Silsilə yazı: 1-ci hissə.

Giriş: Biz, son 26 il ərzində haqqında müxtəlif tərif və tənqid, bəraət və xəyanət iddiaları eşitdiyimiz, Sürət Hüseynovu tanıyırıqmı? Hər hansı müstəqil araşdırmaçı, və ya tarixçi onun fəaliyyətini və Sürət Hüseynov fenomenini tədqiq etməyə və xalqa tərəfsiz, doğru, səlist və dolğun məlumat verməyə çalışıbmı? Hər bir vətən övladının fəaliyyəti, istər xidmət, istər ziyan olsun, böyük maştab allrsa, mütləq formada tədqiqatların mövzusuna çevrilməlidir! Sürət Hüseynov haqqda isə müstəqil araşdırma fəaliyyəti olmayıb, yalnız siyasətçilərin dilindən duyulan iddialar təkrarlanıb. Niyə? Araşdırmaçılarımızmı, tarixçilərimizmi yoxdur, yoxsa onların başı yalnız muzdlu işləməyə, və ya tayfa, dəstə maraqlarını qorumağa qarışıb? …
Onun haqqında dolğun məlumatın olmadığını nəzərə alaraq, silsilə yazılara başlayıb, oxucuların, xalqın mühakiməsinə buraxıram, cavab versinlər – Sürət Hüseynov kimdir?

Sürət Hüseynov – İş adamı.

        1989-cu il tarixə SSRİ ərazisində iqtisadi böhranın başlanğıc ili kimi düşüb. Məhz bu il nəhəng dövlətin ərazisində ərzaq mallarına ilk talonlar verilməyə başlayıb. Həmin il SSRİ-nin dağılması, fakt olaraq, SSRİ Respublikalarının Ali məclisində qəbul və elan edilir.

         1987-ci ildə SSRİ ərazisində “Perestroyka” (yenidənqurma) abu-havasıyla və maliyyənin dövlət tərəfindən kəsilməsi nəticəsində müəssisələrin özünüidarəsi tendensiyası başladı. İlk olaraq, Latviyada Riqa Avtobus zavodunda kollektiv tərəfindən seçkiyə gedildi və təqdim olunan namizədlərdən Viktor Bossert zavodun direktoru seçildi. Azərbaycanda ilk, eləcə də SSRİ məkanında ikinci belə seçki məhz Yevlax Yunun ilkin emalı fabrikində keçirilmişdi…

        Sürət Hüseynov 1985-ci il Yevlax Yun fabrikində ilk addımını atır… Həmin illərdə, artıq uzun zamandan bəri, Yun fabriki, SSRİ-nin əksər zavod və fabriklərində olduğu kimi, ziyanla işləyirdi. Çünki, yeyinti çox idi və Yun fabrikinin hesabına şəhər və rayon rəhbərlərinin Kənd təsərrüfatının boynuna düşən yetinti payı yuyulurdu. Belə ki, Kənd təsərrüfatı nazirliyinə məxsus qoyun sürüləri  il uzunu yerlərdə olan rəhbərlərin  kef məclislərində kəsilib yeyilir, yun qırxını zamanı yunu islaq və palçıqlı hala gətirilib, süni şəkildə, çəkisini artırılır və beləliklə də SSRİ-nin məhşur “Pripiska” əməliyyatı həyata keçirilərək, əvvəl yunun qəbulu zamanı, sonra isə fabrikdə yuyulması zamanı itkinin çox yazılmasıyla yeyinti ört-basdır edilirdi. Belə səbəblərdən də zavod və fabriklər məhsuldar işləyə bilmirdi.

        Sürət Hüseynov 1985-ci ildə Yun fabrikinə ilk gəldiyində müəssisənin çeşitləyici sexində nəzarətçi kimi işə başlayır. İki il sonra fabrikdə qəbul sexinin rəisi vəzifəsində işinə davam edir. Bu vəzifədə də iki il işləyir. Ən maraqlısı da bu iki il ərzində baş verir. Sürət Hüseynov inanır ki, vəzifədə olan insan qazancını fəhlələriylə bölməlidir. Özü sex rəisi vəzifəsinə fəhləlikdən gəldiyi üçün fəhlələrin güzaranını və problemlərini bilir və sexə rəis keçdiyi gündən fəhlələrlə çörəyini bölməyi özünə həyat tərzi seçir. Danışırlar ki, hələ sex rəisi olduğunda sexin ərazisində onun yanına kömək diləkçəsiylə gələnlərdən ibarət növbələr düzülərmiş. Kimin nə ehtiyacı varsa: xəstəsi olan, yas və toy məclisi olan, uşağını oxutmağa pul tapmayan fəhlələr onun yanına yardım üçün gəlir, o da imkanı yol verdiyi qədər yardım edərmiş.

  • Qeyd edim ki,sovet dövründə vəzifə yeganə qazanc yeri demək idi. Heyif ki, Azərbaycan bu gün də eyni qaydalarla idarə edilir. O zamanlar Azərbaycanı və xalqımızı talayan, SSRİ-nin müəsisələrində pul qazanan məmurlar SSRİ-yə ziyan vururdusa, bu günki məmurlar öz vətənimizə və xalqımıza ziyan vurur və talayır!

         1989-cu ilin əvvəlində fabrikin rəhbərini işdən çıxarılır. Yun fabrikinə Yevlax rayon Dəyirmanının müdiri direktor təyin edilir. Azərbaycanda indiki sistem elə SSRİ-dən qalma korrupsiya sistemidir ki, o vaxt da hər hansı vəzifəyə getmək üçün müəyyən məbləğdə rüşvət vermək qaydası mövcud olub. Yun fabrikinə direktor gələn “dəyirmançı” da kreslosuna oturan kimi sex müdirlərini sıxışdırmağa başlayır, “yuxarı” verdiyi rüşvəti onlardan toplamağa çalışır. Bunun üçün, özünə dəstək olaraq, Bakıdan Kənd təsərrüfatı nazirliyinin Təftiş idarəsindən də müfəttiş gətizdiriib, sex müdirlərini tutdurmaqla  hədələyir. Sex müdirləri arasında birlik olmadığından iş dalana dirənir. Hərəsi ayrılıqda direktorla danışıq aparıb, tək öz yaxasını kənara çəkməyə çalışır. Heç nə də alınmır. Sex rəisləri direktorun tələb etdiyi miqdarı verməkdən yayınır. Sürət Hüseynov bunu görür, onlarla mühakim kürsüsündə belə bərabər oturmağı özünə sıxışdırmır və ərizə yazır ki, nə yeyinti olubsa, mənim günahımdır, axır nəticəyə qədər, yəni istehsalatdan çıxan son-hazır məhsulla mən sizinlə hesablaşacam. Direktora isə şifahi deyir ki, mənim tək başına verməyə, sizin istədiyiniz qədər pulum yoxdur, tutdursanız da mən tək boynuma alacam. Ya ərizəni qəbul edin, ya da bizdən əl çəkin. Ərizənin qəbulu isə o demək idi ki, bütün hallarda, Sürət Hüseynov hələ bir-neçə il qalıb işləməli və rəhbəri olduğu xam mal sexində olan çirkli yunu yuyub, anbara verilən son məhsul olan təmiz yun çıxarı şəkilində hesablaşmalıydı. O öz taktiki addımıyla vəziyyəti xilas edir. Direktor isə onlardan pul ala bilmir. Aralarında münaqişə yaşansa da məsələ orada həll edilmiş olur. Amma direktor onu nəzarətə götürür və “vurmağa” çalışır. Bu minvalla narazıllq yaratmaq üçün S. Hüseynovun əvvəl rəis olduğu sexdən yavaş-yavaş fəhlələrini işdən çıxatrmağa başlayır. Onu da qeyd edim ki, həmin vaxtda S. Hüseynov fabrikdə qalsa da vəzifəsindən kənarlaşdırılır. Bu vəziyyətdən narazı olan fəhlələr etiraz üçün Bakıya üz tutur.

  • Qeyd edim ki, sovet illərində ölkə rəhbərliyinə müəsisə rəhbərliyindən şikayət getdiyində mütləq formada ikinci cəzalandırıllrdı, Azərbaycanda indi olduğu kimi həddsiz özbaşınalıq yox idi.

       Sürət Hüseynovun təşkilatçılığı ilə fəhlələr etiraz aksiyalarına başlayır, hər gün səhərdən axşama kimi indiki Prezident aparatı yerləşən dövlət binasının (o dövrdə Kommunist partiyasının mərkəzi komitəsi)  qarşısında toplanıb, dayanırlar. Əbdülrəhman Vəzirov maşınla keçəndə bağırırlar ki, yoldaş Birinci katib, bizi qəbul edin… Hadisələr Novruz bayramı ərəfəsində başlayır və sonra da davam edir. Ölkə rəhbərliyinin diqqətini üzərlərinə çəkməyi bacarırlar. O vaxt Azərbaycanın Birinci katibi,  Əbdülrəhman Vəzirov şöbə müdirini çağırıb, fəhlələri qəbul edilməyi, şikayətlərini dinləməyi tapşırır. Şöbə müdiri də fəhlələrin nümayəndə qrupu ilə görüşüb, məsələni öyrənir, sonra Respublika rəhbərliyinə məruzə edir. Fəhlələr indiki direktordan şikayət etmədən, SSRİ-nin rəhbəri Qorbaçovun sözünü rəhbər tutaraq, “perestroyka və qlastnost” (yenidənqurma və söz azadlığı) şüarlarıyla fabrikdə kollektivin səs vermə yolu ilə direktor seçmək arzu və iddiasını ortaya qoyur. Ə. Vəzirov öz növbəsində bu işlə məşğul olmağı Kənd təsərrüfatı nazirliyinə tapşırır. Seçki günü təyin edilir və 9 nəfər namizəd irəli sürülür. Kənd təsərrüfatı nazirliyi tərəfindən fabrikin direktorunun  işdən azad olunması haqqda əmr verilir…

         1989-cu ildə Azərbaycanda, bir fabrik səviyyəsində də olsa, ilk demokratik seçki keçirilir və kollektiv öz iradəsini ifadə etmək hüququnun özünə verilməsinə nail olur. Seçki kağızlar qutuya atılmaqla deyil, əl qaldırmaq yoluyla keçirilir və maraqlısı budur ki, fabrikin 1 500 nəfərlik kollektivi yekdilliklə Sürət Hüseynovu rəhbər görmək üçün əlini qaldırır…  Bu haqqda zamanında ölkə qəzetlərinin səhifələrində məlumatlar də olmuşdu.

  • Qeyd edim ki, 9 namizədin 8-i o vaxt üçün vəzifələrdə çalışmış və “imkanlı” şəxslər olub.

       Sürət Hüseynov (30 yaşında) direktor seçildikdən sonra fabrikin istehsal gücünü artırmağa başlayıb. Bununla da fabrikin işçilərinin rifah halını dəfələrlə yaxşılaşdırıb. Fabrikdə  qızıl qayda qoyub: “Biz hamımız bu fabrikdən çörək yeyirik, buraya haram qatmayaq. Oğurluq olmasın. Acıqsa hamımız ac olaq, toxuqsa hamımız tox olaq.” Öz növbəsində onlara söz verib ki, kimin maaşdan əlavə yardıma ehtiyacı olacaqsa direktorun yanına getsin, mütləq də yardımını alacaq. Beləliklə,  uzun illərdən bəri oğurluq və yeyinti tüğyan edən fabrikdə qayda-qanun bərpa edilir və fabrik ziyanla işləmək dönəmindən gəlirlə işləmək dönəminə qədəm qoyur. Bir il ərzində fabrikin istehsal gücünü əvvəlki 13 000 (min) tondan 34 000 (min) tona (təmiz yun) qaldırmağa nail olur!  Vurğulamaq lazımdır ki, Azərbaycanın  həmin zamanda cəmi il ərzində 3,5 – 4 000 (min) ton təmiz yunu olurdu. Qalanı xaricdən idxal edilib.

        Fabrikdə yenidənqurma işləri başlayır, ilk olaraq, fabrikin tullantı sularının filtirasiyası üçün qurğular işə salınır və Kürə tokülən tullantı suları içməli su səviyyəsinə qədər təmizlənir, ekologiyaya uzun illər vurulan ziyan sıfıra endirilir. Fabrik ərazisində illərlə yığılıb qalan 17 000 (min) ton aşağı növ (şaqqıldaq – qoyun peyini və palçığa bulaşmış) yunun təmizlənib, yuyulmasına da başlanılır. “Mal qalığı” sayılan bu yun yeni texnologiyalardan istifadə edərək təmizlənir. Almaniyadan yeni alınan aqreqatlar quraşdırılaraq, kanalzasiyaya axıdılan tullantı su borularına filtirlər qoyulur, suyla axıb gedən xırda yun lifləri bir daha yığılaraq, geri istehsala qaytarılır. Bununla da yunun da itki faizini sıfıra endirir.

         Yun fabrikinin əvvəllər bir problemi daha olub. Yunun yuyulması üçün suyu Kürdən su nasosları ilə çəkilərmiş. Yağış yağdığında da, bildiyimiz kimi, Kürün suyu bir neçə gün bulanıq axır. Çirkli – bulanıq suyla yuyulan yunun da təmizliyi qənaətbəxş olmurdu, nəticədə yuyulmuş yun tozlu alınırdı və alıcını qane etmirdi. Buna səbəb fabrik müştərilərindən cərimə alır, nəticə etibarı ilə yun ucuz qiymətə satılmış olurdu. Bundan əlavə çirkli suyu vuran nasoslar tez zamanda sıradan çıxır, əsasən də enerji xərclənirdi ki, bu da günümüzün ən ümdə problemlərindən sayılır. Enerjiyə qənaət nəinki büdcəmizdə qənaətə nail olmaq, həm də təbiətə vurulan ziyanı minimuma endirmək deməkdir. Sürət Hüseynov bu problemin də həllini tapır və kökündən həll edir. Yüzlük ölçüdə olan kəmərlə başlanğıcını Mingəçevir su hövzəsindən götürən Qarabağ kanalından kəsə yolla, kəndlərin arasıyla fabrikə su kəməri çəkdirir. İlk öncə qeyd edim ki, Su hövzəsindən subaşlanğıc  götürən kanalın suyu təmiz olur, həm də yüksəklikdə yerləşdiyindən çəkilən kəmərlə nisbətən çökəklikdə yerləşən Yevlaxa suyun gəlməsi təbii yolla baş tutur, təmiz su əldə etməklə bərabər həm də enerjiyə qənaət olunur.

       1990-cı ildə Kənd təsərrüfatı nazirliyi Avstriyada yun və pambıqdan xam mal kimi istifadə edən trikataj və parça fabriklərinin rəhbərlərindən dəvət almışdı. Sürət Hüseynov bu səfərə gedir. Fabriklərdə bir çox səmərəli görüşlər keçirir və onun əsas məqsədi fabrikin ixracat sərhədlərini genişləndirərək, Avropa bazarına çıxa bilmək olur.  Bir sözlə, bütün potensialı ilə fabrikin inkişafına və işin genişlənməsinə çalışır.

        Yevlax yun fabrikinə direktor seçildikdən 1 il sonra (1990-cı il) Sürət Hüseynov kollektivi ilə bərabər fabriki, Nazirlər sovetinin sərəncamı ilə, müqavilə bağlayaraq, 20 illik icarəyə götürür. Fabrik nazirlər kabinetinin sərəncamı ilə «Yevlax yunun tədarükü və ilkin emalı istehsalat birliyi»adlandırılır

  • Qeyd etməliyəm ki,1993-cü ildə Yun şirkəti yaradıb, Sürət Hüseynovu bu şirkətə prezident təyin etdiklərini iddia edənlər və buna fakt olaraq baxanlar bilməlidir ki, Yevlax yun fabriki artıq 1990-cı ildən Yevlax yunun tədarükü və ilkin emalı istehsalat birliyi, yəni müasir adla desək, şirkət idi, həmin ildə Sürət Hüseynov başda olmaqla kollektiv oranı 20 illik icarəyə götürmüşdü. Dövlət bu müqaviləni pozmamışdı və hüquqi cəhətdən heç nə dəyişmiş olmurdu. AXC hakimiyyətinin iddiası hüquq və qanunlara zidd idi. İcarəyə götürülən müəssisədə, ilkin müqavilə pozulmadan, hər hansı bir dəyişiklik etmək hüquqa ziddir.

        1990-cı ildə Azərbaycanda Nazirlər sovetinin (kabinetinin) sədri vəzifəsində Həsən Həsənov idi. S. Hüseynov onunla görüşüb, planlarını açıqlayır. Görüşdə söhbətin əsas mövzularından biri də yunun yerlərdə qəbulunun ona tabe edilməsi arzusu olur. Nəticədə, Sürət Hüseynov yerlərdə Tədarük məntəqələri yaradır. Əvvəlki, Azərittifaq-da tədarük idarələrində çalışan yunşunaslar oradan işdən çıxaraq, yeni Yun tədarükü məntəqələrində işə başlayır. Tam peşəkar kollektiv toplanaraq,  səmərəli iş prosesinə başlanır. S. Hüseynov hələ yerlərdə, əvvəldə qeyd etdiyim, Tədarük məntəqələrinə gətirilən yunun isladılıb və palçığa bulaşdırıb çəkini artırmaqla edilən maxinasiyanın qarşısını alır, “Pripiska” yoluyla rayon və şəhər rəhbərliyinin yeyintilərinin Yun fabriki tərəfindən ödənilməsi yükünü fabrikin üzərindən götürmüş olur. Nəticə etibarı ilə Sürət Hüseynov oturuşmuş korrupsiya sxemini yun tədarükü sahəsindən tamamilə yox etməyə nail olur.

        Artıq 1 il ərzində, 1990-cı ildə Yevlax yunun tədarükü və ilkin emalı istehsalat birliyinin 4 500 (1989-cu ildə 1 500 olub) işçisi var idi. Yuxarıda qeyd etdiyim kimi birliyin istehsal gücü 1 il ərzində 3 dəfə (13 000-dən 34 000 tona qədər) qalxmışdı. 90-cı illərdə Yevlax yunun tədarükü və ilkin emalı istehsalat birliyiAzərbaycanın respublika əhəmiyyətli müəssisəsi olmaqla, SSRİ ərazisində ölkə əhəmiyyətli müəssisələr arasında 7-ci sırada dururdu. Bütün sovet respublikaları ilə işgüzar əlaqələri var idi. Yunun alınması və satılması kimi böyük həcmli müqavilələrə imzalar atılmışdı. O cümlədən, idxal ölkələri arasında Gürcüstan, Belarusiya, Moldova, Orta Asiya respublikaları və Əfqanıstan, ixrac ölkələri arasında artıq adı çəkilən respublikalar daxil olmaqla, Pribaltika respublikaları və Rusiya da vardı.

  • Qeyd: Pribaltika 1989-cu ildən Sovetlər ittifaqından çıxdığını elan etmişdi və iqtisadi vəziyyətləri ağır, əlaqələri isə bərbad durumdaydı. Bu illərdə Sürət Hüseynov onlara yardım etmiş, əlaqələri tam bərpa edərək, Pribaltika respublikalarının fabrik və kombinatlarına nisyə mal vermiş və onların iş rejiminin axsamamasına köməklik etmişdi.

         Artıq 1990-cı ildə Yevlax yunun tədarükü və ilkin emalı istehsalat birliyi  SSRİ hüdudlarını aşaraq Avstraliya, Uruqvay və Yeni Zallandiya ilə əlaqələr qurmuş, bu ölkələrdən yun idxalı etmişdir. Məqsəd isə bu əlaqələri maksimuma qaldırmaq, fabrikin tam gücüylə işləməsinə nail olmaq idi. Heyif ki, müharibə və Sürət Hüseynova qarşı aparılan siyasi intriqalar bu planları yarımçıq qoyur…

          Sürət Hüseynov yundan qalan qırıntıları da dəyərləndirmək üçün fabrikin nəzdnində Keçə kombinatı yaratmaq qərarına gəlir. Modern avadanlıqların alınmasıyla yeni kombinat quraşdırıllr və işə salınır. Başladığında kombinatda 150 nəfər işçi yeri açılır. Daha sonra bu sahəni inkişaf etdirərək, keçəni xam mal kimi satmaqdan “valenkiların” (валенки) istehsalına başlamağı planlaşdırır. Bu isə öz növbəsində daha çox iş yerinin açılması və ölkəyə valyuta axını demək olacaqdı.

         İş adamı kimi hər fürsəti dəyərləndirmək və daha çox qazamc əldə etmək instinkti Sürət Hüseynovu vadar edirdi ki, o, fəaliyyətində təkcə Yun fabriki ilə kifayətlənməsin. Adəti üzrə pambıq sahələrində ilk məhsul yığılırdı, ikinci və üçüncü – gecikmiş məhsulu yığan olmurdu. Pambıq sahələri ilk məhsulun yığınından sonra müəyyən ödəniş əvəzində çobanlara verilir, onlar da bu sahələrdə sürülərini otarırdılar. S. Hüseynov ilk məhsulu yığılmış belə pambıq sahələrini çobanlardan ödənişlə alır,  ikinci və üçüncü (gecikmiş) məhsulu fabrikinin işçilərinə və kənd sakinlərinə, kiloqramına, dövlət 50 qəpik ödədiyi halda, 1 rubl ödəməklə, yığdırırdı. Beləliklə, kənd sakinlərinə də mövsümü iş verərək, əlavə qazanca şərait yaradırdı. Amma bununla bitmirdi. O, yığılan məhsulu Pambıq zavodlarına verib, emal etdirirdi. S. Hüseynov zavod rəhbərliyinə emalın maya dəyərini və işçilərinin əmək haqqını verirdi. Bu da öz növbəsində ölkə əhalisinin bir qismini əlavə işlə məşğul etmək və əlavə qazanc əldə etmək imkanı, yun fabrikinin büdcəsi üçün isə valyuta ehtiyatının artırılması demək idi.

          Yun birliyi məhsuldar işlədikcə onun işçilərinin rifah halı da eyni templə yüksəlirdi.  Belə ki, Yevlaxda o illər ərzində 4-dən çox yaşayış binaları tikdirilərək, ev növbəsində duran işçilərə mənzillər verilib. Hər ayfabrikin işçiləri maaşdan əlavə, pulsuz olaraq, un, yağ, düyü, şəkər və sairə kimi qida məhsullarıyla təmin edilib. Fabrikin yeməkxanasında qida pulsuz olub və Birliyin rəhbəri də işçiləriylə bərabər orada yemək yeyib. Bundan əlavə, ixrac edilən yunun əvəzində ödəniş kimi verilən parça və gəbələr işçilər arasında paylanıb. Əvvəldə qeyd etdiyim kimi, işçilərin toy və yas məclislərinin və sair məişət xarakterli xərcləri Birliyin rəhbəri tərəfindən qarşılanıb. Bir sözlə, Sürət Hüseynov qazanmağı bacardığı kimi qazandığını da işçiləriylə paylamağı bacaran bir iş adamı, rəhbər olub.

         “Bakinskiy raboçiy” qəzeti o illərdə dərc edilən məqaləsində Sürət Hüseynovu “cavan ağsaqqal” adlandırmışdı. Boşuna deyil ki, Gəncə-Yevlax, Qarabağ ərazisində ona, hörmət əlaməti olaraq, ağsaqqal mənasını daşıyan Lələadını vermişdilər…

         Yevlax yunun tədarükü və ilkin emalı istehsalat birliyiningəliri artdıqca, Birliyin direktoru xeyriyyə işlərinin sərhədlərini, miqyasını və kontingentini genişləndirirdi.  Xeyriyyə işləri təkcə Qarabağ – Gəncəbasar ərazisini əhatə etmirdi, o cümlədən bütün Azərbaycan ərazisindən gələnlər də olurdu. Kimsəsiz yaşlı insanları, Kimsəsiz uşaqlar evlərini, baxçaları himayəsinə götürürdü. Ev almaq istəyənlərdən tutmuş hər kəs, hətta türmədən çıxmıb, doğru yolu seçmək arzusunda olanlar da iş başlamaq üçün ilkin kapitala yardım xahişiylə gəlirdilər. Qeyd etdiklərim hələ Ermənistandan və Qarabağ ərazisindən olan müharibə qaçqınlarına aid deyil. Onların himayəsi haqqda Sürət Hüseynovun müharibə ilə bağlı həyatından yazdığımda qeyd edəcəm.

Söz ardı: 90-cı illərin əvvəllərində Yevlax yun birliyinin direktorunun böyük kabinetində bir səhnəni müntəzəm müşahidə etmək mümkün idi: O, yanına kömək üçün pənah gətirən insanları, bir araya toplayaraq, dinləyir və yardım əlini uzadırdı. Onu deyib gələn heç bir insan geriyə əli boş və naümid qayıtmırdı…

Mənbə kimi Sürət Hüseynovun öz xatirələri, işçiləriylə söhbətlər və həmin dövrdə ölkə qəzetlərində yer almış məqalələrdən istifadə edilmişdir.

Könül

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники