nazim-b3-160x150

Ölkəmizə təsir edən beynəlxalq, regional və daxili vəziyətin inkişaf tendensiyaları orta perspektivdə bizə üç əsas seçim yolu saxlayır.

Birinci yol- mövcud iqtidar, dövlət və tarix qarşısında məhsuliyətini dərk edib, dünyada gedən prosesləri nəzərə alaraq, xalqı özünə əsas və səmimi müttəfiq edib, real ve suretli islahatlar keçirərək, bir yandan cəmiyətdə sosial ədalətsizliyi və haqli narazılıqlar doğuran, o biri yandan ölkəni siyasi- diplomatik və iqtisadi izolyasiyaya aparan, qarşısında ərazi bütövlüyünün bərpası vəzifəsi dayanan dövlətimizin xarici siyasətinin manevrliyini daraldan səbəbləri aradan qaldırmalıdır.
Bununla, vətəndaş «rəngli inqlaba» nisbətən “iki ziyandan daha azı» olan “ədalətli avtoritarizm”lə müəyyən qədər barışa bilər.

Yaxın misallar- Qazaxstan və son dövr Belorusiya. 
Qarabağ məsələsinin hərb yolu ilə həlli üçün də dövlətin fəal müharibə dövründə “inzibati-komanda sistemi” ilə idarə olunması daha uyğundu.

İkinci yol- inqlab yoludur. 
Dünyada və postsovet məkanda gedən proseslər göstərir ki, demokratik ənənələri olmayan, korrupsiya və sosial ədalətsizlik bürümüş ölkələr və cəmiyyətlər sınaq anında göründükləri qədər sabit olmurlar və xarici təsirlərə açıqdırlar.
 
“Rəngli” inqlabların baş verdiyi ölkələrdə, müəyyən şəraitdə baş vermiş bir “qığılcım hadisə” zalım idarəçilərin illərlə xalqın canına hopdurduğu və insanları artıq bezdirmiş total qorxu hissini bir anda(“çıldaq” rolunu oynayaraq) cəmiyətin canından çıxardır. Kortəbii kütləvi etirazlar qısa müddət sonra sel kimi bir hərəkata dönür və ölkəni bürüyür. Avtoritar hakimiyətin illərlə söykəndiyi polis rejimi «qorxu bəndini» aşmış geniş xalq kütlələri qarşısında aciz qalır, idarəçilik iflic olur, hakimiyyət devrilir …
 
Bundan sonra daxili ziddiyətlərlə dolu bir koalisiyon, keçici hakimiyət qurulur. Onsuzda zəif yeni hakimiyət ilk addımlarından avtoritarizmin yaratdığı(və köhnə sistemə uyğunlaşmış) “gizli xəstəlikləri” ilə qarşılaşır. Ümumən siyasi sistemin deqradasiya dərəcəsi və xalqın siyasi düşüncəsinin geridəqalmışlığı inqlabın nəticəsində tam kəskinliyi ilə üzə çıxır. Dövlətin maraqları tələb etdiyi heç bir strateji planların həyata keçirilməsi mümkün olmur, qərarlar cari “yanan” məsələlərə aid reflektor addımlardan ibarət olur. Fürsət gözləyən radikal qüvvələr, separatçılıq, qaraguruh fəallaşır və prosesin aparıcı qüvvələrinə çevrilir, onu dağıdıcı məcraya çəkirlər. Bu zaman yeni hakimiyət və ənənəvi siyasi qüvvələr proseslərin başında deyil, quyruğunda gedir. Nəticədə proses xarici qüvvələrin idarəsinə keçir və ölkələr iri geopolitik toqquşmaların poliqonuna çevrilirlər.
 
Bu gün bütün bunlar «rəngli inqlabların» baş verdiyi ölkələrdə müşahidə etdiyimiz obyektiv reallıqdır. Geosiyasi maraqların kəsişməsindən kənarda yerləşən Tunis kimi “qaydanı təsdiq edən istisnanı” və ordunun siyasi proseslərə birbaşa müdaxilə etmə ənənəsi olan Misiri çıxmaq şərtilə bütün qeyri-demokratik, korrupsiyaya və sosial ədalətsizliyə duçar olmuş ölkələrdə eyni nəticəni görürük- genişlənən, güclənən, kütləviləşən uzunmüddətli sosial etiraz aksiyaları, hakimiyətlərin iflici və böhranı, vətəndaş qarşıdurmaları, ardınca xaos, müharibələr və zəif halqalardan başlayaraq, ölkələrin faktiki parçalanması.
Beləliklə, ilk baxışdan paradoksal görünsə də, inqlablar xalqlara gözlədikləri xoşbəxtliyi, əmin-amanlığı və ədaləti gətirmir.
“Bizdə belə olmayacaq”, düşünənlər böyük yanlışlığa və məsuliyətsizliyə yol verirlər. İctimai-siyasi inkişafın ümumi qanunauyğunluqları əsasında bənzər səbəblər və şərait bənzər ictimai-siyasi nəticələrə gətirir.
 
Azərbaycan belə dövrünü 90-cı illərin əvvəllərində yaşadı- kütləvi etiraz aksiyaları, dövlət hakimiyətinin iflici, 3 aylıq hakimiyətsizlik dövrü və bunun nəticəsində 92-ci ilin mayına qədər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinin tamamilə itirilməsi. Bu dövrdə ölkədə digər separatçı hərəkatlar da fəallaşmağa başlamışdı. Hakimiyətə gəlmiş inqlabi qüvvə ölkə qarşısında dayanan vəzifələrin öhdəsindən gəlməmiş və daha bir il sonra xalq yenidən “dəmir əl” tələb etmişdi.
 
Beləliklə, inqlab yolu əslində yol deyil, xaosa, zəifliyə və ölkənin parçalanmasına aparan, 25 il once keçdiyimiz psevdoyoldur.

Üçüncü yol- xalqın ölkə həyatında aparıcı qüvvə rolunu özünə qaytarmasıdır. Bunun üçün xalqımız milli dövlətçiliyə sahib müasir, mədəni millətə çevrilməlidir.
Müasir, mədəni millət- dövlət hakimiyətinin mənbəyi olduğunun şuurunda və fərqində olan, seçkilərdə iradəsini ortaya qoyan seçici- vətəndaş toplumudur. Buradan, toplumun millət olmasi dərəcəsi onun seçkilərdə nümayiş etdirdiyi seçici(səsvermədə iştirak) fəallığına düz mütənasibdir.
 
Başqa sözlə, millət yalnız real elektorat(seçici) olduğu dərəcədə müasir siyasi anlamda millətdir.
Bu gün Azərbaycanda real seçici fəallığı 10-15%-sə, deməli biz 10-15 % dərəcəsində millətik, qalan hissəmiz vətəndaşlıq pasportuna malik siyasi iradəsiz kütlədir. (Buna görə avtoritar hakimiyətin bu kütlə ilə müvafiq rəftarı əslində təəcüblü deyil. Xalq özü iqtidarı onunla bu cür rəftara təhrik edir. Bu zaman “qurunun oduna(10-15%) yaş da yanır”).
Etiraf edək ki, obyektiv tarixi və subyektiv səbəblərdən Azərbaycan xalqında seçkilərdə və referendumlarda səsvermədə iştirak ənənəsi yaranmamışdı və yoxdur.
Səsvermə hüququnu əldə etdiyi təxminən 100 ilin ilk 70 ilini azərbaycanlı sovet təkpartiyalı siyasi sistemdə yaşamış, səsvermə hüququnun gerçəkləşdirib-gerçəkləşdirməməsi həyatına təsir etməmiş, “yuxarıdan” gələn “formallıq” kimi qəbul olunmuşdu.
 
Dövlət müstəqilliyinin bərpasından sonra da iqtidarlar «Azərbaycanın dövlət hakimiyətinin yeganə mənbəyi xalqdır» Konstitusiyası maddəsinin ictimai-siyasi həyatımızda gerçəkləşməsində maraqlı olmayıblar.
 
İlk dövrdə qısa müddət hakimiyətdə olmuş qüvvələr bütün inqlabi qüvvələr kimi öz «missiyalarını» dağıtdıqları quruluşun qanunlarının fövqündə görmüş, dövlət idarəçiliyində qanundan çox, «inqlabi şuura», passionar tərəfdarlarına və ideoloji şuarlara söykənmişlər.
 
Onları əvəzləmiş(bu günə kimi sürən) şərq avtoritar tipli siyasi quruluş xalqın şuurunda seçkilərə ənənəvi sovet yanaşmasını bütün vasitələrlə yaşatmış, xalqın dövlət hakimiyətinin mənbəyi deyil, iqtidarın rəiyyəti olması düşüncəsini hər cür bəsləmiş və həmin siyasətini davam etdirməkdədir.
 
Bu dövrdə siyasi müxalifət də seçkilərə yalnız hakimiyət dəyişikliyi vasitəsi kimi baxıb, qalib gəlmək şansı olmayınca, xalqı boykota çağırıbdı. Seçkilər özündə hakimiyət dəyişikliyi funksiyasını daşısa da, müxalifət nəzərə almır ki, onun boykot çağırışları real seçki vərdişi və ənənəsi olmayan bir xalqa yönəlib və bu mənada vətədaş şuurunun və məsuliyətinin formalaşmasına xidmət etmir.
 
Yuxarıda qeyd etdiyim faktorların cəmi nəticəsində ömründə seçkilərə getməyən yüz minlərlə azərbaycanlı, ənənəvi («işim-gücüm yoxdu seçkiyə gedim?») seçki passivliklərinə “onsuzda qutudan istədiklərini «çıxardacaqlar»” bəhanəsiylə “bərait” qazandırırlar.
Vəziyət kökündən dəyişdirilməlidir. Bu yolun hədəfi və uğur ölçüsü seçkilərdə iqtidarın yaxud müxalifətin qələbəsi deyil, məhz real yüksək seçici fəallığının təmin edilməsidir. Siyasi təfəkkürümüzdə «xalqı seçki yolu ilə hakimiyət dəyişikliyinə nail olmağa inandıraraq, seçkilərə cəlb etmək» dominant yanaşmadan imtina olunmalıdır. Bu yanaşmanın kökündə xalqın, «ölmüşəm, məni götürün»(kimsə götürsün) düşüncəsi durur. Xalq səsverməyə yalnız hakimiyət dəyişikliyi üçün deyil, öz taleyinə görə şəxsi məsuliyət hissi və verəcəyi səslə yaşadığı ictimai-siyasi mühitə münasibətini və mövqeyini iqtidara bildirmək məqsədi və motivi ilə cəlb olunmalıdır.
 
Beləliklə, üçüncü yol- xalqa, Konstitusiyada göstərilən, “dövlət hakimiyətinin yeganə mənbəyi” missiyasını seçkilərdə səsverməyə səfərbər etməklə qaytarmaq və milli dövlətçilik sisteminin “olmazsa-olmaz” şərti olan siyasi millətin yaradılmasıdır.
 
Yalnız qanun əsasında(seçki qutusu başında) ortaya qoyulmuş milli iradə ölkədə gerçək ictimai-siyasi sabitliyi və siyasi sistemin inkişafını təmin edə və dövlətçiliyimizə qarşı ciddi təhlükələrin qarşısını ala bilər.
Seçkilərdə real yüksək seçici fəallığı və iradəsini sərgiləyən millətə inqlab etməyə ehtiyac qalmır, çünki dövlətin sahibi olan millət, iqtidarı da, müxalifəti də, xarici qüvvələri də seçki və referendumlarda aşkar etdiyi iradəsi ilə hesablaşmağa məcbur edir. Seçkilərdə iştirak etmək şuuru və praktikası olmayan xalq üçünsə inqlab birmənalı olaraq dağıdıcı prosesdir.

Yuxarıda bir çoxumuzu düşündürən- prinsip etibarı ilə “Nə etməliyik?” sualının cavabına toxunmuşam. Bunu “Necə edək?” növbəti sualdır.

Nazim Bayram

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники