nazim-b3-160x1504 iyunla bağlı növbəti yazıma keçməmiş Fərəc Quliyevin mənim haqqımda “Nazim Bayramov kimdir ki, mən ona cavab verim?” sualına qısaca münasibət bildirmək istərdim. O, bu sözləri ilə göstərdi ki, 37% səslə MM-ə buraxılsa da,  ictimai siyasətçi statusuna hələ yetişməyib. İkincisi, F. Quliyev 2 il öncə həmin ittihamla bağlı saytların birində mənə cavabında bildirmişdi ki, “Bəyanat AXC İcraiyyə Komitəsinin 20 üzvü tərəfindən yekdilliklə qəbul edilib”. Elə həmin vaxt hərəkatçı dostlarımın vasitəsilə bu bəyanatın AXC İK-də müzakirə edilib- edilməməsini öyrəndim. Məlum oldu ki, bəyanat o dövrdə ümumiyətlə İK-də müzakirəyə çıxarılmayıb. Bununla da F.Quliyevin müharibə vaxtı verdiyi təxribat xarakterli bəyanatına AXC İK-nin 20 üzvünü şərik edərək, şəxsi məhsuliyyətdən boyun qaçırmaq cəhdi boşa çıxdı.

… 1993-cü il, aprelin əvvəlində Kəlbəcərin işğalı nəticəsində düşmən Ömər aşrımını və Murov-dağ silsiləsində əsas yüksəklikləri tutdu. Ermənilər bu yüksəkliklərdə möhkəmlənib, artileriya sistemlərini Murova qaldırmaqla Göygöl və Göranboy rayonlarına və gələcəkdə Gəncəyə mümkün genişmiqyaslı hücumlarına artileriya atəşi ilə dəstək vermək imkanını təmin etmiş olacaqdılar.

Qərb bölgəsinə yaranmış  təhlükənin qarşısını almaq üçün müdafiə naziri Dadaş Rzayev Prezident Əbülfəz Əliyevin adından Sürət Hüseynova keçmiş döyüşçüləri yenidən yığıb, Murovun müdafiəsinə yardım etməsini xahiş etdi. Bu, Ə. Əliyevin  S. Hüseynovun səmimi vətənpərvər olduğuna tam inandığını və mart ayında baş vermiş gərginliyin kökündən çözüldüyünü göstərirdi.

 Hadisələrin axarı bunu da sübut etdi ki,  4 iyun  olayları ətrafında S. Hüseynovla bağlı “vətən xaini”,  “milli hökümətin düşməni” kimi obrazlar yaradan   “milli- demokratlar”a yuxarıda qeyd etdiyim məqamı dilə gətirmək sərf eləmir. Təsadüfü deyil ki, bu günə qədər də onlara xidmət edən mətbu orqanlarında S.Hüseynovun 1993-cü ilin aprelində Prezident Ə.Əliyev tərəfindən Qarabağın müdafiəsinə yenidən cəlb edilməsi, ondan peşəkar yardım istənilməsi faktı üzə çıxarılmır.  

Ölkə başçısının xahişi ilə S. Hüseynovun köhnə döyüşçülərə müraciətinə ilk səs verən 80 nəfərə yaxın döyüşçü mənim başçılığımla aprelin 5-i Murova qalxdıq və 701-ci briqada bölmələrinin sağ cinahında hücuma keçdik. Murovun bir neçə, o cümlədən, Televizya güzgüsü deyilən yüksəkliklərdən düşməni vurub çıxartdıq. Sonrakı günlərdə S. Hüseynovun çağırışı ilə müharibəyə qayıtmış köhnə döyüşçülərimiz Murov yolunun üstündəki Toğana kəndi yaxınlığında təşkil edilmiş cəmləşmə yerinə toplasırdılar. 123-cü alaydakı  bölmələrini və  yoldaşlarını tapan köhnə döyüşçülərimiz  isti geyimlərlə təhciz edilib, silahlandırılaraq Murovdakı mövqelərimizə göndərilirdilər. Hərbi döyüş taktikasını bilənlər təsdiq edər ki, qəfil səfərbərlik şəraitində ağır döyüşlər apararaq, nəzarət ərazilərini genişləndirmək o qədər də asan əməliyyat deyil. Lakin biz bu ağır işin öhdəsindən şərəflə gəlirdik.

Toğanada, S.Hüseynov onun  çağırışına cavab verən 500-ə yaxın könüllünün qarşısında çıxış edərkən, onlara  yeni yaradılmış 709-cu briqadaya daxil olmalarını tövsiyə etmişdi. Murova döyüşə hazır olduqlarını bildirən, əsasən keçmiş 123-cü alaydan olan əsgər və zabitlərin çoxu yeni briqadaya daxil olmaqdan imtina etdilər. S.Hüseynov əsgərlərə, “aranızdan yaralananlara və şəhid olanların ailəsinə dövlətin yardımını ala bilməniz üçün briqadaya müvafiq şəkildə daxil olub, vuruşmanız məsləhətdi”, demişdi.  Sıradan etirazlar gəldi ki, “bizi yenə salacaqlar siyasi oyunlara, artıq bir dəfə “vətən xaini” olmuşuq, həbslərə atılmışıq. Kim zəmanət verir ki, bu bir daha yenidən təkrarlanmayacaq?” S. Hüseynov əsgərlərə qətiyyətlə, “zamin mənəm.  Belə haqsızlıq sizə qarşı bir də təkrarlanmayacaq”. S.Hüseynovun məhz bu sözü  iyunun

 4-ü  səhər saatlarında  709-cu briqadanın hərbçiləri tərəfindən onun hərbi hissəyə çağırılması tələbinə səbəb olacaq.

Beləliklə, keçmiş 123-cü alayın batalyonları əsasında 709 saylı briqada yaradıldı.  709-cu briqadaya yeni yalnız  3-cü batalyon kimi Goranboydan Tacir Adıgözəlovun batalyonu daxil edildi. Çünki 123-cü alayın 3-ü batalyonu yanvar- fevral Ağdərə döyüşlərində çoxsaylı itki vermişdi və yenidən bərpa olunmadı. Qalan batalyonlar, o cümlədən, Mehman Ələkbərovun və Murad Qurbanovun keçmiş  AXC batalyonları da 709-cu briqadanın tərkibinə daxil oldular.

Müdafiə naziri D. Rzayevin əmrilə 709-cu briqada komandiri keçmiş 123-cü alayın döyüş hazırlığı üzrə komandir müavini p/l-nt Eldar Əliyev təyin edildi.

Göründüyü kimi, 709 saylı hərbi hissənin komandir və əsgərləri Qarabağda gedən döyüşlərə ilk günlərdən qoşulmuş, keçdikləri döyüş yolları ilə artıq tanınmış şücaətli hərbçilər idi. Onlar müharibəyə S.Hüseynovla tanış olduqlarından əvvəl getmişdilər. Buna görə 709-cu briqadanı “S. Hüseynovun başına yığışmış bir dəstə” kimi təqdim etmək doğru deyil, həqiqətə ziddi.  Əksinə, bu komandirlərin və əsgərlərin 1992-ci ilin mayına (123-cü alay təşkil olunduğu dövrə qədər)qədərki döyüş yolları və bacarıqları  onların S. Hüseynov tərəfindən 123-cü alaya dəvət olunma səbəbi idi.

Bəs necə oldu ki, 709-cu briqada “qiyam” qaldırdı? Məsələ ondadır ki, 709-cu briqada qiyam qaldırmamışdı. Müdafiə Nazirliyinə İtaətsizlik də etməmişdi.

“Milli hökümət” mənsublarının 21 ildi dayandıqları versiya ondan ibarətdir ki,  “709-cu briqada müdafiə nazirinin əmrinə tabe olmamışdı. Bununla da qiyam etmişdi. Bu da onun buraxılması haqqında müdafiə naziri D. Rzayevin əmr verməsinə səbəb olmuşdu. 709-cu briqada buraxılmaqdan da imtina etmişdi. Buna görə də dövlət 709-cu briqadaya qarşı güc vasitələrindən istifadə etmişdi.”

Versiyaya faktlarla aydınlıq gətirək.

Gəncədə iyunun 4-də baş verən hadisədən sonra  AzTV-də məlumat verildi ki, “Gəncədə naməlum silahlı qruplaşmalar tərəfindən silahlı toqquşma baş verib”. Gəncədən gələn ziddiyatlı xəbərlər bütün ölkəni təşvişə salmışdı.

MM deputatları 4 iyun-Gəncə hadisəsini heç də iki silahlı qruplaşmanın toqquşması olmadığını, ölkədə yayılan şayiələri və narahatçılığı nəzərə alaraq, dövlət rəhbərliyindən dəqiq məlumat və hadisə haqqında hesabat istədilər. Bu dəfə yeni rəsmi yalan uyduruldu ki, “Murova göndərdiyimiz qüvvələr gedib Gəncədə silahlı qarşıdurma yaradıblar, qurbanlar var”. Lakin bu cavab da nə ictimayəti nə deputatları qane etmədi. Milli Məclisdə qızğın müzakirələr başladı. Deputatlar  MM sədrindən  (İsa Qəmbərdən-red) və dövlət başçısından  Gəncə hadisələri haqqında düzgün məlumat tələb edirdilər. O zaman ilk dəfə “Gəncədə yerləşən qeyri-qanuni silahlı dəstənin(!) tərksilah edilməsi məqsədilə MN-i əməliyat keçirib …” məlumatı ortaya çıxdı.

Belə bir açıqlamadan sonra müdafiə naziri D.Rzayev hesabat üçün MM-ə  çağırıldı. D.Rzayev onsuz da Gəncədəki “əməliyata” əvvəldən ürək qızdırmırdı, hadisələr zamanı isə Şəmkirdə balıq tuturdu. Bu üzdən onu MM-in tribunasın hesabat üçün çıxardanda o, çaşqınlıq içində dayanıb, nə deyəcəyini bilmirdi. İlk, “ayaqüstü” uydurması bu oldu ki, “709 mənim əmrlərimə tabe olmurdu”. “Hansı əmrlərə?” sualına, “45-ci şəhərciyə köçməmişdi”, cavabını verdi. Halbuki, Gəncənin 45 saylı hərbi şəhərciyində elə 709-cu briqadanın 4-cü(Gəncə) batalyonu yerləşirdi. 45-ci şəhərcikdə hətta təmir işlərini də S. Hüseynovun ayırdığı vəsaitlə 709-cu briqada aparmışdı. Bir neçə gün sonra müzakirələr əsnasında artıq bir çox mətləblər aydınlaşandan sonra, ondan yenə soruşdular ki, “709-cu briqadanın yerinə yetirmədiyi əmrinizi təqdim edə bilərsizmi?” D. Rzayev belə bir əmrin olmadığını söylədi. “Bəs 709 saylı hərbi hissə nəyin əsasında buraxılmışdı, nəyin əsasında siz briqadaya qarşı güc əməliyatı keçirirdiniz?” sualına, cavab vermişdi ki, “Dövlət Müdafiə Komitəsinin 26 may 93-cü il tarixli qərarı əsasında”.

709-cu briqadanın itaətsizlik etdiyi haqqında hələ də səslənən bir məsələyə də aydınlıq gətirmək istəyirəm. Bu barədə D. Rzayev özü də sonrakı müsahibələrində deyib. D. Rzayev 1993-cü ilin mayında 709-cu briqadaya Ağcabədiyə getmək əmri vermişdi. Lakin briqada75 km-lik  Murov- Gülüstan müdafiə xəttində döyüş mövqeyi tutduğundan, onu əvvəlcə bu mövqelərdə başqa bölmələrlə dəyişmək lazım idi. D. Rzayev 157 saylı alayın komandiri Azərbaycanın Milli Qəhramanı Rasim Əkbərova 709-cu briqadanı mövqelərində dəyişmək göstərişi verdikdə, R. Əkbərov, “məndə elə qüvvə yoxdu. Mən yalnız Gülüstanı saxlaya bilirəm”, demişdi. MN-nin sərəncamında 709-cu briqadanı tutduğu müdafiə xəttində dəyişəcək bölmələr olmadığına və bu səbəbdən əmrin icrasının mümkünsüzlüyünə görə, D. Rzayev briqadanın Ağcabədiyə keçirilməsi haqqında öz əmrini ləğv etmişdi. Yəni 709-cu briqadanın MN-nin hər hansı əmrini yerinə yetirməməsi faktı  təsdiqini tapmadı. Belə bir əmri müdafiə naziri D. Rzayev nə MM-ə, nə sonrakı istintaqa təqdim edə bilmədi.

4 iyun hadisələrindən dərhal sonra Milli Məclisin sədri İsa Qəmbər deputat- istintaq komissiyası yaratdı.  Komissiya aşağıdakı tərkibdə idi: M. Mütəllimov-sədr, Ş. Hacıkərimov, V. Qasımov, T. Əliyev, İ. İbrahimov, M. Məmmədov, M. Fəttayev.

Komisiya Gəncədə və Bakıda sərbəst şəkildə işlədi. Komissiya briqadanın 4 iyun 1993-cü ildə müdafiə nazirliyi tərəfindən ləğv edilməsinə səbəb kimi göstərilən “müdafiə nazirinin əmrlərinə itaətsizlik etdiyini” təsdiq edən bir fakt belə müəyyən etməmişdi. MM-də 4 iyunla bağlı televiziya ilə canlı efirdə gedən dinləmələrdə də deputatlar tərəfindən 709-cu briqadanın buraxılmasına səbəb olmuş itaətsizlik faktlarının mövcudluğu arışdırılsa da, məlum olmuşdu ki, belə bir fakt- MN-nin yazılı, yaxud, şifahi əmri olmamışdır.

Briqadanın ləğv edilməsinə əsas kimi yalnız MM-ki yekun dinləmələrində komissiya üzvü, deputat M. Fəttayev bildirdi ki, “Komisiya bu məsələni(709-un itaətsizliyi ilə bağlı faktları) araşdırarkən, Baş Qərargahın rəisi general- mayor Nürəddin Sadıxovun imzası ilə müdafiə naziri D. Rzayevin adına  25 may 1993-cü il tarixli rus dilində olan sənədə rast gəlib. Sənəddə deyilir ki, «709-cu briqadanın əsgərləri mal oğurluğu ilə məşquldular… briqadada nizam- intizam aşağı səviyədədi…” Sənədin üzərində D. Rzayevin dərkanarı var- “Briqadanın buraxılması haqqında təqdimat  1993-cü il mayın 31-ə qədər hazırlansın”.

(http://www.youtube.com/watch?v=NBAp4sLCX8Y)

Aydın məsələdir ki, hətta belə bir fakt diqqətə alınsa da, 709-cu briqada bütün tərkiblə mal oğurluğu ilə məşqul ola bilməzdi ki,  ləğv edilsin. Hərcənd ki, o  zamanlarda 709-cu briqada yaşayış məntəqələrindən uzaqlarda, Murovun qayalıq dağlarında, buludlardan hündürdə döyüş mövqelərində idi. Orada yaşayış məntəqəsi, mal heyvan da yox idu. Ayrıca qeyd edim ki, 123-cü alayın və sonra 709-cu briqadanın hərbi qulluqçularından heç biri xidmət etdikləri dövrdə cinayət törətməmişdilər, onların heç birinə hər hansı bir cinayətlə bağlı cinayət işi  qaldırılmamışdı. Bu h/h-nin şəxsi heyəti yüksək intizamlı və hazırlıqlı döyüşçülərdən ibarət olub, qarşılarına qoyulan bütün döyüş tapşırıq və vəzifələri layiqincə yerinə yetiriblər. İntizamsız, başıpozuq hərbi hissə ilə kimsə Qarabağda bu batalyonların qazandığı uğurlara imza ata bilməzdi.  Bundan başqa konkret olaraq, 1993-cü il, may ayının ikinci yarısında müdafiə naziri D. Rzayev helikopterlə Seyfəliyə gəlmiş, oradakı 709-cu briqadanın 260 nəfər əsgərinin döyüş hazırlığını yoxlayıb, sonra sıra baxışı zamanı öz adından şəxsi heyətə təşəkkür elan etmişdi. Özü ilə gətirdiyi iki qutu Türkiyə istehsalı olan “Maltəpə” siqaretini də əsgərlərə paylatdırmışdı.

D.Rzayevin 709 saylı hərbi hissəni Murovdan Ağcəbədiyə keçirilməsi əmri nəyə əsaslanırdı?  Sabit müdafiə zonasına malik olan  briqada hansı hərbi zərurətdən bir rayondan başqa bir bir rayona keçirilməli idi? Murovun müdafiəsi üçün apreldə yaradılan h/h-nin bir ay sonra Ağcabədiyə keçirilməsində məqsəd nə idi? Bu suallara indiyə qədər rəsmi cavab verilməyib. Lakin o zaman Qarabağ cəbhəsində vəziyəti dərindən bilən hərbçi kimi deyə bilərəm ki, Gəncədəki briqadanın Ağcabədiyə keçirilməsi qərarı cəbhədəki şəraitin tələbləri ilə şərtlənmirdi.  Əgər əmr olsaydı 709-cu briqada yenə də bu əmri, əlbəttə ki, yerinə yetirərdi, ancaq yuxarıda qeyd etdiyim kimi, müdafiə naziri D. Rzayev öz əmrini icrasına başlanmamış ləğv etdi.

Briqadanın buraxılmasına gələndə, hərbi qanunlarla hərbi hissənin dərhal buraxılması yalnız bir halda baş verir- hərbi hissə döyüş bayrağını itirdikdə, əldən verdikdə. 709-cu briqadada bu da baş verməmişdi.

Bəs 709-cu briqadanın ətrafında gedən bu “yerdəyişmə”, “itaətsizlik”, “qiyam” və nəticədə buraxılması kimi oyunların əsl səbəbi nə idi?

Bu sual o dövrdə baş nazir olmuş Pənah Hüseynov öz müsahibələrindən birində aydınlıq gətirir. O, 709-cu briqadanın başına gətirilənlərin səbəbini belə əsaslandırır ki,  “Mütəllibov və Heydər Əliyev subyektiv cəhətdən bir-birinə zidd qüvvələr idi. Onların birinin hakimiyyətə gəlməyi digərinin hakimiyyətdən kənarda qalması demək idi. O dövrdə Ali Sovetin çağırılması üçün bu iki qüvvə birləşdi və 132-yə qədər imza toplamağa başladı. Bunların çoxu təbii ki, Mütəllibovu müdafiə edənlər idi. Çünki Ali Sovetin tərkibi onun zamanında formalaşmışdı. Sessiyanın çağırılması da əslində, qiyamın əlaməti idi. Qiyamla bağlı bir neçə variant vardı. Onlardan biri bu idi ki, sessiya Gəncədə çağırılır. Yeri gəlmişkən, bu sessiyanın çağırılmasının qanuni əsası yox idi, çünki Ali Sovetin bütün səlahiyyətləri ləğv edilmişdi. Gəncədə ssesiya çağırılanda Surət Hüseynovun qüvvələri həmin toplantının təhlükəsizliyini təmin etməli idi. Qiyamın ilkin ssesnarisi bu idi və orada siyasi qərarlar verilməliydi, Bakıda Elçibəy hakimiyyətinin devrilməsilə bağlı addımlar atılmalıydı”.

(www.azadliq.info/index.php?option=com_content&view=article&id=17563:surt-vzif-vernd-onun-rusiya-kfiyyatyla-laqsini-bilirdik&catid=314:muesahb&Itemid=540)

Yəni “milli hökümətin” əsl narahatçılığı 709-cu briqadanın etmədiyi “itaətsizlik” və “qiyam” deyildi,  Ali Sovetin sessiyasının Gəncədə çağırılacağı təqdirdə “Tufan” müəlliflərinin  709-cu briqadanın mümkün rolu ilə bağlı zənni və buna qarşı  «önləyici» tədbirlər idi. Dövlət rəhbərliyi dövlətə əleyhinə hazırlanan hərəkətləri zamanında bilib önləyici tədbirlər görməlidir. Buna bir sözüm yoxdur. Ancaq bunu olduğu kimi də ifadə etmək lazım idi.  Əvəzində isə 21 ildi cəmiyətimizə guya «itaətsizlik» edən 709-cu briqada dövlətə qarşı  «qiyam”etməkdə suçlanır.

Bu isə döyüşçülərimizə, Vətən oğullarına qarşı 4 iyun 1993-cü ildə hakimiyyətin törətdiyi cinayətə bəraət qazandırmaq məqsədilə atılmış və uzun illərdən bəri  hər cür yalanlarla bəslənən iftiradır.

Ardı var …

 

Nazim Bayramov

istinad —  moderator.az/?xeber=47743

 

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники