Arif Paşa: “Həmin dövrdə cəbhə bölgəsini tərk edən qüvvələr Elbrus Orucovun komandanlığı altında idilər”

“Elbrus Orucov Azərbaycanın Rusiyanın tərkibində qalması tərəfdarlarından biri idi”

Bu günlərdə Azərbaycanın dilbər guşələrindən biri olan Laçın rayonunun ermənilər tərəfindən işğal edilməsinin 21 ili tamam olur. 1992-ci il, may ayının 18-də ermənilər tərəfindən işğal edilən Laçın rayonunun hansı zərurətdən düşmənə təhvil verilməsi, Laçının müdafiəsinə cavabdeh olan hərbi birləşmələrin nə səbəbdən işğaldan bir neçə gün əvvəl Laçından çıxarılması barədə hər ötən il maraq doğuran suallar ortaya çıxsa da, lakin bu günə qədər həmin suallara tam aydınlıq gətirilməyib. Ən əsası Laçının işğal edilməsində o zamankı Azərbaycan hakimiyyətinin hansı məsuliyyəti daşıdığı və bu məsuliyyəti nə üçün tam mənası ilə yerinə yetirmədiyi cəmiyyəti hələ də düşündürür. Laçın rayonunun işğalının 21-ci ildönümü ərəfəsində o dövrdə “Laçın” alayının komandiri olmuş Arif Paşa ilə söhbətləşməyi qərara aldıq. Hazırda ölkədən kənarda yaşayan Arif Paşa  ilə müsahibəmiz arzuladığımız formada baş tutmasa da, hər halda bəzi suallara cavab tapa bildik. Keçmiş alayı komandiri bizimlə söhbətində Laçın rayonunun işğalına səbəb olan amillər, eləcə də o zamankı ictimai-siyasi vəziyyət barədə danışıb.

-Arif bəy, bu günlərdə Laçının işğalının 21-ci ili tamam olur. O zaman döyüşlərdə yaxından iştirak edən “Laçın” alayının  komandiri olaraq necə düşünürsünüz, Laçın rayonunun işğalı hansı zərurətdən meydana gəldi və o zamankı hakimiyyətlərin bu işğalda səhvi nədən ibarət idi? 

-O zamankı hakimiyyətin mərkəzi hökumətə inamı, Azərbaycanı Rusiyanın təsir dairəsinə qaytarmaq istəyi ordu quruculuğunda ciddi nəticələrə gətirib cıxaran ləngimələrə səbəb oldu ki, bu da Laçının işğalı üçün zəmin yaradırdı.

-Həmin dövrdə Azərbaycanı təsir altına salmaq istəyən xarici dairələr Laçının işğalında nə dərəcədə maraqlı idi? 

-O vaxt Azərbaycanın məğlubiyyəti həm Rusiyanın, həm də Iranın bilavasitə maraqları daxilində idi, Qərb dövlətləri isə bu məsələdə seyriçi movqe tuturdular.

-İddia edilir ki, Azərbaycan Xalq Cəbhəsinin o zaman hakimiyyətə can atması və hərbi texnikanın Bakıya gətirilməsi Laçının işğalı üçün zəmin yaratdı. Bu iddialarla razılaşırsınızmı? 

-Həmin dövrlərdə Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəlmək üçün cəbhə bölgəsindəki hərbi qüvvələri və texnikanı Bakıya gətirməsi barədə deyilən məlumatlar başdan ayağa uydurmadır və heç kimin əlində bunu təsdiq edəcək bir fakt belə yoxdur.  Azərbaycan Xalq Cəbhəsini hakimiyyətə gətirmək üçün hansı hərbi hissə Bakıya gətrilibsə qoy, həmin hərbi hissənin adını açıqlasınlar.

-O vaxt Surət Hüseynovun silahlı dəstələrinin rəhbərliyə tabe olmaması işğal faktını nə dərəcədə sürətləndirdi? 

- Həmin dövrdə cəbhə bölgəsini tərk edən qüvvələr Elbrus Orucovun komandanlığı altında idilər və Elbrus Orucovun Azərbaycan Xalq Cəbhəsinin üzvü olmasi barədə mənim məlumatım yoxdur. Bunun əksini sübut edəcək faktlar isə kifayət qədərdir. Yəni Elbrus Orucov Azərbaycan Xalq Cəbhəsinə nifrət edən adam idi. Elbrus Orucov Azərbaycanın Rusiyanın tərkibində qalması tərəfdarlarından biri idi.

Surət Hüseynova gəlincə isə, etiraf etmək lazımdır ki, həmin dövrlərdə Surət Hüseynovla heç bir problem yox idi. Əksinə Surət Hüseynovun hərbi hissələrə çox böyük köməyindən danışsaq daha ədalətli olar. Surət Huseynovla hökumət qarşıdurması Laçın rayonunun işğalından  bir il sonra baş verdi.

-Arif Paşa Laçının işğal edilməsində özünü müəyyən mənada günahkar hesab edirmi? 

-Mən  özümü istənilən məsuliyyətdən kənar hesab edirəm. Çünki 30 aprel, 1992-ci il 0151 saylı əmrlə mən “Laçın” alayının komandirliyindən uzaqlaşdırılmışdım. Hansı ki, həmin hərbi hissənin şəxsi heyətindən tutmus hərbi kazarması, geyimi, ərzağı silah-sursatı, tankı, topu, hərbi marşına qədər hər bir atributu mənim zəhmətimlə, həyatım və canım bahasına əldə edilmişdi.

Bu, yolda mən dəfələrlə ölümlə üz-üzə qalmışam.

-Son günlər müğənni Aygün Kazımovanın Laçın və Qubadlı uğrunda gedən döyüşlərdə olduğu barədə məlumatlar cəmiyyətdə müzakirə mövzusuna çevrilib. Uzun müddət döyüş yolu keçmiş biri olaraq Aygün Kazımovanı həmin illərdə ön cəbhədə görmüsünüzmü? 

-Aygün Kazımovanın həmin dövrlərdə Laçına yox, ancaq Qubadlı rayonuna gəlməsinin sahidi olmuşam. O, bir dəstə döyüşçü ilə birlikdə Qubadlıya gəlmişdi.

-Təcrübəli döyüşçü olaraq Azərbaycan torpaqlarının geri qaytarılmasının yolunu nədə görürsünüz? 

-Torpaqlarımızın düşməndən geri alınması hökmən baş verəcək bir məsələdir. Bu bir reallıqdır ki, alınmayan qala yoxdur. Sadəcə bütün anlamlarda o qalanı almağı istəmək lazımdır.

istinad - http://www.olaylar.az/news/interview/40901/

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники