Arxiv materiallardan səhifələr.

«Sizi əmin edirəm ki, bütün qüvvəmi Azərbaycanın azadlığı, torpaqlarımızın qorunması uğrunda mübarizəyə sərf edəcəyəm.»

Mehman Ələkbərov 1957-cı ildə Gəncə şəhərində anadan olub. Mehman H. Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitunun Tarix fakültəsini bitirib. Əvvəl Şamaxıda məktəb direktorunun müavini, sonra isə Gəncədə 1 saylı internat məktəbində və 36 saylı məktəbdə müəllim işləyib.

1990-cı ilin yanvar günlərində Todan , Sarısu, Çaykənd kəndlərinə erməni quldurlarıyla şiddətli döyüşlər gedən vaxt Mehman özünün yaxın silahdaşları ilə birlikdə həmin kəndlərin müdafiəsində iştirak edib. Yaxın dostlarının həlakına və erməni qəsbkarlarının azgınlığına dözə bilməyən Mehmanın vuruşmaq əzmi daha da güclənib və Gəncə batalyonunun yaradılmasına nail olub. O, öz batalyonu ilə birgə Tərtərin, Ağdərənin, Goranboyun, Xanların kəndlərinin müdafiəsində iştirak edib və şərəfli döyüş yolu keçib. Mehmanın qəhrəmanlığı sayəsində Həsanqaya adlı ərazidə, Gəncə batalyonu yüksək döyüş nümayış etdirərək erməni silahlılarının əfsanəvi ”Arabo” batalyonunun 170-dən çox canlı qüvvəsini məhv edib. Ermənistanda bu hadisələylə bağlı 3 günlük matəm elan olunub və həmin əməliyyatdan sonra əks tərəfin komandanlığı Mehmanın başına 6 milyon məbləğində pul da qoyub. Ama təəssüf verici haldır ki, bizim tərəfin Mehmana verməli olan polkovnik rütbəsi bu günə qədər də sahibinə çatdırılmayıb. Bütün bunlara baxmayaraq, Mehman öz batalyonu ilə Ağdərənin Kasaped, Drambun, Aterk kəndləri ilə yanaşı, Şuşa , Laçın, Füzuli bölgələrindəki döyüşlərdə də iştirak edib. Bu döyüşlərdə Mehman 28 yara almasına baxmayaraq sarsılmayıb və həmişə özünü yeri vuruşlara hazırlayıbdır. Lakin 2-ci Marquşavan döyüşü uğursuzluqla nəticələnib, bunun səbəbi isə Mehmanın həmin döyüşdən yayındırılması olub.

Lakin…1993-cü il iyunun 4-də, Gəncədə 709-№li hərbi hissə dövlət qoşunları tərəfindən mühasirəyə alınarkən Mehman qardaş qırğınının qarşısını almaq məqsədiylə əlində ağ bayraq onlara tərəf gedib və silahları endirməyə çağırıb. Ancaq Mehmanın bu çağırışı onu ölümün girdabına itələyib, Mehmanın çağırışına güllə ilə cavab verən “qardaşlar ” onu amansızlıqla güllələyib.

Sapı özümüzdən olan baltaların 18 gülləsiylə igid komandir 36 yaşında yerindəcə həlak olub.

Mehman Ələkbərovun yazdığı məlumatdan:

-Mən 1992-ci il mart ayının 1-dən Birinci Gəncə Özünümüdafiə batalyonuna kəşfiyyat taqımının komandiri kimi getmişəm. Dörd gün sonra ilk kəşfiyyat əməliyyatını keçirmişəm. Nəticədə düşmənin 10 gizli məntəqəsi aşkarlanmış və iki quldur məhv edilmişdir. 18 martdan 29 martadək Qırmızıkənd və Üçüncü sovxoza tərəf hərəkət etmişik. 21 martda sursat üçün Gəncəyə qayıdarkən Kəpəz hərbi komissarlığı və Gəncədəki Fövqəladə Komitə batalyonda möhkəm nizam-intizam yaratmaq üçün mənə batalyon komandirinin müavini vəzifəsini təklif etdilər. Müdafiə Nazirliyi onu təsdiq etdi. 26 martda Tərtərdə olan dəyişikliklər zamanı məni müvəqqəti olaraq həmin bölgədəki “N” hissəsinin qərargah rəisi qoydular. Mən eyni zamanda Tərtərin hərbi komendantı, qərargah rəisi və batalyon komandiri vəzifəsini icra edirdim. 9 apreldə bizə komandir göndərdilər. Lakin əsgərlər onu qəbul etmədi. 10apreldə Marquşevan uğrunda döyüşlərə atıldıq. İki düşmən PDM-ni məhv etdik, bir əl pulemyotu qənimət götürdük. İki əsgər və bir zabitimiz qəhrəmancasına şəhid olsa da, düşmənə canlı qüvvə sarıdan xeyli itki verdik. Mən sol budumdan ağır yaralandım. Bərdə xəstəxanasında müalicə olundum. Həmin vaxt bizimkilər ermənilərin güclü müqaviməti ilə qarşılaşmışdılar. 11 mayda mənə həvalə olunmuş texnikanı gətirmək işi ilə məşğul olduğum üçün ikinci döyüşdə iştirak etmədim. İkinci döyüşdə Marquşevana hücum baş tutmamış və külli miqdarda itki verən qoşunlarımız geri çəkilməli olmuşdular. Bizim batalyonda səkkiz nəfər şəhid olmuş, iyirmi dörd nəfər yaralanmışdı.

Az sonra mən 25 nəfərlə Dozuların geri qaytarılması əməliyyatında iştirak etdim. İyun ayında qərargah rəisi polkovnik-leytenant Şikar Şikarovla Torpaqtəpə əməliyyatını hazırlamağa başladıq. Əməliyyat uğurlu keçsə də bu zaman minamyot atəşinə düşdük və Şikarovu itirdik. Gözümdən və sinəmdən qəlpə yarası aldım. Bu döyüş zamanı bizə veriləcək əlavə qüvvə və texnika da döyüş meydanına gəlib çıxmadı. Torpaqtəpəni Şikarovsuz tutduq. Iki dəfə Çaylı əməliyyatı baş tutmadı. Üçüncü dəfə isə hücuma hazırlaşan qüvvələr günortayadək hücum etmədi. Mən məcbur olub texnikasız hücuma keçmək haqqında öz batalyonuma əmr verdim və irəli cumduq. Yuxarı və Aşağı Çaylını biz tutandan sonra yerdə qalan qüvvələr hücuma kecdilər. Ümumi hücumla Həsənqayanı da düşməndən təmizlədik. Ertəsi gün Qnep düşməndən azad edildi. Bir nəfər əsgərimiz şəhid oldu.

Leninavanı azad etdikdən sonra yolları minadan təmizlədik. 50-dən artıq tank əleyhinə minanı zərərsizləşdirdik. İyunun ortalarında düşmən Həsənqayaya üç dəfə hücum etdisə də, hər dəfə geri

oturuldu. İyunun axırında polkovnik Abramyanın batalyonunu Həsənqaya ilə Çabrat arasında mühasirəyə alıb məhv etdik. Tərtər, Bakı, Xanlar və polis batalyonları da bizə köməyə gəlmişdilər. 84 nəfər quldur məhv edilmiş, 15 ədəd avtomat, 1 ədəd pulemyot, 56 ədəd bir dəfə istifadə edilən qranatomyot (Muxa) qənimət götürülmüşdü. Sonra üçüncü Sovxoza, Cabrat və Ağdərəyə hücum təşkil edildi.

3-4 iyulda biz Ağdərə və Drambona qədər ərazini düşməndən təmizlədik. Ağdərə döyüşündə sağ çiynimdən də ağır yaralandım. Biz düşmənin 4 topunu da ələ keçirmişdik…

Azərbaycan Respublikası Müdafiə Nazirinə Mehman Ələkbərovun 21 aprel 1992-ci ildə yazdığı təqrirdən:

Yazıb Sizə bildirirəm ki, silahların qeydiyyatı və paylanması işi çox pis vəziyyətdə olduğu üçün yeni qeydiyyat kitabı açdım və yoxlama zamanı aydın oldu ki, 25 avtomat və 2 ədəd tapança çatışmır. Mən Gəncədən xüsusi yoxlama komissiyası tələb etdim. Batalyonda külli miqdarda yeyinti halları da olduğu aşkara çıxdı. Məlum oldu ki, 392 əsgər adı ilə gətirilən ərzaq və sursat müxtəlif gizli əllərdə satılıb-yeyilirmiş. Halbuki batalyonda yüzdən artıq əsgər yox idi. Sonra “Qurtuluş”u bizim batalyona qarşı qoydular. Əgər qəti tədbir görməsəydik qardaş qanı töküləcəkdi. Gördüyümüz tədbirlər nəinki qarşıdurmanı aradan qaldırdı, həm də batalyonları daha da yaxınlaşdırdı. Sonra biz Şahinlə birlikdə oğurlanmış silahların axtarılmasına başladıq. Nəticədə dörd silah oğurlayan tutulub əvvəlcə Gəncə şəhər Kəpəz rayon DİŞ-nin əməkdaşları tərəfindən dindirildi. Sonra isə Tərtər şəhər DİŞ-nin sərəncamına göndərildi. Dörd ədəd avtomat silah hissəyə qaytarıldı.Hal hazırda mafiyaçı qrupların əlində oğurluq silahlar çoxdur. Onlar da gecələr talançı və hərbi hissələrə basqınçılıqla məşğuldurlar. Sizin əraziyə gəlişiniz zamanı baş vermiş faciəli hadisənin özünüz şahidi oldunuz. Qruplaşmış silahlı bandalarla yalnız ordunun gücü ilə mübarizə aparmaq olar.

Sizi əmin edirəm ki, bütün qüvvəmi Azərbaycanın azadlığı, torpaqlarımızın qorunması uğrunda mübarizəyə sərf edəcəyəm…

Lakin Mehman bütün qüvvəsini Vətən uğrunda sərf edə bilmədi. Namərd qardaş gülləsi onun döyüş yolunu yarı yolda kəsdi. Mehman Qarabağda yox, erməni gülləsiylə yox, öz şəhərində, “qardaş” gülləsiylə şəhid oldu.

ALLAH SƏNƏ QƏNİ – QƏNİ RƏHMƏT ELƏSİN, RUHUN ŞAD, YERİN BEHİŞT OLSUN, ƏZİZ KOMANDİR!

 

GÜNEL MƏMMƏDOVA

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники