11-ci hissə.

- “Hərbi Birliyin” fəaliyyətinə qayıdaq. O zaman bu Birlik nə kimi önəmli işlər görə bildi?
- Həmin günlər, televiziya vasitəsilə Sürət Hüseynov xalqın qeyrətli oğullarına Vətənin müdafiəsinə qalxmaq üçün çağırışla müraciət etdi. 8 minə yaxın könüllü bu çağırışa cavab verdi. Faktiki olaraq, bu, orduya səfərbərlik idi. Bakida, Şəhidlər Xiyabanında hər gün könüllülər yigışır, avtobuslarla Yevlax Yün kombinatına qətirilərək, zavodun həyətində qidalanma, geyim və s. təhcizat təminatı üçün qeydiyyata alınaraq, yaxindaki hərbi hissə və təlim poliqonunda yerləşdirilirdilər. Könüllülərin bir hissəsi briqadalara, bir hissəsi özünü müdafiə batalyonlarına, bir hissəsi 123-cü alaya qəbul olunurdular. Burada taburlara bölünərək, döyüş hazırlıgı təlimlərinə başlayırdılar. Çoxşaxəli iş gedirdi. Yevlax qarışqa yuvası kimi qaynayırdı.
Arxa cəbhə üzrə bütün təminat işlərini Yevlax Yun kombinatının işçiləri görürdülər. Kombinatın 1200- ə yaxın olan qadın işçisi maaşla təmin olunmaqla evə buraxılmış, 800-ə yaxın kişi işçisi isə arxa cəbhə və texniki-təmir xidmətləri və s. kimi işləyirdilər. Sürücüləri isə həm zavodun həm 123-cü alayın nəqliyyat vasitələrilə yük daşımaları həyata keçirirdilər. Hər gün yeni gəlmiş, kombinatın yeməkxanasında qidalanan könüllülər və işçilər üçün 3-4 cöngə və bir neçə qoyun kəsilirdi.
Eyni zamanda 45 müasir T-72B tankı, 100- ə qədər PDM, artilleriya, raket qurğuları, silah-sursat, rabitə, təkərli və tırtıllı nəqliyyat vasitələri Yevlaxda qəbul olunur və 123-cü alaya və yerli özünü müdafiə batalyonlarına təhvil verilirdi. Hücumu 4 döyüş helikopteri və Vaqif Qurbanovun böyük risk və qəhrəmanlıqla qacirdığı o zamanın ən müasir qırıcı-həmləedici SU-25 təyyarəsi havadan atəş zərbələrilə təmin edəcəkdilər. Bu təyyarə üçün Yevlax aerodromunun uçuş- eniş zolağı hələ may ayının əvvəlində 1 km uzadılmışdı və Vaqif oradan Şuşaya döyüş uçuşlarına qalxırdı. Yeri gəlmişkən, müqaisə üçün deyim ki, Sovet İttifaqı Qəhrəmanları gündə ən çoxu 3-4 döyüş uçuşu edirdilərsə, Vaqif Qurbanov gündə 5-6 döyüş uçuşuna çıxırdı. Vaqif Qurbanov haqqında kitablar yazilmalı, filmlər çəkilməlidir. Təəssüf ki, xalqımız Vaqif Qurbanovu az tanıyır.
Döyüşçülər geniş miqyaslı hücuma hazırlıq keçir, qarşılıqlı əlaqələndirmə məsələlərini həll edirdilər.
1992-ci ilin may ayının sonlarından, S. Hüseynovun qərargaha çevirdiyi müdir kabinetində, iyun ayindan başlamaqla, bir neçə ayliq geniş hucum planı və döyüş əməliyyatları hazırlanırdı. Əldə olunan kəşfiyyat məlumatlarına görə növbəti zərbəni Goranboy və Xanlar istiqamətində hazırlayan erməni komandanlığı öz hücum qruplaşmasını Şaumyan rayonunda və Ağdərə rayonunun şimal-qərbində cəmləşdirməkdə idi. Vəziyyət oyrənilib, təhlil olunandan sonra qərəra alındı ki, hucum iki istiqamətli təyin olunsun:
1-ci hücum istiqamətindəki hərbi hissələrin döyüş vəzifəsi Ağdam cəbhəsi boyunca hucuma keçərək düşmənə sarsıdıcı zərbələr endirərək, bir sıra kənd və yüksəklikləri almaq idi. Bu istiqamətdə 708 saylı briqada, Ağdam özünümüdafiə alayı komandiri, Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) Şirin Mirzəyev, 123-cü alayın 1-ci və 2-ci batalyonu, Ağdam özünü müdafiə batalyonları – komandirlər Yaqub Rzayev, Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) Allahverdi Bagirov, Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) Asif Məhhərəmov, Ədalət Zeynəlov, polis batalyonu – komandir Faiq Baxşəliyev, 4 döyüş helikopterinin və SU-25 havadan zərbələr endirməli idi. Bu istiqamət düşmənə 4 şaxəli zərbə endirəcəkdi;
2-ci hücum istiqamətindəki hərbi hissələrin döyüş vəzifəsi Şaumyan rayonu və yüksəkliklərdəki Gülistan, Başkənd kəndlərində hucum hazırlıgı məqsədi ilə toplanan erməni qüvvələrini məhv etmək və Şaumyan (Ağcakənd) rayonunun ərazisini azad etmək idi. Bu istiqamətdə 123 alayın tank batalyonu; 1-ci Göranboy batalyonu – komandirlər Azərbaycanın Milli Qəhramanı Maşallah Abdullayev və Azərbaycanın Milli Qəhramanı Məhəmməd Həsənov; 2-ci Göranboy batalyonu -komandir Azərbaycanın Milli Qəhramanı Rasim Əkbərov; Xanlar özünü müdafiə batalyonu – komandir Saleh İlyasov. Bu istiqamət 3 şaxəli zərbələr endirməli idi.
Sürət Hüseynov hücumu 10 iyun 1992-ci il tarixinə təyin etdi. Bundan öncə, Vaqif Qurbanov Şuşadan döyüş uçuşundan qayıdarkən, uçuş-eniş zolağında xırda bir dəmir parçası təyyarənin mühərrikini zədələmişdi. Sürət Hüseynov Gürcüstandan təyyarə üçün gizli yolla yeni mühərrik aldı. Mühərrik bir neçə gün gec gəlib çatdığına görə, hücumun başlanması 2 gün təxirə salındı. Nəhayət, 12 iyun 1992-ci ildə S.Hüseynovun əmrilə Azərbaycan ordusu ruh yüksəkliyi ilə özünün ilk qenişmiqiyaslı hucumuna başladı.
Əsgərana qədər irəlliləyib, orada cəmləşdirilmiş erməni qüvvələrini darmadagın etdi.
1-ci hücum istiqamətində, 12-18 iyunda Ağdam cəbhəsi boyunca qüvvələrimiz Əsgəran, Xoramurd, Xanabad, Fərrux, Mənikli, Ballıqaya, Sırxavənd, Naxçivanik, Pircamal, Qazançı, Qaraşlar, Bəşirli, Ağbulaq, Dəhraz kənd və yüksəkliklərdə düşmənə şiddətli zərbələr endirdi, bütövlükdə 12 kənd azad olundu.
2-ci hucum istiqamətində, 13-16 iyun 1992 ci ildə Şaumyana 3 istiqamətdən hucuma keçən batalyonlar Xarxaput, Buzluq, Mənəş, Ərkəc, Rus Borisı, Erməni Borisı, Başkənd və Gülüstan kəndlərində toplanmış və hücuma hazırlaşan erməni-rus birləşmələrini darmadağın etdilər. 14 iyunda Şaumyan (Ağcakənd) və 16 iyuna qədər bütün kəndləri azad olundu. Bununlada bu istiqamətdən Göranboy, Xanlar və Gəncə üçün erməni işğalı təhlükəsinə birdəfəlik son qoyuldu.
Bu hücumla Azərbaycan Ordusu Qarabağda strateji hücum təşəbbüsünü ələ keçirdi və Qarabağ müharibəsinin bizim tam üstünlüyə malik olduğumuz və 1993-cü ilin fevralına qədər davam edən dövrü başladı.
Xalqımız Daşaltı, Xocalı, Şuşa, Laçın məğlubiyyət və faciələrinin acısını yaşayan dövrdə, millətin qəhrəman oğulları birləşərək, Azərbaycan Ordusunun ilk genişmiqiyaslı uğurlu hucum əməliyyatını hazırlayıb, heyata keçirərək, gələcək uğurlu hucumlarımızın əsasını qoydular.
Bu doyüşlərdə Şəhid olmuş Azərbaycan Milli Qəhrəmanları Vaqif Qurbanov, Allahverdi Bagirov, polkovnik-leytenantlar Şikar Şikarov, Şirin Mirzəyev; Çingiz Mustafayev və sıravi könüllü əsgərlərimizin ruhları qarşısında baş əyirik!

- Nazim bəy, Qarabağda ümumən hər iki tərəfdə abu-hava necə idi?
- Qarakənd faciəsi ilə başlamış və ölkədə 6 ay davam edən hakimiyyət mübarizəsinin nəticəsində cəmiyyətdəki nifaq, etimadsızlıq ümummilli məsələlər ətrafında birləşməyə imkan vermirdi, Qarabağ öz qara talehinə buraxılmışdı. Xocalıdan sonra insanları inamsızlıq, ruh düşgünlüyü bürümüşdü. Şuşa və Laçını asanlıqla işğal etdikdən sonra, ermənilər güman edirdilər ki, azərbaycan xalqının iradəsini bu məğlubiyyətlərlə tamamilə qırıblar. Hücum əməliyyatının hazırlanması və qoşunların cəbhə xəttində hücum üçün cəmləşdirilməsi də bizim tərəfimizdən maksimal dərəcədə məxfi şəraitdə və gizlin aparılırdı. (NUJNA DORABOTKA)

- Şaumyan əməliyyatından sonra Ağdərə əməliyyatı başladı?
- Bəli. Əvvəldən planlaşdırıldığı kimi, Şaumyan əməliyyatı Ağdərə əməliyyatına keçdi. Şaumyandan sonra qoşunlarımız dayanmadan hücumu Ağdərə istiqamətində davam etdirdilər. Hərbi terminologiyada buna “uğuru inkişaf etdirmək” deyilir. Mənim tank batalyonum 1-ci Goranboy batalyonu ilə birlikdə Tapqaraqoyunlu kəndi tərəfindən Ağdərənin Talış kəndini qısa döyüş nəticəsində aldıq və əks istiqamətdən – Marquşevandan hücuma keçmiş və ağır döyüşlər nəticəsində Çaylı kəndini tutmuş “Milli Qurtuıuş” və “Azadlıq ” batalyonları ilə birləşdik. Çaylı uğrunda döyüşdə “Milli Qurtuluş” batalyonundan 19 əsgər şəhid oldu.
Şaumyan uğrunda döyüşlərə görə Maşallah Məmmədov, Məhəmməd Həsənov, Rasim Əkpərov, Çaylı döyüşünə görə isə Şahin Tağıyev Azərbaycanın Milli Qərəmanı adına layiq görüldülər.
16 iyun 1992-ci ildə Azərbaycan Ordusu Ağdərə rayonuna 4 istiqamətdən – Tərtər, Ağdam, Goranboy və Kəlbəcərdən genişmiqyaslı güclü hücuma keçdi. Hücumda 123, 703, 708, 701, 235, 778, 224, 820 saylı hərbi hissələr, OMON, Daxili Qoşunlar alayı, Ağdam polis batalyonu, Ağdam özünümüdafiə alayı, “Qatır Məmməd” adına batalyon, “Milli Qurtuluş”, Tərtər özünümüdafiə batalyonu, 1-ci Göranboy, 2-ci Göranboy, Xanlar, Bərdə batalyonları, “Azadlıq” batalyonu, Migəçevir-1, Mingəçevir-2 batalyonları, Zaqatala rotası və başqa qüvvələr iştirak edirdilər. İştirak etmiş, lakin adını çəkmədiyim dəstə qaldısa, qazilər məni bağışlasınlar.
Əvvəlcə gərgin döyüşlər Ağdərə rayonun ətraf yüksəklikləri və kəndləri uğrunda aparıldı. Madagiz, Tonaşen, Karmiravan, Cerabert, Akop-Kamari, Minqrelsk, Maqavuz, Metsşen, Sırxavənd,
Ballıqaya, Kiçan, Baş və Orta Güneypəyə, Canyataq, Gülyataq, Levonarx, Həsənqaya… Bunların hamısında Azərbaycan əsgəri şücaət və döyüş bacarığı nümünələri göstərmişdir.

- O zamanlar vəhşiliyi ilə ad çıxarmış „Arabo“ dəstəsinin məhv edilməsi tarixi də uğurlu əməliyyatların tarixi ilə üst-üstə düşür. Bu dəstə nə zaman və kimlər tərəfindən məhv edildi?
- 123-cü alay Gəncə batalyonu kəşfiyyat tağımının komandiri Vaqif Həmidov 17 əsgərilə Həsənqaya yaxınlığında 28 iyun 1992-ci ildə kəşfiyyat reydi keçirərkən, gecə ön xəttimizə yaxınlıqdakı xəndəklərin birində düşmən dəstəsini aşkar etdi. Vaqif Həmidov rabitə ilə batalyon komandiri Mehman Ələkbərova məruzə etdi və batalyonun əsas qüvvələri gələnə qədər dəstəsilə özlərini aşkar etdirmədən, düşmənin arxasına keçmək qərarını bildirdi. M. Ələkbərov batalyonundan bir dəstə ilə dərhal V. Həmidovun dediyi kvadrata çıxdı və Vaqiflə mövqeləri bir daha dəqiqləşdirəndən sonra düşmən dəstəsini müasirəyə alaraq, döyüş əməliyyatına başladı. Müasirəni yara bilməyən düşmən dəstəsi səhərə qədər müqavimət göstərsə də, səhərə yaxın tamamilə məhv edildi. Bu, Xocalıda, Qaradağlıda, Ağdabanda azəri türklərinə qarşı soyqırım törətmiş ermənilərin məhşur “Arabo” dəstəsi idir. Bunun videoçəklişləri də var. Yalnız komandirləri Manvel Yegizaryan və onunla 3 cani qaçıb, hələ ki, canlarını qurtara bilmişlər. Qeyd etmək istəyirəm ki, “Arabo” dünyanın müxtəlif “qaynar nöqtələrində” döyüşmüş təcrübəli və yüksək döyüş hazırlığına malik erməni əsilli ABŞ, Suriya, Livan, Fransa vətəndaşlarından və “əfqan” müharibəsi veteranlarından yaradılmış dəstə idi. Bununla belə, Mehman Ələkbərov əməliyyatı elə keçirdi ki, Gəncə batalyonu 5 saatlıq döyüş nəticəsində yalnız 12 yaralı verdi, ölən olmadı . Səhər sübhdən erməni qüvvələri Həsənqaya və Levonarxa əkshücum planlaşdırmışdılar, “Arabo” isə hücuma keçməli əsas qüvvələrin ön dəstəsi kimi gecədən təbii səngər olan uzun xəndəkdə cəmləşmişdi. Bu zaman onları Vaqif Həmidovun kəşfiyyat dəstəsi aşkar etmişdir. “Arabonun” məhvi ilə ermənilərin əkshücum planı pozuldu. Azərbaycan ordusu tərəfindən “Arabonun” məhv edilməsi xəbəri bütün dünyaya ildrım sürətilə yayıldı. Ermənistan höküməti əvvəl bunu inkar edti, lakin videokadrlar yayılandan sonra, “Arabonun” məhv edilməsini etiraf etməli oldu. „Elit“ döyüş dəstəsinin bu cür tamamilə məhv edilməsi erməniləri sarsıtdı və azərbaycan əsgəri q – arşısında onların ürəyinə xof saldı. Yerevanda müharibə əleyhinə davamlı mitinqlər başladı.

12-ci hissə.

- Ağdərənin alınması üçün keçırılən əməliyyat haqqında oxucularımıza məlumat vermənizi rica edirəm.
- Aldığımız kəşfiyyat məlumatlarına görə, Ağdərə şəhərinin müdafiəsində erməni silahlı birləşmələrindən başqa, Bakıda 20 Yanvar faciəsini törətmiş, Rusiyanın Stavropol və Krasnodar vilayətlərindən olan konüllülərdən ibarət kazak polku cəmləşmişdir. “Hərbi Birliyin” rəhbərliyi qərara almışdır ki, bu polk tamamilə məhv edilməlidir. Buna görə Ağdərənin alınması planı elə işlənmişdir ki, Ağdərədən bir nəfər silahlı sağ çıxa bilməsin. Bunun üçün əvvəlcə Ağdərə çox gizli şəkildə müasirəyə alınmalı, sonra isə şərqdən şəhərə zərbə endirilməli və şəhərə daxil olmalı idik. Ağdərənin cənubundan Ağdam qruplaşması, şimaldan xüsusi təyyinatlı 778 və 235, qərbdən isə Göranboy qüvvələri mühasirəni qapatmalı. Şərq və şimal-şərqdən əsas zərbəni endirərək, şəhərə 123-cü alay, “Milli Qurtuluş” və OMON daxil olmalı idi.

- Cəbhədə şəxsi təşəbbüs və qəhrəmanlıq dolu hadisələr çox olur. Ağdərə əməliyyatı zamanı bu kimi hansı hadisələr olub? Oxucularımıza anlatmanızı rica edərdim.
- Olar. Ağdərədə şimaldan mühasirəni qapatmaq məqsədilə 778 saylı xüsusi təyyinatlı hərbi hissənin və 235 saylı hərbi hissənin (Mingəçevir batalyonu) birgə keçirdikləri gecə reydi zamanı Akop-Kamari və Maqavuz kəndləri arasındakı dağ silsiləsinin ətəklərində Mingəçevir batalyonun 1-ci rotasının komandiri Əbdül Əbdürəhmanov və 7 döyüşçüsündən ibarət birləşmənin ön dəstəsi düşmənin UAZ markalı avtomaşınını görür və onu izləyir. UAZ dayanır, sürücü maşında qalır, maşından düşən iki nəfər isə təpəyə qalxırlar. Əbdülün iki döyüşçüsü sürücünü cəld və səssiz zərərsizləşdirir. Əbdül və beş döyüşçüsü isə hissetdirmədən təpəyə çıxan iki nəfəri təgib edirlər. Onlardan biri, başçı noutbuka bənzər cihazın qapağını açır və onunla işləməyə başlayır. Bu an bizim döyüşçü hissetdirmədən yaxınlaşır və müqavimət göstərməyə imkan vermədən ikincini zərərsizləşdirir. Qalanlar isə cihazla işləyənin üzərinə atılır və o, əsir götürülür. Cihaz ABŞ istehsalı olan gecə şəraitində 4 km məsafədəki canlıları göstərən ən müasir kəşfiyyat cihazı imiş. 235 saylı hərbi hissənin komandiri tərəfindən yerindəcə keçirilmiş ilkin dindirmə zamanı əsir özünü Karo kimi təqdim edir və axsaq rus dilində Sürət Hüseynov tərəfindən muzdlu mütəxəssis kimi Odessadan Gəncəyə gəldiyini söyləyir. R. Süleymanov onu Tərtərə qərargaha göndərir. Tərtərdə keçirilmiş dindirmədə isə o, Karo Keroyan olduğunu, Odessadan İrəvana qonaq gəldiyini və İrəvandan məcburən Ermənistan ordusuna aparıldığını deyir. Dindirmə zamanı əsirin yüksək rütbəli zabit olduğu təxmin edilir və o, göndərilir Yevlaxa. Sürət Hüseynovun kabinetində o, bizim yüksək rütbəli zabitlərimiz tərəfindən dindirilir. Bu dindirmələr zamanı Karo Keroyan hərbi rütbəsini, vəzifəsini, bölümünü, tapşırığını və başqa qiymətli məlumatları söyləyir. Dindirmə zamanı o, öz şəxsinin erməni ordusu üçün vacibliyini qeyd edir və Arkadiy İvanoviçlə (“Qarabağ Silahlı Qüvvələrinin” komandanı Ter-Tadevosyan) əlaqə saxlanmasını istəyirdi. Deyirdi ki, onu bizim çox saylı əsirlərlə dəyişəcəklər. O, general Ter-Tadevosyanın (Komandos) sağ əlidir. Bir neçə protokollaşdırılmış dindirmələrdən və geniş məlumatlar alınandan sonra o, güllələndi. Onun meyidinə çox sayda bizim əsirlər dəyişdirildi. Avadanlıq isə müvafiq orqanlara təhvil verildi.
Bir başqa misal: Hər döyüşdən əvvəl döyüş zamanı ekipajların biribirini tanıması üçün texnikanın yan hissələrinə müəyyən rəngdə oxra boyası vururduq. Hər döyüşdən əvvəl üç-dörd müxtəlif rəngli məhlul hazırlanır və vedrələrdə hazır saxlanılırdı. Bilavasitə döyüşdən əvvəl qərargahdan rabitə vasitəsilə bu döyüşdə istifadə olunan boyanın rəqəmlə kodu elan olunur və boya texnikaya vurulurdu. Ağdərə şəhərinə 3-cü sovxoz istiqamətindən hücum zamanı bizim qoşunların bir hissəsi yolla hərəkət edən zaman, üzərinə bizim həmin döyüşdə istifadə etdiyimiz boya olan erməni tankı, atəş açmadan yaxınlaşıb və sürətlə bizim avtomaşınların üstünə sürüb və onları əzməyə başlayıb. Əsgərlərimiz heç nə başa düşmədən təşvişə düşüblər. Tankın erməni tərəfindən gəldiyini görən yalnız Xanlar batalyonun bir PDM ekipajı olub. Nişançının adı Nabil (soyadını unutmuşam, o, Ermənistan qaçqını idi), PDM-in sürücüsü isə Xanlar ruslarından idi. İkisi də könüllü döyüşçülər idi. Nabil PDM-in topundan tanka atəş açsa da top xarab olub və atmayıb. Tankın bizimkiləri bastaladığını görən Nabil sürücüyə əmr edib ki, tankın üzərinə sürsün və onu taran etsinlər. Onlar yüksək sürətlə erməni tankının üstünə şığıyanda, tank bunları özlərinin sol tərəfində görüb, topunu PDM-ə döndərib ki, vursun, ancaq çatdirmamışdı. 14 tonluq PDM-lə Nabilgil yüksək sürətlə 42 tonluq tanka çırpılıb, onu yoldan kənara aşırtmışlar. Özləri müxtəlif dərəcəli yaralar alsalar də sağ qalmışlar. Döyüşçülərimiz erməniləri tankdan çıxarıb, yerindəcə güllələmişdilər. Tərtərdən Ağdərəyə gedən yolun üstündəki “post QAİ-nin” yaxınlığında, yolun solunda aşmış vəziyyətdə qalmış o tankı veteranların çoxu xatırlayar.

- Bəs kazak polkunun aqibəti nə oldu?
- İyulun 3-dən 4-nə keçən gecə Ağdərənin, mülki əhalinin şəhəri tərk etməsi üçün saxladığımız koridordan çıxan, yerli sakinlərindən artıq bilirdik ki, kazak polku iki gün əvvəl şəhərdən qaçıb, ermənilərin öz qüvvələri də, sakinlərin dediklərinə görə, müdafiə mövqelərini tərk edib, qaçmaqla xilas olunurdular.

- Ağdərəyə nə zaman daxil oldunuz?
- 4 iyul 1992-ci ildə sübh tezdən mühasirəyə alınmış Ağdərə şəhərinə şərqdən əsas zərbəni endirməklə 123-cü alayın tank batalyonu və 1-ci batalyonu, “Milli Qurtuluş” batalyonu və OMON daxil oldular. Şəhərdə müqavimətlə qarşılaşmadıq. Şəhərin girəcəyində bir ruhi xəstə əlində balta yüyürdü tankımın üstünə və tankı balta ilə vurmağa başladı. Uşaqlar baltanı əlindən alıb, onu qovdular.
Sevincimizin həddi-hüdudu yox idi. Hamı bir-birini təbrik edir, sevinirdi, havaya atəş açırdı. Mən batalyonlarımızı düzdüm, şəxsi heyyəti Ağdərə şəhərinin alınması münasibətilə təbrik etdim və şəxsi heyyətə döyüşlərdə göstərdikləri əzm və yüksək döyüş qabiliyyətinə görə təşəkkür elan etdim. Dua bilən əsgərimiz torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda Şəhid olmuş qardaşlarımızın ruhuna “Fatihə” oxudu, biz isə “Amin” dedik.

- Ağdərə alındı, bəs sonra hadisələr necə inkişaf etdi?
- Biz texnikaya baxış keçirərkən, qərargahdan əmr gəldi ki, hücumu davam etdirim və Nerkin Orataq, Aqabekalec və Dəmirli kəndlərini və yüksəkliklərini tutum. Biz “atlandıq” və qərbə doğru hərəkətə başladıq. Ön kəşfiyyat dəstələrimiz yol boyunca və əmrdə göstərilən qəsəbə və yüksəkliklərdə düşmənin olmadığını məruzə edirdilər. Nerkin Orataq və Aqabekaleci keçib Dəmirlini tutduq. Əmrin yerinə yetirilməsini qərargaha məruzə etdim. Hələlik yeni hücum əmri gəlmədi. Biz müdafiə xəttini və yaxın ətrafın kəşfiyyatını təşkil etdik. Qərargah üçün çayın kənarında yerləşən qəbir daşı sexi sahibinin 3 mərtəbəli evini seçdim. 12 iyundan bəri davam edən hücumlardan sonra ilk dəfə idi ki, dayandıq. Postlarda olmayan əsgərlərimiz kəndə səpələnib, nahar edir, dincəlirdilər. Arxa cəbhə bölməsi yaxşı nahar hazırlamışdı. Biz nahara yeni başlamışdıq ki, Rusiya radiosu “Mayak”dan xəbərləri verməyə başladılar “Bu gün səhər tezdən “tank yumruqu” ön dəstədə olmaqla Azərbaycan Ordusu tərəfindən Dağlıq Qarabağın ikinci şəhəri olan Mardakert tutlub. Daha sonra Aqabekalec, Nerkin Orataq, Dəmirli, Kasapet tutulub.” “Tank yumruğu” biz idiksə, biz Dəmirlidə idik. Kasapet, eyni adlı çox vacib əhəmiyyətə malik, vadinin ən hündür yüksəkliyi olan, qarşımızdakı kənd idi. Biz oranı hələ tutmamışdıq. Anlaşılırdı ki, bu, ermənilərin verdiyi məlumata əsaslanan xəbər idi. Deməli, onlar Kasapetdəki mövqelərindən də çəkiliblər. Mən qərargaha rabitə ilə bu məlumatı və Kasapetə dərhal kəşfiyyat qrupunu göndərmək və yüksəklik boş olarsa kəşfiyyatçıların onu tutmaq, arxalarınca isə əsas qüvvələrimizlə orada istehkam qurmaq qərarımı bildirdim. İstiqamət komandanı qərarımı təsdiqlədi. Belə də etdik. Kəşfiyyat xəbər verdi ki, kənddə və yüksəklikdə silahlı yoxdur. Arxalarınca 123-cü alayın 1-ci batalyonun bir bölməsi yüksəkliyi tutdu. Kənddə bir neçə yaşlı arvad qalmışdı, onlar yığışıb ağ bayraqla küçəyə çıxaraq, kənddə silahlıların olmadıqlarını bildirdilər.

- İstiqamət komandanı kim idi?
- Hansı rayonun üzərindən hücum başlayirdısa, burada yerləşən və müdafiəsinə cavabdeh olan briqada komandiri olurdu İstiqamət komandanı. Hücuma bilavasitə o rəhbərlik edirdi. Hücumda iştirak üçün gələn və hücum qruplaşmasını təşkil edən qüvvələr burada yerləşən briqadanın komandiri-istiqamət komandanına bilavasitə tabe idilər. Tərtərin müdafiəsinə cavabdeh 703-cü briqadanın komandiri Nəcməddin Sadıxov Ağdərə şərq hücum istiqamətinin komandanı idi. Kəlbəcərin müdafiəsinə cavabdeh 701-ci briqadanın komandiri Zadir Rzayev Ağdərə rayonuna qərb hücum istiqamətinin komandiri idi. Əsas zərbə şərq istiqamətindən idi.

- Ağdərə əməliyyatı davam etdirildi?
- Bəli. Ağdərə əməliyyatının növbəti hədəfləri iki tərəfdən- qərbdən- Kəlbəcər istiqamətindən Ağdərəyə zərbə endirmiş 701-ci briqadanın və şərqdən- Tərtər istiqamətindən zərbə endirmiş qüvvələr Sərsəng su anbarının vadisindəki yüksəklik və yaşayış məntəqələrini düşməndən almaq, bununla strateji əhəmiyyətə malik olan Tərtər- Kəlbəcər yolunu istifadə üçün nəzarətə keçirmək, orada birləşmək və daha sonra hücum istiqamətini cənuba döndərərək, Qarabağ dağ silsiləsinin Ağdərə rayonunun ərazisinə düşən hissəsini – Sırxavənd – Araçadzor – Vəng xəttini tutmaq idi. Bu məqsədlə 701-ci briqada qərbdən Ağdərənin Getavan, Qozlu Körpü, Çapar, İmarət-Qərvənd, Aterk, Zeylik, Umudlu kənd və qəsəbələrini düşməndən azad edərək, Sərsəng gölünün şimal sahilini tamamilə tutdu və Tər-Tər çayının cənub sahilinə keçərək, Vaquazı tutdu. Şərqdən hərəkət edən qoşun birləşmələri isə Ağdərə şəhərindən daha 20 km qərbə hərəkət edərək, Drmbon yaxınlığına çıxdıqdan sonra, əsas qüvvələrlə Drmbon, Böyük və Kiçik Paqosaqomer və Çıldran kəndlərini tutmaqla, o zamana qədər Vaquazdan hücuma keçib, Aryutunaqomer, Verin Orataq və Koçoqot kəndlərini tutmalı olan 701-ci briqada ilə birləşməli idilər.

13-cü hissə.

- Bəs sizin 123-cü alay döyüşünə harada davam etdi?
- 6 iyul 1992-ci ildə İstiqamət komandirinin əmri ilə 123-cü alayın tank taburu və 1-ci moto-atıcı taburu Dəmirlidə tutduğumuz mövqeləri OMON-a, Kasapetdə tutduğumuz mövqeləri isə 703-cü briqadanın bölmələrinə təhvil verdi. Yeni əmrlə Ağdərədən çəkilən və Drmbonda cəmlənmiş düşmən qüvvələri məhv olunmalı, Drmbon tutulmalı idi. 6 iyulda aldığım əmrə əsasən, hücum birləşməsinin ön dəstəsi olaraq, 7 iyulda dayandığımız yerdən 20 km məsafədə olan Drmbonun üzərinə hərəkətə keçməli, bir neçə yüksəklikləri və Mehmana kəndini tutmalı, 9 iyul səhər saat 5:30-da Drmbon ətrafında mövqe tutub, bu haqda istiqamət qərargahına məruzə etməli və Drmbona birlikdə hücuma keçmək üçün arxamızca gələn birləşmənin əsas qüvvələrini gözləməli idik.
Ağdərə əməliyyatının başlanğıcından əməliyyat müddətinə tabeliyimə verilmiş 1-ci batalyonun komandiri Xosrov Əhmədovla verilən tapşırığın necə yerinə yetirəcəyimizi hər tərəfli müzakirə etdik. Əvvəlcə xəritə üzərindən ərazini öyrəndik. Ərazi sıx meşəli, hündür dağ relyefli, dərələr, uçurumlarla zəngin idi. Yollar bir tərəfi dərin dərələr olan sıldırım qayaların arasından keçirdi. Dəmirlidən qərbə, bir başa Drmbona meşəli dağlar arası ilə iki yol gedir, biri əsas asfalt yol, o birisi Mehmanadan keçən torpaq yol. Şübhəsiz ki, bu yollar ermənilər tərəfindən minalanmış, yolların kənarlarında pusqular qurulmuşdur. Buna görə biz düşmənin gözləmədiyi marşrutla hərəkət etməli idik. Qərara aldıq ki, Mehmanaya yol kənarı dağlarla, irəlidə kəşfiyyat qrupu olmaqla, 1-ci bölməni göndərək, öz əsas qüvvəmizlə isə Dəmirlidən cənuba – Gülyatağa, oradan isə qərbə istiqamətlənərək, xəritədə tank keçməz yollar kimi göstərilmiş və buna görədə düşmən üçün gözlənilməz tərəfdən, Çıldranla Drmbonun arasına çıxıb, mövqe tutub, birləşmənin əsas qüvvələrini gözləyək. Bu marşrutla biz düşməndən əsl niyyətlərimizi gizlədir və onu yayındırırdıq. Mehmananı tutduqdan sonra Dostəli Hacıyevin 1-ci bölüyü bizimlə birləşməli idi. Ön dəstə adətən əsas birləşmədən çox kiçik olur və dağ-meşə şəraitində hərəkət edən arxa cəbhə təminatından yalnız ən zəruri olan sursat və qida ehtiyyatları ilə yola çıxır. Dağlıq şəraitində yolsuz ərazilərlə hərəkət etməli olduğumuzu və bu şəraitdə yanacaq avtomaşinlarının hərəkətinin çətinliklərini nəzərə alaraq, mən bir tank bölümü və 1-ci moto-atıcı batalyonla yola çıxmağı qərarlaşdırdım, qalan tank bölmələrimiz əsas qüvvələrin tərkibində arxamızca hərəkət edəcəkdi.
Qarşıda bizi 15 km-lik, 2 günlük, çox ağır dağ-meşə keçidi gözləyirdi, buna görə, texnikanı hazırlayandan sonra, uşaqlara yaxşı dincəlib, yuxularını almaq imkanı verdim. 7 iyul səhərə yaxın saat 4-də əsgər və zabitlər üçün bölümdə döyüş vəzifələrini bir daha nəzərlərinə çatdırıb, dəqiqləşdirdikdən sonra, “Allahu Əkbər” sədaları ilə hərəkətə keçdik. Əsas çətinliklər Gülyataqdan sonra başladı. Önümüzdə, sağ, sol cinahlarda qonşu təpələrlə və arxamızda kəşfiyyat qruplarımız gəlirdi. Əsas kolonun qabağında meşə basmış, 20-30 sm torf örtmüş çoxdan işlək olmayan yolla meşəni yararaq, birinci tanklar gedir, sonuncu tank isə uzun qoşqu ilə yük avtomaşınını dartırdı. Bunun izi ilə avtomaşınlar, tankların və avtomaşınların arasında piyadalar hərəkət edirdi. Hərdən tanklar qalın palçıqlı ensiz təpələrdən dərələrə sürüşürdülər, ancaq meşə o qədər sıx idi ki, sürüşərək qırdığı ağaclar tankı saxlayırdılar. Onu tanka qoşqu ilə qoşandan sonra o, tədricən, meşəni yararaq, təpənin başına çıxıb, kolonda yerini tutub, hərəkətini davam etdirirdi. Bu əziyyətlər bəhrəsini verdi. Düşmən tərəfindən aşkarlanmadan və gözlənilmədən biz 2 günə 15 km keçərək, Drmbonla Çıldranın arasındakı 1214.5 mert yüksəkliyin üstündə mövqe tutduq. Seyrçi üçün oradan təkrarolunmaz gözəlliyi olan 20 km uzunluğu, 6 km enində vadi mənzərəsi açılır. Sərsəngin üstündə 3000 metrədən hündür, başı qarlı və buludlarla əhatə olunmuş qayalı dağ var. Buludlar şərqdən yeni doğan günəşin şualarına qərq olan zaman, göy qurşağının bütün rənglərinə boyanmışdı. Və bu möhtəşəm mənzərə güzgü kimi Sərsəng gölünün səthində əks olunmuşdu. Biz süküt içində və heyranlıqla bu mənzərəni seyr edir və bəşər övladının apardığı müharibələrin mənasızlığı, birazdan bu möhtəşəm sükutun döyüş səslərilə pozulacağı haqqında düşünürdük.
İstiqamət qərargahı əvvəldən ehtimal etmişdir ki, Ağdərədən çəkilən erməni qüvvələri bu yerdə cəmləşdiriləcək. Elə buna görə də istiqamət komandanlığı hücum birləşməsinin qüvvələri ilə düşməni məhz burada artilleriya atəşinə tutub, sonra hücuma keçib, darmadağın etməyi qərara almışdır.
Drmbona, Çıldarana və yaxın ətrafımıza kəşfiyyat keçirmək üçün qruplar göndərdim. 9 iyul səhər saat 5:30 idi. Hücum birləşməsinin əsas qüvvələri arxamızca gəlməli və yol boyu rabitə retranslyatorları quraşdırmalı idilər. Mən planşetdə olan xəritəmi dizlərim üstünə qoyub, əmri yerinə yetirdiyim haqqında məruzə etmək üçün istiqamət qərargahı ilə rabitə əlaqəsi saxlamağa cəhd etdim. Efirdə yalnız xışıltı var idi. Bir çox rabitə əlaqəsi yaratmaq cəhdlərimiz nəticə vermədi. Bir qrup kəşfiyyatçını arxamıza göndərdim ki, birləşmənin əsas qüvvələrinin harada olmasını öyrənsinlər. İrəlidəki kəşfiyyatçılarımızdan rabitə ilə xəbərlər gəldi ki, Drmbon və Çıldranda düşmənin böyük qruplaşmaları yerləşdirilib. Azər İsayevin tağımı ilə bir tanka tapşırdım ki, Çıldrandan Drmbona gələn yolun kənarında pusqu qursunlar və əlavə gəstəriş verərsəm yolda hərəkət edən düşmən qüvvələrini məhv etməyə hazır olsunlar. Xosrovla və bir qrup əsgərlə irəli gedərək, qəsəbənin ətrafını və içini binoklla müşaidə edir, düşmənin mövqelərini öyrənirdik. Sakitlik idi. Drmbonun ətrafında qurulmuş düşmən mövqelərində o qədər də çox qüvvə gözə dəymirdi. Texnika və hərbi geyimli adamların çoxu qəsəbənin içində idilər. Yerli sakinlər, heç nədən şübhələnmədən bulaq başında qablarını su ilə doldururdular. Səhər saat 9:05 idi, radioefir hələ də susurdu. Bu zaman mövqelərdə və qəsəbədə canlanma baş verdi. Hərbçilər texnika və toplara tərəf qaçdılar, sakinlər evlərə. Demək olar ki, eyni zamanda bizim arxamıza göndərdiyimiz kəşfiyyat qrupu rabitə ilə məruzə etdi ki, tankların izinə düşmüş ermənilərin 3 nəfərdən ibarət kəşfiyyat qrupunu məhv ediblər, ələ keçirdikləri ermənilərin rabitə cihazında fəal həyacanlı danışıqlar gedir. “Ola bilsin ki, təxmini yerimizi öz komandanlıqlarına xəbər verməyi çatdıra biliblər. Arxamızca gələcək bizim qüvvələri müşaidə etmirik.” Canlanmanın səbəbi aydın oldu. Ermənilər bizi aşağıdakı iki yoldan birində gözləyirdilər. Lakin kəşfiyyatçılarının verdikləri xəbərdən sonra anlamışdılar ki, biz artıq buradayıq. Ancaq yerimizi dəqiq bimirdilər. Durduğumuz yerdə dayanmaqla vəziyyəti dəyişdirə bilməzdik, çünki düşmən top atəşinə tutmaqla və kəşfiyyatı ilə yaxın zamanda yerimizi müəyyənləşdirəcək, itkilərə məruz qoyacaq və hücuma keçəcəkdı. Həmin marşrutla geri qayıtmağımız isə bizi meşə şəraitində onların kiçik təxribat qruplarının hücumlarına məruz qoyardı. İstiqamət qərargahı ilə dayanmadan əlaqə saxlamağa cəhd edən rabitəçi bütün təyin olunmuş tezliklərdə hələ də cavab verilmədiyini və efirdə yalnız xışıltı səsi gəldiyini bildirirdi. Biz hələ bilmirdik ki, 7 iyul 1992-ci il tarixindən prezident Ə. Elçibəy bir aylıq, bir tərəfli atəşkəs elan etdiyindən, Azərbaycan Ordusunun bütün hücum əməliyyatları dayandırılıb, istiqamət komandiri başqa ölkəyə ailəsini gətirməyə gedib, biz isə yaddan çıxmışıq. Hücum qüvvələrinin gəlib çatacağına hələ ümid edərək, artıq ermənilərə önləyici zərbə endirməklə, onların zərbəsinin qarşısını almaq qərarına gəldim. Bunun üçün mövqeyimiz əlverişli idi, Drmbonu əlimizin içi kimi görürdük və iki istiqamətdən hücuma keçə bilərdik. Ancaq qüvvələr nisbətinə görə biz bu döyüşdə qalib gələ bilməzdik. Drmbonu tutsaq belə, o biri erməni kəndlərinə və onların nəzarətində olan yüksəkliklərə nisbətən Drmbonun coğrafi vəziyyəti onu bizim tərəfimizdən saxlamağımıza imkan vermirdi. Buna görə məqsəd sağ cinahımızda başlayan Mehmana yoluna çıxıb, bizimkilərin yanına çəkilmək idi. Bunun asan olmayacağını dərk edirdik çünki, Drmbondan Ağdərəyə gedən hər iki yolda ermənilərin mövqeləri güclü idi. Buna görə qərara gəldik ki, dayandığımız yerdən eyni zamanda iki istiqamətə: şərqə və cənub- şərqə zərbələr endirməklə, Drmbona hücum imitasiyası yaradaq, düşmən niyyətimizin Drmbon olduğunu zənn edib, Mehmana yolunun üstündəki istehkamlarını tərk edərək, bizim sağ cinahımıza hücuma keçən zaman onu əsas qüvvələrimizin məhvedici zərbələri ilə qarşılayaq və Mehmana yoluna çıxışımızı təmin edək. Ermənilərin sağ tərəfimizdən hücumunu qarşılayacaq əsas qüvvələrimizi sağ cinahda yerləşdirib, Drmbona iki istiqamətdən gözlənilməz hücuma keçdik. Saat 9:20 idi. Əvvəlcə ermənilərin iki toplarını və bir PDM-ni yerindəcə tank atəşi ilə məhv etdik. Eyni zamanda qərargaha çevirdikləri məktəbi tank atəşinə tutaraq, həyətindəki yanacaq çənlərini məhv etdik. Döyüş xətti boyunca düşmənlə aramızdakı məsafə 1-1.5 km idi. Buna görə əvvəlcə əsasən tank döyüşü gedirdi. Yerli əhali başladı Poqosaqomerə və Çıldrana qaçmağa. Yolun kənarındakı pusqumuz onlara özlərini hissetdirmədiklərinə görə, ermənilər yolu təhlükəsiz zənn edərək, Çıldrandan, ehtiyyat tədbiri görmədən, köməyə gəlməyə cəhd etdilər. Yolun üstündə düşmənin yük maşını dolu canlı qüvvəsi və bir PDM-i baş leytenant Azər İsayevin tağımı və bir tankımızdan ibarət qurduğumuz pusquya düşüb, məhv edildi. Bundan sonra Çıldrandan gələn kömək qüvvələri meşələrə səpələnərək özlərini Drmbona çatdırmağa cəhd edirdilər və buna görə onların qarşısını kəsən pusqu qüvvələrimiz də açıq döyüşə girməli oldular. Drmbonun qarşısında tank döyüşü davam edirdi. Biz onların daha iki tankını və xeyli canlı qüvvəsini məhv etmişdik. Ancaq sağ cinahımızdakı erməni qüvvələri hücuma hələ keçmirdilər. Bu zaman mənə rabitə ilə xəbər verdilər ki, pusquda duran tank manevr edərkən dərəyə sürüşdü. Tankı çıxarmaq mümkün olmayacağına görə ekipaj tankı məhv etdi. Manevr etmək üçün tankın rıçaqları arxasına özü oturmuş kadr zabit tankçı, baş leytenant, əslən Bakıdan (5 mikrorayondan) olan Sergey(soyadını xatirlamadım), tankın dərəyə düşməsini özünə bağışlamayaraq, avtomatını və tank əleyhinə qumbaraatanı götürüb, yerimişdi düşmən PDM-nin üstünə və onu, üzərində çəkilmiş xaçın düz mərkəzindən vurmuşdu. Qayıdan başı Sergey düşmən gülləsinə tuş gəlib həlak oldu. Tağımın vəziyyəti texnikasız ağırlaşmaqda idi. Düşmənin yeni-yeni zirehli texnikası Çıldrandan köməyə gəlirdi. Artıq bizi, mərkəzdən hücuma keçənləri sol cinahdan vururdular. Bizim bir tankımızda vuruldu. Mən sol cinaha əlavə qüvvə göndərmək istəmirdim çünki, sol cinahımız onsuzda çəkilməli idi, hər an sağ cinahda döyüş başlaya bilərdi və biz Mehmana yoluna çıxmaqa hazır olmalı idik. Oraya texnika göndərmək də təhlükəli idi çünki, açıqlıqla getməli idi və çox ehtimal ki, vurulacaqdı. Lakin sol cinahda vəziyyətin ağırlaşdığını görüb, tankımın mexanik- sürücüsü Məhəmmədəli Ağazadə özümüzü oraya çatdırmağı təkid etdi. Dedim: “Irəli !”. Məhəmmədəli çox cəsarətli döyüşçü və məharətli mexanik-sürücü idi. Azər İsayevin tutduğu mövqelərdə tağımına başını qaldımağa imkan verməyən tankı biz hərəkət edərkən vurduq. Uşaqların mövqeyinə yaxınlaşan anda bir PDM-i də vurduq. Bu zaman üstümüzdən Çıldrana tərəf təyyarə şığıdı və bir an sonra təpənin o biri tərəfindən partlayış səsləri gəldi və bir neçə göy tüstü qalxdı. Döyüşdən sonra bildik ki, 703-cü briqadadan “Babək-44” “pozıvnoyu” olan kəşfiyyat qrupu döyüş səsini eşidib, briqada qərargahına Drmbon ətrafında şiddətli döyüş getdiyini xəbər verib, oradan isə bizə başqa yardım göndərə bilməyəcəklərinə görə Hərbi Birliyin qərargahına xəbər veriblər. Sürət Hüseynov dərhal SU-25 təyyarəsini qaldırıb və pilotumuz Konstantin Virtsev bizi tapıb və Drmbona köməyə gələn düşmənin 6 PDM-ni kolon ilə gələrkən məhv etmişdir. Bu itkilərdən sonra ermənilər sol cinahdan ümidlərini üzüb, sağ cinahımızdakı qüvvələrini gözlədiyimiz hücuma atdılar. Xosrov Əhmədovun rəhbərliyi ilə sağ cinahdan hücuma keçən düşmən tamamilə məhv edildi. Artıq Mehmana yolu açıq idi. Biz tankla sol cinahdan çəkilən əsgərlərimizə atəş dəstəyi verərkən, döyüşün ən sonunda tankımızı vurdular. Biz yanan tankın içindən salamat çıxa bildik və piyadalarımıza qoşularaq, yolda bizi gözləyən dəstəmizə qoşulduq və geri, Mehmana istiqamətində hərəkət etdik. Saat 19:30 idi. Düşmənin 3 tankın, 4 PDM-in, 2 topun və, ermənilərin öz etiraflarına görə, 80 nəfər canlı qüvvəsini məhv etmişdik. Biz 7 nəfər; onlardan 2 zabit və 2 əsgər döyüş zamanı, 3 yaralı əsgərimiz isə geri dönəndə qan itkisindən yolda şəhid oldular. Biri dərəyə düşməklə bizdən 4 tank vurulmuşdur.
703-cü briqadanın qərargahında mənə bildirdilər ki, 7 iyuldan atəşkəs elan edilib və buna görə də hücum birləşməsi hərəkət etməyib.

- Atəşkəsə səbəb hücum təxirə salınmışdı, bu o deməkdirmi ki, Hərbi Birlik hakimiyyətə tabe idi?
- Əlbəttə, Hərbi Birlik qüvvələri dövlətə tabe olurdular. Bu təşkilat dövlət müharibə ilə məşğul olmayan zamanda yaradılmışdır. Lakin Ali Başkomandanın əmrlərinə tabe idi.

- O, Qarabağda vəziyyət acınacaqlı olanda, əli silahlıların təşəbbüsü ilə yaradılsa da, buna baxmayaraq, Hərbi Birlik dövlətə tabe idi və özfəaliyyətlə məşğul deyildi?
- Xeyr. Hərbi Birlik yaranandan öz sıralarında 1988-ci ildən 1992-ci ilin may ayına qədər Qarabağda mövcud döyüş dəstələrini və Milli Ordu hərbi hissələrinin vahid idarəsi üçün qeyri-formal hərbi şura və təhcizat-təminat mərkəzi kimi fəaliyyət göstərirdi.

- Ermənilər prezident Ə. Elçibəyin bu sülhməramlı addımı qiymətləndirdilərmi?
- Bəli, özlərinə məxsus şəkildə. Onlar bizim hücumların dayandırıldığından istifadə edərək, mövqelərini bərkitdilər və əks hücuma hazırlaşmağa məhəl tapdılar. Müharibə vaxtı düşməndən başqa şey gözləmək sadəlöhvlükdür. Kəmfürsət düşmən atəşkəs zamanı qüvvə toplayaraq, 15 iyul 1992-ci ildə Ağdərədə Drmbondan başlamaqla bir neçə istiqamətdə geniş əkshücuma keçdi və Vaquaz, Kasapet və Mehmananı, 19 iyulda Aterk, Moxrataq və Dəmirlini, 21 iyulda Zəylik, Çapar, Umudlu və İmarət-Qərvəndi geri qaytardılar. 26 iyulda ermənilər artıq Ağdərə şəhərinə güclü hücuma keçdilər. Ağdərə-Nerkin Orataq- Moxrataq yol qovşağının üzərində olan 706.5 m. strateji yüksəklikdə 123-cü alayın 1-ci taburunun 1-ci tağımı – komandir Bəxtiyar Əliyev, tutduqları mövqeyi ermənilər keçə bilməmişlər. Ermən hücumundan əvvəl mövqeləri yoxlamağa gəlmiş tabur komandiri Xosrov Əhmədov müdafiəyə şəxsən rəhbərlik etmişdir. 706.5-də tağım dairəvi müdafiə mövqeyi təşkil etmiş və döyüş aviasiyamızın atəş dəstəyilə yüksəkliyi ermənilərin 4 gün davam edən aramsız hücumları qarşısında saxlamış və bununla da düşmənə Ağdərəyə keçməyə imkan verməmişdir. Bəxtiyar Əliyevin 17 nəfərlik (Xosrov Əhmədov, Dostəli Hacıyev, Bəxtiyar Əliyev, Mahir Kərimov, Balakişi, Əhliman, Yaşar ………………. ) tağımının dəfələrlə üstün düşmən qüvvələrinin durdurduğuna 703-cü briqadanın komandiri Nəcməddin Sadıxov sevincini və heyran olduğunu gizlətmirdi. 92-ci ilin iyulunda düşmən qüvvələrinin Ağdərəyə yolunu bu 17 nəfər kəsmişdi. Ağdərə şəhərinə daxil ola bilmədiklərindən, ermənilər hücum istiqamətini şimala döndərib, 27 iyulda Maqavuz və Metsşeni, 28 iyulda isə Akop- Kamari və Minqrelski tutmuşdular.
30 iyulda istiqamət komandanlığı buraya güclü qüvvə toplayaraq, əkshücuma keçmişdir. “Milli Qurtuluş” batalyonu və başqa dəstələrimiz erməniləri Ağdərədən geri atıb, yenidən Nerkin Oratağı, Moxrataq və Akop- Kamarini qaytarmışlar. Ermənilər güclü müqavimət və bizim əkshücumlarımızla qarşılaşaraq, avqustun 1-i hücumlarını dayandırmışlar. Bu müdafiə və ermənilərin əkshücumlarının qarşısının alınması bizə bir çox itkilər bahasına başa gəldi.

14-cü hissə.

- Anladığım qədəri atəşkəs hücuma keçməməyi nəzərdə tutur, müdafiəni zəiflətməyi deyil. Biz niyə müdafiəni zəiflətdik ki, öncə o qədər igid oğulların canı bahasına alınan torpaqlar yenidən itirildi?
- Haqlı sualdır. Hücum dayandırılmaqla etibarlı müdafiəyə keçirilməlidir. Lakin 7 iyul atəşkəsə qədər alınan ərazilərdə lazımi müdafiə sistemi, mövqeləri qurulmamış, mövqelərdə kifayyət qədər qüvvə saxlanmamışdır. Bu, istiqamət komandirinin işindəki nöqsanlarla bağlı idi və buna haqq qazandırmaq olmaz. Ancaq o zamanın bir neçə xüsusiyyəti var ki, bunları nəzərə almaq lazımdır. Orduda istər dinc, xüsusən də müharibə zamanı ən mühüm məsələ qoşunların yüksək idarə olunma qabiliyyətidir. Ordudakı nizam-intizamın da kökündə və hədəfində qoşunların yüksək idarə olunması durur. O zamankı, əsasən könüllü dəstələrdən ibarət olan bölmə və dəstələrdə nizam-intizam çox zəif idi, lakin hücum zamanı adətən bu özünü bir o qədər biruzə vermirdi çünki, əsgərin hücum ruhu və yüksək şuuru hesabına idarə etməni saxlamaq olurdu. Müdafiə isə elə bir döyüş növüdür ki, bəri başdan hücuma məruz qalmanı nəzərdə tutur. Psixoloji cəhətdən bunun özü əsgərdə artıq əlverişsiz əhval- ruhiyyə yaradır və nizam-intizam olmadığı yerdə bizim könüllülərlə idarə olunan müdafiə döyüşü aparmaq daha çətin olurdu. Müdafiəmizin zəifliyinin səbəblərindən biri də bu idi.

- Bes bele bir veziyyetde ne etmek olardı, ne edilirdi?
- Qeyd etdiyim kimi, adi halda ordunun iki halı var, o, ya müharibədə döyüşür, ya müharibəyə hazırlaşır. Lakin Ermənistan-Azərbaycan münaqişəsi müstəqillik əldə etdiyimizdən 3,5 il öncə başladığına görə, bu obyektiv və müəyyən subyektiv səbəblrdən, biz ordu quruculuğuna 3,5 il sonra, 1991-ci ilin sonlarında, 1992-ci ilin əvvələrində briqadaların yaradılması ilə başladıq. Bu 3 ildə erməni qəsbkarlarına qarşı polis qüvvələri ilə çiyin-çiyinə dayanan qeyri- nizami silahlı dəstələr olub. Ordumuz döyüşə-döyüşə qurulurdu. Yalnız 1992-ci ilin iyul-avqust aylarında, 7 iyulda elan olunmuş atəşkəsdən yararlanaraq, müdafiə naziri R. Qazıyev bu könüllü özünü müdafiə dəstələrini nizami ordu hərbi hissələrinin tərkibinə verilməsi haqqında əmr verdi və bütün batalyonlar və dəstələr hər rayonda yerləşən Milli Ordu briqadalarının tərkibinə daxil edildilər. 8 avqust 1992-ci il tarixdə isə ordu quruculuğu dövlət proqramı çərçivəsində müdafiə nazirinin əmri ilə iki Ordu Korpusu yaradıldı. Beləliklə, könüllü dəstələr Milli Ordu briqadalarına, briqadalar isə yeni yaradılmış Ordu Korpuslarının tərkibinə daxil edildilər. 1-ci Ordu Korpusu Azərbaycan- Ermənistan sərhədyani zonasına cavabdeh idi. 2-ci Ordu Korpusu Qarabağa cavabdeh idi.

- “Hərbi Birlik” necə, fəaliyyətini davam etdirdimi?
- Xeyr. Vətənin ağır anlarında yaradılmış “Hərbi Birlik” adlı qeyri-formal hərbi Şura Ordu Korpuslarının və vahid komandanlığın yaradılması ilə öz tarixi missiyasını müvəffəqiyyətlə bitirdi. Qarabağda vahid komandanlığın yaradılması; pərakəndə hərəkət edən könüllü dəstələrin arasında qarşılıqlı etimadın və döyüş əlaqəsinin yaradılması; faktiki səfərbərlik (Qarabağda döyüşən qüvvələrin sayi 92-ci ilin yayında 30 mini aşmışdı, bunlardan 6 minə yaxını DİN-nin qüvvələri olmaqla) və ordu quruculuğunda təxirə salınmaz tədbirlərin həyata keçirilməsi; qısa müddətdə erməni qüvvələrinin irəliləməsinin qarşısının alınması; strateji hücum təşəbbüsünün Azərbaycan Ordusunun əldə etməsi və bütün bunların nəticəsində müdafiənin gücləndirilməsi və iki rayonun azad edilməsi Orduda və ölkəmizdə özünə inam və ruh yüksəkliyi yaratdı.

- Ordu Korpuslarına kimlər rəhbərlik edirdi? Bunu qeyd etmədiniz.
- ——————————————-

- Haqqında danışdığınız tədbirlər zamanlı və yerində görülən tədbir hesab edilə bilərmi? Bu tədbirlər döyüşlərə təsir etdimi?
- Şübhəsiz, qoşunların təşkilatlanma və ümumi idarəetmə məsələlərində bu mühüm və zəruri tədbirlər öz müsbət nəticəsini göstərdi. Lakin batalyon daxili idarəetmə və nizam-intizam bilavasitə kiçik zabitlərin, komandirlərin peşəkarlığı və tələbkarlığından asılıdır. Kiçik komandirlərin, yəni ordunun tağım, bölmə halqasında peşəkar zabitlər yox idi. Tabur komandirləri səviyəsində isə döyüş zonasında kadr zabitlərin sayı 5-i keçmirdi.

- Müharibə zamanı peşəkar kiçik komandirlərin çatışmazlığını mərhum Prezident Ə. Elçibəy də qeyd etmişdi.
- Elədir, ancaq burada bir məsələyə toxunmaq istərdim. 90-cı illərin əvvəllərində Azərbaycan Ordusuna gələn azərbaycanlı zabitlərin çoxu Sovet Ordusunda elə vzvod(tağım), rota(bölük), batalyon(tabur) komandirləri vəzifələrindən gəlmişdilər. Nəzəriyyəyə görə formal olaraq, ordu quruculuğu “yuxarıdan aşağı” aparılır, ona görə Sovet Ordusundan gəlmiş bu zabitləri Azərbaycan Ordusunda daha yüksək, müdafiə nazirliyinin və baş qərargahın idarələrində, briqada qərargahlarında vəzifələrə təyyin edirdilər. Döyüş bölmələrinə kadr zabitlər gəlib, çıxmırdılar və səhra komandirləri arasında bizdə çox nadir hallarda peşəkar hərbiçilərə rast gəlinirdi. Qeyd etdiyim kimi, onların sayı 5-dən artıq deyildi. Onlardan biri mən idim. Mənə də müdafiə nazirliyində vəzifə təklif olunmuşdu, lakin səhra komandiri olmağı müharibə aparmaq üçün üstün bildim. Yəni əslində bizdə kiçik komandirlər vəzifəsi üçün peşəkar zabit qıtlığı yox idi. Bu qıtlıq Ordu rəhbərliyinin müharibə şəraitində kadr siyasətinin prioritetlərini düzgün müəyyən etməməsilə, qısa zamanda zəfər əldə edilməsini hədəfləmək və döyüş bölmələrini peşəkarlarla gücləndirmək əvəzində, ordu idarəetmə strukturlarını kadr zabitlərdən formalaşdırmağına üstünlük verməsi səhvindən, bu isə öz növbəsində ordu quruculuğunu bilavasitə aparılan müharibənin tələblərinə və məqsədlərinə kifayət qədər uyğunlaşdırılmamasından irəli gəlirdi.

- Atəşkəs müddəti bitdi, sonra cəbhədə hadisələr necə cərəyan etdi? Ordumuz yenidən hücuma keçdimi?
- 1992-ci ilin avqustun ortalarından oncə ermənilərin müdafiə xəttləri güclü, davamlı top atəşinə tutaraq, sonra isə düşmənin müqavimətini qıraraq, ordumuz Ağdərədə yenidən iki istiqamətdən hücuma keçdi. Kəlbəcər istiqamətindən Zadir (Zaur) Rzayevin rəhbərliyi ilə 701-ci briqada yenidən İmarət-Qərvənd, Aterk, Umudlu, Zeylik, Zardaxac kəndlərini, Tərtər istiqamətindənsə 703, 123-ün 2-ci batalyonu, 820-nin 1-ci batalyonu, 1-ci Goranboy batalyonu, OMON, DQ və Bakı bələdiyyə polisi tərəfindən Metsşen, Moxrataq, Minqlesk, Maqavuz, Canyataq və Gülyataq kəndləri tutuldu. 19 avqustda ağır döyüşlər nəticəsində 820 saylı Lənkaran alayı, Göranboy və “Milli Qurtuluş” batalyonlarının köməkliyi ilə Kasapet dağını tutdu. 20 avqustda Kəlbəcər istiqamətindən hərəkət edən 701-ci briqada döyüşlərlə Tərtər çayının cənub sahilinə keçərək, Vaquaz yüksəklik və kəndini tutdu. 26 avqustda, bir neçə gün çəkən ağır döyüşlərdən sonra, Bakı bələdiyyə polisi və OMON Mehmana kəndini tutdular. Bu döyüşlərdə Bələdiyyə polisi ağır itkilər vermiş, o cümlədən Bələdiyyə polisinin rəisi Eldar Muradov ağır yaralanmışdı. Bundan sonra OMON Drmbon uğrunda döyüşlərə başladı. Aryutunaqomer, Verin Orataq, Koçoqot, Böyük və Kiçik Paqosaqomer və Drmbonun alınması ilə bizə strateji Tərtər-Kəlbəcər yolunun açılmasına və nəzarətimizə keçirtməyimizə nail olurduq. Buna görə ermənilər dediyim kənd və yüksəkliklərində möhkəm istehkamlar qurmuş və sona qədər bu mövqeləri müdafiə edirdilər.

- Bu nə uzun addır Aryutunaqomer, həm də yadınızda qalıb.
- Hərbiçilər döyüşdükləri yerləri unutmurlar. Bu kəndlərin azərbaycan adları da var, lakin döyüş zamanı biz onları hərbi xəritələr üzərindəki adlarla müəyyənləşdirik ki, yerlərdə adlara görə qarışıqlıq olmasın. Aryutunaqomerin erməni dilində Aryutunun donuz tövlələri deməkdir. Poqosaqomer – Paqosun tövlələri. Aryutunaqomerin gözəl azərbaycan adı var – Qızıl Qaya. Lakin döyüşçülər ona qısaca Arqomer deyirdilər.

- Söhbətinizi böldüm, buyurun…
- OMON-la eyni zamanda əks istiqamətdən 701-ci briqada Vaquazdan(Qozlu) sonra avqustun 20-dən 28-ə dək erməni müdafiəsinin dayaq nöqtələrindən olan Arqomeri almağa 4 cəhd etmişdi, lakin bu həmlələr uğursuzluqla bitmişdi. Ermənilərin güclü müqavimətinə rast gələn briqada qüvvələri, itki verərək, qısa müddətli müdafiəyə keçməli olmuşdular. Drmbon(Heyvalı) ətrafında isə düşmən OMON-a güclü müqavimət göstərirdi.

- Görünür ermənilər də bu yerlərin mühüm olduğunu rəhbər tuturdular.
- Doğrudur. Böyük uğursuzluqlara uğramış Ermənistan müdafiə naziri Vazgen Sarkisyanı Vazgen Manukyanla əvəzlədi. Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə əvvələr Əfqanıstandakı Sovet Qoşunlarının qərargah rəisi, Ermənistana gələnə qədər isə Rusiyanın Quru Qoşunlar Baş qərargahının rəis müavini olmuş general-leytenant Ter- Qriqoryants təyyin olundu. Qeyd edim ki, Rusiyanın o zamankı müdafiə naziri P. Qraçov Əfqanıstanda Ter- Qriqoryantsın tabeçiliyində xidmət etmişdir. Ter- Qriqoryantsın birinci müavini və Baş Qərargahın əməliyyat idarəsinin rəisi vəzifəsinə Rusiyada Ordu qərargah rəisinin birinci müavini olmuş general-leytenant Mikael Arutyunyan təyyin edildi. Ordularını gücləndirməklə bərabər, Ermənistan rəhbərliyi eyni zamanda “ənənələrinə” sadiq qalaraq, cəbhədə yaranmış ağır vəziyyətlərini yüngülləşdirmək üçün həmdə diplomatik səylərini artırdılar, yenə danışıqlar prosesini fəallaşdırmağa cəhd göstərdilər. 27 avqust 1992-ci ildə Almatada Kazaxstan prezidenti N.Nazarbayevin vasitəçiliyi ilə Ermənistan Azərbaycanla xarici işlər nazirləri səviyyəsində imzalanmış sənədə əsasən 3 sentyabır 1992-ci il tarixdən etibarən tərəflər arasında atəşkəsə nail olundu. Avqustun 28-i 2-ci Ordu Korpusunun komandiri Sürət Hüseynov məni Yevlaxa çağıraraq, 123-cü alayın qüvvəsilə Arqomer, Verin Orataq(Yuxarı kənd), Koçoqotdan(Yayıcı) sentyabırın 3-nə qədər düşmən qüvvələrini vurub çıxararaq, bu kəndləri tutmaq əmrini verdi. Əmrin icrasına dərhal başlamalı idim. O zaman mən artıq 123-cü alayın qərargah rəisi idm. Həmin vaxt ixtiyarımda yalnız 1-ci batalyon, bir tank tağımı, kəşfiyyat bölüyü və 18 nəfərdən ibarət alayın xüsusi təxribat qrupu var idi. Qalan taburlar və artileriyamız cəbhənin müxtəlif istiqamətlərində başqa döyüş tapşırıqlarını yerinə yetirirdilər. Əməliyyat keçirilərkən bizə atəş dəstəyi 701-ci briqadanın artileriyasına tapşırıldı. Avqustun 29-u döyüş zonasına gəldikdə mən 701-ci briqadanın rəhbərliyi və Arqomerə 4 dəfə hücum etmiş 1-ci batalyonun komandiri Elxan Qəniyevlə ermənilərin müdafiə quruluşu və qüvvələri haqqında ətraflı məlumat aldım və müzakirələr apardım. Kənddən mülki əhali çoxdan çıxarılmış, yalnız silahlılar qalmışdı. Ermənilər bizim tərəfdən iki keçilməz müdafiə-istehkam xətti qurub, qarşılarını minalamışdılar. Kəndin girəcəndən ortasına qədər uzanan ətrafı nəzarətdə saxlamağa imkan verən hündür qayalı dağ var ki, onun üstündəki mövqeləri bizim artileriya atəşi tutmurdu. Ermənilərə tərəf aparan bir yol keçən hissədən başqa kənd hər tərəfdən keçilməz dərələrlə əhatə olunur. Bizim istiqamətdən hücumlardan müdafiə üçün kənd çox əlverişli təbii şəraitə malikdir. Bizdən oncə 701-ci briqadanın da işlətdiyi planları nəzərə alaraq, erməniyə qarşı hansısa bir yeni yaxud onun üçün gözlənilməz taktika işlətmək çətin idi. İşlənmişləri təkrar etmək isə nəticə verməzdi və böyük itkilərə gətirib çıxarardı. Ancaq məlumdur ki, hər müdafiənin bir zəif nöqtəsi olmalıdır. Düşmən müdafiəsinin zəif nöqtəsini tapmaq üçün, 701-ci briqadadan aldığımız məlumatları da nəzərə alaraq, 123-cü alayın kəşfiyyat bölüyünün komandiri baş leytenant Bayram Bayramova ətraf yerləri, düşmənin kəndin ətrafındakı uzaq yüksəkliklərdə mövqelərinin olub olmamasını öyrənmək və düşmənə hissetdirmədən müəyyən, başqa məlumatları toplamağı tapşırdım. Kəşfiyyat qruplarımız dəyərli məlumatlar əldə edərək, bir sutkadan sonra avqustun 30-u gecə tapşırıqlarını yerinə yetirib, bazaya qayıtdılar. Arqomeri almaq üçün döyüş planını işləyib, müzakirə etmək üçün elə həmin gecə mən komandirlərlə müşavirə keçirtdim. Tank taburunun komandiri mayor Altay Bayramov, 1-ci batalyonun komandiri Xosrov Əhmədov, bölük komandirləri Dostəli Hacıyev, Qabil Allahverdiyev, Mehman Baxşəliyev, kəşfiyyat bölüyünün komandiri Bayram Bayramov və xüsusi təxribat qrupun komandiri Yusif Nağıyevin iştirakı ilə keçirilən müşavirədə hərtərəfli müzakirələrdən sonra qərara aldım ki, 1-ci bölük Dostəli Hacıyevin başçılığı ilə 31 avqust gecə Arqomeri sağdan keçib, səhərə yaxın cənub yüksəkliklərində döyüş mövqeyi tutsun. 2-ci bölük Qabil Allahverdiyevin başçılığı ilə 1-ci bölüklə eyni vaxtda Vaquazdan çıxaraq, Arqomeri soldan keçib, 1 sentyabr səhərə yaxın şimal yüksəkliklərində döyüş mövqeyi tutsun. Xüsusi təxribat qrupu gücə Aterkin sıldrım qayalarından iplərlə enib, sonra Tərtər çayını keçib, hissetdirmədən Arqomerin Verin Orataqa çıxacağında yolun üstündə pusqu qursunlar. 3-cü bölük və tank tağımı Mehman Baxşəliyevin başçılığı ilə səhər, artilleriya kəndi top atəşinə tutandan sonra, kəndə mərkəzdən hücum imitasiyasına başlasın. Döyüş planının niyyəti bu idi ki, ermənilər artilleriya atəşindən sonra bizim mərkəzdən hücuma keçən qüvvələrimizi görüb, bu hücumu da əvvəlki cəhdlər kimi güman edəcək və ətraf dağlarda olan qüvvələrimizdən bixəbər, mərkəz istiqamətindəki hücum imitasiyası edən qüvvələrimizə atəş açacaq və bununla da özlərinin bütün atəş nöqtələrini biruzə verəcəklər. Düşmən qüvvələri bizim tərəfdən tam aşkar olunandan sonra, kəndə daxil olmadan, yüksəkliklərdəki mövqe tutmuş bölüklərimizin artileriyamıza düşmən koordinatlarını verməklə onun mövqelərini birgə şiddətli atəşə tutmalı idilər. Beləliklə, hər tərəfdən atəşə tutulmuş düşmən kənddən çıxmağa cəhd edərkən xüsusi təxribat qrupumuzun məhvedici pusqusuna düşməli idi. Yalnız düşmənin kənddə cəmləşdirilmiş əsas qüvvələri 1-ci və 2-ci bölüklər tərəfindən məhv edildikdən sonra mərkəzdən Mehman Baxşəliyevin 3-cü bölüyü və tank tağımı kəndə girməli idilər. Hücum planımızın müəyyən elemetlərilə 701-ci briqadanın artileriya rəisi, çox yüksək peşəkar p-k Əliyevi tanış etdim və ondan xahiş etdim ki, adətən motoatıcıların hücumundan əvvəlki 30-40 dəqiqəlik artilleriya hücumunu 15 dəqiqə aparsın, sonra isə bizim artkorrektəçilərin verdiyi koordinatlar üzərinə atəş açsın. Bölüklərimizi çox sayda iri çaplı, uzaq məsafəyə atəş qabiliyyəti olan pulemyot, avtomatik və tank əleyhinə qumbaraatanlarla silahlandırdıq və 31 avqust günü əsgərlərə gecə çıxacaqları ağır dağ keçidi öncəsi keçid zamanı və sonrakı döyüş tapşırıqlarını verəndən sonra yaxşı dincəlib, yuxularını almağa şərait yaratdıq. Gecə bölüklər və təxribat qrupu hər biri öz marşrutu ilə yola düşdülər. Döyüş planına uyğun , sentyabırın 1-i səhər saat 6-da Arqomerin ətraf yüksəklikləri və Verin Oratağa gedən yol düşmənə hissetdirmədən bizim tərəfimizdən tamamilə tutuldu. Bölüklərin yerləşdikləri mövqelər və döyüş hazırlıqları rabitə ilə bir daha yoxlandıqdan sonra, 6:15- də 15 dəqiqə davam edən artileriya atəşilə Arqomer döyüşü başlandı. Mərkəzdən 3-cü bölüyün və tank tağımının başladığı hücum imitasiyasını əsl hücum güman edən ermənilər tədricən var qüvvələrilə müqavimət göstərməyə başladılar və təxminən 2 saat ərzində öz atəş nöqtələrinin əksəriyyətini aşkar etdilər. Bu zaman onları yüksəkliklərdən müşahidə edən 1-ci və 2-ci bölüklər artileriyamıza düşmənin atəş nöqtələrinin koordinatlarını bildirməklə qumbaraatanlardan və pulyemotlardan iki tərəfdən düşməni atəşə tutdular. Ermənilərin kənddən çıxmaq cəhdlərinin qarşısını pusqumuz aldı. Tam mühasirədə olduqlarını başa düşən ermənilər müqavimətlərini artırdılar. 6:15-də başlayan döyüş şiddəti səngimədən saat 19:30-a qədər davam etdi. Kənddən yalnız döyüş başlayan zaman bir boş samosval KAMAZ sürücüsü ilə çıxmışdı ki, bunu da pusqu özü buraxmışdı ki, ermənilər yolda pusqunun olmasını əvvəldən bilməsinlər. Döyüş meydanında 116 düşmən meyiti, əsgər kazarmasına çevirilmiş kənd klubunda da təxminən həmin sayda çarpayı saymışdıq. Döyüş qənimətləri- mühhəriki işlək vəziyyətdə atılan T-72 tankı, 2 ədəd məhv edilmiş T-72 tankı, 2 ədəd məhv edilmiş 76-mm-lik dağ topu, 11 ədəd “Strela” hava hücumu əleyhinə zenit raket kompleksləri, 6 ədəd “İqla” ZRK-i, iki ədəd təkər üstündə iri 12.7 kalibrlı iriçaplı pulyemot, UAZ avtomaşını uzərində quraşdırılmış 12.7 kalibrlı pulemyot, sursat dolu “Ural” yük avtomaşını, avtomat, pulemyot, qumbaraatanlar və s. Arqomer döyüşü nəticəsində bizim itkilərimiz cəmi 4 nəfər yüngül və orta dərəcəli yaralı oldu. Onlardan ikisi zabit – 2-ci bölüyün komandiri Qabil Allahverdiyev və 3-ci bölüyün komandiri Mehman Baxşəliyev olmuşlar.

- Bu döyüş səhnələri insanda iftixar və qurur doğurur! Nə idi belə böyük müvəffəqiyyətin səbəbi?
- Əməliyyat planının yaranmış döyüş vəziyyətinə və qarşıda qoyulan vəzifəyə tam cavab verən şəkildə hazırlanması həlledici məqamdır. Bundan sonra əməliyyatın tələblərinə görə silah növləri seçilir. Lakin əsas məsələ azərbaycan əsgərinin və bölmələrin nizam-intizamı, döyüş əzmi və bacarıqlarıdır. Çünki, bunlar olmasa ən gözəl planın, ən güclü idarəçinin və ən yaxşı silahların heç bir əhəmiyyəti olmaz.

15-ci hissə.

- Əməliyyat davam etdirildi?
- Adətən, düşmənin bu cür tam məhv edilməsi qalanlara sarsıdıcı təsir edir, onların ürəklərinə xof salır. Belə anlarda məsələnin həllini uzatmaq olmaz. Biz durmadan gecə Verin Orataqı müasirəyə alaraq, 2 sentyabrda kəndə hücuma keçdik. Bu kəndlərin üçündə də düşmən, mühasirəyə alındığından və bu səbəbdən onun üçün geriyə yol olmadığından, şiddətli müqavimət göstərdi. Xalqımız və ordumuz üçün o illərdə ən böyük itkilərdən biri 2 sentyabır 1992-ci ildə Verin Orataq döyüşündə baş verdi. 123-cü alayın 1-ci taburunun əfsanəvi komandiri Xosrov Əhmədov qəhramancasına həlak oldu. Xosrov hücuma irəlidə tankın yanında gedirdi. Tankımız vuruldu və top mərmisinin qəlpələri Xosrovu ağır yaraladı. Əsgərlərimizin ani təşvişindən istifadə edərək, ermənilər əkshücuma keçdilər. Tankımızın ətrafında Xosrovla olan 3-4 döyüşçümüz qəhramancasına müqavimət göstərirdilər. Kəşfiyyat bölüyünün komandiri Bayram Bayramova Xosrovu döyüş meydanından çıxarmaq tapşırığını verdim. Onun qrupu gülləbaran altında böyük risk və qəhramanlıqla bu tapşırığı yerinə yetirdi, lakin Xosrov artıq keçinmişdi. Ermənilər bu xəbəri eşidib bir-birini radioefirdə təbrik edirdilər. Döyüşün ortasında baş vermiş bu ağır itki hamımızı sarsıtdı. Sevimli komandirin ölümü ilə döyüşün idarəetməsinin pozulma təhlükəsinin qarşısını almaq üçün, 1-ci bölüyün komandiri Dostəli Hacıyevi dərhal 1-ci batalyonun komandiri, 1-ci bölüyə komandirsə tağım komandiri Bəxtiyar Əliyevi təyin etdim. Biz dərhal düşmən üzərinə əkshücuma keçərək, Verin Oratağı tutduq. Verin Orataq uğrunda döyüşdə 4 Şəhid verdik. Sentyabırın 3-ü isə Koçoqotdakı düşmən qüvvələrini məhv edərək, bu kəndləri tutduq. Koçoqot döyüşündə bir Şəhidimiz oldu. Koçoqot Böyük və Kiçik Poqosaqomerdən və Drmbondan hündürdə yerləşdiyindən və bizim tərəfimizdən vurula biləcəyindən ermənilər bu kəndlərdəki mövqelərini buraxıb, çəkildilər Çıldrana. 4 sentyabr 1992-ci ildə OMON Drmbon və Poqosaqomeri tutdu. Bununla Tərtər-Kəlbəcər əsas yol açılmış oldu. 5 sentyabır 1992-ci ildə daxili işlər naziri İskəndər Həmidov bu yolla ilk olaraq Tərtərdən Kəlbəcərə getdi.

- Belə uğurla irəlilədiyiniz halda yenə 3 setyabr atəşkəsinə görə hücum əməliyyatları dayandırıldı?
- Bəli, bizim tərəfimizdən dayandırıldı. Lakin 1992-ci il sentyabırın 5-dən 6-a keçən gecə ermənilər gözlənilmədən Xocavənd istiqamətindən Ağdamın Abdal və Gülablı kəndlərinə hücuma keçərək, bu kəndləri işğal etdilər. 7 sentyabrda hücumlarını davam etdirərək, ermənilər Aranzəmin, Ağbulaq, Dəhruz, Pircamal, Naxçivanik kəndlərini və Pir yüksəkliyini tutdular. Elə həmin gün bizim qüvvələr əks hücuma keçərək, Aranzəmin və Pircamal kəndlərini qaytardılar, lakin saxlaya bilmədiklərinə görə Mərzili – Saybalı – Muğanlı xəttinə çəkilməli oldular. Abdal-Gülablı yüksəkliyinin bizim üçün çox böyük strateji əhəmiyyəti var idi, Əsgəran və Xocavəndə hücum platsdarmı idi. Avqust ayında Xocavənd istiqamətindəki hücumlarımızın uğursuzluğu və sentyabrda Abdal-Gülablı itkisi səbəbilə Baş Qərargahın rəisi V. Barşadlı və 708 saylı briqadanın komandiri Elxan Orucov vəzifələrindən azad olundular. Baş Qərargahın rəisi Nurəddin Sadıqov təyyin olundu. Ağdam briqadasınin komandiri isə Talıb Məmmədov təyyin edildi.

- Deməli ermənilər növbəti dəfə atəşkəs müqaviləsini kobud sürətdə pozdular?
Hətta deyərdim, məharətlə istifadə etdilər.
- Elədir. Bununla da Ermənistan-Azərbaycan və Ermənistan-Naxçıvan sərhədyanı bölgələrindən fərqli olaraq 3 sentyabır 92-ci il atəşkəsi Qarabağda qüvvəyə minmədi. Lakin o biri yerlərdə baş tutmuş atəşkəsdən ermənilər bəhrələndilər. Onlar Qazax və Naxçıvandan arxayın olub Ermənistandan çox saylı qoşun hissələrini əlavə olaraq Qarabağ cəbhəsinə gətirdilər. Abdal-Gülablı platsdarmı Qarabağa Ermənistandan gətirilən qüvvələrlə tutulmuşdu.

- Sonra hadisələr necə cərəyan etdi?
- Sentyabırın əvvələrində Baş Qərargah Laçın və Qubadlıdan iki tərəfli zərbələrlə Laçın dəhlizini 3-4 yerdə etibarlı bağlamaq qərarına gəldi.

(ardi var… )

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники