nazim-b3-160x150Seçki(səsvermə) səfərbərliyi

Hörmətli qazi qardaşlarım, ictimai-siyasi fəallar, vətənpərvərlər! 

Siz dövlətimiz və millətimiz üçün təhlükə anında canını ön cəbhələrdə, döyüş meydanında birbaşa güllə, mərmi, od-alova sipər etmiş- xalqın bütün təbəqələrindən, şəhərli, kəndçi, ziyalı, müəllim, bənna, idmançı və b., ölkənin bütün regionlarından- millətin öndərləri, milli dövlətimizin əsl sahiblərisiniz. Bu, tərif ya imtiyaz deyil- böyük məsuliyətdir. 
Bu gün bizi ciddi narahat edən ölkədaxili və xarici problemlər mövcuddur- Qarabağdan tutmuş, ölkə və cəmiyətin hər birimizə toxunan problemlərinə qədər- bunlar barədə deyilir, yazilir, məlumdular… sadalamağa ehtiyac görmürəm. Çoxumuzu, «vəziyətdən çıxış yolu nədi?», «nə edək?» sualı daim düşündürür.
 
Bu suala və alternativ yollara keçən statusumda toxunmuşam.

Necə edək?” sualına birgə cavablar tapmağa çalışmalıyıq. 
Aydın məsələdir ki, xalqın seçkilərdə səsvermədə iştirak etməyə cəlb edilməsi dəqiq, geniş və dərin, fərdi və ümumi təbliğatla mümkündür. Hər bir potensial seçiciyə onun səsvermədə iştirak etməsinin vacibliyi və əhəmiyəti hər kəsimə ən uyğun fərdi yanaşma ilə aydın, güclü, dəlillərlə çatdırılmalıdır.
Azərbaycanlı insan anlamalıdır ki, ləyaqətli həyat və övladlarının gələcəyi üçün səsvermədə iştirakının alternativi yoxdur.

Səsvermə təbliğatı bütün vasitələrlə aparılmalıdı. Bu işdə siyasi müxalifətin imkanlarından geniş istifadə olunmalı, hətta deyərdim, işin böyük hissəsini müxalifət üzərinə götürməli, qollarını çirmələyib, xalqın arasında iş aparmalı, seçici fəallığının artırılması işinə, zəhmətinə bütün imkanları ilə qatılmalıdır.

Dünənki qısa müzakirə göstərdi ki, çoxumuz hələ də seçkilərə yalnız hakimiyət dəyişikliyi vasitəsi kimi baxır, “ya hər şey ya heç nə!” deyib, hakimiyətin seçki yolu ilə dəyişilməsinə inanmayınca, ictimai-siyasi həyatın seçki kimi mərkəzi və mühüm hadisəsini iqnor edirik. Mənə deyirlər, «sonu bəlli olan seçkiyə nə üçün gedirik ki?» Bunu bildik. Bəs əvəzində nə təklif edirsiniz? İnqlab? İnqlab baş verəndən 6 ay sonra həmin bu millət deyəcək, “vallah, İlhamın vaxtında bundan min dəfə yaxşı idi. Nəyimiz yox idi? Pensiyamızı alırdıq, uşaqlarımıza bir tikə çörək tapırdıq, məktəbə arxayın göndərə bilirdik…” Daha 6 aydan sonra isə YAP-ın hakimiyətə qayıtmasını tələb edəcəklər. Axı biz bunları bilirik, görmüşük…(92-ci ilin sonlarında YAP yarananda AXC 5 ay idi ki, hakimiyətə gəlmişdi). Niyə qanuni seçki yolundan istifadə etməyə cəhd etmədən, özünüzü dağa-daşa salırsınız?

Hazırki şəraitdə seçkilərə konkret namizədin udub-uduzacağı nəticəsini düşünərək yanaşdıqda və nəticəyə inam olmadıqda, səsverməyə getmədikcə, heç nə dəyişməyəcək, hər şey olduğu kimi qalacaq və daha da pisləşəcək. 
Seçkilərə ifrat praqmatik yanaşma kökündən səhv yanaşmadı.
Seçkilər ilk növbədə vətəndaş məktəbidir. Bu məktəb bizdə heç vaxt olmayıb, müəllim heyyətimiz də yoxdu. Təklif etdiyim seçki səfərbərliyi Azərbaycan üçün yeni yanaşmadı. Bu yanaşmada kimi seçəcəyimiz, seçkilərin nəticələri, onlara təsir edən pozuntular və səsvermə saxtakarlıqları ikinci məsələdi.

Seçki pozuntularının və saxtakarlıqların qarşısı yalnız yüksək seçici fəallığı ilə alına bilər. Yüksək seçki fəallığı fonunda və şəraitində keçən seçkilər tamamilə fərqli siyasi reallıq və ab-hava yaradır. Bu şəraitdə seçki müşahidəçiləri daha fəal və qətiyətli olurlar(çünki indiyə kimi səsverməyə getməyən, indi isə səsverməyə gəlmiş geniş xalq kütləsinə arxalanırlar), saxtakarlığa və pozuntulara vərdiş etmişlər isə aciz qalırlar. 
Bu məqam önəmli olduğundan üzərində qısa da olsa, dayanmağı vacib hesab edirəm. Əksəriyətimiz razıyıq ki, seçkilər saxtalaşdırılır. Lakin rəqəmlərə varsaq, görərik ki, saxtalaşdırmanın məqsədi heç də düşündüyümüz kimi konkret namizədi uduzdurmaq deyil. İş burasındadır ki, ildən ilə müxalifət namizədlərinə təxminən 200-250 min civarında səs verilir və bu səslər saxtalaşdırılmır. İqtidarın inzibati resursu olan «büccə işçiləri» isə təxminən 900 min seçici təşkil edirlər. Bunlardan cəmi 300-400 minini seçkilərə çıxarmaqla iqtidar müxalifət üzərində faktiki inamlı qələbə qazanır, müxalif namizədlərə səs vermiş seçicinin səsinin(bülleteninin) saxtalaşdırılmasına ehtiyac qalmır.
Bəs səsverməyə gəlməyənlərin səsləri nə üçün kütləvi saxtalaşdırılır?
Buna son parlament seçkiləri misalında baxaq.
 
«Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Maddə 74. Birmandatlı seçki dairələri üzrə seçkilərin nəticələrinin müəyyən edilməsi
Birmandatlı seçki dairələri üzrə seçkilər o zaman baş tutmuş sayılır ki, seçkilərdə müvafiq seçki dairəsinin seçicilər siyahısına daxil edilmiş seçicilərinin 50 faizindən çoxu iştirak etmiş olsun. Seçkilərdə iştirak etmiş seçicilərin yarıdan çoxunun lehinə səs verdiyi namizəd seçilmiş sayılır…
Maddə 75. Çoxmandatlı seçki dairəsi üzrə seçkilərin nəticələrinin müəyyən edilməsi
Çoxmandatlı seçki dairəsi üzrə seçkilər o zaman baş tutmuş sayılır ki, seçkilərdə bütün seçicilərin 50 faizindən çoxu iştirak etmiş olsun…»

Beləliklə, saxtakarlıq ümumi seçici fəallığının qanunda göstərilmiş 50%-lik kvotanın aşması və seçkilərin baş tutması üçün edilir.

MSK-nın rəqəmlərinə görə son parlament seçkilərində seçicilərin 55,54%-i iştirak edib. Bu, 2 894 515 nəfər seçici təşkil edir. Başqa sözlə desək, tanıdığımız ortayaşlı hər iki adamdan biri. İndi isə özümüzə cavab verək, tanıdığımız, ətrafımızda olan seçki hüququna malik insanlardan neçə nəfəri səsverməyə getmişdi? Bu qədər adam seçkilərə getsəydi, yəqin ki, bunu hər birimiz əyani görüb, bilərdik. 
Real seçici fəallığı ölkədə 15%-i aşmır. Qalan 40%- təxminən 2 mlndan artıq səslər seçki məntəqələrində “lazımlı” namizəd qeyd olunmaqla, topa-topa qutuya salınır. Saxtakarlıq da məhz qanunda göstərilmiş 50%-lik kvotanın aşması məqsədini güdür.

Təsəvvür edək ki, 5 mln 200 min seçicidən 3 mln-u həqiqətən seçkilərdə səs vermiş olsa, 3 mln səsi saxtalaşdıra bilərlərmi? Buna heç kəs getməz. İş seçki protokollarında deyil, hər birimizin gözü önündə seçkiyə getmiş qohum-qonşu, dost-yoldaşın real verdiyi səslərdə olacaq. 
Bunları seçkilərdən konkret nəticə(hakimiyət dəyişikliyi) gözləyənlər üçün açıqladım. Gerçəkdə isə 55%-70% seçicinin səsvermədə iştirak etməsinə hazır olmaları faktının özü ölkədə bir çox müsbət dəyişikliklərə təkan verə bilər. Yəni güclü seçki təbliğatı və onun seçkilərə hələ bir il, 1.5il qalmış nəticələri- geniş kütlənin yaxın seçkilərdə səsverməyə gedəcəkləri faktı iqtidarın xalqa münasibətini köklü dəyişəcək. Nəticə istəyənlər üçün bu, minimum proqramı olmalıdı.
 
Buna əsl geniş seçki səfərbərliyi ilə nail olmaq mümkündür.

Nazim Bayram

 

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники