1-ci hissə.

Keçən il Milli Ordumuzun Qarabağ ərazisində uğurlu döyüş əməliyyatlarının 20-ci ildönümü idi və mən bu haqqda bir yazı yazmaq qərarına gəldim. Bu məqsədlə döyüşçülərin aktiv yazışmalarda iştirak etdiyi hərbi forumlardan birinə daxil oldum və oxumağa başladım. Yazını öncə kiçik bir məqalə və ya müsahibə kimi planlaşdırırdım, lakin bu forumda oxuduqlarım hər şeyi alt-üst etdi. Buradan Birinci Qarabağ müharibəsi adının dərinliklərinə varmağa və ona başqa gözlə baxmağa başladım.
Forumda verilən suallara cavablarını oxuduqca bir komandirin içində olan vətən sevgisinə mən də vuruldum! O, müharibə və döyüşçülər haqqında o qədər böyük qürurla, yeterincə məlumatlı və səlist danışırdı ki, mən bu insanın Birinci Qarabağ müharibəsinin canlı salnaməsi olduğu qərarına gəldim. Söhbətlərin sehrindən ayrıla bilmirdim.
Bir parçası olduğun xalqın belə igid oğulları və qorxmaz döyüşçüləri olduğuna hədsiz qürur duyursan, fəxr edirsən ki, varsan və azerbaycanlısan!
Oxucuların diqqətinə təqdim edəcəyim yazı-müsahibənin adı haqqında bir qədər düşündükdən sonra Birinci Qarabağ müharibəsi haqqında nə qədər az bildiyimizi və сəmiyyətdə yanlış yanaşma olduğunu nəzərə alaraq, ona yalnız “Birinci Qarabağ müharibəsinin qatı açılmayan səhifələri” adını yaraşdırdım.
Bunu xüsusiylə qeyd etmək istəyirəm ki, bu layihə mənim üçün Birinci Qarabağ müharibəsi haqqında gərçəklərin ilk kəs və heç bir rəng qatılmadan söylənməsidir!
Bizim layihənin əsas məqsədi Birinci Qarabağ müharibəsinin həqiqətlərini,
indiyə qədər edildiyi kimi siyasətçilərin nöqteyi nəzərindən deyil, müharibənin bilavasitə iştirakçısı olan hərbçinin mövqeyindən təqdim etmək və
hər hansı yönləndirmə olmadan oxucunun bu müharibə və baş verənlər haqqında öz mövqeyinin yaranmasına şərait yaratmaq,
gənclərdə hərbi biliklərin, müharibə haqqında dolğun biliyin və təsəvvürün yaranmasını təmin etməkdir.

Birinci Qarabağ müharibəsi xatirələrini və hadisələrə peşəkar qiymətini verəcək müsahibimi sizə təqdim edirəm.

Bir hərbçiyə özünüzü təqdim edin müraciəti şablon cavablana bilər, lakin mənim müsahibimlə hər şey fərqlidir. Nazim bəy peşəkar hərbçidir, həm də bununla bərabər rutin hərbi xidməti sevməyən bir döyüşçü. O, əsl müharibə adamıdır! Bunu həm də forumda oxuduğum cavabları əsasında iddia edirəm.

nazim-b3-160x150Nazim Bayramov 5 fevral 1967-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə 126 saylı orta məktəbi bitirmiş, daha sonra Sverdlovsk Ali hərbi-siyasi tank və artilleriya məktəbinə daxil olmuşdur. 1988-ci ildə isə hərbi məktəbi bitirmişdir. 1990-cı ilə qədər Orenburq vilayətində Sovet Ordusu sıralarında xidmət edib. 1991-ci ildən DİN sıralarında Qarabağ uğrunda döyüşlərə qatılıb, daha sonra 1992-ci ildən Milli Ordunun sıralarında vətənə xidmətini davam etdirib. 1994-cü ildə ordu siralarından tərxis edilib. Evlidir, üç övladı var.
Xidmət yolunu izlədikdə görürük ki, 20 Yanvardan dərhal sonra, 26 yanvar 1990-cı ildə Sovet Ordusu və komunist partiyası sıralarını tərk edib. D.Yazovun 19 yanvar 1990-cı il tarixli Bakıya qoşun yeridilməsi məxfi əmri haqqında 20 Yanvar komissiyasına ifadə verib.
1990-cı ildə mərhum Rövşən Cavadovla birlikdə AXC rəhbərlərinin və yığıncaqlarının mühafizəsinin təşkili və həyata keçirilməsində iştirak edib.
Qarabağ uğrunda döyüş yoluna 1991-ci ilin noyabırında Ağdam RPİ-nin milis rotasının komandir müavini vəzifəsiylə başlayıb. Əsgəran, Fərrux, Xanabad və sairə döyüşlərdə iştirak edib.
1992-ci ilin fevralından XTMD(OMON)- çevik zirehli qrupunun komandiri vəzifəsində Tərtərin müdafiəsi, Marquşavan- Marağa, Qacar, Ağbulaq, Dəhruz döyüşlərinin bilavasitə iştirakçısıdır.
1992-ci ilin iyunundan Milli Ordunun 123 saylı zərbə-həmlə alayının tank taburunun komandiri, sonra həmin alayın qərargah rəisi vəzifəsində döyüş yolunu davam etdirib.

Müsahibəni diqqətinizə yetirirəm.

- Nazim bəy, Vətən hardan və nədən başlayır?
- Ata- baba torpaqlarından, adət- ənənələrimizdən, böyüdüyüm məhəllədən.

- Hərbçiydiniz, müharibədə iştirak etmişdinizmi əvvəllər?
- Əvvəllər etməmişdim. Mənim hərbi məktəbdə oxuduğum illərdə kursantları „əfqan“ müharibəsinə hazırlayırdılar. Lakin o bilikləri Qarabağ müharibəsində istifadə etməli oldum.

- Sizin döyüş yolunuz nə zaman və haradan başladı?
- 1991-ci ilin noyabr ayında Ağdamdan.

- Bu gün xatirələriniz sizdə daha çox hansı hissləri oyadır?
- Qürur, ağrı və təəssüf .

- Müharibə nədir?
- Müharibə insani cəhətdən arzu etmədiyim bir işdir. Çünki qaçılmaz olaraq qan, qurbanlar, kədər, sağalmaz yaralarla nəticələnir.
Müharibə deyəndə cəmiyyətimizdə əksərən müharibənin bir hissəsi olan silahlı mübarizə başa düşülür. Bu bəsit və yanlış təsəvvürdür. Peşəkar nöqteyi-nəzərdən müharibə biribiri ilə sıx bağlılıqda olan siyasi, iqtisadi, təbliğati və silahlı mübarizə növlərindən ibarət, öz daxili səbəb-nəticə əlaqəsi, amansız məntiqi və qanunları olan mürəkkəb hərbi- siyasi hadisədir. Silahlı mübarizə artıq müharibənin son, kulminasiya nöqtəsidir və nəticə etibarı ilə siyasi, iqtisadi, təbliğati mübarizədən daha çox asılıdır. Müharibənin bu nöqteyi-nəzərdən, deyərdim, ən zəif, mübarizə növlərinə ən çox möhtac olan, lakin müharibə zəncirinin həlledici halqasıdır . Müharibənin arzu olunan zəfər sonluğunun özu də hüquqi təsdiqinə möhtacdır.

- Azərbaycan dövlətinin ərazi bütövlüyünün təminatçısı kimi Azərbaycan Respublikasının Prezidenti Konstitusiyamızın 11-ci maddəsini təmin edirmi?
- Yalnız hüquqi cəhətdən. Azərbaycan dövlətinin ərazisinin bir hissəsində işğalçı yerləşir və bu dövlətin ərazi bütövlüyünün təminatının əsas təhlükəsidir.

- Azərbaycan Silahlı Qüvvələri — təyinatı Azərbaycan dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü və onun xalqının azadlığını qorumaqdır. Sizcə bu təyinatı doğruldurmu ASQüvvələri?
- Ümumiyyətlə ordunun iki halı var, ordu ya müharibə edir, ya müharibə etməyə hazırlaşır. Bu düsturdan ASQ-i də istisna deyil. Azərbaycan Silahlı Qüvvələrinin mövcud vəziyyəti- müharibəyə hazırlıq dövrüdür.

- Mən bu proyekti sizinlə bölüşdüyümdə dediniz ki, sizin də belə bir ideyanız vardı. 20 il sonrası danışmaq istəməniz nəylə bağlıdır?
- Artıq həyatı dərk edən yeni gənc nəsil yetişib. Qarabağ məsələsinin güc yolu ilə həllinin əsas yükü bu gənc nəslin üzərinə düşə bilər. Doğrudur, müharibə başlasa özümü irəlidə görürəm, ancaq cəmiyyətimizin hazırlığı və keçmişdə olan səhvlərin təkrarlanmaması üçün bu gün artıq danışmağı özümə borc bildim.
İlk növbədə gənclərimizdə Qarabağ müharibəsi haqqında düzgün umümi təsəvvür yaratmaq istərdim. Təəssüf ki, bir çox insanlarımızın Qarabağ müharibəsi haqqında təsəvvürləri biribirindən asılı olmayan, səbəb-nəticə əlaqəsi xətti izlənilmədən, ayrı-ayrı müharibə iştirakçılarının söylədikləri qarışıq, mozaik epizodlardan, ölkədə dəyişən siyasi hakimiyyətlərin baxış bucaqlarından və ara söhbətlərdən ibarətdir. Bu müharibə haqqında sistematik və dolğun məlumat verməyi vacib bilirəm.

- Forumda belə bir cümlə işlətmişdiniz: “Bizim əsgərin üzərində xəcalət yoxdur.” („Hа нашем солдате нет позора“). Bu həqiqətən də belədirmi?
- Bəli. Azərbaycan əskəri üzərində ləkə yoxdur. Söhbətimiz boyunca bunu hamı anlayacaq.

2-ci hissə.

Buyurun söz sizindir. Oxuculara söz verdiyimiz kimi Birinci Qarabağ müharibəsinin səlnaməsini anladın. Müharibənin naməlum səhifələrini vərəqlədikcə onu yaşayanlar qədəri özümüzünkiləşdirməyə bizə yardım edin.
- Mən gələn ilk zamanlar münaqişənin etnik qarşıdurmalar, ayrı- ayrı yerlərdə etnik təmizləmələr, kənd, şəhər və qəsəbələrdə kortəbii yaranmış özünümüdafiə dəstələrinin müdafiədə əsas rolunun geri plana çəkilməsi və müharibənin yeni, hərbi eskalasiya mərləhələsinə təsadüf etdi. Bu münaqişə deyildi, onlar planli şəkildə hərbi əməliyyatlar aparır və torpaqları zəbt edirdilər. Təəssüf ki, Azərbaycan bu mərhələyə hazır deyildi.

- Ermənistan-Azərbaycanla 1987-ci ildən etnik münaqişə deyil, müharibə halında idi?
-Bəli. Ermənistan-Azərbaycan münaqişəsinə müharibə anlayışına verdiyim təfsir nöqteyi-nəzərdən baxsaq, bu əvvəllindən heçdə etnik munaqişə deyil, tarixdə olanları da nəzərə alsaq, Ermənistanın Azərbaycana qarşı apardığı siyasətin müharibə olduğunu tam aydınlıqla görə bilərik. 1987-ci ildən Ermənistan Azərbaycana qarşı planlı surətdə siyasi, iqtisadi və təbliğati mübarizə aparır, etnik təmizləmələr həyata keçirir, 1991-ci ilin noyabırından isə hərbi əməliyyatlara başlamışdır və torpaqlarımızı zəbt edirdi.

- Ancaq müharibə illəri biribirindən fərqlənir…
- Təbii. Ermənistan-Azərbaycan müharibəsini xarakter və gərginləşməsi noqteyi nəzərindən üç mərhələyə ayırmaq lazımdır.
Birinci dövr, Sovet dönəmində başlamış, 1987-ci ilin sonlarından 1991-ci ilin oktyabr ayını əhatə edən müharibənin etnik qarşıdurma dövrüdür.
İkinci – 1991-ci ilin noyabırından başlayıb, 1994-ci ilin may ayındakı atəşkəsə qədər dövrü əhatə edən ərazi münaqişəsi dövrüdür.
Və üçüncü, 1994-ci ilin mayından başlamış ən uzun sürən – yaşadığımız atəşkəs dövrü.

- Müharibənin ilk dövrünü necə xarakterizə edərdiniz?
- Münaqişəni başlayan Ermənistan, 1987-ci ilin sonlarından Ermənistanın Qafan rayonundan və başqa kəndlərindən azərbaycan əhalisinin deportasiyasına başladı.
20 fevral 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti Vilayət Sovetinin növbədənkənar keçirilən sessiyasında deputatlar Ermənistan SSR-ın, Azərbaycan SSR-ın və SSRI-ın Ali Sovetlərinə DQMV-in Ermənistan SSR-ın tərkibinə qəbulu haqqında qərarına müsbət baxılması xahişi ilə müraciət etdi.
Bu qərarla bağlı artıq 22 fevral 1988 ildə Ağdam-Əsgəran rayonlarının sərhədində azərbaycanlı və erməni əhalisi arasında ilk toqquşmalar baş verdi və bunun nəticəsində münaqişənin ilk iki şəhidi verildi: Ağdam rayon sakinləri Bəxtiyar Qliyev və Əli Hacıyev.

- Bu məqamda bir sual vermək istərdim. Hamı xatırlayır ki, münaqişənin ilk donəmində ağdamlılar avtobuslara doluşaraq erməniləri cəzalandırmağa gedirdi və Xuraman xanım yaylığını onların ayağı altına ataraq, yollarından döndərmişdi. Sizcə ağdamlıların qarşısı kəsilməsəydi nələr olardı?
- Sözsüz ağdamlılar onların cəzasını verəcəkdi… Xuraman xanımı ittiham etmək lazım deyil əslində çünki, o, bunu təbii xeyirxah niyyətlərlə etmişdi.
Ola bilsin, əlbəttə ki, qurbanlar olardı, lakin əvvəllər də, sovet dönəmində, olduğu kimi, ağdamlılar ermənilərə yerlərini bildirərdilər və Moskva məsələnin bu cür gedişinə görə, erməniləri artıq dəstəkləməzdi. Onsuzda sonralar Azərbaycan verdiyi şəhidlərin 1/3-ni (5000-dən artıq) Ağdam verdi. Ağdamda 5 yeni qəbirstanlıq salındı. O zaman hərəkatın qarşısı alınmasaydı daha az itkilərlə ermənilər yerlərində oturdulardılar və ola bilsin ki, sakitlik və tarazlıq üçün Moskva tərəfindən Qarabag erməniləri Ermənistana köçürülərdi çünki, Ermənistandan da azərbaycanlılar köçürülürdü.
Bölgəni yaxşı tanıyan insanlar bunu bilir, Sovetlər dönəmində Qarabağ ermənilərindən soruşanda ki, sovet hökuməti kimdir? – cavab verirdilər ki, ağdamlılar!

- Siz ağdamlısınız?
- Bəli, əslən Ağdamlıyam. O yerləri çox gəzmişdim, yaxşı tanıyırdım. Mən döyüş üçün Ağdamı məhz buna səbəb seçmişdim.
Bunu da qeyd edim ki, müharibə illərində Ağdamın 11 özünümüdafiə dəstələrinin komandirlərinin hamısı şəhid oldu.

- Sözünüzü böldüm, buyurun
- 26 fevral 1988-ci ilə isə ermənilərin „KRUNK“ və SSRI-nin KQB-si tərəfindən hazırlanmış, Ermənistandan 215 min azərbaycanlının qovulması ilə nəticələnmiş, məlum Sumqayıt olayları baş verdi.
Münaqişə erməni teroristlərinin Azərbaycan əhalisinə qarşı həyata keçirdikləri avtobus partlayışlari, Bakı-Moskva qatarının partladılmasına, qarşısı alınmış cəhd, azərbaycanlıların kəndlərinə hücumlar, Ermənistan-Azərbaycan sərhədi boyunca keçirdikləri qanlı aksiyalarla və silahlı qarşıdurmalarla davam edirdi.

- Bəs Azərbaycan rəhbərliyi bunun qarşısını alırdımı, hansı tədbirlər görürdü?
- Artıq 1990-cı ilin aprelində Azərbaycan SSR-i rəhbərliyi tərəfindən erməni yaraqlıları ilə Dağlıq Qarabağda və Ermənistanla sərhədyanı bölgələrdə mübarizə aparmaq üçün DİN-nin XTMD-si(OMON) və DTK-nin „A“ qrupası yaradılır.
1991-ci ilin aprelində Azərbaycan rəhbərliyi Moskva ilə razılaşdırılmış „Koltso“ əməliyyatına başlayır. Bu əməliyyatın Xankəndində erməni silahlı dəstələrinin 10-a yaxın başçısı həbs edilir, şəhər əhalisindən silahlar yığılır; Hadrut rayonunda erməni kəndlərinin ətrafında blokada şəraitində yaşayan bir neçə azərbaycanlı kəndi 14 erməni kəndinin əhalisinin Ermənistana köçürülməsi və həmin kəndlərdə Ermənistan qaçqınlarının və məshəti türklərinin məskunlaşdırılması ilə blokadası qaldırılır və təhlükəsizlikləri təmin olunur; Xanlar rayonu, Gəncə ətrafı və Kəlbəcər yolunun üstündə yerləşən Azad, Kamo, Çaykənd və başqa kəndlərdəki erməni yaraqlılarının ən böyük hərbi silah- sursat, ləvazimat bazaları və 80-ə yaxin erməni yaraqlısı məhv edilir, bu kəndlərdə Ermənistan qaçqınları məskunlaşdırılır; Şaumyan rayonunun bir neçə coğrafi cəhətdən üstünlüyə malik erməni kəndləri boşaldılır. Eyni zamanda Ağdərə (Mardakert) və DQ-ın başqa rayon mərkəzlərində və kəndlərində pasport yoxlama rejimi tətbiq olunmaqla Ermənistan, Suriya, Livan, Fransa, ABŞ və başqa ölkələrdən gəlmiş və Qarabağda separatçılıq ideyalarını yayan bir çox erməni emissarları aşkar olunub saxlanılır, Ermənistana deportasiya olunurlar.
Lakin əməliyyatın əvvəlində bir tərəfdən ölkə daxili bəzi siyasi qüvvələrin maneələr yaratması ki, ermənilərin əlinə işlədi, digər tərəfdən dünya ermənilərinin qopardıqları səs-küy, əməliyyatın gedişində məcburi fasilələr yaratmış, 1991-ci ilin avqustunda isə məlum QKÇP hadisəsi ilə əməliyyat dayandırılmış və sona çatdırılmadan bitmişdir.
Qarabağ münaqişəsinin bu vəziyyətində SSRI-nin artıq gözlənilən dağılması baş verdi.

3-cü hissə.

- Ikinci mərhələni necə xarakterizə edərdiniz?
- Müharibənin ikinci, 1991-ci ilin noyabırından başlamış 1994-cü ilin may ayının ortalarına qədər olan mərhələsi, öz növbəsində tərəflərin hücum təşəbbüsünə sahib olmaq nöqteyi nəzərindən dörd dövrə bölünməlidir:
Hər dövrdə ümumi hücum təşəbbüsünün kimdə olmasından asılı olmayaraq, azərbaycan silahlı qüvvələri tərəfindən Qarabağda və Azərbaycan-Ermənistan sərhədi boyunca uğurlu hücum əməliyyatlar keçirilib, azərbaycan əsgəri müdafiədə və hücumda qəhramanlıq nümunələri göstərmişlər.
Bunların hər biri haqqında söhbətimiz boyu məqamı yetdikcə məlumat verəcəm.
Birinci, noyabr 1991-ci ildən 1992-ci ilin mayina qədər-hücum təşəbbüsünün ermənilərin əlində olan dövrdü. Ermənilər münaqişənin hərbi eskolasiyasına başladılar.

- Bu müharibədə hərbi eskolasiya özünü nədə göstərdi?
- Ermənistan-Azərbaycan müharibəsinin etnik münaqişə şəklindən geniş hərbi əməliyyatlar vəziyyəninə gətirilib, çıxarılması və hər cür sülh danışıqlarını mümkünsüz edən silahlı fəaliyyətdə özünü biruzə verdi.
Bu dövrə qədər yaşayış məntəqələri yaxınlığında lokal silahlı toqquşmalar baş verir, bizim yüngül atıcı silahlarla silahlanmış milis dəstələri və ərazi özünümüdafiə dəstələri ermənilərin qeyri qanuni silahlı dəstələrilə mübarizə aparırdılar.
Bu dövürdən, yəni 1991-ci ilin noyabırından ermənilər, 366-cı alayın əsgər və zabit heyətini milliləşdirməsilə, ağır hərbi texnika, toplar və iri çaplı silahlardan istifadə edərək geniş hərbi əməliyyatlara start verərək, ərazi zəbtlərinin həyata keçirilməsinə planlı surətdə başladılar.

- Ermənilər münaqişənin hərbi eskolasiyasında bizi günahlandırırlar.
- Hərbi eskalasiyanın təşəbbüskarı erməni tərəfinin olduğu ərazi zəbtlərinin aşağıda gətirəcəyim məlum xronologiya ilə təsdiq edilir. Amansız, ancaq dəqiq hərbi dillə desək, müharibənin ilk dövründə strateji hücum təşəbbüsü tamamilə ermənilərin əlində idi və münaqişənin eskalasiyasına görə məsuliyyəti tamamilə onlar daşıyırlar.
1991-ci il noyabr – Xocavənd
1991-ci il dekabr – Kərkicahan
1991-ci il dekabr – Cəmilli və Meşəli
1992-ci il fevral – Malıbəyli
1992-ci il fevral – Martuni rayonu, Qaradağlı kəndi
1992-ci il fevral – Xocalı
1992-ci il fevral – Ağdaban
1992-ci il may – Şuşa
1992-ci il may – Laçın
Unutmamalıyıq ki, Ermənistan və Qarabağ separatçıları bizimlə müharibə şəraitindədirlər və təbliğat mübarizəsi bir an belə səngiməyib. Onların müharibə haqqında dedikləri də məhz təbliğat müharibəsi prizmasından qiymətləndirilməlidir.

- Hərbçi kimi nələri görürdünüz? Vəziyyəti necə qiymətləndirirdiniz?
- Bu dövrdə erməni-rus hərbi birləşmələrinin planlı və düşünülmüş şəkildə həyata keçirdikləri hərbi əməliyyatlarına DİN-nin qüvvələri, gərəkən səviyyədə silahlanmamış Qarabağ əhalisi, Azərbaycanın digər bölgələrindən köməyə gəlmiş könüllü dəstələr bacardıqları müqaviməti göstərirdilər.
Siyasi ikihakimiyyətlilik, bir çox hallarda isə faktiki hakimiyyətsizlik, ölkədaxili siyasi qrupların qarşıdurması, müdafiə konsepsiyasının olmaması, mövcud olan müdafiə qüvvələrinin mərkəzləşdirilmiş qaydada silahlanma, maliyyələşdirmə və idarəetməsinin olmadığı bir şəraitdə, rayon polis idarələrinin bölmələri, DİN-nin XTPD-i, MTN-nin xüsusi bölmələri və özünümüdafiə dəstələri tərəfindən, erməni kəndlərinin boyeviklərdən təmizlənməsi, onların silah-sursat bazalarının məhv edilməsi, mühasirəyə düşmüş azərbaycan kəndlərinin blokadasının yarılması və onların müdafiəsinin təşkili istiqamətində müvəffəqiyyətlə xüsusi əməliyyatlar həyatə keçirilirdi.
Xalqımızın bütün təbəqələrindən olan könüllülər , sıravi və komandirlərdən vəzifəli şəxslərə, muəssisə müdirlərinə kimi, yalnız şəxsi təşəbbüsləri ilə Vətənin müdafiəsi üçün bacardıqlarını edir, səbr, əzm və qəhramanlıq nümünələri göstərirdilər.
Ancaq artıq yüngül atıcı silahlarla silahlanmış milis bölmələri qüvvələrinin və kortəbii yaranmış, zəif silahlanmış özünümüdafiə dəstələrinin müdafiədə əsas rolunun geri plana çəkildiyi və müharibənin yeni, hərbi eskalasiya mərləhələsi başlamışdır.
1991-ci ilin sonlarından ermənilər Qarabağda və sərhədyanı bölgələrdə ərazi- kənd, qəsəbə, şəhər, yüksəkliklərin zəbt edilməsinə başladılar. Onlar bunu planlı şəkildə edirdilər. Bu planı həyata keçirmək üçün, bizdən fərqli olaraq, ermənilərin artıq ordu birləşmələri şəklində, Ermənistanda təşkil olunmuş, döyüş hazırlığı keçmiş silahlı dəstə və birləşmələri mövcud idi.
Ordu quruculuğunda zaman etibarilə üstünlükləri ermənilərə imkan verdi ki, müharibənin 1991-ci ilin sonlarından 1992-ci ilin may ayına qədər olan altı ay ərzində Qarabağda strateji əhəmiyyətə malik olan kənd və şəhərləri işğal etsinlər.
Onu da qeyd edim ki, Azərbaycan bu dövrdə hərbi əməliyyatlar mərhələsinə lazımi dərəcədə hazırlıqlı deyildi. Ordu quruculağunda biz ermənilərdən ən azı 1.5 il geridə qalmışdıq. Hərbi eskalasiyanın əvvəlindəki bu geridə qalma özünü fəal silahlı mübarizə və döyüş əməliyyatları keçirilən illər boyunca mənfi cəhətdən göstərdi və müharibənin, Birinci Qarabağ Müharibəsi dediyimiz, hərbi fazasının bizim üçün məğlubiyyiətlə bitməsini şərtləndirən əsas amillərdən biri oldu.

4-cü hissə.

- Ermənistanın ordu quruculuğundakı üstünlükləri nə ilə izah oluna bilər? Azərbaycan ordu quruculuğu imkanlarından məhrum idimi?
- 1989-cu ildən mərkəz Sovet Ordusunun komplektləşdirilməsində eks-ərazi prinsipini çağırışçıların hərbi xidmət keçmək üçün çağırıldıqları milli respublikalarda saxlanması xeyrinə dəyişməyə başladı. Bu “sovet zəhmətkeşlərin arzusu” ilə edilmişdi. Əvvəl çağrışçıların 25%-ini , daha sonra isə 50% və 75%-ini xidmət üçün respublikalarda saxladılar.
Ermənilər öz „milli ideyalarını“ gerçəkləşdirmək və gelecək proseslərə hazırlıq olaraq, fəaliyyətə keçir və ölkədə qalan çağrışçıları öncə respublika ərazisində sovet (SSRI dağıldıqdan sonra isə RF) hərbi hissələrində hərbi xidməti keçmək üçün yerləşdirirdilər. Buna çox ciddi yanaşırdılar və tam döyüş hazırlığı keçirdirdilər. 366-cı alayın heyəti əsasən həmin 89-cu ilin çağrışçılarından ibarət idi, beləki, onları sovet-rus hərbi hissərində ya gizir kimi, ya da uzunmüddətli xidmətdə saxlayırdılar. Ermənistan ərazisində yerləşən sovet h/h-də bu proses daha da mütəşəkkil təşkil edilirdi. Beləliklə, 91-ci ilin sonlarında Ermənistanın, döyüş hazırlıqı keçmiş, hərbi birləşmələri mövcud idi və yeni ordu hissələrinin formalaşma və hazırlıq prosesi sürətləndirilmiş şəkildə davam etdirilirdi.
Bizdə isə tam əksi oldu. Respublikamızda hərbi xidmət üçün saxlanılan azərbaycanlı çağırışçılarımızın böyük əksəriyyəti bir tərəfdən A. Mütəllibovun Moskvaya bağladığı ümidlərin və ordu quruculuğuna hazırlıq dövrünün Azərbaycan SSR-i rəhbərliyi tərəfindən bada verilməsi fonunda, digər tərəfdən meydanlardan sovet əleyhinə səslənən şuarların müşaiətilə və xüsusən də əsgər valideynlərinin dəstəyilə, sadəcə evlərinə gedirdi. Bu həmin o oğlanlar idi ki, 2 il sonra onları metro və bazarlardan tutub, heç bir təlim görmədən 1993 ilin əvvəllərində doyüş meydanlarına, Kəlbəcərin müdafiəsinə atacaqdılar.
89-91-ci il Azərbaycandan olan çağırışçılar respublikada olan Sovet Ordusunun hərbi hissələrində xidmət etməli idi. Bu bizə imkan verərdi ki, 91-ci ilin sonunda öz ordumuz olsun. Sadəcə Bayrağı, Andı və hərbi hissə komandirlərini azərbaycanlılara deyişməklə, Azərbaycan ərazisində yerləşən sovet-rus hərbi hissələrinin bazasında Milli Ordumuzun ilk hərbi hissələri yaradılmış olardı.
Beləliklə, biz sovetin son 4 çağırışından Milli Ordumuzun quruculuğu üçün istifadə edə bilmədik, ordu quruculuğunda ermənilərdən ən az 1.5 il geri qaldıq, bu da müharibənin gedişatına 91-ci ilin payızından başlayaraq öz mənfi təsirini göstərdi.
Bu məsələdə biz, toplum olaraq, ümumi məsuliyyət daşıyırıq.
Bu, rus hərbi hissələrinin Azərbaycanı tərk etdiyi dövr idi. O zaman azərbaycanlı əsgərlərin dağılmaqda olan sovet hərbi hissələrində olmaması hərbi hissələrin rus komandirlərinə sərf edirdi. Onlar hərbi texnika, ləvazimata ziyan vurur, silah-sursatı özümüzə pulla satırdılar. Öz ərazimizdə yerləşən hərbi hissələrə təsir imkanından məhrum idik, yaxud çox zəif imkanlara malik idik.
Hələ də yenı mərhələyə hazır deyildik və milis əməliyyatları mərhələsində qalmışdıq. Beləki, bizim texnikamız və gərəkən silah-sursatımız yox idi. Və təbii ordumuzda quruculuq işləri də yarıtmaz vəziyyətdə idi. Bu səbəbdən biz o zamanlar Azərbaycan ərazisində yerləşən sovet-rus hərbi hissələrinə hərbi texnika, silah-sursat və hərbi ləvazimat əldə etmək məqsədilə basqınlar edirdik.

- Bu mövzunu biraz ətraflı anlatmanızı rica edirəm.
- Bu gün artıq, təəssüf ki, belə şeylər unudulub, ancaq o zamanı xatırlayan adamların xatirindədir ki, 91-ci ilin sonlarında, 92-ci ilin ilk yarısında azərbaycan könüllü döyüşçülərinin üç nəfərindən yalnız birində silah var idi. Təsəvvürünüzə gətirin ki, hətta dövlətin ilk yaratdığı Milli Ordumuzun 701-ci briqadasının döyüşçülərinin yarısı döyüşə silahsız girirdi. Yanındakı döyüş yoldaşı yaralansa, ya ölsə onun silahını götürüb, döyüşü davam etdirirdi. Bu bir tərəfdən silah-sursatın kəskin çatışmamazlığını göstərirdisə, o biri tərəfdən Azərbaycan gəncinin döyüş ruhunun yüksəkliyini göstərirdi.
Bu səbəbdən, biz o zamanlar Azərbaycan ərazisində yerləşən sovet-rus hərbi hissələrinə hərbi texnika, silah-sursat və hərbi ləvazimat əldə etmək məqsədilə basqınlar, Azərbaycandan çıxarılan silah-sursat karvanlarına hücumlar edirdik. 91-ci ilin sonlarından 92-ci ilin mayına qədər, yəni silah-sursat və hərbi texnika Azərbaycana Daşkənt müqaviləsi əsasında saxlanana kimi, müxtəlif vətənpərvər dəstələr tərəfindən 20-yə qədər belə basqınlar və hücumlar keçirilmişdi. Cəbhə xəttində olan qüvvələrimizi silah-sursat, hərbi texnika və ləvazimat təchizi ilə daima məşqul olan Nürəddin İsmayılovun “Bozqurd” dəstələri Qaraheybət, Badamdar, Biləcər, Bakıxanov, Piriküşkül qəsəbələrində və Qusar rayonunda, Bakının “Səlyan kazarmalarında” yerləşən sovet-rus hərbi hissələrinə və rusların Azərbaycandan çıxarmağa cəhd etdikləri hərbi karvanlara basqın və hücumlar həyata keçirirdilər. Belə hücumların birində, Piriküşküldə yerləşən QRU-nun xüsusi təyyinatlı hərbi hissəsinə basqın zamanı atışmada Nürəddin İsmaylov 12 güllə yarası almış və yalnız möcüzə və həkimlərimizin peşəkarlığı sayəsində sağ qalmışdı və əlil olmasına baxmayaraq, Qarabağda gedən döyüşlərdə “Bozqurd” batalyonunun komandiri kimi iştirakını davam etdirmişdir.
OMON tərəfindən bu basqınları kəşviyyatçı Eldar Orucov öz dəstəsilə həyata keçirirdi və onlar da xeyli sayda silah-sursat, 2 PDM, 2 BTR əldə etməyə müvəffəq olmuşdular.

- Bildiyimə görə siz də belə basqında iştirak etmisiniz.
- Mən üç belə basqın təşkil edib, iştirak etmişdim və əldə etmiyimiz silah və texnika ilə döyüşürdük. 5 fevral 92-ci ildə Ağdamın Muradbeyli kəndində yerləşən istehkam hərbi hissəsinə, 14 mart 92-ci ildə Bakının Qobu qəsəbəsindəki silah- sursat bazasına və 1 may 92-ci ildə Bakının Səlyanski kazarma hərbi hissəsinə.

5-ci həssə

- Bunları daha ətraflı anlata bilərmisiniz?
- 5 fevral 1992-ci ildə mənim Ağdamın Muradbəyli kəndində yerləşən rus hərbi hissəsinə hazırladığım basqında Şahin Bayramov, “Qoca” ləqəbli Namiq, Ağdamın Muğanlı özünümüdafiə dəstəsinin komandiri “Qurd Cabir” ləqəbli Cabir Hüseynovun və onun dəstəsindən olan Ruslan Qəhrəmanov, İntiqam Şükürov, Rafael, Kazım, Hikmət və Asəfin iştirakı ilə, bir də bizə daxildən kömək edən hərbi hissənin, adlarını təəssüf ki, unutduğum (onlardan birinin adı, səhv etmirəmsə İsmayıl idi, Abdal-Gülablı kəndindən) iki azərbaycanlı əsgərin köməkliyilə gecə hərbi hissənin qaravulunu, giriş-nəzarət məntəqəsini, hərbi hissə və qərargah növbətçilərini və hava-desant qoşunları bölüyündən ibarət hərbi hissənin basqınlardan müdafiəsini gücləndirmə qrupunu bir güllə atmadan zərəsizləşdirərək, əsgərlər yatan kazarmanı tutduq və hərbi hissədən xeyli silah-sursat, rabitə vasitələri, zirehli jilet əldə etdik, hərbi hissədə əldə etdiyimiz UAZ, 1 BRDM, 1 ZİL-131-ə yükləyərək çıxdıq. Son anda hərbi hissəni gecə yoxlamağa gəlmiş komandiri hadisəni görüb, bir dəstə əsgərlə bizi təqib etdi. Biz bu cür halı ehtimal etdiyimizə görə, rusları yayındırmaq üçün bir yol ayrıcında öncədən ZİL avtomaşını saxlamışdıq. Şahin və “Qoca” ZİL ilə biz getdiyimiz istiqamətdən rusları yayındırdılar. Ruslar onları bir müddət təqib edəndən sonra atəş açmış, maşını saxlatmış və yanıldıqlarını başa düşmüşdülər. Biz isə qaçırdığımız silah-sursatla dolu texnikanı suvarılan sahələr üzərindən (su təkər izlərini həmin an örtürdü) Beylaqana “yeddinci” deyilən sovxoza gətirdik. Sovxozun müdiri Cabir Hüseynovun qohumu vətənpərvər ruhlu ağsaqqal, Sosialist Əmək Qəhrəmanı, SSRI Ali Sovetinin deputatı Əhməd Əhmədov idi. Biz əməliyyatı hazırlayanda Əhməd müəlimlə danışmışdıq və o, gətirdiyimiz texnika üçün öncədən iki böyuk taxıl anbarını boşaltmışdı. Texnika və silahları olduğu kimi anbarlara saldıq, Əhməd müəllimin evində səhər yeməyini yedik və on gündən sonra burada görüşmək şərtilə dağılışdıq. Əhməd müəllimin sovxozunu yoxlamağa və ya axtarmağa rusların cürəti çatmazdı, buna görə biz oranı seçmişdik və arxayın idik.
Ruslar artıq bilirdilər ki, bu işə mən rəhbərlik etmişəm. Çünki əməliyyatı hazırlayarkən, rus zabitlərinin adəta nahar etdiyi, hərbi hissənin qarşısında yerləşən dostum Namiqin kafesində ruslara yeyib-içməklər verirdik, onlardan lazımi məlumatları dolayısıyla öyrənirdik. Basqın zamanı onlardan biri məni görüb, hər şeyi başa düşmüşdü. Ağdam milis idarəsində hərbi hissə rəhbərliyinin iştirakı ilə hadisəylə bağlı keçirilmiş müşavirədə, onlar mənim adımı çəkib, həbs olunmağımı tələb etmişdilər. Ancaq nazir Tofiq Kərimov məni yalnız şiddətli töhmətlə cəzalandırdı. On gündən sonra biz “Qurd Cabirin” dəstəsilə Beylaqanda görüşdük və anbarları boşaldıb apardıq. Muğanlı dəstəsi isə öz döyüş yolunu Muğanlı, Şıxbabalı, Mərzili, Novruzlu və Ağdam cəbhəsi boyunca davam etdirdi. Onların 27 nəfərlik dəstəsinin yarısından çoxu şəhid oldu. Allah Cabir Hüseynova və cəmi şəhidlərimizə rəhmət eləsin.

- Bundan sonra Siz OMON-a gəldiniz?
- Bəli. Rusları qıcıqlandırmamaq üçün mənim Ağdamda artıq xidmət edə bilməyəcəyimə görə Rövşən Cavadov məni OMON-a dəvət etdi. Mən BRDM və silah-sursatın bir hissəsini OMON-a gətirdim. O, OMON-da yeni ştat-zirehli çevik dəstə yaradılması haqqında nazirə təqdimat vermışdi və təsdiqindən sonra OMON-da olan bütün texnikanı burada cəmləşdirdi və məni zirehli çevik dəstənin komandiri təyin etdi. Bizim daima dislokasiya yerimiz döyüş bölgəsi idi. OMON çevik zirehli qrupun vəzifəsi Qarabağın ən gərgin bölgəsinə özümüzü çatdırmaq, ordu və yerli özünümüdafiə dəstələrilə birgə vəziyyəti normallaşdırdıqdan sonra ərazini məsuliyyət üzrə həmin dəstələrə təhvil verib, başqa yaranmış yaxud gözlənilən təhlükə bölgəsinə köməyə getmək idi.

- Maraqlıdır, bəs ikinci basqın necə olmuşdu?
- Ermənilərin Xocalıda 366-cı alayın zirehli texnikasından tam gücü ilə istifadə etməyə başlayanda qərara gəldim ki, nəyin bahasına olursa olsun, bizə tank əldə etmək lazımdır.
Məlumat toplamağa başladım. Sürücülük və başqa təlimlər üçün tankların hərbi hissələrdən tankodromlara və poliqonlara çıxışı, qaçırılmalarını istisna etmək üçün, Rusiya müdafiə nazirinin əmrilə qadağan edilmişdi. Tanklar hərbi hissələrdə, daimi dislokasiya yerlərindəki texniki parklarda qaçırılmaması üçün yararsız vəziyyətə gətirilmişdi, akkumlyatorları və hava balonları çıxarılmış, yanacağı boşaldılmışdı.
Bir müddət Azərbaycanda yerləşən bütün tank və tank bölmələri olan hərbi hissələrdəki vəziyyəti öyrəndikdən sonra hətta bir zaman düşündüm ki, bəlkə bu fikrimdən daşınmalı olacam. Bu vaxt Qobu sakini, Aydın adlı cavan oğlandan xəbər gəldi ki, Qobu kəndi yaxınlığında mərmi anbarının yanında tanklar var. Mən dostum, daha çox ”Rıjıy Elçin” adıyla tanınan, rəhmətlik Həbib Babayevlə təcili Qobuya getdik. Kəndin yüksəkliyindən görünürdü ki, mərmi anbarının qaravul binasının həyətində üç tank-72B dayanıb. Tanklar döyüş növbətində anbarın qaravulunu gücləndirmək məqsədilə və döyüşə tam hazır vəziyyətdə dayanmışdılar, bu isə o demək idi ki, onlar yanacaqla dolu və sursatla təhçiz edilmiş vəziyyətdədirlər. Bu öz növbəsində bunları qaçırda bilsək, bizim üçün haradasa dayanıb, tankları yanacaqla doldurmağa ehtiyac olmayacağı demək idi.
Biz ərazini gecə-gündüz müşahidə nəzarətinə aldıq. Ərazini və tankları qoruyan qaravulun 5 yerdə postu var idi. Qaravul hərbi hissədən kənar səyyar qaravul idi və yemək hərbi hissədən özbək milliyətli aşbaz tərəfindən gətirilirdi. Aydın dedi ki, özbəklər ərzaq almaq üçün kəndə gəlir və o, aşbazlardan birini tanıyır. Aydın bizi aşbazla görüşdürdü. Görüş zamanı özbək bizə xəbər verdi ki, qaravulun şəxsi heyətindən başqa qaravul binasının içərisində komandirləri mayor olan hava-desant qoşunlarından bir bölük yerləşir. Mən bilirdim ki, son zamanlar Azərbaycanda rus hərbi hissələrinə hücumlar müntəzəm hal aldığından, Rusiyanın mudafiə nazirinin əmri ilə hərbi hissələrə və qaravullara mühafizəni möhkəmləndirmək üçün əlavə zabit-rəis komandanlığı altında Rusiyanın hava-desant qüvvələrindən döyüşçü dəstəsi ayrılırdı. Onlar binanı tərk etmir və aşbazın sözlərinə görə bronejileti əyinlərindən çıxarmırdılar. Binada qaravuldakılardan əlavə qaravulun rəisi, gücləndirmə dəstəsı və zirehli gücləndirmə dəstəsınin rəisi- tank tağımının bölüyünün komandırı də var idi. Onun özü binada, ekipajlar isə daima döyüş yerlərində – tankın içində idilər.
Bu məlumatların əsasında biz planın hazırlanmasına başladıq. Plan iki əsas hissədən ibarət idi. Planın ilk hissəsi – aşbazı öz tərəfimizə çəkmək, onu qaravulun yeməyinə güclü yuxugətirici maddə tökməyə razı salmaq, sonra aşbazın açdığı qapıdan qaravul binasına daxil olaraq, orada olanları tərkisilah etmək, ekipajları tankları tərk etməyə məcbur etmək. İkinci hissə isə artıq tanklara sahib olduqdan sonra Ələtə qədər yolun hər iki tərəfində yerləşən rus hərbi hissələri maneəsiz keçərək, Ağdama çatmaqdan ibarət idi.
Aşbazla söhbət etdik, iş bitdikdən sonra ona pul və təhlükəsiz evinə ötürülməsini söz verdik. O, dedi ki, razı olar, amma onların “millətbaşçısı” var və onunla danışıb, məsləhətləşməlidir. Səhərisi gün biz “millətbaşçısı” ilə də görüşdük və o, bizə dedi ki, tank sürücüləri də onların yerliləridir. Söz verdi ki, “onlarla da söhbət edə bilər ki, bir şey olarsa yerlərindən tərpənməsinlər. Amma hadisədən sonra hərbi hissədəki bütün özbəkləri incidəcəklər, buna səbəb də altısını da evlərinə göndərməmizi və bir milyon yarım rubl (15 min dollar) pul istədilər. Biz razılaşdıq və aşbazdan xahiş etdik ki, qaravulun rəisinə nəzarət etsin və görsün ki, onun telefondan başqa əlavə əlaqə vasitəsi varmı.
Mən pul üçün komandir Rövşən Cavadova müraciət etdim və planımızı anlatdım. İlk kəs, bir ay öncə tank qaçırmaq istədiyimi Rövşən müəllimə deyəndə, o, demişdi ki, nazirə özün cavab verəcəksən. Mənim artıq Ağdamdakı basqına görə nazirdən bir şiddətli töhmətim var idi. İş orasıda idi ki, hər basqından sonra Rusiya Azərbaycan rəhbərliyinə öz narazılığını bildirirdi, rəhbərlik isə bizə deyirdi ki, “ruslar özləri bizə hər şey verəcəklər, bu cür basqın və hücumlar isə münasibətləri gərginləşdirir. Gözləyin yaxınlarda verəcəklər.” Ancaq məsələlər uzanırdı. Bu dəfə Rövşən Cavadov dedi ki, “sən dəli olmusan, bu ölümdür”, lakin pulu verdi.
Vəziyyətin gözlənilməz məcraya düşəcəyi hal üçün biz daha bir ehtiyyat planı hazırlamışdıq. Əməliyyatın keçirilməsi üçün mən OMON yoldaşlarımdan könüllü dəstə seçdim. Bu Mehman Həsənov, Taleh Nəibov, Səxavət Hümbətov, Vadim Drobotov, İlqar Quliyev, Elman Həsənov və Rıjıy Elçin idi. Sonuncu OMON-dan deyildi.
Biz yuxugətirici məhlul əldə etdik, sınaqdan keçirdik və aşbaza verdik. Əməliyyatın keçirilməsini martın 13-dən 14-ə keçən gecəyə təyin etdim.

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники