Stat: Bizi Gəncəyə Murov adıyla gətiriblər, biz heç nə bilmirik

nazim-b3-160x150İyunun əvvəlindənModerator.az 93-cü ilin Gəncə hadisələriylə bağlı silsilə mövzular işləyib oxuculara təqdim edir. Bundan əlavə həmin hadisələrin tam mərkəzində olan və Surət Hüseynovun rəhbəri olduğu 709 saylı hərbi hissənin qərargah rəisi olmuş polkovnik-leytenant Nazim Bayramov da demək olar ki, həmin dövrün hadisələrini əks etdirən silsilə yazılarını bizə göndərir. İndi onun növbəti yazısını təqdim edirik:

İyunun 4-ü səhər saat 5.50-dən saat 13.00-ə qədər hökümətin Gəncədə keçirdiyi “Tufan” əməliyyatı nəticəsində müharibənin şiddətli döyüşlərindən çıxmış 709-cu briqadanın 18 zabit və əsgərləri öldürüldü, 50-dən çoxu yaralandı. O cümlədən, Xocalı soyqırımını törətmiş “Arabo” dəstəsini məhv edən, millətin qisasını alan, Gəncədə qardaş qırğının baş verdiyini bilən kimi dərhal evindən atışma yerinə gəlib, ağ bayraqla atəşi dayandırmağa cəhd edən  Qarabağ müharibəsi qəhramanı Mehman Ələkbərov və Mehman Cəfərov qətlə yetirildi, onlarla birlikdə olan Kərim Hümbətov isə yaralandı.

Hökümət tərəfindən göndərilən qüvvələrdən səhər saatlarında yaralananlar olsa da, ölən olmamışdı.

709 saylı hərbi hissənin ərazisindəki tikililərin böyük hissəsi dağıdıllmış və yandırılmışdı. Hərbi hissə yaxınlığındakı yaşayış binaları qumbaraatanlardan və atıcı silahlardan atəşə tutulmuşdu, dağıntılar, xəsarət alanlar, qorxudan xəstəliyə tutulanlar olmuşdu. Sürət Hüseynovun ata evi və qonşu evlər 3 saat gülləbarandan sonra müharibə zonasındakı evləri xatırladırdı. Evlərin sakinləri uşaqlarını zirzəmilərdə gizlətmişdilər. “Tufan” edənlərin Gəncədə törətdikləri vəhşiliklərin videoçəklişləri  AzTV-də  nümayiş etdirilmişdi.

Gəncə əhalisindən 5 mülki şəxs qətlə yetirilmiş, 40-dan çoxu yaralanmışdı. Şəhərdə qurulan  postun yanından avtomaşınla keçən 3 gənc qətlə yetirilmiş, bir nəfər orta yaşlarında kişi Gəncənin “Yevlax avtovağzalı” yaxınlığında Daxili Qoşunların əsgəri tərəfindən avtobusda səbəbsiz açılan atəşlə qətlə yetirlmişdi. Güllə onun başından dəymişdi. Bundan başqa hərbi hissənin qarşısından keçən taksidə bir nəfər öldürülmüşdü.

İyunun 4-ü günorta saatlarında başlamış xalq üsyanı “Tufan”ı pozandan sonra Gəncəyə gətirilmiş 2 minlik silahlı qüvvə komandirlərsiz, başsız, 5-10 nəfərlik dəstələrlə pərakəndə şəkildə şəhərə dağılışdılar. “Tufan”ın bəzi rəhbərləri 50-dən çox Prezident qvardiyaçısı ilə birlikdə  Gəncə MTN şöbəsinin binasında toplanmışdı. Gəncə şəhər polis idarəsi binasına isə 100-dən çox müxtəlif bölmələrin  silahlıları, o cümlədən hadisələrdən sonra, saat 17-də Gəncəyə təyyarə ilə gətirilmiş 50-yə yaxın «omonçu»lar cəmləşmişdilər.

Xaosun, yeni qanlı təxribatların və gətirilən qüvvələrin küçələrə tökülmüş qəzəbli xalq kütlələri tərəfindən linç olunmalarının  qarşısını almaq və yeni qüvvələri şəhərə buraxmamaq üçün S. Hüseynovun rəhbərliyi ilə 709-cu briqadanın qərargahında keçirilmiş müşavirədə qərara alındı ki, şəhərin giriş- çıxışları və aeroport 709-cu briqadanın əsgərləri tərəfindən nəzarətə alınsın, inzibati binalarda olan “Tufan” rəhbərləri saxlanılsın, bu binalarda cəmləşdirilmiş qüvvələr  tərksilah edilsin.

“Tufan” əməliyyatına rəhbərlik etmiş bir neçə güç strukturlarının rəhbərləri, o cümlədən daxili işlər naziri Qabil Məmmədov qaçarkən, şəhərin çıxışındakı postda əsgərlərimiz tərəfindən saxlanılaraq, briqadanın qərargahına gətirildilər. Onların Gəncə Qarnizonu Hərbi Prokuroru tərəfindən dindirilməsi nəticəsində məlum oldu ki, iyunun 4-ü  hökümət tərəfindən Gəncədə “Tufan” əməliyyatı keçirilib. Əməliyyatın məqsədi S. Hüseynovu və 709-cu briqadanı məhv etmək olmub. Bu əməliyyatın keçirilməsinin qanuni əsasları haqqında prokurorun sualına Qabil Məmmədov və başqa yüksək çinli güc strukturlarının  zabitləri aydın cavab verə bilməmişdilər.

Ayrıca qeyd edim ki, bəzi KİV-də uzun illərdir işlədilən “709-cu briqadanın qiyamı” ifadəsi “Tufan” rəhbərlərinin dilindən o zaman səslənməmişdi. Çünki olmayan bir şeyi o zaman onlar bizim üzümüzə deyə bilməzdilər. 709-cu briqada qiyam etsəydi, saxlanılanlar sadəcə deyərdilər ki, “siz qiyam etmişdiz, biz isə dövlət olaraq, gəlmişdik qiyamı yatızdırmağa”. Belə ifadəyə görə onlara bir söz deyilməzdi, çünki heç bir qiyamçı qiyam etdiyini gizlətmir, bunu aşkarda edir, hansısa tələblər irəli sürür və s. Lakin əvvəldən Gəncədə heç bir qiyam olmadığı üçün və onlar “qiyamı yatızdırmaq” üçün deyil, ifadələrində göstərdikləri kimi, xüsusi güc əməliyyatı keçirmək üçün Gəncəyə gəldiklərindən ilkin dindirmələrdə saxlanılan yüksək vəzifəlilərdən heç biri  “qiyam” sözünü  dillərinə belə gətirməmişdilər. Saxlanılan və dindirilən daha aşağı rütbəli zabitlər və sıravilər isə deyirdilər ki, “Bizi Gəncəyə Murov adıyla gətiriblər, biz heç nə bilmirik”.

Həmçinin öncə Gəncənin axundu, sonra isə 709-cu briqadanın komandiri p/l-nt Eldar  Əliyevlə Gəncənin nüfuzlu adamlarından olan Ruslan Rzayev Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Gəncə şöbəsindəki  Sülhəddin  Əkbər və Tahir Məmmədovla danışıqlara gedərərk, onları əməliyyatı dayandırmağa, artıq qan tökməməyə çağırmışdılar. E. Əliyev və R. Rzayev S. Hüseynovun adından qvardiyaçıların həyatlarının təhlükəsizliyinə tam zəmanət vermişdilər. Qvardiya komandiri Tahir Məmmədov uzun çəkən danışıqlardan sonra   tabeçiliyində olanlarla birlikdə 709-cu briqadaya getməyə razılıq versə də, şöbədə tərksilah olmaqdan imtina etdi və silahları 709-cu briqadada təhvil verəcəklərini dedi. E. Əliyev və R. Rzayev T. Məmmədovun bu şərti ilə razılaşdılar.

Saat 18.30 radələrində qvardiyaçılar gəldikləri iki avtobusa mindilər. Birinci  “Mersedes” markalı, ikinci  isə “LAZ” markalı avtobuslar idi. “Mersedesi” Prezident qvardiyasının sürücüsü  Natiq Əliyev idarə edirdi. “Mersedes” 709-cu briqadanın əsgərlərinin müşayətilə briqadaya yola düşdü. “LAZ” avtobusunun sükanı arxasına yerli əhalidən olan Kamran adlı sürücü keçdi. Həmçinin “LAZ”-a qvardiyaçılarla birlikdə 709-cu briqadadan 3 nəfər hərbçi də mindi. Onlardan biri qabaqda, sürücünün yanında, ikisi arxa qapının yanında dayandılar. “Mersedes” birinci yola düşdü və sağ- salamat 709-cu briqadanın ərazisinə daxil oldu. “Mersedes” 709-cu briqadanın qərargahının qarşısında dayandı. Bu an atəş səsi eşidildi. Öyrəndik ki, avtobusda qabaqda oturan bir mayorun lüləsi çənəsinin alt istiqamətinə olan avtomatından atəş açılıb və o, yerindəcə keçinib. Qeyd edim ki, mayorun tabel silahı olan avtomat elə onun öz əlindəykən atəş açılıb.

Bu zaman yol istiqamətindən 709-cu briqadanın ərazisi gözlənilmədən avtomat atəşinə tutuldu. Güllələrdən biri “Mersedes” markalı avtomobildən düşən, qvardiyaçının başından dəydi və o, yerindəcə keçindi. Qalanları tez qərargaha aparıldı.

709-cu briqadanın Nəzarət- Buraxılış Məntəqəsi yaxınlığından atəş səsləri gəldikdə, mən, E. Əliyev və 709-un bir neçə zabit və əsgəri qaçaraq özümüzü həmin yerə çatdırdıq və atəşi dayandırdıq. Atışma 1 dəqiqədən az çəkdi. Məlum oldu ki, içində qvardiyaçılar olan, ikinci gələn  “Laz” markalı avtobus 709-cu briqadanın NBM-ə 50-60 metr qalmış, Gəncə Hərbi Prokurorlugunun binasını keçərkən, qvardiyanın komandiri Tahir Məmmədov yanında dayanmış 709-cu briqadanın əsgərinə atəş açaraq öldürüb, sükan arxasında olan Kamran isə özünü maşından atıb. Avtobusda arxa qapının yanında dayanmış 709-un 2 əsgəri də özlərini avtobusdan yolun kənarına atıblar.  T. Məmmədov sükan arxasına öz sürücüsünü oturdub və ona sürəti artıraraq, 709-cu briqadaya dönmədən şəhərdən çıxmasını əmr edib. Bu zaman Tahir “LAZ”ın açıq qabaq qapısından, AKSU avtomatından 709-cu briqada istiqamətində fasiləsiz atəş açaraq, atışa atışa Gəncəni tərk etməyə cəhd edib. Səhər sübhdən əsəbləri tarıma çəkilmiş 709-cu briqada əsgərləri tərəfindən gözlənilmədən açılan atəş  istiqamətində  reflektor olaraq, kortəbii cavab atəşi açılıb. Sürücü ağır yaralanıb, avtobus idarəetməsini itirib və əvvəlcə qarşısındakı, yolu kəsmiş minik avtomaşınına çırpılıb, sonra yaxında yolun kənarındakı ağaca dəyərək dayanmışdı. Qabaq qapının girəcəyində meyit olduğuna görə, mən və E.Əliyev arxa qapını çöl tərəfdən açıb avtobusa daxil olduq. Bərk qorxu keçirtmiş avtobusdakılar şok vəziyyətindəydilər. Onların çoxusu rusca danışdıqlarından biz də onları rusca və azərbaycanca sakitləşdirməyə çalışdıq və  dərhal qvardiyaçıları avtobusdan çıxartmağa başladıq. Yaralıları, o cümlədən sürücünü maşınlara qoyub, xəstəxanaya göndərdik.

Avtobusda olan 40-a yaxın adamdan atışma zamanı Milli Qvardiya komandiri T. Məmmədovla birlikdə 8 nəfər nəfər ölmüşdü. Yaralılar xəstəxanaya, qalanları 709-cu briqadanın qərargahına aparıldılar. Əlbəttə ki, “LAZ” da “Mersedes” kimi hərbi hissəyə dönsəydi, bu hadisə baş verməzdi, çünki hər şey günortadan  bitmişdi, “Tufan” rəhbərləri saxlanılmışdı və bu qurbanlar heç kəsə lazım deyildi. Başda komandirləri Tahir Məmmədov olmaqla, bu qvardiyaçıların çoxu səhər “Tufanda” iştirak etməmişdilər, Gəncəyə günortadan sonra gəlmişdilər. “Tufanda” bilavasitə iştirak etmiş, 709-u briqadanı atəşə tutan təxminən 100 nəfər qvardiyaçılar “Tufan” pozulan kimi 709-cu briqadanın ətrafında tərksilah olunaraq, günorta saatlarından briqadada saxlanılmışdılar və heç biri öldürülməmişdi. Yəni  bizə güllə atmış adamları salamat saxladığımız halda Gəncəyə günortadan sonra gəldiklərini bildiyimiz, hadisədə iştirak etməyən, təslim olmuş qvardiyaçıları nəyə görə qəsdən öldürməliydik ki?

Həmin gün günorta T. Məmmədov “Tufan”ın pozulduğunu və Prezident qvardiyasının bölmələrinin “qiyamçılara»ön əlinə keçdiklərinin biləndə, günortadan sonra bir qrup zabitlə Bakıdan təcili Gəncəyə gəlmişdi. 26 yaşlı Prezident Qvardiyasının komandiri Tahir Məmmədov üçünsə Gəncədə “rusiyapərəst qiyamçılara”, “vətən xainlərinə” təslim olmaq «şəxsi faciə»  və  «şərəfini itirmək» demək idi…

Təəssüf ki, Tahir Məmmədov AXC-nin anti-Surət təbliğatının qurbanı oldu və özünü də, avtobusdakı yoldaşlarını da bu hərəkətilə ölümə apardı.

Gəncədən silahlı vəziyyətdə yola salınan başqa bölmələr də olmuşdu. S.Hüseynovun göstərişi ilə həmin gün axşam saatlarında XTPD(OMON), Bakı Bələdiyyə polisi, DİN-nin xüsusi təyinatlı dəstəsi və DİN-nin ictimai asayiş şöbəsinin zabitləri tərksilah edilmədən,  gəldikləri tam heyyətlə, Gəncədə “İkarus” avtobuslara mindirilib Bakıya yola salınmışdılar.

T. Məmmədovun avtobusdan açdığı atəşdən 709-cu briqadanın bir əsgəri də h/h-nin daxilində “QAZ-69” maşında oturub sürücünü gözləyərkən öldürülmüşdü. Beləliklə, iyunun 4-ü 709-cu briqadanın həlak olmuş əsgərlərinin sayı 20-ə çatdı. Qvardiyaçılardan ölənlərin sayı isə 8 nəfəri “LAZ” avtobusunda, biri “Mersedes” avtobusunda öz əlində açılan atəşdən, bir leytenant isə T. Məmmədovun atdığı güllələrdən  birinə tuş gəlməklə 10 nəfərə çatdı.

Cəmi 30 hərbi qulluqçu, 5 mülki şəxs və 168 nəfər yaralı  “Tufan”ın qurbanları oldu.

Gəncə polis idarəsi binasında olan “Tufan” əməliyyatının rəhbərləri, o cümlədən Sülhəddin Əkbərov və İxtiyar Şirinov danışıqlar yolu ilə 709-cu briqadanın qərargahına gətirildilər. Onlarla insani və ədəblə davranıldı. Hər birinə yaxınları ilə telefonla danışıb, salamat olduqlarını və narahat olmamalarını deməyə imkan verildi. S.Hüseynovun göstərişi ilə S.Əkbərov, İ. Şirinov, Qabil Məmmədov, Tofiq Hüseynov, Nizami Musayev və b.  Göygöl (Xanlar) konyak zavodun Qonaq evində nəzarət altında, lakin qonaq kimi qalırdılar.

Əsgərlər arasında bir neçə sərt davranış hadisələri olmuşdu. Gəncə batalyonun əsgərləri Gəncənin Şəmkir istiqaməti çıxışında Qazax briqadasının əsgərlərini Mehman Ələkbərova görə döymüşdülər. Hadisəyə mülki əhali qarışıb, Qazax briqadası əsgərlərini gəncəlilərin əlindən qurtarmışdılar və onları gəldikləri maşına mindirib, Qazaxa yola salmışdılar. Həmçinin Daxili Qoşunların bir necə zabitinin  yerli gənclər tərəfindən döyülməsi faktı olmuşdu. Lakin belə hadisələrin qarşısı alınırdı, şəxsi heyyətlə daim bu istiqamətdə iş aparılırdı. Qeyd etdiyim, Şəmkir yolundakı hadisədən başqa  709-cu briqadanın əsgərlərinin iştirakı ilə, belə bir hadisə olmamışdı.

Yuxarıda təsvir etdiyim hadisələrin iştirakçısı olmaqla, istintaq tərəfindən müəyyən edilmiş və təsdiqini tapmış faktlarla hadisəni olduğu kimi oxucuların nəzərinə çatdırdım.

“Milli-demokratlar” özlərinə aid KİV-də 21 ildir ki, qvardiyaçıların avtobusda həlak olmalarını əllərində “bayraq” edib,  709-cu briqadanın hərbçilərindən “qan içən sürətçilər” obrazı yaradır, bu hadisə haqqında müxtəlif miflər uydurub, bu faciəni  istismar edirlər. Güya “sürətçilər” silahsız milli qvardiyaçıları aldadaraq, aparıb 709-cu briqadada dizi üstə sıraya düzərək, S. Hüseynovun əmriylə güllələyiblər. «Bəylərin» uydurduqları miflər   onların nə dərəcədə yalançı, həyasız və vicdansız olduqlarının göstəricisidir. Məgər “Tufan” müəllifləri anlamırdılarmı ki, 8 tank, 20 PDM, 15-dən çox artilleriya qurğusunu, 3 min silahlı adamı bir yerə toplayıb, qarşıdurma yaradılırsa, silahlı qarşıdurma baş verə bilər və qurbanlar ola bilər? İsa Qəmbəri, Pənah Hüseynovu və   özlərini   demaqoqcasına “milli hökümət” adlandıran məsləkdaşlarını azərbaycanlıların, öz vətəndaşlarının həyatı, qvardiyaçıların taleyi maraqlandırsaydı, bir demokratik iqtidar kimi, danışıqlara hazır olan, atasının yasını saxlayan Azərbaycanın Milli Qəhramanı, Ali Sovetin deputatı Sürət Hüseynovla danışıqlara gedərdilər. Danılmaz faktdır ki, AXC iqtidarı S.Hüseynovu “709-cu briqadanın qiyamının rəhbəri” adlandırsa da, bu “qiyamla” bağlı danışıq aparmağa bir dəfə də olsa cəhd göstərməmişdilər. 1993-cü il, mayın sonlarında ermənilərlə sülh danışıqları aparan, onlarla “Böyük Sülh Sazişi” imzalayan “milli hökümət” həmin vaxt  daxildə öz millətindən olan, ermənilərlə savaşda qəhrəmanlıqlara imza atan vətəndaşı ilə heç bir danışıqlara cəhd etmir. Əvəzində Pənah Hüseynovun dili ilə desək, öz xalqına   “dövlət  gücünü göstərir”, hərbi hissənin buraxılması haqqında qanunun bütün tələblərini pozaraq, ordusunu  qiyama təhrik edir, günahsız adamları qətlə yetirirdi.

20 Yanvardan bu yana əlləri dirsəyə kimi azərbaycanlı qanına batmış avantürist təxribatçı siyasətbazlar siyasi meydanda ayaqda qalmaqdan ötrü 4 iyun hadisələri haqqında yeni-yeni yalanlar uydururlar. Sual verirəm: 10 nəfər qvardiyaçı ilə 20 nəfər 709-cu briqadadan ölənlərin Vətən üçün, millət üçün nə fərqi var idi? Bəlkə 709-cu briqadanın əsgərləri hansısa cinayyətdə təqsirli bilinərək, məhv edilmələri haqqında məhkəmə qərarı var idi? Bəlkə silahlı təxribata yolladıqları Prezident Qvardiyası komandiri T.Məmmədova Gəncədə “Tufan”” əməliyyatı keçirmək haqqında rəsmi tapşırıq vermişdilər? Xeyr, 1 iyun 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin 186 saylı sərancamına əsasən Milli Qvardiya hərbi əməliyatlarda iştirak etmək üçün Gəncə-Şəmkir bölgəsinə göndərilmişdi. MTN-ə küçədən gəlmiş Sülhəddin Əkbərov isə mənsub olduğu AXC iqtidardaxili qruplaşmanın dar maraqlarını təmin etmək üçün “dövlət çevrilişinin hazırlanması haqqında” saxta arayışlar tərtib edib, dövlət başçısını  yanlış qərarlar verməyə  yönəldirmişdi. AXC-nin «qiyam və dövlət çevrilişi» haqqındakı İddiaları doğruydusa, o zaman nədən “709-cu briqadanın itaətsizliyi və qiyamı” haqqında bir dənə də olsun yazılı sənədi özlərinin yaratdıqları deputat-istintaq komissiyasına, yaxud 4 iyunla bağlı aparılan istintaqa təqdim etmədilər? Çünki iddia etdikləri yalan idi: 709-cu briqada qiyam etməmişdi. Hətta iyunun 4-ü səhər saatlarında tank kazarmanı dağıdandan sonra da 709-cu briqada onu vurmadı, təxribata uymadı. Yalnız 9.50-də qəfil başlamış atəşdən və hücumdan sonra, biz özümüzü müdafiə etmişik və buna haqqımız var idi. Biz öz hərbi hissəmizdə olmuşuq. Hərbi hissədən heç yerə getməmişdik, haranısa tutmamışıq, heç kəsə qarşı silah işlətməmişdik. Əksinə, AXC qatilləri sırf hakimiyyət maraqlarından, Pə Hüseynovun dediyi kimi “Ali Sovetin sessiyasının Gəncədə keçirilməsinin qarşısını almaq məqsədilə” Bakıdan böyük ordu ilə Gəncəyə, bizi məhv etməyə gəlmişdilər.

AXC iqtidarı nümayəndələri uydurduqları və özlərinə məxsus KİV-də yaydıqları miflərin arxasında 4 iyun 1993-cü ildə baş vermiş hadisələrin əsl mahiyyətini və gedişini gizlədir, olanları tamamilə təhrif edərək, məhsuliyyətdən boyun qaçırmağa çalışırlar. Halbuki,  bu istiqamətdə bütün çalışmaları yalnız öz nəzarətlərində olan KİV-nin səhifələrində və yalanlarına inandıra bildikləri adamların yaddaşlarında qalacaq. Tarix isə sənədlərə, o zaman çoxusu cəbhəçilərdən olan Milli Məclisin 4 iyun hadisələri haqqında veridyi  Qərara və istintaq materiallarına istinad edəcək.

AXC iqtidarının 4 iyun 1993-cü ildə tamamilə əsassız olaraq, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə 3 minlik qoşun yeridərək “Tufan” əməliyyatı keçirib, əllərini qardaş qanına batırması və nəticədə 35 nəfər azərbaycanlının həlak olmas, 168 nəfərin yaralanması  yazılı sübutlarla tarixdə qalacaq.

Tarixdə o da qalacaq ki, AXC iqtidarı ermənilərlə imzaladıqları “Böyük Sülh Saziş”inə, sadə desək, hiyləgər yağı düşmənə arxayın olub,  Ağdamın müdafiəsinin əsas dayağı olan artilleriyanı iyunun 3-ü müdafiə xəttindən çıxararaq Gəncəyə, “Tufan”əməliyyatını keçirməyə gətirmişdilər.  Ağdamdan artilleriyanın çıxarılmasını görən ermənilər isə fürsəti əldən verməyərək Paprəvənd kəndi istiqamətində hücuma keçməklə, şəhəri üç tərəfdən mühasirəyə almışdılar.  Əsil gerçək, acı tarix budu…

 

Ardı var…

 

Nazim Bayramov

istinad - http://moderator.az/?xeber=48747

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники