Aqbulaq, OMONAğbulağın üstündəki erməni topu. Görünən kənd Abdaldı. Topu OMON-un tankı vurub. Tankın ekipajı- Azərbaycanın Milli Qəhramanı(ölümündən sonra) Vüqar Mürsəlov- mexanik- sürücü, tankın komandiri, eyni zamanda nişançısı qazimiz- Nazim Bayramov və İlham Yusifov.
Bu, döyüş epizodu 10 may 1992-ci il Ordumuzun Sürət Hüseynovun rəhbərliyi ilə ilk geniş cəbhə üzrə hücumu zamanı baş vermişdi.
Əməliyyatın məqsədi- erməni qüvvələrini üzərimizə cəlb etmək və bununla Şuşanı qaytarmaq məqsədilə Turşsudan əkshücuma keçməli qüvvələrimizə yardım etmək idi.
Hücum Ağdam cəbhəsi boyunca, Tərtərdən Marquşevana, Göranboydan və Xanlardan qarşılarındakı erməni mövqelərinə istiqamətləndirilmişdi. Bu qüvvələrimizin hamısı qarşılarına qoyulan döyüş vəzifələrini tam həcmdə yerinə yetirdilər.
Lakin, təəsüf ki, Turşsudan Şuşaya planlaşdırılmış əkshücum baş tutmamışdı.
Qazi Nazim Bayramov xatırlayır:
“Müharibədə mənim də, yoldaşlarımın da bir çox dəqiq atəşi, əlbəttə ki, olmuşdu. Ancaq məhz bu atəşin bir neçə özəlliyi var.
Öyünmək və s. şöhrətpərəstlik niyyətlərindən tamamilə uzaq olmaqla, çoxları üçün hərbi hazırlıq baxımından da maraqlı ola biləcəyinə görə bu atəşin hansı şəraitdə və necə etdiyimizi danışmaq istəyirəm. Burada ekipaj üzvlərinin həm fərdi peşəkarlığı, həm ekipajın yüksək birgə hərəkət bacarığı, həm düşmənin öz topu üçün mövqe seçərkən buraxdığı səhv və ən başlıcası müharibə iştirakçılarına tanış olan- möcüzə- Allahın birbaşa yardımı olmuşdu.
O zaman OMONun Çevik Zirehli Dəstəsinin komandiri idim. 10 may 1992 ildə bizim dəstə və OMONun 1-ci rotası(komandir- Tahir Quliyev) birlikdə mərkəzdə açıq sahə ilə Ağbulağa hücuma keçmişdik. Sol cinahda Ağdamın polis batalyonu(komandir Faiq Baxşəliyev) Abdal kəndindən Ağbulağa hücum edirdi. Bundan başqa, səhv etmirəmsə, Evlaxdan könüllü dəstə və başqa özünümüdafiə dəstəliri var idi.
Ermənilərin Ağbulaq yaxınlığında o yerlərin ən hündür dağın təpəsində qoyduqları uzaq məsafəyə vuran topları bizim piyadalara baş qaldırmağa imkan vermirdi. Hücuma keçən qüvvəmizdə isə onu uzaqdan vura biləcək top yox idi. Hücum gecikib, pozula bilərdi. Bu isə Ağbulaq, Dəhraz, Ərənzəmin, Pircamal, Naxçıvanik istiqamətlərdəki hücum əməliyyatının gedişinə bütövlükdə mənfi təsir göstərə bilərdi.
Tankımızla topun arasındakı məsafə 5 km idi. Top tankı bu məsafədən asanlıqla vura bilir, lakin tank topu vurmaq üçün ən azı 1700 metr topa yaxınlaşmalı idi- bu, tankın nişan atəşi məsafəsidi. Bir çətinlik də onda idi ki, biz düzənlikdə, top isə dağın başında idi. Tankçılar bilir- tank topunun müəyyən atəş bucaqı var. Buna atəş bucağı deyilir. Bundan maksimal aşağı və maksimal yuxarı nöqtələrdə topun elektrik xətti kəsilir, tankdan atəş açmaq mümkün olmur. Buna aşağı və yuxarı “ölü nöqtələr” deyilir. Biz dağa yaxınlaşdıqca tankın topunu daha yuxarı qaldırmalı oluruq, maksimal yuxarı vəziyyətdə isə tankın topu atmır. Belə vəziyyətlərdə relyefdə bir təpə, hündürlük tapıb, tankı onun üstünə çıxarmaq lazımdı ki, topu maksimal deyil, işlək bucağa qaldırıb, yüksəklikdəki hədəfə atəş aça biləsən.
Qarşımızda nisbətən düz şum yer idi, elə bir təpə, hündürlük görsənmirdi, lakin döyüş vəziyyətini- hücumun gecikə bilməsini- nəzərə alaraq, tankın mexanik- sürücüsü çox cəsur və bacarıqlı tankçı Vüqar Mürsəlov rabitə ilə- “Komandir, Allah kimə verər, verər. Getdik!”. Mən dedim “irəli!” və tankımız maksimal sürətlə düşmən topunun üzərinə şığıdı. Bu zaman top bizə atəş açmağa başladı. Mən adətim üzrə tankda nişançı yerindəydim, ancaq cavab atəş açmağın xeyri yox idi, biz topun istiqamətində təxminən 3- 4 km məsafə qət etməliydik ki, onu tankın topu ilə vurmaq mümkün olsun. Tankın komandiri yerində İlham Yusifov oturmuşdu. O, binokulyarla düşmən topunu müşaət edir və hər atəş açdıqda Vüqara xəbər edirdi- “atdı!”. Vüqar isə sağa- sola manevrlər edərək, topun üstünə sürürdü. Düşmən dayanmadan tanka atəş açırdı. Təxminən 8 dəfə atəş açmışdı. Mərmilər sağımıza, solumuza, qarşımıza və arxamıza düşərək, qara, şumlanmış torpağı havaya sovururdu.
Rabitə efirinə sükut çökmüşdü, yalnız hərdən biz qısa frazalarla danışırdıq. Döyüş dayanmışdı, hər iki tərəf gərgin vəziyyətdə bu dueli izləyirdi.
Düşmən, topu yerləşdirərkən, kobud səhv buraxmışdı. Döyüş Nizamnamələrinə görə dağ mövqeyində yerləşdirilən topun silueti dağın fonundan kənara çıxmamalıdı. Mən isə onun topunun siluetini göyün fonunda sim kimi nazik olsa da, görürdüm.
Tankın nişangahında lazer məsafə ölçən var, mən onu “delta D mexanizmi” deyilən(hərəkət etdikcə hədəfə qədər dəyişən məsafəni göstərir) funksiyasına qoyub, topa qədər yaxınlaşan məsafəni izləyirdim.
Topa qədər məsafə artıq 3,5 km olanda Vüqara dedim ki, bir hündürlük seçsin, düşmən topunun növbəti atəşindən dərhal sonra tankı onun üstünə qaldırıb, saxlasın, yerimdən atəş açıb, mərmini asma trayektoriyası ilə göndərəcəm. T- 72 B bu məsafələrdən hədəfi yalnız asma trayektoriya ilə vura bilərdi. Dayanıb atəş açmaq təhlükəli olsa da(düşmənin növbəti atəşinə qədər 6-7 saniyəyə onu vurmaq lazım idi), artıq risk etmək qərarına gəlmişdim, çünki biz yaxınlaşdıqca vurulmaq ehtimalımız düşmənin hər açdığı atəşlə daha da artırdı.
Vüqar- “komandir, qabaqda balaca təpə görürəm, hazır ol!”- dedi. Top növbəti atəşindən yayınan kimi, Vüqar tankı qaldırdı və saxladı. Kompyuter topa qədər məsafəni 3200 metr göstərdi. Dediyim kimi, tankın nişan atəşi 1700 metr olduğundan, düşmən topunu nişan alıb, onun tuşu ilə tankın topunu xəyali şaquli xəttlə düz aşağı salıb, sayla tez qaldırmağa başladım. “Bir, iki, üç…”, 1700 metrdə 7 oldu. Sayı saxlamadan, şaquli xəttdən yayınmadan daha bir 7-yə qədər sayaraq tankın lüləsini qaldırıb, saxladım- sayım sabit idisə- 3400 m alınmalı idi. Nişangahda göydə külək qovduğu buludlar görsənirdi. Hissiyatımla topu bir balaca aşağı saldım(3200 metrəyə) və dərhal atəş açdım.
Nişangahı aşağa salıb, atəşin nəticəsini hələ görmədən, radioefirdə bizimkilər tərəfindən elə bir coşqulu səs qopdu ki, düşmən topunu vurduğuma şübhəm qalmadı. Sanki futbol üzrə dünya çempionatının finalında həlledici qol vuruldu, ondan da daha böyük döyüş sevinci yaşandı bizimkilərdə. Bu yüksəkliyi tutan piyadalarımız dedilər ki, 6- 7 erməni meyiti qalıb və topdan başqa bir iriçaplı pulyemot. Bu məsafədən özün atəş altında ola-ola hədəfi belə dəqiq vurmağımızı mən bilavasitə Allahın işi bilirəm. Sanki Özü əliylə saldı o mərmini erməninin başına. Nəticəsini görürsüz. Ancaq insan da hər işdə bacardığını vicdan və cəsarətlə ortaya qoymalıdı ki, nəticəsini, zəfəri Allah versin.
Top vurulduqda, qüvvələrimiz ruh yüksəkliyi ilə dərhal hücumu keçdi və Ağbulaq və Dəhrazı aldıq. Tankla topun bu dueli cəmi 10 dəqiqə sürmüşdü, amma onu yaşayanlar indiyə qədər unutmurlar.
Azərbaycanın Milli Qəhramanı(ölümündən sonra) Vüqar Mürsəlov bir ay sonra 9 iyun 1992 ildə Şəhid oldu. O, OMON sıralarında ağır və şərəfli döyüş yolu keçmiş…

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники