Pənah Hüseynov nədən əlini əlinə vuraraq, tez-tez “dövlət gücünü göstərməlidi” ifadəsinin təkrarlayırdı…

  nazim-b3-160x1501993-cü ilin aprelində ölkədə obyektiv olaraq, sovet iqtisadiyatının dağılması ilə başlamış sosial- iqtisadi böhran dərinləşməkdə idi.  Subyektiv olaraq, AXC iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyini bilməmələri, hakim komandadakı daxili çəkişmələr, vahid siyasətin və dövlət intizamının olmaması, səhv kadr siyasəti və Kəlbəcərin itirilməsi ilə dərinləşən ictimai-siyasi gərginlik ölkəni dərin böhrana sürükləmişdi.  Şimalda və cənubda sepataratçılıq baş qaldırmaqda, hakimiyyət isə yaranmış vəziyəti doğru qiymətləndirmək, çıxış yolu tapmaq iqtidarında deyildi. AXC iqtidarının daxili siyasəti getdikcə məlum təmsildəki durna, xərçəng və balığın yük daşımaq cəhdlərini xatırlayırdı.

Belə bir şəraitdə Ali Sovetin deputatları ölkədəki vəziyyəti müzakirə etmək və çıxış yollarını aramaq məqsədilə sessiyanın çağırılması üçün imzatoplama kampaniyasına başladılar. Pənah Hüseynov bunu “dövlət çevrilişinə cəhd” adlandırır. Ölkə rəhbərliyinin apardığı yarıtmaz siyasət nəticəsində yaranmış ağır vəziyəti müzakirə etmək istəyən xalq deputatlarının parlamentin sessiyasını çağırışı tələbini “dövlət çevrilişinə cəhd” kimi qiymətləndirmək demokratik dəyərlərə və qəbul edilmiş sivil siyasi praktikaya tamamilə zidd yanaşmadı. Əlbəttə, Ali Sovetin sessiyasının çağırılması tələbinin arxasında  müəyyən qrupların hakimiyyətə gəlmək niyyətləri dayana bilərdi. Lakin siyasi partiyaların hakimiyyətə gəlmək istəyini qeyri- qanuni hərəkət, dövlət çevrilişinə cəhd hesab etmək olmaz. Pənah bəyin və onun məsləkdaşlarının problemi yalnız nəzəri demokratik dəyərlərin mənimsənilməsi ilə və dünyagörüşlərindəki qüsurlarla bağlı deyildi. Onların ciddi narahatçılığına praktiki səbəblər var idi.

İş burasındadı ki, 1991-ci il, noyabrın 26-da  Prezident Ayaz Mütəllibovun Qarakənd faciəsində itirdiyi komandasının yeddisi çıxmamış, AXC “isti- isti”, 340 nəfərlik Ali Sovetin 290 deputatını parlamentdən kənarlaşdırmaqla, Konstitusiyada nəzərdə tutulmayan, 50 nəfərlik “Ali Sovetin Milli Şurasını”  yaratdı. Ali Sovetə AXC-dən seçilmiş cəmi 25 deputatın hamısı Ali Sovetin Milli Şurasına daxil edildilər. Qalan 25-i isə müstəqil adlanan, lakin əsasən AXC meyilli deputatlar idi. Hüquq nihilizmini heç vaxt gizlətməyən cəbhəçilər,  Ali Sovetin Milli Şurasının “25-in 25-ə» təşkilini yaxın gələcəkdə hakimiyəti tam ələ keçirmək məqsədilə bir “tramplin” kimi yaratmışdılar. Cəbhəçilər hakimiyyətə gələndən sonra Ali Sovetin Milli Şurasını “Milli Məclis” adlandırdılar. 1991-ci ilin sonundan Milli Məclisdən kənarda qalmış ölkənin ali qanunverici orqanı-Ali Sovetin sessiyası  AXC iqtidarının başının üzərində “domokl qılıncı” kimi asılmışdı. Onlar A. Mütəllibovu MM-in binasında saxlayıb, istefaya məcbur etməklə, onu hakimiyyətdən uzaqlaşdırsalar da, Ali Sovet buraxılmadığına görə Konstitusiyaya uyğun olaraq, rəsmən ölkənin ali qanunverici orqanı olduğunu «demokratlar» da yaxşı bilirdi. Bu üzdən də  Ali Sovetin sessiyası hüquqi cəhətdən  AXC hakimiyyətinin “zəif nöqtəsi” idi.

 1993-cü ilin yanvarında Naxçıvan Ali Soveti Azərbaycanın Milli Məclisini qeyri-legitim (Konstitusiya ilə nəzərdə tutulmayan) orqan kimi tanıması haqqında qərar qəbul etdi və həmin “zəif nöqtəni” “vurdu”. Bu qərarı MM tribunasından səsləndirmək üçün Naxçıvandan Bakıya bir deputat da  gəlmişdi. Ona MM tribunasından çıxış etmək imkanı verilməsə də,  Naxçıvan Ali Sovetinin qərarını MM-in sədrinə təqdim etmişdi.

1993-cü ilin aprel-may aylarında  ölkədə baş verənlərə hakimiyyətin getdikcə qeyri-adekvat reaksiyası cəmiyyətin ona qarşı inamını sarsıtmışdı. Prezidentin televiziya çıxışlarında, “… rüşvət alırsınız, heç olmasa insaflı alın”, kimi məmurlara çağırışları ümumi hərc-mərclik fonunda ictimayət arasında onun acizliyi kimi qəbul edilirdi.

Bakıdan öncə Ermənistan qaçqınları Gəncədə məskunlaşırdılar. Daha sonra ilk  Qarabağ köçkünləri də əsasən Gəncəyə pənah gətirmişdilər. Bundan başqa,  Qarabağda müharibə başlayandan Gəncə cəbhəyanı şəhər kimi yaşayırdı. Kəlbəcərin işğalından sonra Gəncədə sosial- iqtisadi tələblərlə mitinqlər keçirilirdi.

Kəlbəcərin işğalı ilə bağlı televiziya çıxışında Əbülfəz Elçibəy “… Müharibədi. Hər şey ola bilər. Gəncəni də itirə bilərik … qaytaracağıq”, deyəndən sonra isə Gəncə və ətraf rayonlarda insanlar “vallah deyəsən bunlar Gəncəni də veriblər”, ciddi təşvişə düşdülər. Kəlbəcərin 1 həftə ərzində itirilməsi fonunda  xalqda hakimiyyətə inamsızlıq daha da dərinləşmişdi. Torpaqların “verilməsinə” inanmayanlar belə, real vəziyyəti görüb, ailəsinə, həyatına görə ciddi narahatçılıq keçirirdi.

Bu şəraitdə MM-dən kənarda qalmış Ali Sovetin deputatları, Konstitusiyada göstərilən şəkildə, sessiyanın keçirilməsi üçün tələb olunan deputatların ümumi sayının 1/3-i qədər imza toplamağa başladılar. Artıq 130-dan artıq deputat sessiyanın keçirilməsi tələbini imzalamışdı. Lakin hakimiyyət hər vəclə sessiyanın çağırılmasını əngəlliyirdi. Baxmayaraq ki, İsa Qəmbər məhz Ali Sovetin sədri, Milli Məclisin rəsmi adı isə Ali Sovetin Milli Şurası idi. Belə bir durumda onlar deputatı olduqları və mandatından istifadə etdikləri Ali Soveti «qeyri- qanuni orqan” hesab edirdilər, sessiya çağırılmasını isə “dövlət çevrilişinə cəhd” kimi qiymətləndirirdilər. Qüvvədəki Konstitusiyaya görə dövlətin ali qanunverici orqanı olan Ali Sovetin sessiyasının çağırılması nə əsasla dövlət çevrilişinə cəhd hesab olunmalı idi? Öncə bu suala cavab verilməlidir. Əgər Ali Sovetin sessiyasının çağırılması “dövlət çevrilişinə cəhd” idisə, niyə 4 iyun hadisələrindən sonrakı televiziya çıxışlarından birində Ə. Elçibəy deyir ki, “buyurun, gəlin keçirdin sessiyanı, sizə bunu kim qadağan edir ki?”

Həmin vaxtlar Gəncə İH qarşısında keçirilən mitinqlərdə Ali Sovet deputatları etirazçıların qarşısında çıxış edərkən, “sessiyanın Bakıda keçirilməsinə imkan verməsələr, sessiyanı Gəncədə keçirəciyik!”, kimi tələblər səsləndirirdilər. Ali Sovetin  sessiyası cəbhəçilərin süni və qeyri-qanuni yaratdığıqları parlamentdəki səs çoxluğunu rəqiblərin xeyrinə dəyişirdi.  “Domokl qılıncı” cəmi il yarım sonra sonra bunu  asanların üstünə düşürdü.

Sessiyanın çağırılması tələbi altında S. Hüseynovun imzası AXC iqtidarını sessiyanın Gəncədə gerçəkləşdirilə biləcəyinə inandırmışdı. Tələbi imzalamaqla o, sessiyanın çağırılmasında qeyri-qanuni bir şey görmədiyindən, sadəcə xalqın səsinə səs vermişdi.  Sonuncu imza atan da elə  S. Hüseynov olmuşdu. Bu arada, 1993-cü il, aprelin 30-da Gəncədə 39 rayondan  ağsaqqallar toplaşıb, “Ağsaqqallar Şurası” yaratdılar. Jurnalistlərin də iştirak etdikləri “Şuranın” təsis iclasında ölkədə yaranmış ağır sosial- iqtisadi durum müzakirə olunmuşdu. İclasın yekununda Prezidentə və Ali Sovetə müraciət qəbul edilmişdi. S. Hüseynov da “Ağsaqqallar Şurasının” toplantısında iştirak etmişdi. Müraciətdə Prezidentdən “Ağsaqqallar Şurası”nın nümayəndə heyyətini qəbul etməsi xahiş olunurdu. S. Hüseynovun Azərbaycanın mərkəzi və qərb regionlarındakı böyük nüfuzu  və Gəncədə təşkilində yaxından iştirak etdiyi h/h-nin mövcudluğu  AXC iqtidarı yüksək mənsubları sessiyanın keçirilməsinin Gəncədə reallaşacağına ciddi arqumentlər hesab edirdilər. Yeri gəlmişkən qeyd edim ki, “milli-demokrat” mətbuatı həqiqəti təhrif edərək, “Ağsaqqallar Şurasını” indiyə qədər “S. Hüseynovun dövlət çevrilişi etmək üçün yaratdığı “Hərbi Birlik», Şuranın Prezidentə və Ali Sovetə müraciətini isə “Hərbi Birliyin dövlətə meydan oxuması” kimi təqdim edir.

Beləliklə, AXC iqtidarı S. Hüseynova qarşı dövlət strukturlarında növbəti dəfə anti- təbliğat kampaniyasına və gizli planların hazırlanmasına başladı.

Ölkənin sosial- iqtisadi problemlərini və bununla bağlı cəmiyyətdə qaldırılan məsələləri siyasi yolla həll etmək əvəzinə, idarə etdikləri dövlət qarşısında məhsuliyyət hissindən məhrum neobolşevik AXC liderləri      “S. Hüseynov faktoru»nu uydurub, onu “zərərsizləşdirmək” üçün planlar cızmağa başladılar. Planın bir neçə keçilməz çətinlikləri vardı.  Onlardan biri S. Hüseynovun nə şəkildə “zərərsizləşdirilməsi” idi. Çünki onun həbsi üçün öncə MM-də deputat toxunulmazlığını qaldırmaq lazım gəlirdi. Bu, Respublika Baş Prokurorun təqdimatı ilə edilməli, təqdimatda S.Hüseynovun həbs edilməsinin zərurəliyi əsaslandırılmalıydı. Əsas isə tapılmırdı. Baş Prokuror bəylərin «anti-Surət» təbliğat şablonlarını cinayət işinə tikə bilməzdi.

 Belə olan halda, iqtidar başbilənləri “709-cu briqada” kartının oynanmasını qərara aldılar.  Gəncənin şərq girəcəyində yerləşən 709-cu briqada, Rusiyanın 104-cü diviziyası ilə hasar qonşusu idi. Güc əməliyyatı zamanı təsadüfən bir güllə ya mərmi Rusiya hərbçilərinə dəysəydi, h/h-yə xəsarət yetirilsəydi, bu, Rusiya ilə Azərbaycan arasında ciddi gərginliyə səbəb ola bilərdi. Buna görə bəylər 709-cu briqadaya qarşı güc kampaniyasını 104-cü diviziya Azərbaycandan çıxandan sonraya təyin etdilər.

1993-cü il, mayın 25-i 104-cü diviziya Azərbaycanı tərk edəndən dərhal sonra, Dövlət Müdafiə Komitəsində  S. Hüseynov və 709-cu briqada haqqında 26 may 1993-cü il tarixli qərar qəbul edildi. Qərarı qısaca Prezident Ə. Əliyev ifadə etdi, “S. Hüseynov ya həbs, ya məhv edilməli, 709-cu briqada ya tərksilah, ya məhv edilməlidi”. Bununla da 709-cu briqadaya və S. Hüseynova qarşı “Tufan” adlı güc əməliyyatı, mahiyyət etibarilə isə silahlı təxribat planı hazırlanmağa başlandı. Plana əsasən, S.Hüseynov və “rusiyapərəst hərbi müxalifət” məhv ediləndən sonra Gəncədə və ölkənin başqa iri şəhərlərində sərt polis rejimi tətbiq olunmalı, müxalifət partiyalarının fəaliyəti dayandırılmalı idi. Əslində bütün bunlar müharibə şəraitində çoxdan olmalıydı. “Milli hökümət” isə bunu yalnız hakimiyyəti bu yolla gücləndirməyi lazım biləndə etməyə başladı. 4 iyun ərəfəsində Pənah Hüseynov yersiz eyforiyaya qapanıb, əlini əlinə vuraraq, tez-tez “dövlət gücünü göstərməlidi” ifadəsinin təkrarlayırdı. P. Hüseynov və məsləkdaşları müharibə gedən bir ölkədə gücü kimə göstərməyin lazım olduğunu səhv salmışdı.

Beləliklə, Gəncədə 709-cu briqadaya və S. Hüseynova qarşı “Tufan” əməliyyatının keçirilməsi üçün 3 iyun axşamdan şəhərə iri hərbi  və xüsusi bölmələr, zirehli texnika və artilleriya vasitələri gətirilməyə başlandı.

 709-cu briqadanın mühasirəyə alınması haqqında xəbər S. Hüseynova elə həmin  gün, yeni rəhmətə getmiş atasının “cümə axşamısında” bildirilmişdi. S. Hüseynov, məclisə gəlmiş “Qazaxlı Alikin” əməliyata rəhbərlik üçün Gəncədə olan DİN müavini Qabil Məmmədovla qohum olduğunu nəzərə alaraq, onun vasitəsilə Ə. Elçibəyə onun dilindən bunları çatdırmağı xahiş edir: «Bəyə deyin ki, müsəlmançılıqdı, imkan versinlər iyunun 13-ü atamın 40 mərasimini verim, iyunun 14-ü hara desələr gələcəm».  Lakin Alik  onlarla əlaqə saxlayandan sonra mağara qayıdıb S.Hüseynova deyir  ki,  “Bəy, dedilər ki, qərar artıq qəbul edilib, fikirləri qətidir» …

Nazim Bayramov

Ardı var

istinad - http://moderator.az/?xeber=48026

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники