tair eliyev

Tahir Əliyev: “ O, ata-babasından, qohum-qəbiləsindən qalan bütün sərvəti Qarabağın işğalına sərf etməyə hazır olduğunu dedi»

Bir neçə gün öncə keçmiş müdafiə naziri Rəhim Qazıyevin sələfi Zakir Həsənovun yeni təyinatına şərhi də daxil olmaqla bir çox məqamlar barədə Moderator.az saytına geniş müsahibəsində səsləndirdiyi fikirlər cəmiyyətin marağına səbəb olmuşdu. Xüsusən də onun Nəcməddin Sadıqovun bu günü və keçmişi barədəki fikirləri, eyni zamanda vaxtilə Surət Hüseynovun Etibar Məmmədovun baş nazirliyə namizədliyini təklif etməsindən qaynaqlanan soyuqluğun sonda AXC iqtidarının süqutuna səbəb olmasını iddia etməsi birmənalı qarşılanmamışdı. O dövrdə proseslərin iştirakçısı olmuş sabiqlərdən İsgəndər Həmidov, onun qardaşı Sərdar Həmidov, politoloq Cümşüd Nuriyev mövzu ətrafında öz fikirlərini bildirmiş, bəzi məqamlarla razılaşmadıqılarını bildirmişdilər. Həmin vaxt biz daha bir məhşur sabiqin-general Tahir Əliyevin münasibətini öyrənmək istəmişdik. Bildirmişdi ki, qoy hamı danışsın, ən sonda mən onların demədiklərini deyəcəyəm. Beləliklə, dünən AXP sədri Pənah Hüseyn Moderator.az-a açıqlamasında bu mövzudakı müəmmaya aydınlıq gətirdikdən sonra T. Əliyevin dediyi vaxt tamam oldu və o bəzi “yaddan çıxmış” detallara aydınlıq gətirdi. Onun Moderator.az-a açıqlamasını təqdim etməklə oxucuları 20 il öncəyə qısa ekskus etməyə dəvət edirik…

-Rəhim Qazıyevin də, İsgəndər Həmidovun da saytınıza müsahibələrini oxudum. Bildirim ki, o vaxt Mərdəkanda doğrudan da belə bir toplantı olub, ancaq bu gizli görüş olmayıb. Özü də o toplantı bir yox, iki  dəfə olub.  Birinci dəfə Mərdəkandan bir gün öncə həmin müzakirələrin başlanğıcı Milli Məclisin sədri İsa Qəmbərin xidməti otağında olub. Biz nahar fasiləsinə çıxmışdıq, bizə dedilər ki, İsa Qəmbərin xidməti otağına getmək lazımdı. Mən getdim və içəri girəndə Rəhim Qazıyevi, Surət Hüseynovu, Etibar Məmmədovu, Şadman Hüseynovu, Tamerlan Qarayevi  İsa Qəmbərin yanında gördüm.

-İsgəndər Həmidov orda yox idi?

-Yox , o yox idi.

-Bəs Pənah Hüseyn necə?

-Bax o dəqiq yadımda deyil. Məncə Pənah Hüseyn də yox idi. Nahar fasiləsi olduğuna görə vaxt məhdud idi, naharı da elə İsa Qəmbərin otağında elədik.

Surat

-Surət Hüseynov ora hansı missiya ilə gəlmişdi?

-Surət Hüseynov bildirdi ki, bildiyiniz kimi əlavə qüvvələr də cəlb etməklə hərbi əməliyyatlarda xeyli uğurlarımız var. Rəhim Qazıyev də müsahibədə həmin əlavə qüvvələrdən danışıb.

-Əlavə qüvvə dedikdə rusları nəzərdə tuturdular?

-Bəli, Gəncədə olan rus hərbi qüvvələrini. Bildirdi ki, necə ermənilər rus qoşunlarının köməyi ilə ərazilərimizi işğal ediblər, bu gün də mənim belə bir imkanım var ki, eynilə biz də Gəncədəki hərbi hissələrin köməyi ilə onları geri oturdaq. Surət gəlirlərini də dedi və bildirdi ki, Yevlax Yun Zavodunda işləyir və eyni zamanda dədə- babasından, qohum –qəbiləsindən qalan külli miqdarda qızıl-zinət əşyaları və pullar hesabına bu işi həyata keçirəcək. Onu da xatırlayıram ki, Gədəbəydə olan qohumlarından söz saldı və “zaqatkantora”da (zaqotovitelnaya kontora-red.)işləyən yaxın qohumundan  nə qalıbsa onların hamısını Qarabağın işğaldan azad edilməsinə sərf etməyə hazır olduğunu dedi.  Qərara gəlindi ki, sabahası gün Mərdəkanda geniş tərkibli görüş olsun. Orda adını çəkdiyim adamlardan əlavə Pənah Hüseyn, İsgəndər Həmidov, Fəhmin Hacıyev, bir sözlə, o dövrdə üzdə olan adamların əksəriyyəti həmin görüşdə iştirak edirdi. Mərdəkanda da Surət Hüseynov bir gün öncə İsa Qəmbərin xidməti otağında dediklərini bir daha təkrarladı. Dedi ki, bu görüşdən öncə Əbülfəz Elçibəylə görüşüb. Elçibəyin ünvanına xeyli xoş sözlər bildirdikdən sonra dedi ki, mən prezidentə də seyid olduğumu bildirəndə o da cavab verib ki, mən də seyid övladıyam, əslim-nəslim seyiddir. Xülasə, sözünün sonunda Surət dedi ki, “Quran”ı gətirin, əlimi “Quran”ın üstünə qoyub and içim ki, gəlin hamımız birləşərək torpaqları işğaldan azad edək, mən gedib Gəncədə evimdə oturacam. Yəni bu məqamı xatırladıram ki, görüş iştirakçılarının yadına düşsün. Bir sözlə, hamı Surətin danışığından razı qaldı və qərara alındı ki, Türkiyəyə səfərdən qayıdan Elçibəyi qarşılayanlar onunla bu mövzu ətrafında söhbət etsinlər. Razılaşdıq ki, Elçibəylə söhbətdən sonra eyni tərkibdə üçüncü dəfə yığışaq. Hətta bu məsələləri kordinasiya etmək üçün iki nəfər-Şadman Hüseynov və Pənah Hüseyn seçildi. Məclisin sonunda Surət Hüseynov baş nazir Rəhim Hüseynovdan söhbət açdı. Onun ünvanına da çox xoş sözlər dedi və bildirdi ki, məlum səbəblərə görə, yəni keçmiş kommunist olduğu üçün yaxşı işləyə bilmir, işləməyə qoymurlar, odur ki, onu bir başqa yaxşı işə keçirməklə Etibar Məmmədovu baş nazir qoyun, müxalifət də birləşsin. Hamımız da Əbülfəz Elçibəyin ətrafına yığışaraq işğal məsələsini birdəfəlik həll edək. O birisi gün Elçibəyin iştirakı ilə nəzərdə tutulan görüş baş tutmadı.

-Surət Hüseynov Etibar Məmmədovun namizədliyini səsləndirəndə görüş iştirakçılarının reaksiyası nə oldu?

-Kimsənin bu təklifə etirazını eşitmədim,narazı reaksiya da hiss etmədim.

-Sonradan Pənah Hüseyn və Şadman Hüseynovdan soruşmadınız ki, o məsələnin axırı necə oldu?

-Mən Şadman Hüseynovdan soruşdum, o da cavab verdi ki, həmin görüşün baş tutmamasının səbəbini bilmir.

-O dövrün reallıqlarını bilən və proseslərin içində olan bir adam kimi necə düşünürsünüz, Etibar Məmmədovun baş nazirlik məsələsi alınsaydı doğrudan da Surət iddia etdiyi kimi Qarabağ məsələsini birdəfəlik həll etmək olardımı?

-Doğrusu, mən nə o vaxt , nə indinin özündə də bilmirəm ki, AXC iqtidarı ilə Etibar Məmmədovun arasındakı soyuqluğun kökündə konkret olaraq hansı məsələ dayanırdı.

-Sonradan Surəti görmək və ondan yarımçıq qalmış təklifin taleyi ilə maraqlanmaq imkanınız oldumu?

-Sonradan Gəncə hadisələri zamanı mən deputat istintaq komissiyasının üzvü olanda Gəncədə gördüm, onda da o söhbətin yeri deyildi. Əgər nəyisə düz demirəmsə toplantı işltirakçılarının irad və təkliflərini dinləməyə hazıram.

istinadhttp://moderator.az/?xeber=36751

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники