Feysbookda politoloq Ərəstun Oruclu ilə keçmiş 123- cü alayın qərərgah rəisi Nazim Bayramovun maraqlı polemikasına rast gəldim. Onu əvvəldən deyim ki, bu polemikanın səbəbi olduğu bəzi məsələlərlə bağlı Teref.info olaraq biz bu yaxınlarda geniş araşdırmalar aparmışdıq. Ərəstun bəyin dediyi Hərbi Birlik 1993 ildə deyil 1992- ci ilin may ayında yaradılıb və müraciət heç də Milli Hökumətə olmayıb. Bu müraciətin surəti məndə var və mən onu saytda yayımlamışam. Kim istəsə ona verə bilərəm.  Qaldı Kəlbəcər məsələsi, bu istiqamət axı 1- ci korpusun döyüş mövqeləri idi. Nə isə hər halda çox maraqlı bir polemikanın Teref.info olaraq əsas hissələrini sizə təqdim edirik.

Arastun Orujlu — Nazim bəy qiyam sözünə etiraz edirsiniz, amma baxın başqaları haqda nə kimi sözlər işlədirsiniz? Mən əslində heç də bu mövzuda polemika aparmağın tərəfdarı deyiləm, amma yazışmanı oxuyanların birtərəfli təsəvvürü yaranmasın və sizin fikirlərinizə əks-arqumentlər yoxmuş kimi düşünülməsin deyə bir neçə məsələyə diqqət çəkməliyəm. Təəssüf edirəm, amma sizinlə bərabər başqa dostlarımız da bunları oxumalı olacaqlar. Başlayaq xronoloji ardıcıllıqla. Kəlbəcərin işğalından yazırsınız. Bu yalnız Tərtər-Kəlbəcər yolunun, 1-ci korpusun silahlı qüvvələrinin Seyfəli poliqonuna çəkərək, ermənilərin nəzarətinə verilməsindən sonra baş tutdu. Bildiyiniz kimi, həmin o yazılı əmri korpus komandiri Surət Hüseynov vermişdi. Bundan sonra, mühasirəyə düşən Kəlbəcər işğal olundu. Bunun ardınca ölkənin bir neçə hərbçisi «Hərbi Birlik» yaratmaq haqda bəyanat verir. Nazim bəy, bir hərbçi olaraq siz yəqin bilirsiniz ki, müharibə şəraitində olan ölkədə orduya, Müdafiə nazirliyinə alternativ (qanunsuz) hərbi strukturlar yaradanlarla necə davranırlar? Mən bildiyim qədər belələrini güllələyirlər. Bunun arxasınca Gəncədəki Rusiya hərbi birləşmələri ölkəni tərk edir və müqaviləyə əsasən Azərbaycan Respublikasına verməli olduğu silah-sursatları həmin o 1-ci korpusa verir (????). Bunun pərdəarxasını hələ qoyaq bir tərəfə. Artıq bu faktlar kifayət edirdi ki, həmin əməllərdə iştirak edən insanlar Vətənə xəyanətdə ittiham edilərək, həbs olunsunlar. Bəli, əməliyyat keçirilməli idi, amma 4 iyunda olduğu kimi qabiliyyətsiz şəkildə yox. Yazırsınız ki, Rəhim Qazıyevin 4 iyuna aidiyyəti yoxdur. O zaman yazın ki, Lənkəranda separatçı TMR yaradan Ələkrəm Hümbətovun da 4 iyuna aidiyyatı yox idi və ya Badamdardakı hərbi hissə komandiri də (adam dünyasını dəyişib, adını çəkmək istəmirəm) Ələkrəm Hümbətova zirehli texnika üçün 50-yə yaxın akkumulyatoru elə-belə dostluq naminə göndərirdi… Və ya niyə yazmırsınız ki, 4 iyun qiyamında (Bunun adı məhz belədir!!!) Gəncədə silahsız dövlət əsgərləri avtobusda güllələndikdən sonra yaralı olaraq girov götürülmüş Prezident Qvardiyasının komandiri Tahir Məmmədovun xəstəxanada başına silahın qundağı ilə döyülərək qətlə yetirilməsi də təsadüf idi və bunun da 4 iyuna heç bir aidiyyatı yox idi? Və ya elə iddia edin ki, cəmi bir neçə gün əvvəl həmin Tahir bəyin Bakıda bir nəfəri çağıraraq «Elçibəyə qarşı çıxanın başını əzərəm» deməsindən sonra onun Gəncədə məhz bu yolla öldürülməsi də sırf təsadüf idi və Tahir bəyin hədələdiyi həmin o «inkognito»nun da 4 iyuna heç bir aidiyyatı yox idi. … Nazim bəy, tamammı, davammı? Amma Rashad bəyin kommentlərinin birində müəyyən həqiqət vardı…

Nazim Bayram — Ərəstun bəy, mən də təəsüf edirəm ki, yazdıqlarımı hamı oxuyacaq. Sizin kimi hörmətli(mənim də hörmət qoyduğum) adamın bu dərəcədə səhv məlumatlara malik olması doğurdan da təəsüf doğurur, ən azı. Çünki, 1. 123-cü alay 14 yanvar 93-cü ildə Ağdərəyə hücumda iştirak etməyə gəlmişdi. Hücum baş tutdu, 123 35% itki verdi. 27 yanvar 93-cü ildə Ağdərə istiqamətinin komandiri Nəcməddin Sadıkov öz əmrilə Ağdərədə hücumu dayandırdı və qoşunlara(rəsmən 4200 nəfər) müdafiəyə keçməyi əmr etdi. N. Sadıxovun müdafiəyə keçmək əmrindən sonra, 28 yanvar 93-cü il tarixidə 2-ci Ordu Korpusunun komandiri S. Hüseynovun əmrilə 123-cü alay Ağdərədəki mövqelərini 703-cü briqadaya təhvil verərək Seyfəliyə qayıtdı. 108 saylı əmrin üzərində 703 briqadanın və Ağdərə istiqamətinin komandiri N. Sadıkovun dərkənarı və Baş Qərargaha göndərilmiş nüsxəsi var. Ermənilər Ağdərədə əkshücuma keçiblər 5 fevralda, yəni 123 çıxarılandan bir həftə sonra və 4 kənd alıblar. Həmin gün 123-çün 1-ci batalyonu Ağdərəyə gətirilib və başqa bölmələrlə birlikdə 8 fevralda ağır döyüşlər nəticəsində bu 4 kəndi qaytarıb. Cəbhə sabitləşib. Lakin AXC-nin İdarə heyyətinin sədri Fərəc Quliyev AXC adından bəyanat yayıb ki, S. Hüseynov Ağdərədən 2 briqada çıxarıb, ermənilərin önünü açıb və ermənilər hücuma keçib 3 kəndimizi alıblar. Bu tamam yalan, böhtan və Azərbaycan dövlətinə xəyanət və onun müdafiəsində duran Azərbaycanın Milli Qəhramanı Sərkərdəyə iftira idi. 12 fevral 93-cü ildə S. Hüseynov tutduğu vəzifələrdən tamamilə uzaqlaşdırıldı və 123-cü alay buraxıldı. 108 saylı əmr haqqında Prezident Ə. Elçibəy tərəfindən hərbi-texniki ekspertiza təyyin olundu və Respublika Baş Prokurorluq və Baş Hərbi Prokurorluq tərəfindən qış hücuma zamanı S. Hüseynova qarşı sui-qəsd və əməliyyatın gedişində baş vermiş təxribatları araşdırmaq üçün istintaq başlandı. Komisiyalar işini davam edən zaman, 16 fevral 93-cü ildə ermənilər Ağdərədə yenidən əkshücuma keçdilər. 20 fevral 93-cü ildə Ə. Elçibəyin iştirakı ilə uğursuz Ağdərə- Ağdam qış əməliyyatının yekunlarına həsr olunmuş MN-n geniş müşavirəsində təxribatçılardan biri (Arif Hacıyevin qohumu olan) polkovnik Mehman Səlimovun vəzifəsi böyüdülür, Nəcməddin Sadıkova general-mayor rütbəsi verilməklə 1-ci Ordu Korpusunun komandiri vəzifəsinə böyüdülür. Bu zamandan Kəlbəcər keçir 1-ci Ordu Korpusunun məsuliyyət zonasına. Həmin müşavirədə 108 saylı əmrin ekspert rəyini komisiyanın sədri Baş Qərargah rəisi qeneral-mayor Nurəddin Sadıxov tərəfindən səsləndirilir. 108 saylı əmr «zəruri, məqsədəuyğun və qanuni», S. Hüseynovun əməllərində qanunazidd hüç bir şeyin olmadığı təsdiqlənir. 26 fevral 93-cü ildə ermənilər əsas Kəlbəcər yolunu tutmaqla Kəlbəcəri və Laçını ağır vəziyyətə salırlar. Bu zaman S. Hüseynov artıq heç «vətən xaini»də deyildi, o, Prezident Ə. Elçibəyin fərmanı ilə yaradılmış «Azəryun» dövlət konsernin Prezidenti təyyin olunmuşdur. 123-cü alayı buraxanlar sonra Kəlbəcərin müdafiəsi üçün Bakıda metro və bazarlarda uşaq tuturdular və hazırlıqsız Kəlbəcərin müdafiəsinə göndərirdilər. Zaman gələndə bunlar hamısı soruşulacaq, sadəcə hələlik millət müharibə tarixilə maraqlanmır, şaiyə və iftiralara uyurlar. Halbuki, mən danışdıqlarım hamısı aşkar və yoxlanıla bilən faktlardır. Sürət Hüseynov xəyanətkar olsa idi ölkə rəhbərliyi 4 aprel 93-cü ildə ona yenidən müraciət edərdimi ki, Murovun müdafiəsinə kömək et? 709 adı və nömrəsi üstündə dövlətin 5 aprel 93-cü ildə yaratdığı hərbi hissədir. Tahirə qalanda, o, avtobusda 709 hərbi hissənin qarşısından keçərkən açdığı atəşin cavabında hərbi hissə tərəfindən atəşə tutulmuşdur və yerində başından güllə yarasından keçinmişdi. Avtobusda 8 nəfər ölmüşdü. Sağ qalanları və yaralıları avtobusdan çıxarmaqda şəxsən iştirak etmişəm. Avtobusdakılar hamısı silahlı idilər, lakin atəşi yalnız Tahir açmışdı. Onun fikiri hərbi hissəyə dönmədən, qarşıdakı müşaidə edən maşınların əhatəsini yararaq, düz keçmək olub. Lakin bunu hazırlıqsız, hərbi hissəyə yaxınlaşan zaman, impulsiv qəbul etdiyi qərara görə etmişdi. Bu işin istintaqı aparılıb, şahidlər, fotoşəkillər və başqa materiallar var. Rəhimin və Əlikramın 4 iyuna aidiyyatları da uydurmadan başqa bir şey deyil. Haçan istəsəz bu haqqda danışa bilərik.

Arastun Orujlu — Nazim bəy. Bu «Hərbi Birliyin» 1993-cü ilin aprelində prezident Elçibəyə müraciəti ünvanlanmışdı…

Nazim Bayram — Mən Sizə 100% bildirirəm ki, 5 may 92-ci ildə mənim də imzaladığım Müraciət Azərbaycanın Ali Sovetinə olub. O zaman «milli- demokratlar» hələ hakimiyyətdə deyildilər. Siz deyən, yəni 93-cü ilin aprelində olan Ə. Elçibəyə müraciət olub «Ağsaqqlar şurasından». Amma «Ağsaqqallar şurasının» «Hərbi Birliyə» dönməsi Pənah Hüseynovun təşəbbüsü ilə ortaya atılmış növbəti uydurmadı ki, bu 4 iyunda «hərbi qiyam» baş verdiyinin sübütü üçün lazımdı.

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники