nazim-b3-160x150Gəncə hadisələrinin ildönümdür və «qiyamçı polkovnik» adlandırılan Surət Hüseynovun ən yaxın silahdaşlarından olmuş 709 saylı hərbi hissənin keçmiş qərargah rəisi, polkovnik-leytenant Nazim Bayramov bir neçə gündür ki,Moderator.az-a maraqlı yazılar göndərir.

Onun növbəti yazısını təqdim edirik: moderator.az/?xeber=47469

Fevralın 8-i 1993-cü ildə Azərbaycan prezidenti  Əbülfəz Əliyev  gözlənilmədən Tofiq Seyidovu AXC İcraiyyə Komitəsinin (İK) sədri vəzifəsindən azad edir və həmin vəzifəyə elə həmin gün Naxçıvandan gətirilmiş, ixtisasca həkim olan Fərəc Quliyevin təyin olunması haqqında sərəncam imzalayır.  Qarabağın yolunu belə tanımayan Fərəc Quliyev cəbhədəki vəziyətdən və 2-ci Ordu Korpusu komandanı Surət Hüseynovun Ağdərədəki əməliyyata rəhbərlik fəaliyətindən bixəbər olduğu halda,  fevral 9-u, 1993-cü ildə  S. Hüseynov haqqında AXC İK-i adından AzTV-də iftira xarakterli belə bir bəyanat verir: “S. Hüseynov Ağdərədən iki briqadanı çəkib, bununla ermənilərin qarşısını açıb, nəticədə 3 kənd itirilib. Bununla S. Hüseynov vətənə xəyanət edib”. Bəyanatında dediyi “xəyanəti” “təsdiq” etmək üçünsə, çapa ötürülmüş 108 saylı döyüş sərəncamını göstərir.

Birincisi, istənilən dövlətdə müharibə zamanı hər hansı komandirin fəaliyətinə hansısa siyasi partiya, yaxud ictimai- siyasi hərəkatın (AXC  hakim siyasi qüvvə olsa belə) qiymət vermək hüququ yoxdu. Bunu yalnız dövlətçilikdən xəbəri olmayan təxribatçı edərdi.

İkincisi, hərbi vəzifəli şəxsin fəaliyətinə yalnız onun birbaşa rəisləri, yaxud, rəisin təyin etdiyi hərbi- texniki ekspertiza qiymət verə bilər.

Bəyanat səslənən gün Prezident Əbülfəz Elçibəy Gəncədə səfərdə idi və İcra Hakimiyətinin binasında S. Hüseynovla hərbi məsələlərlə bağlı görüşmüşdü.Ali Baş Komandanın 2-ci OK komandanına heç bir irad bildirmədiyi, əksinə,onun fəaliyyətini hər kəsin önündə təqdir etdiyi halda, bu bəyanat çox qəribə səslənirdi.  Bəyanat veriləndən sonra S. Hüseynov bir daha prezidentləgörüşüb, “Bəy, bu nə iş idi?”, deyə soruşanda, o,  F. Quliyevin bəyanatından xəbərsiz olduğunu bildirir. Ali Baş Komandan bir daha hər kəsin eşidə biləcəyi səslə  S. Hüseynovun heç vaxt Vətənə xəyanət etməyəcəyinə inandığını, yaxın günlərdə məsələni aydınlaşdırıb, onu yanına dəvət edəcəyini bildirmişdi.

Həmin gün Ağdərədə olan müdafiə naziri Rəhim Qazıyev və daxili işlər naziri İsgəndər Həmidov F. Quliyevin bəyanatını eşidən kimi Gəncəyə gəlib S. Hüseynovla görüşürlər və bəyanatın əsassız olduğunu bildirirlər. R. Qazıyevin bu yaxınlarda bildirdiyinə görə bu bəyanatı Rauf Arifoğlu tərtib etmişdi. Onu da qeyd edim ki, bəyanat AXC İcraiyyə Komitəsi adından verilsə də, İK-də müzakirəyə çıxarılmamışdı.  İK-nin 20 nəfər üzvünün əksəriyətinin bu bəyanatın hazırlanmasından və verilməsindən xəbərləri olmamışdı. Hətta AXC İK-nin bir neçə üzvü, o cümlədən AXC-nin sədr müavini,  AXC İK-nin üzvü Arif Paşayev bəyanata sərt şəkildə etirazını bildirmişdi.

Beləliklə, yanvar hücumuna aid olan və fevralın 5-dən sonra cəbhədə ermənilərin əkshücumu ilə bağlı yaranmış vəziyətlə heç bir əlaqəsi olmayan 108 saylı əmr “S. Hüseynovun xəyanətinin” təsdiqi kimi AXC iqtidardaxili qrupları tərəfindən onu “vurmaq” üçün istifadə edildi. Halbuki,  fevralın 5-də Nəcməddin  Sadıkovun 703-cü briqadası tərəfindən itirilən 3 kənd,  fevralın 8-ə qədər 123-cü alay tərəfindən yenidən qaytarılıb,  703-cü briqadanın müdafiəsinə verilmişdi. Yəni 108 saylı əmrin cəbhədə fevralda baş verənlərə ümumiyətlə aidiyatı olmadığı kimi, Fərəc Quliyevin bəyanatında S. Hüseynovun “xəyanəti” nəticəsində itirilmiş o 3 kənd də, bəyanat verilməmişdən əvvəl artıq qaytarılmışdı və bizdə idi.  Bu onu göstərir ki, S. Hüseynovun “zərərsizləşdirilməsi”  ölkənin müdafiəsi üçün ağır nəticələnsə delə, baş tutmalı idi. Nə yazıq ki, bu günə qədər bir nəfər də olsun çıxıb demir ki, yeganə məqsədi Vətənin müdafiəsi olan Sürət Hüseynova qarşı aparılan təxribatın səbəbi nə idi?

Fevralın 12-si (1993-cü il)  Prezident Əbülfəz Elçibəy Sürət  Hüseynovu Bakıya dəvət edib, onunla gecə saat 12-dən 1.30 qədər söhbət edir. O, bir daha S. Hüseynovun xəyanət etmədiyinə inandığını bildirib, onun yanında F. Quliyevə zəng edib. Ölkə başçısı  ondan bəyanatını geri götürməyini xahiş edir.  Lakin F. Quliyev bundan imtina edir.  Prezident “demokratiyadı, bəy, sözümə baxmırlar. Eybi yox, AXC ictimai- siyasi hərəkatdı, biz o bəyanata dövlət adından təkzib verərik”-deyir.

Daha sonra prezident  S. Hüseynova “Bəy, Qarabağ məsələsinin həllinə artıq böyük dövlətlər qarışıb, məsələ sülh yolu ilə həll edilməlidi. Biz xidmətlərinizi yüksək qiymətləndirib sizə Milli Qəhraman adı vermişik. Qərara gəldim ki, Prezidentin Qarabağ və ətraf rayonlar üzrə nümayəndəliyini ləğv edim.  Sizi isə “Yevlax İlkin Yun Emalı Kombinatı” bazasında yeni təşkil olunan “AzərYun” Dövlət Şirkətinə prezident təyin edirəm”, deyib, qəbul otağında gözləyən P. Hüseynovu iş otağına dəvət edir.  Ona S. Hüseynovun “AzərYun”a təyinatı haqqında fərmanı hazırlamasını və səhər imza üçün gətirməsini tapşırır.

Səhərisi gün, fevralın 13-də  S. Hüseynov təyin olunduğu vaxtda PrezidentAparatına gəlir. Bu zaman P. Hüseynov fərmanın hazır olduğunu, lakin hələ imzalanmadığını, axşamüstü gəlib aparmağını ondan xahiş edir. Ordan S.Hüseynov İsgəndər  Həmidovla görüşmək üçün DİN-ə gəlir. Ona nazirin olmadığını deyirlər. Rövşən Cavadov aşağı enib qarşılayır onu. Ümumi söhbət əsnasında aydın olur ki İ.Həmidov əslində nazirlikdə, xidməti otağındadı. S.Hüseynov evə dönərkən yolda fikrini dəyişib, başqa yerə gedir. Yollarına davam edərkən qohumları isə binanın blokunda həbs olunurlar. Bunu eşidən S. Hüseynov Bakıdan Gəncəyə qayıdır və oradan Prezidentə telefon açaraq qohumlarının nə səbəbə həbs edildiyini soruşur. Prezident S. Hüseynova bu həbslərdən xəbəri olmadığını bildirir.  Bunları İ. Həmidovun özbaşınalığı kimi dəyərləndirir və həbs olunanların dərhal buraxdıracağına söz verir.

Həticədə S. Hüseynovun qohumları elə həmin gün axşam azad edilirlər.

Bundan sonra S. Hüseynov F. Quliyevin bəyanatının təkzibini və həmin günlər cəbhə bölgəsində qanunsuz həbs edilən 123-cü alayın 64 əsgərinin azad edilməsini tələb edir. 123-cü alayın 20 gün ərzində ağır şəraitdə hücumda olan, gücdən düşmüş bu qəhrəman əsgərlərin başlarını qırxıb, avtobuslarla Tərtərə gətirib,əhaliyə «ermənilər» kimi təqdim edərək, daş-qalaq etdirmişdilər.

1993-cü ilin fevral ayında F. Quliyevin bəyanatının təkzibi tələbi ilə Gəncədə və Yevlaxda çoxminli mitinqlər başladı. Gəncədəki mitinqdə çıxış edən dövlət müşaviri Arif Hacılı bəyanatın dövlət səviyyəsində təkzib ediləcəyinə söz verir.

Ə.Əliyevin əmrilə 108 saylı döyüş sərəncamını qiymətləndirmək üçün Baş Qərargahın rəisi general- mayor Nürəddin Sadıqovun rəhbərliyi ilə hərbi- texniki ekspertiza(HTE) keçirilir. Nürəddin Sadıqov Prezidentin 20 fevral (1993) tarixdə apardığı geniş tərkibli hərbi kollegiyada nəticəni açıqlayır:  “108 saylı döyüş sərəncamı zəruridir, məqsədəuyğundur, 2-ci OK komandiri bu sərəncamı verərkən öz səlahiyətlərini aşmayıb” və əlavə olaraq bildirmişdir ki, “Surət Hüseynovun əməllərində xəyanət axtarmaq əbəsdir”.

Maraqlısı budur ki,   Ağdərə və Fərrux uğursuz hücum əməliyatlarına bilavasitə rəhbərlik etmiş şəxslərə- Nəcməddin Sadıkova həmin ərəfədə vaxtından əvvəl  general- mayor rütbəsi verilir və vəzifəsi böyüdülərək, 1-ci Ordu Korpusu komandanı təyin edilir. Həmçinin Fərrux əməliyatına bilavasitə rəhbərlik etmiş Mehman Səlimovun da  rütbəsi və vəzifəsi böyüdülür. Əmri yerinə yetirməyərək Ağdərədə hücuma keçməyən Daxili Qoşunlar  alayının komandiri Sabir Şabanov da DQ komandanın müavini vəzifəsinə yüksəldilir.  703-cü briqadanın mühəndis- istehkam xidmətinin rəisi mayor Piriyev isə istintaq tərəfindən təqsiri müəyyən edilməsinə baxmayaraq, cəzalandırılmır.

Fərəc Quliyevin bədnam bəyanatını dövlət müşaviri Arif Hacılı AzTV-də  dövlət adından təkzib etdi. Lakin bəzi AXC fəallarının və o zamankı iqtidar mənsublarının siyasi oyunları bitmədi. Nəticədə, heç bir səbəb göstərilmədən, bütün döyüşlərdən hər dəfə zəfərlə çıxan 123-cü alay fevralın 20-də ləğv edildi. Bu alayla yanaşı 143-cü artilleriya h/h-si, 032 saylı əlahiddə tank batalyonu, ermənilərə qan udduran 778 saylı xüsusi təyinatlı batalyon (“Təkgöz bayquş”)  və Ağdamın “Qarabağ şahinləri” batalyonu buraxıldı. Bunun nəticəsində ordumuzun müdafiə qabiliyyətinə sağalmaz yaralar vuruldu. Surət Hüseynov isə Qarabağın müdafiəsinə rəhbərlikdən uzaqlaşdırıldı. Düşmənə ən böyük hədiyyə də elə bu oldu: Qarabağ hərbi təşkilatçısız, başsız qaldı.

Fevralın  20-si 2-ci OK-un qərargahı Gəncədən Ağcabədiyə keçirildi və korpus komandanı daxili qoşunlar general-mayoru Rafiq Ağayev təyin edildi. Lakin Gəncədəki anbarlarda 2-ci OK-ya məxsus silah- sursatlar və ləvazimatlar qalmışdı. Bunlar 2-ci OK keçmiş komandanı S. Hüseynovdan qanunda nəzərdə tutulmuş qaydada təhvil alınmalı idi. Lakin S. Hüseynovdan tələb edirdilər ki, Gəncədəki keçmiş 2-ci OK-nin  ərazisini sadəcə tərk etsin. Korpusun mülkiyətinə komandan kimi maddi məhsuliyyət daşıdığından və özünə qarşı Ə. Elçibəyin nəzarətindən kənar iqtidardaxili qrupların təxribatçı fəaliyətlərini nəzərə alan S. Hüseynov Müdafiə Nazirliyi tərəfindən təhvil- təslim komissiyasının yaradılmasını tələb edirdi. O, komissiya qarşısında anbarlarda qalan silah-sursat, ləvazimat və hərbi mülkiyyətin inventarlaşdırılıb, ondan qəbul edilməsini və müvafiq şəkildə təhvil- təslim aktının tərtib edilib, bir nüsxəsinin də ona verilməsini şərt kimi irəli sürmüşdü. Lakin fevralın sonundan martın sonuna qədər Müdafiə Nazirliyi tələb olunan komissiyanı təşkil etmirdi.  İqtidardaxili ayrı-ayrı qruplar isə S.Hüseynovun qanuni tələblərini  geniş ictimaiyyətə siyasi rəhbərliyə “meydan oxumaq” kimi təqdim edir və bu məsələ ətrafında süni gərginlik və ajiotaj yaradırdılar.  Hərbi hissənin ərazisi bu zaman ərzində silahlı mühasirədə saxlanılmışdı. Komissiya təşkil edib anbarlardakı silah-sursatı  təhvil almaq əvəzinə hakimiyət tərəfindən Gəncəyə S. Hüseynovla “danışıqlar aparmaq” üçün nümayəndələr göndərilirdi.  Hələ o vaxt məqsəd  S. Hüseynovun bu tələblərindən istifadə edərək, ona qarşı  “Tufan»a bənzər bir əməliyat keçirmək idi. Lakin sonda təhvil- təslim komisiyası təşkil olundu. 2-ci OK-un anbarları S.Hüseynovdan qəbul edildi və 123-cü alayın 64 əsgəri 40 gün qanunsuz  həbsdə saxlanıldıqdan sonra azad olundu. Bu məsələlərlə bağlı Gəncədə 1 ay davam edən  gərginlik  el ağsaqqalları Tofiq Bağırovun və İsmayıl Şıxlının vasitəçiliyilə 27 mart 1993-cü ildə aradan qaldırıldı. İsgəndər  Həmidov da dövlət adından S. Hüseynovla barışığa gəldi.

1993-cü ilin 22 fevral- 27 mart dövrü ərzində ermənilər Ağdərənin böyük hissəsini, o cümlədən, Sərsəng su anbarının hövzəsini işğal edərək, Tərtər- Kəlbəcər yolunu bağladılar.

Martın 27-də düşmən Kəlbəcərə genişmiqyaslı hücuma keçdi. Ölkənin siyasi və hərbi rəhbərliyinin daha bir kobud səhvi nəticəsində 701-ci briqada vaxtında Laçından çıxarılıb, Kəlbəcərin müdafiəsinə gətirilmədi.   Ermənilərin Kəlbəcərə hücumundan sonra Laçından çıxarılan 701-ci briqada Hoçazdan Kəlbəcərə  dağlarda döyüşə- döyüşə 100 km yol qət edərək, Ağdərə istiqamətindən hücumun qarşısını çətinliklə də olsa  bir neçə gün alsalar da, müdafiəsiz qalan Azərbaycan-Ermənistan  sərhəddindən düşmənin 83 saylı briqadasının hücumu nəticəsində aprelin 2-də Kəlbəcər işğal olundu.

Kəlbəcərin işğalı ilə bağlı “milli- demokratlar”ın bu gün də davam edən  təbliğatlarında «günahkar» kimi Surət Hüseynovun adı hallandırılır. Lakin bir daha  xatırladıram ki,  Surət Hüseynov dövlət rəhbərliyi tərəfindən fevralın 12-dən hərbi işlərdən kənarlaşdırılmış və bütün səlahiyyətləri əlindən alınmışdı. Onun sərəncamında nə  bir əsgər, nə başqa qüvvə, nə də bir təsir vasitəsi var idi. Həmin ərəfədə o, yuxarıda da göstərdiyim kimi  Gəncədə dövlət nəzarətində, bir növ “ya həbs olunma, ya məhv edilmə” təhlükəsi ilə qarşı -qarşıya idi…

Kəlbəcərə, Ağdərəyə və Laçına isə o zaman artıq general- mayor olmuş Nəcməddin Sadıkovun rəhbərlik etdiyi 1-ci OK-u cavabdeh idi. Kəlbəcərin itirilməsinin səbəbi rayonun müdafiəsinin dövlət rəhbərliyi tərəfindən düzgün təşkil edilməməsi idi.

Beləliklə də, 1993-cü ilin yanvarındakı səhv hücum qərarı və həmin hücumların pozulmasına yönələn  hərbi təxribatlar, o cümlədən 3 kəndin itirilməsi ətrafında qurulmuş siyasi oyunlar nəticəsində ordu  başsız qoyuldu və idarəolunmaz hala gətirildi.  Bununla da 1993-cü ilin fevralında ordumuz müharibədə həlledici faktor olan mühüm strateji hücum təşəbbüsünü əldən verdi.  Fürsətdən yararlanan düşmən hücum təşəbbüsünə yiyələndi və bu amil 1993-cü il boyunca acı məğlubiyyətlərimizə yol açdı…

Ardı var…

istinad - http://moderator.az/?xeber=47550

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники