nazim-b3-160x150Ağdamin işğal gününə bir neçə gün qalıb. 123- cü alayın qərərgah rəisi p/l Nazim Bayramovun bu hadisələri şərhi bir çox sirrlərin üstündən pərdəni götürür. Teref. info təqdim edir.

1993-cü ilin mayında Ermənistan bir tərəfdən Azərbaycan rəhbərliyi ilə, Pənah Hüseynovun imzaladığı, Böyük Sülh Sazişi bağlayıb(26 may 1993-cü il), o biri tərəfdən Kəlbəcəri işğal etmiş qoşunları və Ermənistandan Qarabağa yeni gətirdiyi qoşunların və vasitələrin Ağdama genişmiqyaslı hücum üçün zəruri yer dəyişmələrini və qruplaşmalarını həyata keçirirdi. Bunun üçün ermənilərə ən azı 3 həftə vaxt tələb olunurdu. Onlar bu qruplaşma və yerdəyişmələri ən geci mayın ortalarından həyata keçirməyə başlamışdılar, yəni BSS-i hazırlanarkən və imzalanarkən. 93-cü ilin mayın sonlarında ermənilər ilk dəfə Ağdama qarşı döyüş kəşfiyatı həyata keçirdilər.
Bu zaman AXC iqtidarı ermənilərlə bağladıqları Böyük Sülh Sazişə arxayın olub, 25 mayda Dövlət Təhlükəsizlik Şurasında “Sürət Hüseynov ya həbs edilməli ya məhv edilməlidi”- Ali Sovetin deputatına qarşı qeyri qanuni qərar qəbul edirdi. Bu məqsədlə Gəncədə “Tufan” əməliyyatı keçirmək üçün Ağdam cəbhə xəttindən artilleriya və topları çıxarıb, Gəncəyə 4 iyunda gətirilən gün, ermənilər Ağdamın cənub-qərbində hücuma keçərək, mühüm yüksəklikləri ələ keçirmişdilər.
12 iyun 1993-cü ildə ermənilər 8 minlik qoşun qruplaşması, o cümlədən Ermənistan Silahlı Qüvvələrinin 83-cü motoatıcı briqadası, Ağdama genişmiqyaslı hücuma keçdilər.
24 iyun 1993-cü ildə H. Əliyev Prezident və Ali Baş Komandan səlahiyyətlərini icra etməyə başladığı zaman, Ağdam şəhərini əhatə edən yüksəkliklər, Yeddixırmanın bir hissəsindən başqa, artıq düşmən əlində idi.
Ağdamı, yalnız düşməni Ağdamı əhatə edən bu yüksəkliklərdən vurub çıxarmaqla, xilas etmək olardı.
Heç bir vəzifəsi və xüsusi səlahiyyətləri olmadan S. Hüseynov, 93-cü ilin iyun ayı ərzində Ağdama bir batalyonluq silah-sursat, texnika göndərmiş, daima təyyarə və helihopter qaldırmışdı. Havadan zərbələrlə Ağdam ətrafında düşmənin 24 texnika və zirehli nəqliyyat vasitələri məhv edilmişdi. Eyni zamanda onun əmrilə Ermənistana da hava zərbələri endirilirdi.
30 iyun 93-cü ildə S. Hüseynov Baş Nazir təyyin olunan kimi, iyulun ilk günlərində Ağdama, AXC iqtidarı tərəfindən gözlənilmədən, 4 iyun 93-cü ildə məlum qanlı təxribat məqsədilə, buraxılmış və 30 iyun 93-cü ildə yenidən MN əmrilə bərpa olunmuş, 709-cu briqadanı Ağdam briqadası komandiri T. Məmmədovun tabeçiliyinə göndərdi.
Ağdama gəldiyi gün- 4 iyulda- 709-cu briqada Ağdam briqadasının qüvvələri ilə birlikdə əkshücuma keçərək, iki gün ərzində rayonun 8 kəndini düşməndən azad edib, bizim irimiqyaslı əkshücuma keçməyimiz üçün şərait yaratdılar. Ağdam briqadası komandiri T. Məmmədov iyulun 9-na Ağdamın ətraf yüksəkliklərindən düşməni geri oturtmaq məqsədilə əkshücum planlaşdırmışdı. Bunun üçün iki briqadanın artilleriyası birləşdirildi.
Lakin, 9 iyul 93-cü ildə ATƏTin(o zaman ATƏM) Qarabağ üzrə Minsk konfransının sədri Mario Rafaellinin başçılığı ilə beynalxalq vasitəçilərin regiona gəlişi və sülh danışıqlarının bərpası ilə bağlı, H. Əliyev 8 iyul saat 23-də Ağdam briqadası komandiri T. Məmmədova dərhal döyüş əməliyyatlarını və 9 iyula planlaşdırılmış əkshücumun keçirilməsini dayandırmaq, beynalxalq vasitəşilərin cəbhə xəttini monitorinq edəcəyi ilə bağlı qoşunları ön cəbhədən çəkmək əmrini verdi. S. Hüseynovun bu qərara etirazına, H. Əliyev məsələnin sülh yolu ilə həll edəcəyini bildirmiş, ona isə ölkənin sosial- iqtisadi problemləri ilə məşqul olmağı tapşırmışdı.
Vasitəçilərin iştirakı ilə Azərbaycan höküməti erməni tərəfilə, sonradan uzadılması nəzərdə tutulan, 10 günlük atəşkəs imzaladı. Bu 10 gün ərzində ermənilər toplarını Ağdamdan çəkməli və şəhəri top atəşinə tutmağa son qoymalı idilər. Lakin, ermənilər bu fasilədən istifadə edib, sülh danışıqların şərtlərini pozaraq, 19 iyulda tutduqları əlverişli mövqelərdən hücuma keçdilər. Beləliklə, 49 gün Ağdam müdafiəçilərinin qəhramancasına apardıqları döyüşlərdən sonra, 23 iyulda Ağdam işğal olundu.
Ağdamın işğalından sonra da hər rayonu işğal etməmişdən, ermənilər Minsk Qrupu vasitəçilərin iştirakı ilə sülh danışıqlarının aparılması bəhanəsilə 10 günlük atəşkəslər imzalayıb, sonda növbəti rayonu işğal edirdilər.

Bəzi qüvvələrin rayonlarımızın işğal səbəblərini bəsitləşdirərək, təbliğ etdikləri- “6 rayon S. Hüseynov- H. Əliyev qarşıdurması nəticəsində itirildi” tezisini tarixi həqiqətlər tamamilə rədd edir.

Qarabağın itirilməsi 1991-ci ilin sonlarından 1994-cü ilə qədər dövrdə Azərbaycan iqtidarlarının münaqişənin həllində buraxdıqları kobud səhvlərlə bağlıdır. Münaqişənin əvvəlindən və xüsusən hərbi eskalasiya dövründən Azərbaycan rəhbərləri təhlükənin ciddiliyini və mahiyyətini düzgün dərk etməmiş və qiymətləndirməmiş, məsələni sülh yolu ilə həllinə inanmışdılar və bu, özünü 1992-ci ildən başlayaraq, müharibə boyunca bağlanan atəşkəslər, döyüş əməliyyatlarının yarımçıq dayandırılması və bəzi hallarda dövlətin müharibə ilə yaxından məşqul olmamasında göstərmişdi.

Əvvəla, onu qeyd edim ki, 93-cü ilin yayında itirilmiş 6 rayondan biri- Ağdərə- iyunun 26-sı- S. Hüseynov Baş Nazir olmamışdan əvvəl işğal olunmuşdu, yəni “S. Hüseynov- H. Əliyev qarşıdurmasının” zahiri əsası belə olmayan zaman.

Məlumdur ki, 24 iyun 1993-cü ildən Prezident səlahiyyətlərini icra edən H. Əliyev, S.Hüseynovun onun nəzarətindən kənarda qalmaması üçün, bir siyasi gediş edib, ona Baş Nazir vəzifəsini təklif etmişdi. Cavabında S. Hüseynov müdafiə naziri olmağa razılıq verəndə, H. Əliyev ona, Qarabağın müdafiəsini tapşıracağını və bunun üçün güc nazirlərini Baş Nazirə tabe edəcəyini söz vermişdi.
Güc nazirlərinin bilavasitə Prezidentə tabe olunmaları Azərbaycanın müstəqillik qazandığı vaxtdan Ayaz Mütəllibov tərəfindən qərar verilmişdi və bu, prezident respublikası konsepsiyasına uyğun edilmiş, Ə. Elçibəy zamanında da saxlanmışdı.
H. Əliyev, 30 iyun 1993-cü ildə Baş Nazir təyyin etdiyi S. Hüseynovun tabeçiliyinə güc nazirliklərini vermədi. Lakin bu, iddia olunduğu kimi, qarşıdurmaya səbəb olmadı, çünki H. Əliyev nəinki S. Hüseynova Qarabağda müharibə aparmaq səlahiyyətlərini vermədi, o, 1993-cü ilin yay- payızında bir neçə dəfə müharibəni dayandırmaq və münaqişəni sülh yolu ilə həll etməyə cəhd etmişdi. Hakimiyyətə qayıdandan sona qədər H. Əliyev Qarabağ məsələsi ilə bilavasitə özü məşqul olmuşdu.
1993-cü ilin iyunun 17-dən bir atəşkəs, iyunun 27-dən 4 iyula qədər ikinci atəşkəs bağlanmışdı. Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün H. Əliyev iyulun 2-i ABŞ, Türkiyə və Rusiyayanı sülh prosesində daha fəal iştirak etməyə çağırdı, ayrıca bu ölkələri səfirlərini də dəvət edərək, bu çağırışını onlara rəsmən çatdırmışdı. Bu aylarda ABŞ, Türkiyə, Rusiya və ATƏMin Minsk Qrupu sülh danışıqlarını bərpa etmək üçün bir sıra ciddi təşəbbüslərlə çıxış etmişdilər. İyulun ortalarında bağlanmış atəşkəs haqqında yuxarıda qeyd etmişdim. 29 iyulda BMT Ermənistan- Azərbaycan münaqişəsilə bağlı ikinci qətnaməsini qəbul etmişdi. 1993-cü ilin yay- payız aylarında yenidən bir neçə dəfə 10 günlük atəşkəslər bağlanmışdı.
1993-cü ilin yayında S. Hüseynovla H. Əliyevin arasında Qarabağ münaqişənin həlli yolları haqqında ciddi fikir ayrılığı var idi, ancaq buna qarşıdurma demək olmaz.
Münaqişənin həllinə yanaşmada S. Hüseynovla AXC iqtidarı arasında da analoji fərqlər özünü göstərmişdi.
1992-ci ilin avqustun 27-də Almatıda Azərbaycan höküməti tərəfindən imzalanmış atəşkəsə S. Hüseynov, Qarabağa cavabdeh 2-ci ordu korpusuna rəhbərlik etdiyi zaman, etiraz etmişdi.
12 fevral 1993-cü ildə Prezident Ə. Elçibəy S. Hüseynovu Bakıya dəvət edərək, onun korpus komandiri və Prezidentin Qarabağ və ətraf rayonlar üzrə nümayəndəsi vəzifələrində göstərdiyi fəaliyyətdən razı olduğunu demiş, Vətən qarşısında xidmətlərinə görə onu Azərbaycan Milli Qəhraman adı ilə təltif etdiyini xatırladaraq, bundan sonra Qarabağ münaqişəsinin həllinə böyük dövlətlərin qarışdığını, məsələnin sülh yolu ilə həll ediləcəyini demiş və S. Hüseynovu hərbi vəzifələrdən uzaqlaşdıraraq, “AzərYun” dövlət konsernin prezidenti vəzifəsinə təyyin etmişdir.
Dövlət rəhbəri, Ali Baş Komandan müharibə aparmırsa, kim özbaşına müharibə apara bilər? Əvvəlcə gərək Ali Baş Komandanı müharibəni davam etdirməsi zərurətinə inandırasan, sonra deyəsən ki, “mənə səlahiyyət ver, müharibə edim”. Yox, müharibə aparılmırsa, Prezidentə aid səlahiyyətlərə görə, onunla (lap özü əvvəl söz vermişdi) qarşıdurmaya getmənin nə anlamı var? Yəni Qarabağ məsələsinin həlli yollunda həm Ə. Elçibəylə, həm H. Əliyevlə S. Hüseynovun zaman- zaman dərin fikir ayrılığı olmuşdur, lakin bu, qarşıdurma doğurmamışdı.
Zaman- zaman ona görə ki, hakimiyyətə yeni gələndə Ə. Elçibəy müharibənin aparılmasına razılaşdı, lakin sonra sülh yolunu tutmağa cəhd etdi, H. Əliyev isə əvvəlcə sülh yoluna üstünlük verdi, sonra münaqişəni hərbi yolla həll etməyə cəhd etdi. S. Hüseynov isə Xocalıdan sonra məsələnin yalnız hərb yolu ilə həllinə inanıb və bu yolda bacardığını edib.

Bəzilərinin iddia etdiyi kimi, “Sürət Hüseynovu gözdən salmaq üçün, H. Əliyevə rayonları gerçəkdən erməniyə verməsinə” ehtiyyac yox idi. Sadəcə, sonradan şaiyələrlə və təbliğatla işğalın səbəblərini S. Hüseynovun ayağına yazmaq kifayyət edirdi.
1999-cu ildə S. Hüseynova qarşı sürülmüş ittihamlar sırasında 93-cü il yanvar Ağdərə əməliyyatı və 93-cü il Ağdamın işğalı epizodları da var idi. Lakin məhkəmə istintaqı nəticəsində bu ittihamlar əsassız hesab edilib, onun üzərindən götürülmüşdü. H. Əliyevin tapşırığı ilə Ali məhkəmə S. Hüseynov ömürlük azadlıqdan məhrum etdi. Torpaqlarımızın işğalında S. Hüseynovun zərrə qədər günahı olsa idi, məhkəmə onu belə bir “vətənə xəyanət” maddəsilə  təqsirli bilinməsi imkanını əldən verərdimi?

Nazim Bayramov

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники