6- cı hissə

13 mart biz iki UAZ-la Qobuya gəldik. Müşahidə noqtəmizdən gördük ki, qaravul yuxuya verilməyib, onlar hərəkətdədirlər. Bu arzuolunmaz hal idi, lakin bizim belə hal üçün ehtiyyat planımız var idi. Düzdür hər kəs qəlbində ümid edirdi ki, aşbaz öz işini dürüst görəcək. Biz bir daha ehtiyyat planımızı və əməliyyatın bu vəziyyətdə bütün təhlükələrini göz önündən keçirdik. Qaravulun sayı gücləndirmə bölüyü ilə birlikdə 37 nəfər idi, biz isə 8 nəfər idik. Hər birimiz qəlbimizdə bilirdik ki, buradan sadəcə dönüb əli boş getməyəcəyik. Bu Xocalıdan sonra idi…
37 nəfər qaravulun 5 nəfəri postlarda xidmətdə, 8 nəfər isə tankların içində idilər. Qalırdı 24 nəfər. Bunlardan da 5-i qaravul əsgəri və 1 nəfər postları dəyişən serjantı biz gözləyib, postları dəyişmək üçün binadan qaravulun həyətinə çıxan zaman zərərsizləşdirib tərkisilah etməyi planlaşdırmışdıq. Beləliklə, qaravul binasının daxilində qalırdı 18 nəfər, onlardan 3-ü zabit, 10 nəfəri hava-desant bölüyü və 5 nəfər qaravulun dincəlməyə hazırlaşan növbəsi idi.
Qaravulun hərəkətini müşahidə edərək, qaravulun bir növbəsini də keçirdik və gələn növbədə hərəkətə keçməyə qərar verdik. Elmanı snayper tüfəngi ilə yüksəklikdə saxladım ki, əməliyyat pozularsa, bizə geri çəkildikdə atəş dəstəyi versin. Qalanlar tək- tək qaravulun binasına sağ tərəfdən enməyə başladıq. Orada qaranlıq küncdə gizləndik. Biz elə dayanmışdıq ki, qaravul növbəsi deyişmək üçün çıxarıldıqda arxaları bizə tərəf dayansmış olsunlar. Elə də oldu. Serjant silahını işlək vəziyyətə salmaq üçün qaravul həyətindəki rəfin üstünə qoyduğu an, biz arxadan onlara silah dirəyib, cəld və səssiz tərkisilah etdik. Həmin an onları itələyib binanın arxasına apardıq, burada beş nəfərimiz onların üst hərbi geyimlərini və papaqlarını geyindik. İki nəfərimiz qaldı binanın arxasında əsgərlərin üstündə, biz isə serjantı qabağımıza salıb, getdik postları „dəyişməyə“. Gecə vaxtı gözətçi vışkada dayanır. Adəti üzrə serjant gözətçini soy adıyla çağırır, o da, uzaqdan bizi tanımadan, dəmir pilləkənlərlə enirdi. Bu dəfə də belə oldu, lakin gözətçi əsgərlər postdan düşən kimi bizim tərəfimizdən tərkisilah olunurdu və bizim tək sıraya qoşulub, növbəti vışkaya tərəf gedirdi. Beləliklə, gözətçiləri postlardan çıxarmaqla, daha 5 əsgəri tərkisilah edib, binanın arxasında yerdən oturtduq. Bir nəfərimiz bunların üstündə qaldı. Əlbəttə onların üzərinə silah tuşlanmışdı, lakin izahedici söhbət də apardıq ki, kimsəyə zərər vermək məqsədimiz yoxdur və onları öldürməyə gəlməmişik.
Bundan sonra serjantı özümüzlə götürərək, gəlib qaravul binasının qapısının sağında və solunda divara sıxılaraq, binadakılar üçün gözlənilmədən içəri daxil olmağa hazır dayandıq. Serjant qapını döydü. İçəridən gözlüyə baxdıqdan sonra qapını açdılar. Bu zaman Elçin irəlidə biz içəriyə soxulduq. Hər birimiz aşbazdan öyrəndiyimiz binanın iç quruluşuna uyğun, öncədən təyin olunmuş istiqamətdə hücum etdik. Darısqallıq idi. Elçin və Səxavət cəld sağ otağa girdi və desantları üzü üstə yerə uzadaraq, tərpənməmək əmri verdilər. Onlar eləcə bronejiletdə oturaraq, yarıuzanıqlı vəziyyətdə yuxulamışdılar və çevik hərəkət edə bilmədilər. Mehman və Vadim isə oyaq növbənin otağına daxil olmuşdu. Bu növbə postlardan qayıdanları gözləyirdi ki, dincəlmə otağına keçsinlər. Onlarda üzü üstə yerə qoyuldular. Mehman və Vadim “piramidadakı” silahları cəld sıyırdılar. Binaya daxil olan an Taleh, İlqar və mən sol, şüşəli otağa girərək qaravul rəisinin oturduğu taburetkanı təpiklə vurub aşırdıq və o, hərbi hissəyə xəbər vermək üçün “həyacan” təbili düyməsini basa bilmədi. Bu zaman Elçin və Səxavət artıq desantları tərkisilah etmişdirlər. Biz tez sakitliyə nail olduq və mən onlara gəlişimizin məqsədini izah etdim. Hər biri olduğu yerdə məni dinlədi. Mən qaravul rəisinin yerində əyləşib, onun hərbi hissə ilə xəbərləşmə siqnallarını öyrənirdim. Bu zaman uşaqlar, üzərindəki tabel silahını təhvil vermiş, lakin üstünü axtarmağa izin verməyən, qaravulun, hündür, qarabuğdayı ukraynalı rəisini qarşıma gətirdilər. Soruşdum ki, “üstünüzdə başqa silah varmı?” O, çox həyacanlı idi, cavab verdi ki, “hiss etdiyim kimi siz də zabitsiniz və bir zabit kimi sizə deyirəm ki, mənim başqa silahım yoxdur, əmr edin məni axtarmasınlar.” Mən onun üstünü axtarmaqda təkid etmədim, vəziyyəti gərginləşdirmək istəmirdim, hər şey yaxşı gedirdi. Biz öncə əsgərləri dincəlmə otağında topladıq, binanın arxasındakıları da onların yanına saldıq. Üç zabiti isə qaravul rəisinin otağına apardıq. Onlara dedim ki, bu hadisə onların xidmət və karyeralarına ağır zərbə vuracağını bilirəm və bunun üçün onlardan üzr istəyirəm, lakin tanklar bizə Vətənimizi qorumaq üçün daha lazımlıdır və xahiş etdim ki, artıq hərəkətlər etməsinlər. Tankların komandiri Xaritonov kinayə ilə dedi ki, siz onsuz da uzağa gedə bilməyəcəksiz. Mən Xaritonova dedim ki, ardımca gəlsin və ekipajlara tankları tərk etməyi əmr etsin. O, cavab verdi ki, o, qaravulun gücləndirmə dəstəsinin rəisi-mayora tabedir. O zaman biz danışmadan mayoru yanımıza alıb, apardıq. Biz mayoru hər tankın qarşısına aparır və ekipajların gözü qarşısında silahı mayorun başına sıxırdıq. O, əvvəlcə istəmədən, sonra isə bizim qətiyyətimizə inanıb, ekipajlara tankları tərk etməyi ciddi şəkildə əmr etdi. Zabitləri və əsgərləri, özbəklərdən başqa, içəriyə apararaq, pəncərəsiz olan dincəlmə otağına saldıq. Səxavətlə Taleh dincəlmə otağının qapısı qarşısında əyləşdilər.
Tankları işə salmağa başladıq, saat 1:40 idi. İkisini işə saldıq, ancaq biri işə düşmədi. Bu tankın mexanik- sürücüsü dedi ki, xarab olduğuna görə, bir ehtiyyat hissəsini dəyışdirməli idilər.
Plana görə, Taleh, Səxavət və İlqar qalmalı və saxlanılanları 2 saat qorumalı idilər. Bu vaxt ərzində tanklar 35-40 кm/saat sürətlə 70-80 km gedərək, Ələti keçməli idi. Sonra qalanlar UAZ-da özbəkləri götürərək, Bakıya qayıdacaqdılar. Tankların birini mən, o birisini isə Mehman sürürdü. Tankın baş hissəsindəki NSBT- zenit pulemyotu arxasında Drobotov, Mehmanın tankında isə Elman dayanmışdı. Gecə saat 2-də iki tankla bir başa təpələrin üstüylə biz trasa tərəf yönləndik. Trasda Elçin ikinci UAZ-la bizi müşaət edirdi, qabağa geçib və ya geri qalaraq, qarşımızda və arxamızdakı yoldakı vəziyyəti araşdırıb, bizimlə bərabərləşib, işarələrlə vəziyyəti bildirirdi. Biz dayanmadan sürətlə hərəkət edirdik. Hacıqabulu keçdikdə Elçin xəbər verdi ki, ardımızca rusların 2 əsgər dolu URAL-ı və UAZ gəlir. Lakin təqibçilərimiz Hacıqabula çatandan sonra geri qayıtdılar. Bu zaman biz artıq Kürdəmirə çatırdıq.
Kürdəmirə girişdə bizi izdiham gözləyirdi. Biz dayandıq, kürdəmirlilər bizə isti çay, pendir-çorək və soyutma toyuq verdilər. Baxamayaraq ki, bazar günü idi, artıq AzTV səhər saat 7-də tankların naməlum şəxslər tərəfindən qaçırılması və Ağdama aparılması haqqında məlumat veribmiş. Bu məlumat həm də gün ərzində “Vesti” və başqa mərkəzi telekanallarda verilirmiş. Bizə Kürdəmirin milis rəisi Elxan İlyasov və Kürdəmir Xalq Cəbhəsinin sədri Telman bəy (təəssüf ki, soy adını xatırlamıram) yaxınlaşdılar və hər hansı bir yardıma ehtiyacımız olduğuyla maraqlandılar. Mən dedim ki, bizim ardımızca gələnlər artıq geri dönüblər, lakin artıq hava işıqlıdır və onlar vertalyotları (helekopterləri) qaldıra bilərlər. Tankları axşama qədər bataqlıq, qamışlı yerdə gizlədərək, üstünü örtmək lazım olacaq. Telman bəy dedi ki, qəbirstanlığın yanında belə bir yer var. O, toplaşmış adamlara səslənərək dedi ki, kimin maşını varsa, hamı qəbirstanlıq tərəfə gəlsin. Biz şəhəri keçdik, sağa döndük, qəbirstanlığı keçərək, bataqlığa tərəf çox getmədən dayandıq. Adamlar yığışıb el birliyilə qamışlarla tankların üzərini örtməyə başladı və az sonra tanklar görünmürdü. Vertolyotları birazdan qaldırdılar, lakin onlar bataqlığa tərəf çatmadan geri döndülər. Mənim xahişimlə, Elxan İlyasov göstəriş verdi ki, tankları aparmaq üçün bizə iki K-700-i qoşquları ilə birgə ayrılsın.
Elxan müəllimin iş otağından mən Rövşən Cavadovla əlaqə saxladım. O, bizi təbrik etdi. Şəhərə qayıdan uşaqlarımız səhər sübhdən Qobudan bir başa komandirin evinə gedib, sevinclə vəziyyəti məruzə etmişdilər. Maşında əyləşən özbəklər və onların sözlərinə əməl etməmələri haqqında da danışmışdılar. Pulu Bakıya gedənlərə vermişdim ki, sözlərini tutmadıqları üçün özbəklərə pulun yarısını verib, qalanını komandirə qaytarsınlar. Yol xərci üçün hər ehtimala qarşı pulun üstündən 200 min rubl götürmüşdüm. Amma Rövşən Cavadov bütün qalan pulu onlara verməyi və vətənlərinə yola salmağı göstəriş vermişdi.
Bazar günü olduğuna görə rayonda yalnız bir qoşqu tapıldı. Tankın birini daymanla gecə Ağdama gətirməyi Mehmanla Elmana tapşıraraq, özüm Vadimlə və Elçin UAZ-da bizi müşaət edərək, ikinci tankla yola düşdük. Ağdamda bizi OMON-un 1-ci bölüyün döyüşçüləri və komandiri Tahir Quliyev qarşıladılar. Tankı saxlayandan sonra onlar məni heysiz, amma xoşbəxt halda tankdan çıxartdılar.
Gecə Kürdəmirdən Ağdama K-700-lə ikinci tank da yollandı.
Sonralar eşitdim ki, baş leytenant Xaritonov Qazaxda bizim tərəfimizdə vuruşaraq 92-ci ilin ortalarında həlak olub.
Üçüncü tankımızı Bakıdan, “Səlyan kazarması” deyilən hərbi hissədən 92-ci il mayın 1-də qaçırtdıq.

7 – ci hissə

- Bu tanklarla ilk döyüşünüz nə vaxt və harada baş verdi?
- 1992-ci il martdan iyun ayınadək OMON-nun zirehli-çevik dəstəsı Tərtərə ezam edilmişdir. Lakin döyüş tapşırıqlarını demək olar ki, bütün Qarabağ boyu yerinə yetirirdik.
Hər gün bir neçə dəfə Marquşevan və Çaylı ərazisindən erməni PDM-ləri Tərtər çayının qurumuş yatağı ilə yaxınlaşaraq, Tərtərin körpü ətrafını atəşə tuturdular. Yüksəkliklərdən isə Seyidimli, Cəmilli, Dəmirçilər, Borsunlu və başqa kəndlər müntəzəm atəş altında qalırdılar. Biz düşməni NURS, PDM və BTR-dən cavab atəşilə susdururduq. Tank mərmiləri qızıla bərabər idi, onları çalışırdıq az işlədək, ehtiyyat üçün saxlayırdıq.
92-ci ilin ortalarına qədər könüllü dəstələr müdafiə üçün götürdükləri ərazidə nəyi necə edəcəklərini əsasən özləri müəyyənləşdirirdi. Ərazi haqqında olan biliklərinə əsaslanaraq, müdafiəni özləri qururdular. Müdafiədən əlavə bizimkilər bəzən qabaqlayıcı hücumlar da edirdi.
Bizdə zirehli texnika olduğuna görə Ağdamın, Tərtərin və başqa rayonların özünümüdafiə dəstələrinin komandirləri əməliyyatlarında iştirak və ya atəş dəstəyi üçün mənə tez-tez müraciət edirdilər.
Xocalıdan sonra hamının əsəbləri tarma çəkilmişdi. Amma çoxlarının da xatırladığı kimi bizim tərəfdən Xocalıya ciddi bir cavab tədbiri görülmədi. “Silahlı insanı” emosiyalar boğurdu…
Aprelin əvvəllərində yanıma Bərdənin “Azadlıq” könüllü dəstəsinin komandirləri Ələmşah Məmmədov və daha çox Şaqan kimi tanınan Zabil Həsənov gəldilər. Biz biribirimizi tanıyırdıq, onların dəstəsində 200-ə yaxın çətin idarəolunan yüngül silahlı döyüşçülər var idi. Onlar dedi ki, Marquşevana basqın edib, bacardıqca çox əsir tutmaq və sonradan onları xocalılara dəyişmək istəyirlər. Xalq arasında Marquşavan deyilən, o zaman əhalisinin ¾ köçmüş, təxminən 1000 nəfər sakini qalmış, Leninavan şəhər tipli qəsəbə 19-cu əsrdə Cənub Azərbaycanın Marağa bölgəsindən köçürülmüş iki kənddən- Marquşevan və Marağadan ibarətdir və Tərtərin 2-3 km-də yerləşir. Soruşdular ki, mən də getməyə razıyammı? Mən özbaşına belə qərarlar verə bilməzdim. Öz bölməmlə xidmət üzrə ezam olunduğum rayon polis idarəsinin rəisinə tabe idim. DİN-nə aid olmayan qüvvələrlə isə hər hansı bir əməliyyata ya OMON-un komandiri, ya da bir başa nazirin əmri tələb olunurdu. Mən özüm də “Azadlıq” dəstəsinin planıyla razı deyildim çünki, Leninavanda hansı qüvvənin olduğunu və hansı qüvvənin onların yardımına gələcəyini bilirdim. Belə asanca onu götürmək mümkün deyildi. “Azadlıq” bu kəndi zəbt etmək üçün kifayət qədər qüvvəyə malik deyildi. Onlar “Milli Qurtuluşla” da danışıb, razılaşdıqlarını söylədilər. ” Milli Qurtuluş” daha təcrübəli dəstə idi. O zamana qədər “Milli Qurtuluş” Seysulan və Qapanlı kəndlərini zəbt etməyə müvəffəq olmuşdur. Buna baxmayaraq, mən yenə də iştirakdan imtina etdim. Qərarımı izah edərək, dedim ki, onlar Marquşevanı zəbt etsə də bütün hallarda əldə saxlaya bilməyəcək, bu hücumdan sonra ermənilər əkshücuma keçsələr, Tərtərin vəziyyəti ağırlaşacaq, buna görə də mənim komandanlığım Tərtərin müdafiəsini ehtiyyat qüvvələrlə möhkəmləndirmədən buna izin verməyəcək.
Hər axşam olduğu kimi, bu dəfə də mən telefonla gündəlik vəziyyəti Rövşən Cavadova məruzə etdim və əlavə olaraq, komandirlərlə olan söhbətimi ona danışdım. O, mənim qərarımı dəstəklədi.
Ancaq bir neçə gün sonra, 10 apreldə mənə məlumat verdilər ki, “Azadlıq” və “Milli Qurtuluş” dəstələri səhər erkəndən Marquşevana hücuma keçib. Mən həyacan təbili ilə öz zirehli-çevik dəstəmi və əməliyyat müddətinə tabeçiliyimə verilmiş OMON-un 1-ci bölüyünün 1-ci tağımını ayağa qaldıraraq, Tərtər avtobazasının yaxınlığında cəmlədim. Biz, ermənilərin baş verə biləcək əks hücumunu dəf etməyə hazır idik. Tezliklə, mənə məlumat verdilər ki, Şaqan öz dəstəsi ilə kəndin şərq bölgəsində mühasirəyə düşüb. Onları mühasirədən çıxarmaq üçün kömək qərarımı Rövşən Cavadova məruzə etdim və təsdiq cavabı alıb, dəstəmlə Leninavana tərəf hərəkət etdim.
Biz tanklarımızın birini saxladıq ki, o bizi araxadan atəş dəstəyi və vurulsaq evakuasiya etmək üçün hazır olsun, ikinci tankla isə (üçüncü tankı, anlatdığım kimi, mayın əvvəllərində əldə etdik) kəndə şimal-qərb, qəbirstanlıq tərəfdən yaxınlaşdıq. Öncə piyada, ətrafı nəzərdən keçirdik. Bu olduqca səliqəli, asfalt küçələri olan, elektrik stolbaları sirayla düzülmüş, telefon xəttli və evlərin pəncərələrində dibçəklərdə gül-çiçək olan bir kənd idi. Girişdə, əvvəllər avtobus dayanacağı, indi beton plitə və halqalarla bərkidilmiş istehkama çevrilmişdir. Bir az aralıda, deyilənə görə maşın ustası Akopun evi isə ikinci istehkam nöqtəsi idi. Gördüklərimizdən belə aydın olurdu ki, öncə Marquşevan bizimkilər tərəfdən nəzarətə götürülüb, Şaqan irəliyə hərəkət etdikdə isə ermənilər mərkəzdən əks hücuma keçib, kəndin şərq və qərb hissələrində döyüş aparan qüvvələrimizin biribirilə əlaqəsini kəsib, kəndin şərq hissəsini ələ alaraq onu mühasirəyə salıb və ayrı düşmüş dəstənin dairəsini daraldaraq, onları sıxışdırmağa başlayıblar. Bizdən solda “Milli Qurtuluşun” ehtiyyat dəstəsi şimaldan, üzümlükdən yeni həmlələr cəhdi edirdi. Kəndin içində isə şiddətli küçə döyüşləri gedirdi və atışma səslərindən aydın idi ki, döyüş daima yerdəyişmələrlə, hərəkətdə gedir.
Bizim müşahidə apardığımız təpənin enişinə Elçin Əliyevin Bərdə batalyonunun döyüşçüləri gəlməyə başladı. Onların, ZİL üzərində, o zamanların təbirincə desək, “samodelka Qradları” vardı. Onlar onu doldurmağa başladılar. Öz dəstəm üçün müəyyən etdiyim döyüş vəzifəsi, əvvəl təpədən tankla istehkam nöqtələrini məhv etmək, ardından ermənilərin kənddəki ön müdafiə xəttini yararaq, kəndə keçmək, şərq hissəyə çatmaq, Şaqanın dəstəsini mühasirəyə almış qüvvələrə cənubdan – erməni tərəfdən gözlənilmədən hücum edərək, onun dəstəsinə şimala – bizimkilərə tərəf mühasirəni yarıb çıxmağa şərait yaratmaq, bundan sonra hərəkət marşrutunu bir qədər dəyişərək kənddən çıxmaqdan ibarət idi. Kəndin ön müdafiə xəttini yarmaq qaydasını, kəndin içindəki hərəkət marşrutumuzu və zirehli kolonun və XTPD-nin komandiri Tahir Quliyev olan 1-ci rotasının döyüş sırasını müəyyən etdik. İrəlidə Rauf İbrahimovun BMP-1-i , ardınca tank, arxasınca tankı qoruyaraq, Sabirin (soyadını xatırlaya bilmədim) BTR-70-i, onu isə arxadan qoruyaraq BRDM. Zirehli kolonun qabağında, sağında, solunda və arxasında isə baş leytenant Elçin Məmmədovun 1-ci tağımının döyüşçüləri. Döyüş planı üzrə zirehli kolon kəndə tərəf hərəkətə başlamalı, tank isə sağdakı təpənin üstündən kəndin girişindəki atəş nöqtələrini susdurduqdan sonra kolona yetişməli idi. Kolon kəndə istiqamət aldı, biz isə tankda yerlərimizi tutduq və təpəyə qalxdıq. İstehkam nöqtələrini məhv etdikdən dərhal sonra tankımızı vurdular. Mərmi, sağ ikinci dəstək rollerini zədələyərək, xarici yanacaq çənlərini deşdi. Tankın sağ tərəfi alovlanmışdı. Döyüş öncəsi tankı hazırlayarkən, xarici baklar adətən boşaldılır, və ya tələsik olduğunda, başına su əlavə edilir və daxili baklarla əlaqəsi kəsilir. Biz sonuncunu etmişdik, amma görünür su az əlavə etmişdik. Buna səbəb də baklar yanırdı. Tankın mexanik-sürücüsu Vüqar Mürsəlov maşını geri buraxdı və biz cəld özümüzü çölə ataraq, 2 yanan bakları ayıraraq, söndürmədən yerə atdıq və tankla atəş mövqeyimizə qayıtdıq. Çaylı kəndindən ermənilərə köməyə tələsən və bizi sağdan vuran PDM-2 güman etdi ki, tünd göy tüstülü yanan bizim tankdı və gizləndiyi meşə zolağından çıxaraq, nümayişkəranə açıq sahə ilə Marquşevana köməyə, yoluna davam etdi. Təpənin üstündə bizim tankı yenidən gördükdə özünü itirdi. Mexanik səndələyərək sürməyə başladı ki, maşını bizim atəşin altından qurtara bilsin. Onun nişançısı maşının səndələyərək getməsinə səbəb bizi nişan ala bilmirdi. Aramızda məsafə 720 metr idi. Mən topdan atəş açdım, lakin o, yayına bildi, görünür bizim nişangah tankın vurulanda aldığı zərbədən silkələnib, dəqiqliyini itirmişdi. Bundan əlavə tankın baş hissəsını döndərən elektrik mühərrikində qısa qapanma baş vermişdi və tankın baş hissəsi yalnız əllə döndərilə bilirdi. Atəş açan kimi tank yerini dəyişməlidir çünki, nəinki, o, nişan aldığı, həm də onu nişan alan tank əleyhinə başqa texnikanın və vasitələrin mərmisinə tuş gələ bilər. Vuqar bizim atəşdən sonra kiçik bir manevr etdi, mən tankın baş hissəsini əllə fırladırdım ki, birdən erməni PDM-i istiqamətində Elçin Əliyevin dəstəsinə məxsus “kooperativ Qraddan” atəş açıldı. Mərmilər traektoriyasını dəyişərək, sağa yuxarı, sola aşağı, hansi hara oldu uçurdu, amma biri biraz uçduqdan sonra əllə atılmış çubuq tək öz oxu ətrafında vertikal fırlanaraq PDM- in düz üstünə düşdü və onu məhv etdi. Təpədə yığışan döyüşçülərin alqış səsi bir anlıq döyüş səslərini üstələdi. Bundan sonra biz öz əsas dəstəmizə yetişdik.
Onlar artıq kəndə girmiş və yollarına davam edirdilər. Tank kolonda yerini tutdu, lakin bizim PDM-i görmədik. Kəndin ortasına çatana qədər ermənilərin müqavimətini qırdıqdan sonra mərkəzdə kənd klubunun qarşısında, hərəkətsiz arxası bizə dayanmış, lakin mühərriki çalışan və topu bizdən əks istiqamətdə PDM-1-ə rast gəldik. Mən onu nişan aldım və rabitə ilə Raufu çağırdım, bilmirdim bu bizim, yaxud ermənilərin PDM-i idi. Rauf cavab vermirdi. Onun xarakterinə bələd olduğumdan bilirdim ki, vurulduğumuzu görüncə, o bizsiz irəliləyər, ona görə mən atəş açmadan öncə əmin olmaq istəyirdim ki, bu Rauf deyil. PDM ermənilərin olsa belə, onsuz da baş hissəsini bizə tərəf çevirib, atəş açmağa çatdırmazdı. Mən də elə ondan bu cəhdi gözləyirdim və nişangahın okulyarından gözümü ayırmırdım. Bizim hələ xəbərimiz yox idi ki, Raufun PDM-ni bizdən bir küçə qonşuluqda, bir neçə dəqiqə öncə vurublar. Rabitəsi kəsildiyindən, o, bizə məlumat çatdıra bilməmişdi. O, öz vurulmuş PDM-ni ikinci tankımıza qoşaraq geri çəkib aparıb, sonra PDM-in ekipaj üzvü Niyaz Hüseynovla bir yerdə piyada dəstəyə qoşulub, döyüşü davam etdirmişdi. Radioefir artıq danışıqlarla (hərbiçilər buna “efir zibilləmişdi” deyirlər) dolu idi. Mən Raufu rabitə ilə çağırıb, cavab gözlədiyim yarım dəqiqə ərzində PDM tam hərəkətsiz dayanmışdı, lakin topunu mənə tərəf döndərmədən, anidən sanki yerindən atlanaraq, perpendikulyar olan qonşu küçəyə döndü və topunu çevirərək bizi gözləməyə başladı, düşündü ki, biz oun ardınca atılacağıq, o da bizi atəşlə qarşılayacaq. Ancaq gizləndiyi daş hasarın arxasından onun antenasını fərq etdim və hasarı atəşə tutdum. O, anladı ki, tanka qarşı bu situasiyada o, gücsüzdür və kəndin içində gizləndi. Biz kəndin cənub- şərq tərəfinə yolumuza davam etdik. Kəndin içinə daha çox girdikcə müqavimət artır, atəş daha müntəzəm olurdu. Evlərin zirzəmilərindən və banlarından kolonumuz sıx atəşə tutulmuşdu. Baş və yan tərəflərdən tankımız qumbaraatanlarla bir neçə zirehdən sürüşkən zərbələr almışdı. Kolonumuz kvartallar boyunca düşmənin hər tərəfdən açılan arası kəsilməyən şıddətli atəşinə tutulmuşdu. Dəstəmiz kirpi şəkilini alıb, dairəvi cavab atəşilə kəndin şərqinə artan müqaviməti yararaq, irəliləyirdi. Yaşayış məntəqəsində küçə döyüşləri həm şiddət həm idarə olunması cəhətlərdən ən ağır döyüş növü sayılır. Mühasirə yerinə iki kvartal qalmış biz uzununa küçəyə döndük və bizimlə eyni zamanda düşmənin canlı qüvvəsiylə dolu KAMAZ da bu küçəyə döndü. Onlar mühasirə halqasının möhkəmləndirilməsi üçün şimal tərəfə, biz isə mühasirəni yarmaq üçün cənub tərəfə gedirdik. Biz üz-üzə gəldik, KAMAZ sürücüsü geri sürməyə çalışdı ki, arxa küçədən çıxsın. Lakin çatdıra bilmədi… Biz yolumuza davam etdik. Düşmən əskərlərinin cəsədləri küçənin kənarı boyunca səpələnmişdi. Hər hansı bir cəsədin üzərindən adlamadan yolu keçmək mümkün deyildi. Sonra ermənilər tankın tırtılları altında qalmış cəsədin rəsimlərini mətbuatda yayaraq, azərbaycanlıların tankının canlı insanlar üzərinə yeridiyini bəyan etdilər. Vuqar Mürsəlov seyid nəslindən idi, çox mehriban və insansevər oğlan idı və mümkün olsaydı, o, heç zaman nəinki diri adamın, cəsədin də üzərindən tankı sürməzdi. Adətən döyüşdə nişançı hərəkətin istiqamətini görür, ancaq tankın lap qabağında yolu görə bilmir. Buna görə mən bunu görməmişdim. Bunu etməyə məcbur olduğunu, o, özü döyüşdən sonra mənə təəssüflə danışmışdı.
Kəndin ermənilərin mühasirəyə aldıqları yerinə çatdıqda 1-ci bölüyün döyüşçüləri iki kvartalı bizim nəzarətimizə keçirdilər.
Şaqan və 20-ə yaxın döyüşçüsü yaralanmışdı, 6 döyüşçü həlak olmuşdu. Yaralıları və cəsədləri BTR-ə, BRDM-ə və tankın üzərinə qoyduq və geri hərəkət etməyə başladıq. Geriyə yolumuzun təxminən yarısını getmişdik mənə məlumat verdilər ki, əlavə qüvvələrin yardıma çatmasıyla ermənilər Marağaya əkshücuma keçib və “Milli Qurtuluş” kənd boyu səpələnərək, qeyri bərabər döyüş aparır, “Milli Qurtuluşun” Marağadan geri çəkilməsi üçün kömək lazımdır. Biz evakuasiya etdiklərimizi düşürdük. Qalan yolu onları öz yoldaşları apardı.
Tankın mərmiləri bitmək üzrəydi. Mən mərmilərin gətirilməsini əmr etdim, amma anlayırdim ki, Tərtərdən Marquşevana olan yol artıq atəşə tutulub və bunu etmək çətin olacaq. Biz kəndin mərkəz hissəsində son mərmilərimizlə atışan zaman, atəş altında yolla bizə tərəf şütüyən ağ jiquli-03 markalı avtomobil yaxınlığımızda saxladı. Jiqulidəki iki Bərdəli dost Əsəd Qasımov və İlham Allahverdiyev heç kəsin risk edib, gəlmədiyi yolla bizə mərmi gətirmişdi. Onlar o gündən bizə qoşuldu və könüllü döyüşməyə başladılar.
Gətirdikləri mərmiləri tanka yükləyib Marağaya üz tutduq. Tankın müşahidə dəliklərindən baxdığımda yolun hər iki tərəfində OMON-un 1-ci bölüyünün döyüşçülərini və qarşımıza doğru hərəkət edən “Milli Qurtuluş” və “Azadlıq” döyüşçülərilə qarşılarında gətirdikləri əsirləri görürdüm. Kənddə bizimkilərin və düşmənin hansının harada olması haqqında heç bir müəyyənlik yox idi. Tankın nişançısı İlham Yusifov bu döyüşdə komandir vəzifəsini yerinə yetirirdi. O və piyada döyüşən 1-ci bölüyün komandiri Tahir Quliyev, 1-ci və 2-ci tağımların komandirləri Elçin Məmmədov və Azər İsayev rabitə vasitəsilə mənə hədəfləri müəyyən etməkdə kömək edir və trassir güllələrlə hədəflərə atəş açmaqla onların yerini və istiqamətini bildirirdilər. Düşmənin bir neçə atəş nöqtəsini susduraraq, “Qurtuluşçuların” və əsirlərin kənddən çıxışına şərait yaratdıq.
16:30 radələrində atışma bir qədər səngidi. 17:00 üçün biz kənddən çıxdıq və Tərtər avtobazası ətrafında müdafiə mövqeyi tutduq. “Azadlıq” və “Milli Qurtuluş” kənddən iki avtobus, LAZ və PAZ, dolu əsir erməni qadını çıxardılar. Kişi əsirlərini isə piyada gətirdilər. Əsirləri öncə Bərdəyə daha sonra Ağdama apardılar. Marağaya qarət üçün tez-tələsik soxulmuş səkkiz mülkı azərbaycanlı da ermənilərə əsir düşdü. “Azadlıq” 12 döyüşçüsünü, “Milli Qurtuluş” – 7, OMON isə 1 döyüşçüsünü, Valeh Müslümovu itirdi. O, və Etibar Şirinov Marağadan artıq geri çəkilən qüvvələrimizi atəşlə dəstəkləyərkən, ikilikdə 10-a yaxın erməni yaraqlısının qarşısını alıb, çox saylı güllə və qəlpə yaralarına baxmayaraq, döyüş vəzifələrini yerinə yetirmişdilər. Çoxsaylı yaralardan Valeh 24 yaşında qəhrəmancasına şəhid oldu. Valeh Əlizaid oğlu Muslümov, ölümündən sonra Azərbaycanın Millli Qəhrəmanı, 1968-ci ildə Lənkəran şəhərində anadan olmuşdu.
Bu döyüşdən Vüqar sağ-salamat çıxdı, lakin həmin ilin, 1992-ci il iyunun 9-da Torpaq təpədə gedən mövqe döyüşündə qəhrəmancasına həlak oldu. Bu döyüşdə tank öz xəndəyində idi, komandir və nişançı öz yerində idi, mexanik-sürücü Vüqar isə tankdan çıxıb, piyadalara qoşularaq, vuruşurdu. Minaatanın mərmisi onların mövqeyinə düşdü və Vüqar ürəyindən qəlpə yarası aldı. Lakin o, bunu isti-isti anlamamışdı və bir əliylə ürəyini tutub, o biri ilə atəş açmaqda davam edirdi, deyirdi ki, mən yaxşıyam, yaralılara yardım edin və birdən başını əydi… Vüqar Mirəzbər oğlu Mürsəlov, ölümündən sonra Azərbaycanın Millli Qəhrəmanı, 1963-cü ildə Cəlilabadın Göytəpə qəsəbəsində anadan olmuşdu. O, Şəhadətinə qədər hələ bir çox döyüşlərdə – Tərtərdə, Fizulidə, Ağdamda qəhrəmanlıq göstərmişdir. O, həm də mənim dostum idi. Vüqardan sonra uzun müddət öz tankıma daimi mexanik-sürücü götürmədim.
Torpaq təpədə 1992-ci il döyüşlərində 13 iyunda Milli Qəhraman polkovnik- leytenant Şikar Şikarov da həlak oldu. Bu həmin Torpaq təpədir ki, Azərbaycanın Milli Qəhramanı Mübariz Ağakərim oğlu İbrahimov da orada Şəhadətinə çatdı.

8 – ci hissə

- 91-in sonu və 92-nin əvvəli Azərbaycan üçün acınacaqlı oldu. Sizin də qeyd etdiyiniz kimi üstünlük və hücum təşəbbüsü tamamən ermənilərin əlində idi. 92-ci ildən başlayaraq cəbhədə ümümi vəziyyət necə idi, hadisələr necə cərəyan edirdi?
- 92-ci il martın ortalarına 366-cı alayın bütün texnikası və sursati ermenilərə təhfil verilmişdi. Erməni silahlıları 1600 atıcı silah, 25 tank, 87 BMP, 45 artilleriya və minomyot sistemi əldə etmişdir.
92-ci ilin aprelində ermənilər tərəfindən Dağlıq Qarabağ ərazisi tamamilə nəzarət altına götürüldükdən sonra Ermənistan və Dağlıq Qarabağ arasında nəqliyyat dəhlizi açmaq məqsədi ilə növbəti hücumun Şuşa və Laçına olacağı bəlli idi çünki, separatçıların Ermənistanla quru yolla əlaqələri olmadan uzun müddət döyüş əməliyyatları aparmaqları mümkün deyildi.
Qarabağ ölüm-qalım savaşı verdiyində, Bakı məlum 92-ci il hakimiyyət uğrunda olan savaş meydanına çevrilmişdi. Qarabağ öz qara taleyinə buraxılmışdı.
Faktiki olaraq, Qarabağda Azərbaycan kəndləri taleyin ümidinə atılmışdı və yalnız öz məhdud resurslarına ümid bağlaya bilirdilər. Azərbaycan qüvvələrinin fəal əməliyyatları yalnız erməni yaşayış məntəqələrini atəşə tutmaqla məhdudlaşırdı ki, bu da döyüş əməliyyatlarının gedişatına elə də təsir edə bilmirdi. Daha az sayda olan erməni silahlı qüvvələri vahid komandanlıq qurduqlarına görə qüvvələrini əsas zərbə istiqamətində cəmləşdirərək həlledici say və silah üstünlüyünü təmin edə bilirdilər. Biz isə, çoxsaylı dəstələrimizin mövcudluğuna baxmayaraq, vahid komandanlığın olmaması səbəbindən zəbt edilmiş kəndlərimizin yandırılmasını, məhv edilməsini, yeni-yeni köçkün karvanlarını, ürəklərimizdən qanlar axa-axa, seyr etməyə məhkum idik.
Şuşa təhlükədə idi. Nəsə etmək lazım idi. Bütün dəstə komandirləri artıq başa düşürdülər ki, Qarabağda yaranmış təhlükəli vəziyyətlə bağlı hamı bir yumruq kimi vahid komandanlıq altında birləşməlidir. Cəbhədəki vəziyyətin ağırlığı və dramatikliyi vahid komandanlığa çoxdan kəskin zərurət yaratmışdır. Lakin bir tərəfdən dövlət orqanlarının fəaliyyətsizliyi, o biri tərəfdən 6 ay ərzində üç müdafiə naziri və iki Baş Qərargah rəisinin dəyişdirilməsi və bunların bacarıqsızlığı döyüşən qüvvələrin vahid komandanlıq tərəfindən idarə olunmasını mümkünsüz etmişdir. Bu zərurət Qarabağda döyüşən dəstələri özlərinə vahid komandanlıq, ətrafına birləşəcək mərkəzin yaradılmasına vadar etdi.
1992-ci ilin mayın 3-də və 5-də Ağdamda, Yaqub Rzayevin batalyonunun qərargahında Qarabağın 52 özünümüdafiə batalyonlarının komandirləri tərəfindən, Ordu briqadalarının və DİN-in bölmələrinin komandirləri, Prezidentin Qarabağ üzrə Səlahiyyətli Nümayəndəliyinin Ağdam üzrə nümayəndəsinin iştirakı ilə Qarabağdakı bütün silahlı qüvvələri birləşdirmiş “Hərbi Birlik” qərargahı təsis olundu. Rövşən Cavadovun tapşırığı ilə mən o toplantıda OMON-un nümayəndəsi kimi iştirak etmişəm. Burada, Qarabağda yaranmış vəziyyət, vəziyyətdən çıxış yolları, qüvvələrin birləşdirilməsi, “Hərbi Birliyin” yaradılması məsələləri müzakirə olundu.

- Haqqında cəmiyyətimizin çox az məlumata malik olduğu “Hərbi Birlik”, ona olan ehtiyac aydındır, bəs bu Birlik necə quruldu və necə fəaliyyət göstərdi?
- “Hərbi Birlik” koordinasiya orqanı kimi yaradıldı və onun qərarlarının yerinə yetirilməsi vacib şərt kimi qoyularaq, bu birliyin məşvərət qrupu və başçısı seçildi. Birliyin məşvərət qrupu Milli Ordusunun briqadalarının və iri özünümüdafiə dəstələrinin komandirlərindən və kadr zabitlərdən təşkil edildi. “Hərbi Birliyin” sədri isə yekdilliklə və alternativsiz Ali Sovetin deputatı Surət Hüseynov seçildi. HB-in sədri əlaqələndirmə, hərbi maddi-texniki və başqa təhçizat, erməni birləşmələrinə qarşı silahlı müqavimətin hazırlanması və həyata keçirilməsi üçün bir başa cavabdeh idi. “Hərbi Birliyin” üzvləri Qurana əl basaraq, bu “Birliyin” bütün döyüş qərarlarını yerinə yetirəcəklərinə və siyasətə qoşulmayacaqlarına and içdilər. Sonra məşvərətin nəticələri əsasında “Hərbi Birlik” adından Ali Sovetə müraciət ünvanlandı və bu müraciətdə deyilirdi ki, “Azərbaycanın ərazi bütövlüyü naminə hərbi qüvvələrin birləşdiyi kimi bütün siyasi və ictimayi qüvvələr də birləşməli və öz potensialını Qarabağın işğaldan azad edilməsinə yönəltməlidirlər”. “Hərbi Birliyin” Qarabağda vahid komandanlığın yaranmasında, hücum təşəbbüsünün Azərbaycan qüvvələrinə keçməsində və müharibənin 92-ci ilin iyunundan başlayan və 93-cü ilin fevralına qədər bizim xeyrimizə davam etməsində rolu və bu dönüş noqtəsinin əhəmiyyəti təəssüf ki, öyrənilməyib.

- “Hərbi Birlik” ilk əməliyyatını nə vaxt keçirdi?
- “Hərbi Birliyin” təşkil etdiyi ilk əməliyyat “Birliyə” daxil olan qüvvələr tərəfindən 1992-ci il mayın 10-da, Laçın istiqamətindən Şuşanı qaytarmaq məqsədilə hazırlanmış hücuma dəstək, düşmən qüvvələrinin üzərimizə cəlb etmək, onları əsas hədəf olan Şuşadan yayındırmaq və bununla da ermənilərin əlindən Şuşanı geri almağa hazırlaşan bölmələrin işinin yüngülləşdirilməsinə hesablanmışdı. “HB”-yə daxil olan dəstələr Ağdam istiqamətində Fərrux, Xanabad, Xramurd, Naxçivanik, Pircamal, Ağbulaq, Dəhruz bir sözlə bütün cəbhə boyunca hücuma keçdi. Tərtərdə Maquşevan-Marağa, Geranboyda Gülistan, Xanlarda Todan, Mənəş ,Erkəc və ermənilərin başqa yaşayış məntəqələrinə və əhəmiyyətli yüksəkliklərə hücuma keçdilər. Bizim qüvvələrimiz Ağdamdan Xanlara qədər cəbhə boyunca ilk dəfə idi ki, təşkilatlı olaraq, uğurlu hücum həyata keçirirdilər. Dəstə və bölmələrin qarşısına qoyulmuş döyüş tapşırıqları yerinə yetirilmişdir. Bu hücum batalyonların özünə inamını, biribirinə etimadının artmasına səbəb oldu və vahid mərkəzdən birgə hərəkat və başqa təcrübələr sonralar da bizə çox faydalı oldu. Lakin Laçın istiqamətindən Şuşaya hücuma keçməli qüvvələr bunu etməmişdi. Idarəolunma olmadığına görə hücum baş tutmamışdı. O zaman Şuşanın müdafiəsinə məhsuliyyəti Qalanın hərbi komendantı, 704-cü briqadanın komandiri Elbrus Orucov daşıyırdı. O, ona həvalə olunmuş və tabe edilmiş qüvvələri – 704, 777, Tofiq Oğuzun dəstəsi və başqa könüllü dəstələrin idarəetməsini və Qalanın müdafiəsini təşkil edə bilməmiş, Şuşanın işğalından sonra isə şəhəri qaytarmaq məqsədilə əkshücumu təşkil edə bilməmişdir.

9-cu hissə.

- “Hərbi Birlik” Sürət Hüseynovun adıyla sıx bağlıdır. Elə HB kimi Surət Hüseynovun da adı müəmmalarla doludur. Onu nə zamandan tanıyırsınız?
- Surət Hüseynovun adını çəkmədən və onun müharibə zamanı fəaliyyətinə toxunmadan, Birinci Qarabağ müharibəsinin tarixini anlatmaq mümkün deyil. Surət Hüseynovla tanışlığım elə həmin 14 martda qaçırtdığımız iki tankla bağlı oldu. Tankları Ağdama gətirəndən bir müddət sonra , Rövşən Cavadov mənə dedi ki, nazir rusların təzyiqinə dözməyib, tankları geri qaytarmağı tələb edə bilər. Yaxşı olar ki, onların yerini dəyişim və hələlik üzə çıxartmayım. Biz bir gecə tankları Bərdəyə gətirib, burada yerləşən BREMZ zavodunun filialının həyətində gizlətdik. Daha sonra Bərdədə pioner düşərgəsində Elçin Əliyevin könüllü özünü müdafiə batalyonunun həyətinə apardıq. Elçin Əliyevin batalyonu tankların ətrafında postlar qurub, onları göz-bəbəyi kimi qoruyurdular. 92-ci ilin Novruz bayramı ərəfəsi idi. Mən tankların yanında idim. Üç nəfər yaxınlaşıb, özlərini Yevlax Yun zavodunun işçiləri kimi təqdim edib, Surət Hüseynovun bu tankları almaq istəyini bildirdilər. O, tanklar üçün külli miqdarda pul təklif edirdi. O zaman artıq Sürət Hüseynov Qarabağda və bütün münaqişə zonasında məhşur adam idi. Münaqişənin əvvəlindən o, Ermənistan qaçqınlarının və Qarabağ köçkünlərinin yerləşdirilməsində, təmin olunmasında böyük işlər görürdü. Ali Sovetin deputatı idi. Eyni zamanda Todan, Sarısu, Malıbəyli, Quşçular, Kosalar kəndlərini öz himayəsinə götürmüşdü. Onların əhalisini, DİN-nin bölmələrini və özünü müdafiə dəstələrini bütün lazımlı şeylərlə təmin edirdi. Malıbəyli, Quşçular, Kosalar işğal təhlükəsi ilə qarşılaşanda əhalisini Yevlax İlkin Yun Emalı Kombinatının nəqliyyat vasitələri ilə evakusiya etmiş və Yevlax zonasında yerləşdirib, təmin edirdi. O, şəxsi vəsaitilə ruslardan silah-sursat, hərbi texnika alıb, Şuşaya, Qazağa, Tovuza göndərirdi. Rusların iki iri hərbi hissəsinə – Zazalı bazasına və Mingəçevir Havadan Müdafiə hərbi hissəsinə – basqınlara şəxsən başçılıq etmiş, onları tutub saxlamış və Azərbaycan Müdafiə Nazirliyinə təhvil vermişdir. Qarabağda, Ermənistan-Azərbaycan sərhəd zonasında ermənilərə qarşı vuruşan, hətta Gürcustanın Ermənistanla həmsərhəd kəndi olan Sadaxlı yerli özünümüdafiə dəstələri Yun zavodundan silahlanır, sursat və başqa ləvazimatlarla təmin olunurdular. Sonralar Vaqif Qurbanovun ruslardan qaçırdığı SU-25 təyyarəsini də heç kəs cəsarət etmədikdə, Sürət Hüseynov Yevlax aerodromunda qəbul etmiş və mühafizəsini təmin etmişdir.
Adını eşitsəm də o zamana qədər şəxsi tanışlığımız yox idi. Mən onun adamlarına dedim, Sürət müəllimə deyin ki, tankları qaçırdan tankçıdır və bunları özü üçün, vuruşmağa qaçırdıb. Onlar getdilər, lakin bir-iki gündən sonra qayıtdılar və S. Hüseynovun məni və istədiyim yoldaşları özümlə Gəncəyə dəvət etdiyini dedilər. Danışılan gün biz üç yoldaşımla getdik Gəncəyə. Şəhərin girəcəyində bizi qarşıladılar və şəhərdən kənar bir yeməkxanaya apardılar. Orada bir çox hərbi geyimdə adamlar var idi. Biz açıq havada masa arxasına əyləşəndən bir qədər sonra bir nəfər yaxınlaşıb, Nazim kimdir – deyə soruşdu, yoldaşlarıma görə narahat olmamağımı, onlara burada qulluq olunacağını bildirib, məni restoranın S.Hüseynov olan başqa tikilisinə dəvət etdi. İçəri daxil olduqda yemək süfrəsi açılmış masanın ətrafında 10 nəfərə yaxın hərbiçilər, başında isə mülki geyimdə, cavan oğlan əyləşmişdir. Mən hamı ilə ümumi salamlaşaraq oturdum. Açığı mən Sürət Hüseynovu daha yaşlı adam təsəvvür edirdim. Ancaq ilk gördüyümdə və sonralar da bu 33 yaşlı adamın təmkin, səbr və ağsaqqal ədəb-ərkanına təəccüb etməmək mümkün deyildi. O, sözünə “Bisimillah”la başladı. Dəvətini qəbul etdiyimizə görə təşəkkür edəndən sonra dedi ki, o, bu gün buraya rusların hərbi hissələrinə basqınlar etmiş və bu silahlarla döyüşən Azərbaycanın qeyrətli oğullarını dəvət edib ki, biribirini tanısınlar. Bundan sonra sağdan sola masada əyləşənləri bir-bir təqdim etdi və haraya basqın etdiyini söylədi. Biz basqın hadisələrinin və onları edənlərin bəzilərinin adlarını eşıtsək də, biribirimizi tanımırdıq. Təqdim olunduqca masa arxasındakıların hamısı biribirinə hörmət və ehtiramını bildirirdi. Bundan sonra hər kəs döyüşdüyü yerdəki yaranmış vəziyyətdən və çətinliklərdən danışdı. Biz nahar etdik. Nahardan sonra Sürət Hüseynov hər birimizdən döyüş üçün ehtiyacımızın nəyə olduğunu soruşdu. Könüllü dəstələrdən fərqli olaraq, OMON-un yanacaq və sürtgü yağına ehtiyacları normal ödənirdi. İsrafçılıq etməsək, zirehli texnika və nəqliyyat vasitələrinə DİN-dən ayrılan yanacaq və yağ, həmçinin sursat resursları çevik-zirehli dəstəsinin tələbatını ödəyirdi. Çətinliyimiz yalnız tank mərmilərindən idi. Növbə mənə çatanda, tank mərmisi çatışmazlığını bildirdim. S.Hüseynov onun ruslardan aldığı texnikanın təmiri və döyüş bölgəsinə çatdırılmasına cavabdeh olan, sovet ali tank komandirləri məktəbini bitirmiş Altay Bayramova mənə lazım olan mərmilərin kalibrini qeyd etməyini tapşırdı və tezliklə mərmiləri gəlib Yun zavodundan ala biləcəyimi söylədi. Sonralar Yun zavodundan mərmi götürdüyümüz zaman, oranın işçiləri mənə yanacaq və yağ çənlərini də göstərib dedilər ki, bunları Sürət müəllim tanklar üçün ayırıb, yanacaq və yağ daşıyan maşınlarımı buradan doldurub apara bilərəm. Sürət Hüseynovla tanışlığım belə olub.

- Qayıdaq “Hərbi Birliyin” fəaliyyətinə…
- Artıq söylədiyim kimi müharibənin ilk mərhələsinin nəticələri, 1991-ci ilin noyabırından 1992-ci ilin mayına qədər olan dövr, Azərbaycan üçün çox acınacaqlı oldu. Erməni qoşunları Qarabağın bütün kəndlərini, Şuşa və Laçını işğal edərək, Ermənistan və Qarabağ arasında torpaq dəhlizi yaradaraq, tamamən Dağlıq Qarabağ ərazisini nəzarətə götürməyi bacardı. Bu zaman isə Azərbaycanı daxili siyasi çəkişmələr didib-dağıdırdı…
Laçının işğalından sonra Sürət Hüseynov məni yanına dəvət ederək, MTN- dən verilən xəbərə görə ermənilərin Xanlar, Goranboy istiqamətində geniş miqyaslı hücuma hazırlaşdıqlarını, hədəfləri isə o zaman Kəlbəcərə artıq yeganə yol qalmış Gəncə-Kəlbəcər yolunu Çaykənd qəsəbəsini tutmaqla bağlamaq, bundan sonra Hacıkəndə qədər irəliləyib, Gəncəyə top atəşı məsafəsinə qədər yaxınlaşmalı olduğunu bildirdi. Ermənilərin bu planlarının qarşısını almaq üçün yaxın zamanda hazırlaşaraq, ermənilərin hücum qruplaşmasına qabaqlayıcı sarsıdıcı zərbə endirməyi düşündüyünü bildirdi. Müdafiə Nazirliyinin ordu quruculuğu planına uyğun olaraq planlaşdırılan zərbə-həmlə alayının yaradılmasını tezləşdirmək üçün öz üzərinə götürdüyünü və yaxın günlərdə alayın yaradılması əmrinin veriləcəyini bildirdi. Mənə alayın komandiri və ya alayin tank taburunın komandiri vəzifəsinini təklif etdi. Tank taburu komandiri vəzifəsinə razılıq verdim, ancaq əvvəlcə Rövşən Cavadova qərarımı bildirməli olduğumu dedim. S. Hüseynov mənə dərhal Bakıya gedib və tez qayıtmağı təklif etdi. Mən Yevlaxdan R. Cavadova zəng edib, bir başa Bakıya çıxdım. Komandirlə gecə saat 12-də evində görüşdük. Xidməti münasibətlərdən başqa Rövşən müəllimlə bizim 90-cı ildən yoldaşlığımız vardı. Həm də OMON kollektivinin məxsusi döyüşçü abu-havası vardı. OMON-dan çıxmağa döyüş yoldaşları yaxşı baxmırdılar. İstəyirdim komandir və yoldaşlarım mənim Milli Orduya keçməyimi düz başa düşsünlər. Rövşənə 45 tankı olan taburun komandiri vəzifəsinin mənə təklif olunduğunu bildirəndə, o, hər şeyi dərhal düzgün qiymətləndirdi. Mənə dedi ki, “Amalımız Qarabağdır. 3 tank hara, 45 tank hara?! Əlbəttə ki, tank taburu ilə sən Vətənə daha çox xidmət göstərə bilərsən.” Mən dəstə tərəfindən OMON-dan getməyimi düz başa düşülməyini istədiyimi deyəndə, dedi ki, “Heç narahat olma.” Və bir qədər fikirə getdikdən sonra dedi ki, “Sənin zirehli-çevik dəstəni əmrimlə ezam edəcəm sizin alaya, həm söz-söhbət olmaz, həm də bizim tank ekipajları sənə yeni tank batalyonunda yardımçı olarlar. Amma XTPD-nin əməliyyatlarına nə vaxt lazım olsa, mənə üç saz tank ekipajları ilə verəcəksən.” “Oldu” – dedim və vidalaşıb, qayıtdım Yevlaxa.

10 -cu hissə.

- Adı çəkilən hansı alay idi?
- 20 may 1992-ci ildə 123 saylı alayın yaradılması haqqında müdafiə nazirinin əmri verildi. Mən alayın və tank taburunun şəxsi heyyətinin, döyüş və texniki hazırlığı işlərilə məşqul olmağa başladım. Sürət Hüseynov “Hərbi Birlik” komandirlərinə 20 gündən sonra hücuma tam döyüş hazırlığı vəziyyətində olmalarını tapşırdı. Bu çox qısa müddət idi, ancaq düşmən gözləmirdi, o, yeni hücum hazırlayırdı. 20 günə hücum alayı yaratmaq və döyüşə hazır vəziyyətə gətirmək çox ağır işdir. Biz sözün əsl mənasında gecə-gündüz, gözümüzü yummadan bunun üçün çalışdıq və ilk baxışdan mümkün olmayanı etdik, 10 iyun 92-ci ildə 2000 nəfərlik alay Azərbaycan Ordusunun ilk irimiqiyaslı hücumuna hazır idi. Bu, müharibəyə gəlmiş hər bir azərbaycan övladının yüksək şuuru, Vətən sevgisi, altı ay sürən acı məglubiyyətlər dövrünə son qoymaq və torpaqlarımızı düşmənlərdən azad edərək, Zəfər qazanmaq əzmi və iradəsi sayəsində mümkün olmuşdur.

-123-cu polk haqqında “Surət Hüseynovun dəstəsi” deyirlər…
- Bu tamamilə cəfənqiyyat, hərbidən başı çıxmayan adamların sözüdür. 123-cü zərbə-həmlə alayı bilavasitə Baş Qərargahın tabeçiliyində olan hücum əməliyyat-taktiki vahidi idi. MN-yi 1992-ci ilin iyul ayinda Ordu Korpusları yaratdıqdan sonra, 123-cü alay 2-ci Ordu Korpusunun əməliyyat tabeçiliyinə verilmişdir. Əsas təyyinatı ön hücum qüvvəsi olaraq, düşmənin müdafiə xəttinin yarılması, döyüş vəzifəsində göstərilən ərazinin tutulması və daha sonra bu ərazini məsulliyəti üzrə yerli briqadaya təhvil verilməsi idi.

- Bunu mənim kimi qeyri-hərbiçi auditoriya üçün geniş izah edə bilərdinizmi?
- 1992-ci ilin aprelin sonlarında müdafiə nazirinin əmrilə Qarabağ və ətraf rayonların hər birinin müdafiəsi bir briqadaya həvalə olunur. Hər briqadanın dayandığı rayon onun müdafiə məsuliyyəti zonasına aid idi. Ağdama 708 saylı briqada, Tərtərə 703, Şuşa- Laçına- 704, Kelbəcərə- 701, Qubatlıya- 706 və s. cavabdeh idilər. Rayon ərazisindəki bütün özünümüdafiə dəstələri bu briqadaların komandirlərinə tabe olmalı idilər.
123-cü alay isə hansısa bir müdafiə rayonuna bağlı deyildi. Onun işi düşmənə hücum zərbələri endirmək idi. Ordu rəhbərliyi hücum başlamamış bizi göndərirdi hücum istiqamətinə, biz döyüş əmri alırdıq, ərazini öyrənirdik, hücuma keçirdik, düşmənin müdafiəsini yarıb, o yeri alırdıq, bir neçə gün tutduğumuz yeni mövqeləri, düşmənin ehtimal olunan əks hücumlarından müdafiə etdikdən sonra, bu mövqeləri bir-bir aktlarla rayonun müdafiəsinə cavabdeh olan briqadaya təhvil verib, mövqelərdə bu briqadanın əsgərlərilə dəyişdirilib, qayıdırdıq daimi dislokasiya yerimizə, şəhidlərimizi dəfn edirdik, yaralılarımızı müalicə etdirirdik, onların yerinə alaya yeni əsgərlər götürürdük, texnikamızı təmir edirdik, bir sözlə yeni hücumlara hazırlaşmaqla yeni hücum əmri gözləyirdik. Əmr gəldikdə isə dərhal yeni hücum üçün rayon ərazisinə gəlib, müdafiədə dayanan yerli briqadaların mövqeləri üzərindən düşmənin üzərinə hücuma keçirdik. Alay bu vəzifə üçün yaradılmış hücum alayı idi.

- 123-cü alay Gəncədə yaradılmışdır?
- Xeyr. MN-nin əmrinə uyğun olaraq 123-cü alay “Stansiya Mingəçevir” qəsəbəsində yaradılmışdır və orada yerləşırdi.

- Əsasən gəncəlilərdən ibarət idi?
- Xeyr. 123-cü alayın
1-ci moto-atıcı batalyon Yevlax rayonun Qaramanlı kəndinin “əfqan” müharibəsinin veteranlarından təşkil olunmuş könüllü dəstəsinin əsasında qurulmuşdur. İlk komandiri şəhid Xosrov Əhmədov olmuşdur.
2-ci batalyon Yevlax Xalq Cəbhəsinin Qarabağ müharibəsində ad çıxartmış “Kobra” dəstəsinin əsasında qurulmuşdur. Komandiri, ermənilər tərəfindən artıq o zaman başına pul təyyin etdikləri, Murad Qurbanov idi. O sağdır, indi də Yevlaxda yaşayır. Tank batalyonu OMON-un zirehli çevik dəstəsinin əsasında qurulmuşdur.
3-cü batalyonumuz Bərdə Xalq Cəbhəsinin üzvü Eyvaz Əliyevin (Xan Eyvaz) könüllü dəstəsinin əsasında qurulmuşdur. Bu batalyonların hamısının şəxsi heyyəti Azərbaycanın bütün yerlərindən olan yüksək döyüş hazırlıqlı, Sovet Ordusunun döyüş hərbi hissələrində xidmət etmiş könüllülərlə komplektləşdirilmişdir.
4-cü batalyonu bozqurd, şəhid Mehman Ələkpərovun Gəncə Xalq Cəbhəsinin batalyonunun əsasında qurulmuşdur. Mehman Ələkbərov Gəncə AXC-nin ilk qurucularından və liderlərindən idi. 1992-ci ilin ilk yarısında Tərtərin hərbi komendantı olmuşdur.
Gördüyümüz kimi, 123-cü alay nə yerlibazlıq, nə də siyasi əlamət üzərində qurulmuşdur. 123-cü alayın döyüşçüsü olmağın yeganə meyyarı döyüş bacarığı, əzmi və iradəsi idi. Bunlar xüsusi seçmə əsgərlər idi. Bir meyyar da o idi ki, əsasında batalyon qurulan dəstə və döyüşçülər bilavasitə döyüş zonasından olmasınlar ki, düşmənlə təmas xəttindən təcrübəli döyüşçulərin bizim alaya axını olmasın.

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники