1488458480_nazim-bayram-e1462805990258Surət Hüseynovun ölkə.az saytına verdiyi müsahibə bəzi saytlarda və sosial şəbəkədə ona qarşı qaralama və linç dalğası qaldırmışdı. Doğrusu, internetdə epizodik oluram, ona görə izləmədim. Reaksiya vermək fikrim yox idi, ancaq anti-surət isteriyasında şərəfli döyüş yolu keçmiş (xidmət etdiyim) 123 saylı həmlə-zərbə alayına, döyüş yoldaşlarıma, şəhidlərimizə iftiralar atılır. İndi kim nə danışsa da, uzağı 20-30 ilə bitərəf, obyektiv araşdırmalar ortaya qoyulacaq. Sırf döyüş tarixini əks etdirən, “döyüş hesabatı” adlı sənədlər Baş Qərargahın arxivindədi və haçansa işıq üzü görəcəklər.
91-ci ilin sonundan 92-ci ilin mayına qədər acı məğlubiyətlər, qətliamlar və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini və Laçını itirilməsi baş verdi. Ölkədaxili siyasi vəziyət elə idi ki, Qarabağda müharibə gedirdi, amma Yevlaxdan o yana bu hiss olunmurdu. Bakının başı qarışmışdı özünə. Məhz bu şəraitdə Surət Hüseynov Qarabağda mütəşəkkil müqaviməti və ən əsası real, işlək vahid komandanlıq yaratdı- “Hərbi Birlik”(Hərbi Birliyin təsis bəyanatını aşağıda komentlərdə paylaşacam). 1992-ci ilin mayın 5-i Qarabağda döyüşən 54(əllidörd) könüllü batalyon təşəbbüsü ilə Ağdamda toplantı çağırıldı və komandirlər S.Hüseynovu özlərinə komandan tanıdılar, Hamı “HB”-in qərarlarına əməl edəcəyini söz verdi. Hərbi Birliyə, o cümlədən, Milli Ordumuzun nizami hərbi hissələri də daxil idilər.
12 iyun 1992-ci il ordumuzun genişmiqyaslı yay hücumunu məhz S.Hüseynovun rəhbərliyi ilə Hərbi Birlik etmişdi. O, həqiqətən Qarabağ uğrunda real birlik idi, buna görə çox işlər edə bildi. Həmin ilin avqustunda isə ordu quruculuğu çərçivəsində korpuslar yaradıldı. Eyni zamanda Hərbi Birliyə daxil olan yerli özünümüdafiə batalyonlar yerli briqadalara daxil olundu, briqadanın batalyonu oldular. Qarabağ korpusunun rəhbəri isə Surət Hüseynov təyin edildi. Uğurlu yolumuz 1993-cü ilin yanvarına qədər davam etdi.
1992-ci ilin uğurlu ikinci yarısının sonlarından başlayaraq, Qarabağ korpusunun planına uyğun Seyfəlidə ehtiyat qüvvəsi hazırlanırdı. 1993-ün ilin martın sonlarına qədər 10 minlik hücum qüvvəsi apreldə Xankəndiyə son zəfər hücumuna hazır olmalıydı.
93-cü ilin yanvarında 4 min 500 nəfərlik ehtiyat qüvvəsi artıq hazır idi. Qışda hündür dağlıq yerlərdə irimiqyaslı hücumlar aparılmır. Lakin ölkənin hərbi-siyasi rəhbərliyi bu ehtiyat qüvvəsini qışda lazımsız irimiqyaslı hücuma atdı. Ə.Elçibəyi inandırmışdılar ki, “bu qoşunu bizim üstümüzə gəlmək üçün hazırlanıb, əgər bizə qarşı hazırlanmayıbsa, onda cəbhəyə, döyüşə göndərilsin”. Beləliklə, Baş Qərargah hücum planı hazırladı. Yanvarın 14-də başlanmış və yanvarın 30-a qədər davam edən Ağdərə və Fərrux hücum əməliyatının nəticəsində yeganə ehtiyat qüvvəmiz, hərbi nöqteyi nəzərdən, tamamilə mənasız hücumda “əridildi”.
9 fevral 1993-il tarixli AXC İcraiyyə Komitəsinin sədri Fərəc Quliyevin məlum təxribatçı və iftiraçı bəyanatı ilə Qarabağda müqaviəti təşkil edən şəxs «vətən xaini» adlandırılmaqla, ordunun başından götürüldü. “Surətin xain çıxması” ilə cəbhədə ruh düşkünlüyü yarandı. Bir anda 40 minlik ordu döyüş şəraitində nüfuzlu başçısız qaldı, idarəçilik zəiflədi, logistika pozuldu.
Düşmənin əks-hücumu gedirdi, bizdə isə döyüşkən, təcrübəli(2 minlik) hərbi hissə “Surətin dəstəsi” kimi ləğv olunurdu. Buna nəylə bərait qazandırmaq olar? Təhrif buradan başlayır. Müharibənin ortasında öz uğurlu qoşunlarımızı siyasi intriqalara qurban edib, ləğv etdilər. Əsl xəyanət budu. S.Hüseynovu əvəzləyəcək, ümid edilən hərbçilər və liderlər isə özlərini doğrultmadılar. O zamandan- 1993 ilin fevralından- bütün il boyu hücum təşəbbüsü ermənilərdə oldu.
Fevralda Ağdərədə başladıqları əks-hücumun davamında ermənilər böyük qruplaşma ilə martda Kəlbəcərə hücuma keçdilər. Elementar canlı qüvvə çatmırdı. 123 saylı hərbi hissə ilə bərabər, Rəhim Qazıyevə aid edilən MN-nin xüsusi təyinatlı 778 saylı batalyon, Yaqub Rzayevin “Qarabağ şahinləri” dəstəsi də ləğv olunmuşdu, təcrübəli komandirlər ləkələnərək, ordudan uzaqlaşdırılmış, yaxud yanvar hücumunda həlak olmuşdular. Vəziyət kritik həddə çatanda, rayonun müdafiəsinə Bakıda və başqa şəhərlərdə metro və bazarlarda “oblava”larda tutulan hazırlıqsız adamlar avtobuslara basılıb, birbaşa cəbhəyə, atəş xəttinə göndərilirdi. İlk “oblavalar” Kəlbəcərdəm başladı. Bir-iki il əvvəl meydanlarda milyonlarla “Qarabağ!” hayqıran milləti “milli hökümət” torpaqların müdafiəsinə səfərbər edə bilmədi, orduya elementar çağırış təmin olunmurdu. Normal səfərbərlik keçirilsəydi, millət torpaqların müdafiəsinə səfərbər olunsaydı, “oblavalara” ehtiyac olardımı? Ordu quruculuğu lazımınca aparılsaydı, “oblava”larla yığılmış hazırlıqsız ordu dövlətin yeganə ümid yeri olardımı? Kəlbəcərin işğalından sonra Murovu saxlamaq üçün Prezident Ə.Elçibəy S.Hüseynova könüllüləri toplamaq və hərbi hissə yaratmaqda kömək etməsini xahiş etdi. S.Hüseynova qarşı qaralama kampaniyasını aparanlar bu məqamı niyəsə həvəslə xatırlamırlar. Çünki elementar məntiqlə xəyanət etmiş hərbi rəhbərə 2 aydan sonra dövlət yenidən hərbi yardım üçün müraciət etməz. Düzdü, 709-cu briqada yaradılandan və Murovu saxlamaqda kömək edəndən 2 ay sonra, AXC hakimiyətdaxili səbəblərdən iyunda Gəncəyə 709-un üstünə qoşun çəkildi. Ancaq briqadanın əsas bölmələri Murovda döyüş mövqeyində dayanmışdılar və 4 iyunda Gəncədə baş verənlər barədə xəbərləri belə olmamışdı.
S.Hüseynovun baş nazir olandan sonra beş rayonun itirilməsi arasında birbaşa əlaqə yaradanlar da yalnız siyasi qərəz və 4 iyuna görə düşmənçilik edənlərdi. 93-cü ilin iyununda ordu yenidən zəif və pərakəndə haldaydı. AXC hakimiyətdə qalsaydı belə, nə davamlı atəşkəsə nail ola, nə rayonların müdafiəsini təşkil edə bilərdi, çünki artıq mart ayından düşmənin genişmiqyaslı davamlı hücumunu saxlaya biləcək qüvvə qalmamışdı. Kəlbəcərin müdafiəsi və “oblavar” buna faktiki dəlillərdi. 1993-cü ilin mayında Ter-Petrosyan iqtidarı AXC iqtidarı ilə “doqquz ölkənin vasitəçiliyi ilə” “Böyük Sülh Sazişini” müzakirə edəndə, Qarabağın separatçı rəhbərləri Qarabağ ətrafında “təhlükəsizlik kəməri” yaratmaqlarına Rusiya hərbiyəsindən “dobro” almışdılar. Söhbət torpaqdan gedirsə, bu şəraitdə əsas sual hakimiyətdə kimin olması deyil, kim olsa, ordusu varmı?, sualıdı. İndi artıq uşaq da bilir ki, ermənilər sülh yolu ilə torpaq qaytarmayacaqlar. Bəs o vaxtı erməniləri buna nə məcbur edə bilərdi? Yalnız ordumuzun uğurları. Bu isə yox idi. Qeyd edim ki, mühakimə olunanda S.Hüseynov nə Ağdərə, nə Ağdamın işğalı ilə bağlı məhkum olunmamışdı, ona qarşı torpaqla bağlı maddələr yoxdu. Bunu öyrənmək çətin deyil, bu, məxfi məlumat deyil. Onsuzda “dövlət çevrilişinə cəhd” maddəsi ilə ömürlük həbsə göndərilən adamın ayağına torpaq itkilərini də yazmaq olardı. Bu, hətta o zaman mümkün olmamışdı. Lakin sosial şəbəkənin məlum hissəsi insanı “torpaq satan” kimi damğalayır və buna dərindən inanır. Bunlar necə hüquq şuuruna malikdirlər..

“Surətin dəstəsi” ifadəsi xalq arasında əvvəldən sevinclə və ümidlə deyilirdi. Səmimi desəm, “dəstə” sözü bir hərbçi kimi qulağıma “xaric” səs kimi dəyir, amma neyniyək, xalq belə adlandırmışdı. Xalqa “dəstə” sözü daha doğma və aydındı.
Ancaq siyasi opponentlər, “Surətin dəstəsi” ifadəsini “başıpozuq, vəhşi dəstə” mənasında təbliğat şablonu kimi istismar edirlər.
Həmin “dəstənin”- müdafiə nazirliyinin h/h-i -123 saylı həmlə-zərbə alayının keçmiş qərargah rəisi kimi sizi, 123-cü alayın hərbi cəhətdən nə olduğu ilə tanış etmək istəyirəm. Qısa desəm, atəş gücünə, vasitə və imkanlar baxımından o illərdəki NATO analoqundan ən azı geri qalmırdı, bəzi göstəricilərdə daha güclü idi. Belə ki, alayın sərəncamında bir bölmə döyüş helikopteri və iki həmləçi təyarələr var idi. Alayın tank taburunda 48 yeni T-72B tankı və s. zirehli döyüş texnikası, artilleriya, o cümlədən zenit), suvari dəstə var idi. Döyüşə 150 nəfərə 50 PK pulemyotu ilə girirdik. PK-ın sıx atəşi meşədə kol-kosla birlikdə, gizlənmiş erməniləri də biçirdi. Alayda 2 min və yalnız yüksək döyüş hazırlıqlı və texnikada güclü və təcrübəli könüllü əsgərlər və “əfqan” keçmiş komandirlər var idi. Bütün bu texnika və vasitələri döyüşdə düzgün işlətmək, istifadə etmək tələb olunurdu. Alayın öz iki aviakorrektəçisi var idi, eyni zamanda kəşfiyatçılar idi, helikopterlərin və təyarələrin atəşini yönəldirdilər. Hərbçilər bilirlər, aviakorrektə savad və peşəkarlıq tələb edir. Onlardan biri, çoxların buradan tanıdığınız rəhmətlik Bayram Bayramov idi, ali savadlı riyaziyatçı, alayın kəşfiyat bölüyünün komandiri, baş leytenant. H/h-nin döyüş və maddi təminatı ən yüksək səviyədəydi, ən yüksək maaş və premiyalarla. Əsgər yalnız indi kəsilmiş cöngə əti yeyirdi. Alayın hansısa bölüyünün haradasa dağlarda müəyyən qədər ac qalan vaxtları, əlbəttə olub, ancaq onlar bilirdilər ki, başlı-başına buraxılmayacaqlar, ona görə ac döyüşüblər. Ancaq ümumən təhcizat-təminat yüksək səviyədəydi. Alayın yarısından çoxu “SNQ forması” geyinirdi, o zaman ən keyfiyətlisini və bahalısını. Keçmiş döyüşçülər düz anlasınlar, onlara acıq vermirəm) Ancaq sizdə bilirsiniz, 123-ü görmüsünüz.
Alayın döyüş yolu 92-ci ilin iyunun 12-i başlamışdı. Şaumyan və Ağdərə əməliyatlarında alay, öz təyinatına uyğun, hücumlarda ön dəstədə hərəkət edib. Bir sıra qəhraman oğullar və Şəhid olmuşlar alayın sıralarında döyüşüblər. Onların adlarını xalq bilir, Şəhid Xosrov Əhmədov, Şəhid Mehman Ələkbərov, Şəhid Bəxtiyar Əliyev, Şəhid Xaqani Axundov, Soltan bəyin əmisi oğlu və qərargah rəisi Lələ bəyin nəvəsi və başqa ləyaqətli, qeyrətli oğullar və kişilər. Alayın bölmələrinin döyüş aktivində tam məhv edilmiş düşmənin güclü dəstələri və komandirləri var.
Alayın başına gətirilən oyunlara və buraxılmasına baxmayaraq, alayın komandir heyyəti və könüllülərin çoxu həmin tərkibdə 709-cu briqadada, daha sonra 181-ci briqadada döyüş yollarını davam etdirmişdilər. 181-ci briqadada xidmət edəndə 5 nəfəri “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşlar. 123-cü alayın keçirdiyi döyüş əməliyatları hərbi dərsliklərə taktika bölüyünə salınmalıdı… əsgər və komandirlərin şücaətini və döyüş ustalığını demirəm. Tanıyın 123-cü alayı, əziz dostlar, bu, nizam-intizamlı h/h-ə yaranandan buraxılana qədər döyüşdüyü- Qarabağın şimalında, şimal-qərbində və cənub-qərbində- bütün hücumlarda iştirak etmiş və hamısında qarşısına qoyulmuş bütün döyüş tapşırıq və vəzifələrini yerinə yetirmişdi. Belə alayla fəxr etmək lazımdı. Onu siyasi oyunların qurbanı etdilər. İndi isə, “Surətin dəstəsi” deyib, təbliğatlarının qurbanı edirlər. Bu, heç bir yandan doğru deyil.

Nazim Bayram

ardı var…

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники