbi hissələrinə məxsus tanklar irəliləyirdi.  Bazanın da üstündə də hərbi vertolyotlar hərlənirdi. Bizə qərargahdan dedilər ki, qardaşımgil hələ də bazadadılar. Biz yenidən bazaya qayıtdıq.Qayıdanda gördük ki, baza mühasirəyə alınıb və silah səsləri gəlir. Biz əvvəl elə başa düşdük ki, xəbərdarlıq atəşidir. Sonra gördümki, Dəliməmmədli tərəfdən bir mülki maşın gəldi, maşında gələn adam həyəcanla mənə dediki,  Məmmədov Eldar agır yaralıdır, indicə onu xəstəxanaya çatdırdım.  Bu vaxt komandirim Arif mənə Eldarın dalınca getməyi tapşırdı. Mən də yubanmadan maşına minərək, Eldarın yanına getdim.

Eldar mənim qardaşımın dostu idi. Eldar atışmada yaralanıb və yaralı vəziyyətdə mühasirədən çıxaraq, bazanı tərk edə bilib və  bir maşına minib. Maşın da onu xəstəxanaya çatdırıb.

Mən Eldarın yanına çatanda gördümki, Eldarın sifəti qan içindədir. Qəlpədən sifəti dagılmışdı. Demək olarki gözləri görmürdü. Məni səsimdən tanıyıb,  məni qucaqladı və yalvardıki, tez özünüzü çatdırın bazaya, orada şiddətli atışma gedir. Ölənlər və yaralananlar var.

Mən vaxt itirmədən tez bazaya qayıtdım, ama əvvəl içəri daxil ola bilmədim, sonra dedilərki, icəri ancaq təcili tibbi yardım maşınıyla girə bilərsiz, başqa cür girə bilməyəcəksiz, yoxsa vuracaqlar.  Mən də tibbi yardım maşınıyla icəri girə bildim, həqiqətən də bazada atışma olmuşdu, ölən və yaralılar var idi.  Mən qardaşım Elxanı xəbər aldım, ama mənə yalandan dedilər ki, qardaşın yaralıdır. Xəstəxanaya aparılıb.  Mən xəstəxanaya yola düşdüm və çatanda gördümki, qardaşım aldığı yaradan dünyasını dəyişib.

Atışma zamanı baza tanklar və digər zirehli texnikalarla mühasirəyə alınmışdı. Həm yerdən, həm də havadan vertolyotlardan atəş açılırdı. Şiddətli atışmada qardaşım Elxan vertolyotdan atılan mərminin qəlpəsindən agır yaralanıb, lakin qazax millətindən olan bir hərbçi qardaşımı təzədən avtomatla vurub öldürmüşdü,  atışmada Elfaq adında da bir yoldaşı yaralanmışdı .

Onu qeyd etmək istərdim ki, bu baza əməliyyatına Sürət Hüseynovun göstərişiylə Gəncə, , Yevlax,  və digər batalyonlarının döyüşçüləri cəlb olunmuşdu. Bizim cəsur döyüşçülər əməliyyatın uğurlu alınmasında böyük fədakarlıq göstərdilər. Bazanın alınması əməliyyatına, vertolyotun heyətinin və bir polkovnikin  tərksilah edilib, tutulmasına  Sürət Hüseynov şəxsən rəhbərlik edirdi.

Biz bilirdik ki, rusların niyyəti hec də xoş deyildi. Onların bazadan vertolyotu çıxarmaq istəkləri qorxunc niyyətdən xəbər verirdi. Beləki, həmin vaxt ruslar Gəncədən artıq çıxırdılar. Onların niyyətləri bazadan qiymətli hərbi sursatları cıxarıb, bazanı da minalamaq yaxud  da vertolyotdan vurmaq idi. Lakin onların bu mənfur niyyəti gözlərində qaldı. Onu da deməliyəm ki, həmin bazada bir  partlayış olardısa, bir mərmi belə partlayardısa, bunun nəticəsi çox dəhşətli olardı. Ekspertlər hesablamışdılar ki, həmin bazadakı sursat anbarları partlayardısa, bu yarım atom bombası partlayışına bərabər olardı. Bu da Gəncənin, Goranboyun digər kənd və yaşayış məntəqələrinin məhv olması demək idi.

Beləliklə baza əməliyyatının uğurla başa çatmasında  və böyük fəlakətin qarşısının alınmasında Sürət Hüseynovun fədakarlığı və xidməti danılmaz və təkzibedilməzdir.

818 №-li Gəncə ərazi müdafiə batalyonunun kəşfiyyat qrupunun sıravi əsgəri, Qarabağ veteranı  Qafarov Ayaz Aydın oğlu

 

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники