nazim-b3-160x150«Müharibənin bir neçə müxtəlif qüvvələrin aparması yalnız dövlətçiliyin olmaması yaxud zəif olduğu şəraitdə baş verir»

Qarabağ qazisi, ehtiyatda olan zabit Nazim Bayramov millət vəkili Fazil Mustafanın mətbuatdakı çıxışlarının birində səsləndirdiyi fikirlərə cavab olaraq Moderator.az-a bir məqalə göndərib, onu təqdim edirik:

«Deputatın toxunduğu mövzunun mühüm olduğunu nəzərə alaraq, münasibət bildirməyi lazım bildim.
Xalqı müxtəlif xüsuslarda tənqid etmək mümkündü və lazımdı, lakin müharibəni dövlət aparır və müharibənin nəticələrinə görə məhsuliyəti dövlət rəhbərliyi daşıyır. Dünyada nə tamamən qəhrəman, nə tamamən qorxaq xalq yoxdu. Ancaq qorxaq, bacarıqsız, yaxud qətiyətli və bacarıqlı rəhbərlik olur və xalqın tavrı liderliyi üzərinə götürmüş siyasi zümrənin necəliyindən birbaşa asılıdı.
Müharibənin bir neçə müxtəlif qüvvələrin aparması yalnız dövlətçiliyin olmaması yaxud zəif olduğu şəraitdə baş verir.
1988-ci ildən başlamış və 91-ci ilin sonlarında 366-cı alayın silah-sursat, texnikası ilə ermənilər tərəfindən hərbi eskolasiya ilə davam etmiş müharibə zamanı keçmiş DQMV və Laçının işğalına qədər dövlət rəhbərliyi zəif olmuş, fəal müxalif siyasi qüvvələr isə düşmənin ərazi iddiaları qarşısında ideoloji şuarçılıq və siyasi demaqogiya vasitəsilə Qarabağ yanğısı ilə ayağa qalxmış xalqın gücünü mövcud dövlət strukturlarının zəiflətməsinə, onların işini iflic etməyə, xaosa yönəltmişdilər. Bu qüvvələr düşmən təhlükəsini siyasətləri üçün əlverişli faktor, 91-ci il Qarakənd faciəsini isə fürsət bilib qanunvericilik hakimiyətini zəbt etmişdilər. Yeri gəlmişkən, məqalədə xalqın zəif və qorxaq olmasını göstərmək üçün istinad edilən “Prezident Apparatının qarşısına tabutların gətirilməsi» hadisəsinin biri, Xocalı faciəsinin qurbanlarının tabutlarını Ağdam məscidindən Bakıya PA-nın qabağına aparmaq cəhdi olmuşdu. Ağdamda bunun qarşısı alınmışdı. Bu haqqda Ağdamın hərbi fövqaladə komendantı Camal Əhmədovun «Əzablı ömür» sənədli povestində yazılıb, adlarla, familiyalarla. Sonra həmin o, «qurşaqdan aşağı zərbə» AXC iqtidarına qarşı da istifadə olundu. Bunların, rəqiblər tərəfindən edildiyini müəllif elə o zaman bilirdi. Nə üçün bunu xalqın ayağına yazır? Bu iyrənc qara mübarizə fəndləri xalqın o zamankı döyüş ruhunu və əzmini heç cür xarakterizə etmir. Bu təxribatdan yenidən, ancaq bu səfər xalqa qarşı məqsədli istifadə etməkdənsə, tövbə qapılarının hələ açıq olmasından yararlanıb, keçmiş səhvlərə və cinayətlərə görə səmimi peşmançılıq, siyasi və insani əxlaqa daha yaxın olardı.
92-ci ilin mayında hakimiyyətə gələnə qədər bu qüvvələrin rəhbərliyi ölkədə ikihakimiyətlilik, bir müddət isə hakimiyyətsizlik şəraiti yaratmış və bununla müharibə şəraitində kövrək müstəqil dövlətçiliyimizin kökünə məsuliyətsizcəsinə baltalar vurmuşdular. Bakı hakimiyyət həyacanları və ehtirasları ilə yaşayarkən, Qarabağ öz qara taleyinə buraxılmışdı. Bu səbəblərdən Qarabağda silahlı mübarizəni ilkin olaraq, bir neçə qüvvə aparmışdı.
Müharibə, dörd qolu olan siyasi- diplomatik, iqtisadi, informasiya və silahlı mübarizədən ibarət mürəkkəb hərbi-siyasi hadisədi. Göründüyü kimi məqalədə müəllif silahlı mübarizədən və buna hazırlığımızdan söz açıb. Silahlı mübarizə həlledici olsa da, müharibənin o biri qollarına ən möhtac qoldu. Səfərbərliklə yığılmış ordu xalqdan ayrı deyil və ola bilməz. Hətta silahlı mübarizə peşəkar ordu ilə aparılsa da, ordu gücünü xalqdan alır. Buna görə, müharibə şəraitində ordunu başqa, xalqı başqa qüvvə görmək, qüsurludu və reallıqda ayrı olmur.
Silahlı mübarizə başladıqda dövlət xalqın gücünü, siyasəti, iqtisadiyati və diplomatiyasını yalnız və yalnız silahlı mübarizənin hədəflərini təmin etməyə səfərbər etməlidi. Hansı dövlət bu səfərbərliyi daha yaxşı keçirsə, cəmiyyətdə daha yüksək birlik və vəhdət yaratsa, o dövlət qalib gəlir. Biz bunu ermənilərdə gördük. Lakin bizdə vahid və məqsədyönlü müharibə siyasəti görmədik. Bizdə milli birlik yaradılmadı, iqtisadiyat obyektiv səbəblərdən dağılmışdı, diplomatiyanın səfərbərliyinin dərəcəsi isə o zamankı ABŞ-da səfirimiz C. Mollazadənin Azərbaycan əleyhinə erməni lobbisinin əməyi nəticəsində “907-ci düzəlişin” Konqresdə baxılmasından və qəbul edilməsindən öncədən xəbəri olmamasından aydın görünür.
Partizan hərəkatına gəldikdə, Qarabağdakı mövcud hərbi şərait partizan hərəkatını istisna edir, çünki partizan hərəkatının əsas həyat mənbəyi- yerli əhali- işğal olunmuş ərazilərdə yoxdu. Diversant əməliyyatları isə xüsusi əməliyat növüdü və konkret döyüş əməliyatlarının marağında keçirilir. Buna görə diversiyalara müstəqil və qələbini təmin edəcək əsas döyüş əməliyyat növü kimi baxılmır.
Müharibənin nəzəriyəsini ələ alaraq və qeyd etdiyim faktiki səbəblərdən 88-94-cü illərdə Ermənistan- Azərbaycan müharibəsində hərbi məğlubiyətimizin əsas səbəblərini anlamaq üçün tənqidi təhlil xalqdan deyil, iqtidarların və xalqı arxasınca aparmış siyasi qüvvələrin fəaliyətindən başlamalıdı.
Xalqımızın hərb ənənələrinin olmaması və obyektiv və subyektiv səbəblərdən yaranmaması ilə razılaşsam da, mülahizələrini əsaslandırmaq üçün müəllifin “88- 92-ci ilin uğurlarında yabançı birliklərin” roluna eyhamını müharibənin real tarixi təkzib edir.
Söhbət 91-ci ilin aprelindən başlamış, 3 ay sürmüş və “QKÇP” ilə bitmiş uğurlu “Koltso” əməliyatından gedirsə, bu əməliyyat respublikanın siyasi rəhbərliyinin Moskvadan dəstəyi ilə, o zamanın şərtləri çərçivəsində, təbii ki, sovet daxili qoşunlarının iştirakı ilə, lakin əsasən Azərbaycanın yeni yaradılmış xüsusi bölmələri tərəfindən həyata keçirilmişdi.
92-ci ildəki uğurlarımızda rusların roluna gəldikdə, “rusların rayonları alıb bizə verməsi” kimi cəfəngiyatın müəllifi və bunu nə üçün uydurduğu mənə məlumdu. Bunun cəfəngiyat olduğunu açıq polemikada faktlarla sübut etməyə hazıram. Məqalə müəllifi, geniş yayılmış və ictimai rəyin bir qismində həqiqət kimi qəbul edilən bu fikri xalqımızın döyüşkən olmaması haqqında mülahizəsini təsdiq etmək üçün təkrarlayır. Ancaq hərb tariximizi öz maraqlarına görə qəsdən təhrif edənləri bu işdən təgidlə çəkindirirəm.
Azərbaycan ordusunun 92-ci il uğurlu yay- payız hücum kampaniyasında rusların əsas rolu bizə sursat satmaqdan ibarət olub. Silah, artilleriya və texnika Daşkənd sazişi əsasında bizə verilsə də, bu prosesin rus h/h komandirləri tərəfindən tezləşdirilməsi və təhvil aldığımız texnika və avadanlığı sıradan çıxarmamaları üçün külli miqdarda pullar xərclənmişdi, sursatı isə ruslar bizə hələ daha iki ay pulla satdılar. Rusların bölmə şəklində iştirakı yalnız 14 iyun səhər saat 7-dən 14-də qədər fasilələrlə Şaumyanın Rus və Erməni Borisı kəndlərindəki düşmən mövqelərini verdiyimiz koordinatlarla minaatanlardan atəşə tutmaqdan ibarət olmuşdu. Saat 14-də onlar texnikalarını düzüb qayıtdılar daimi dislokasiya yerinə. 14-15 iyunda Şaumyan şəhərinə hücumda ordu bölmələrimizdən və yerli özünümüdafiə batalyonlarından başqa heç bir yabançı qüvvə iştirak etməyib. Rusların minaatanlarından isə ona görə istifadə olunmuşdu ki, artilleriyamız hələ təhvil alınmamışdı, ermənilər isə Laçından sonra Şaumyanda və Ağdərənin şimal-qərbində Çaykəndə hücuma keçmək üçün qüvvələr cəmləşdirmişdilər və onları qabaqlamaq lazım idi və qabaqladıq da.
Şaumyandan sonrakı Ağdərə əməliyatında və sonralar rus böləmələri heç bir döyüşdə iştirak etməyiblər, çünki artıq öz artilleriyamız da cəbhəyə gəlib çıxmışdı.
Əfqanların gətirilməsi də nə xalqın yabançılara ümidini doğrultmaq üçün, nə ordumuzun xahişi ilə baş vermişdi. Buna görə, əfqanların gətirilməsini xalqın yabançılara ümidi ilə bağlamaq və sonra məyus olmasına səbəbi kimi göstərmək- faktları öz önyarğılarına uyğunlaşdırmaqdan başqa bir şey deyil.
Bu ilin avqustunda cəbhədə yaşanan gərginlik göstərdi ki, xalq cəmiyyətdə tuğyan edən sosial ədalətsizliyə baxmayaraq, məğlubiyyət ləkəsini üstündən qaldırmaq üçün torpaqlarını azad etməkdə qətiyyətlidi. Bu gün keçmişdə olduğu kimi problem xalqda deyil, onu 25 ildi aldadan, etibarını doğrultmayan ölkənin siyasi elitalarındadı.
Nazim Bayram
İstinad — moderator.az/?xeber=61067

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники