Azərbaycanın yaxın 20-25 illik tarixindəki bir sıra olaylar kimi 4 iyun 1993-cü il Gəncə olaylarının bir sıra sirli məqamları hələ də qaranlıq olaraq qalır. Bu olaylar niyə baş verdi? AXC hakimiyyətinin polkovnik, korpus komandiri, prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi rütbə və vəzifələrini verdiyi, üstəlik Milli Qəhrəman adına layiq gördüyü Yevlax Yun fabrikinin direktoru Surət Hüseynov nədən birdən-birə bu hakimiyyətdən üz döndərdi? Öncə Surət Hüsynovun kimliyi- 4 iyun 1993-cü il tarixinədək keçdiyi həyat yolu, o cümlədən daşıdığı vəzifə, ad və rütbələrlə tanış olaq.

196166_221551521299891_1768747687_nSurət Hüseynov 1959-cu ildə anadan olmuşdur.1980-ci ildə Gəncə şəhərində çilingər və anbarda fəhlə işləmiş, xalça-mahud kombinatında usta köməkçisi və operator köməkçisi olmuş, 1983-cü ildə Gəncədəki Azərbaycan Texnologiya İnstitutunu bitirmişdir. Və həmin il Rusiyanın Stavropol diyarının Novopavlovsk şəhərinə yollanmışdır. S.Huseynovun bu Rusiya şəhərinə nə məqsədlə yollanması və orada nə ilə məşğul olması haqda məlumat tapa bilmədik. 1984-cü ildən Rusiyadan qayıdan SHüseynov Şəki tədarük idarəsinin çeşidləyicisi, 1986-cı ildən Yevlax rayonunun yunun ilkin emalı fabrikinin böyük nəzarətçisi, sex rəisi, 1989-cu ildən isə həmin fabrikin direktoru vəzifələrində işləmişdir. 1992-ci ilin əvvəllərində könüllü batalyon yaratmış və o vaxtdan Qarabağdakı döyüş əməliyyatlarına ciddi maliyyə dəstəyi vermişdir. Milli Məclisin deputatı, Milli Qəhrəman olmuşdur.1992-ci ilin iyulundan 1993-cü ilin fevralınadək Azərbaycan Respublikası baş nazirinin müavini və prezidentin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi, eyni zamanda milli ordunun korpus komandiri vəzifələrində çalışmışdır. 1993-cü ilin martından həmin ilin iyununadək Azəryunsənaye Dövlət Şirkətinin prezidenti olmuşdur.

1991-ci ildən Qarabağın müxtəlif döyüş bölgələrinə yardımlarıyla tanınmağa başlayan Surət Hüseynov 1992-ci ilin iyun-iyul aylarında əsasən Ağdərə istiqamətində başlanan uğurlu hərbi əməliyyatlardan sonra faktiki olaraq xalq arasında məşhurlaşdı. Həmin vaxt AXC rəhbərliyinin ona verdiyi vəzifələrdən savayı Surət Hüseynov qeyri-rəsmi olaraq yaradılmış “Hərbi birlik” adlı qurumun da rəhbəri idi.

Ali Baş Komandan Əbülfəz Əliyevin 8 avqust 1992-ci il tarixli Fərmanına əsasən Qarabağda olan 40 minlik silahlı qüvvə yeni yaradılmış 2-ci Ordu Korpusuna tabe etdirilmiş və S. Hüseynov korpusun komandanı təyin edilmişdi.
1992-ci ilin iyun-oktyabr aylarında Qarabağ ərazisinin 52%-i — Şaumyan rayonu, Ağdərənin böyük hissəsi, Laçın rayonu (şəhər istisna olmaqla), ümumilikdə 220 yaşayış məntəqəsi düşməndən azad edildi. Bu xidmətlərinə görə 9 oktyabr 1992-ci ildə Surət Hüseynova Azərbaycanın Milli Qəhrəmanı adı verildi.

Surət Hüseynovla AXC liderləri arasında ziddiyyətlər əsasən 5 noyabr 1992-ci ildə Mərdəkanda şam yeməyi zamanı sabiq baş nazir müavinin 1993-cü ilin mayınadək planlaşdırılmış hərbi əməliyyatlardan danışmaqla yanaşı, Etibar Məmmədovun baş nazir təyin edilməsi təklifini verməsindən sonra başlayır. Bununla razılaşmayan rəhbərlikdə artıq SHüseynovun E.Məmmədovla birgə hərbi çevriliş planladıqları haqda şübhələr yaranır. Hətta bunu əsas gətirən prezident Elçibəy müdafiə naziri Rəhim Qazıyevdən SHüseynovu korpus komandirliyi vəzifəsindən azad etməyi tələb edir. Lakin R.Qazıyev bununla razılaşmır. Əbülfəz Elçibəy isə “bu qüvvəni dövlət çevrilişi üçün hazırlamırsa, onda yanvarın ortalarından gec olmayaraq Qarabağda hücuma keçsin”-cavabını verir. Ali Baş Komandanın əmri SHüseynova çatdırılır. 2-ci Ordu Korpusunun rəhbərliyi Baş Qərargaha hazırkı vəziyyətdə hücum qərarının səhv olduğunu əsaslandıran 7 maddədən ibarət təqdimat verir. Sənəddə xüsusən qışda, 20 dərəcə şaxtada və qarın qalınlığı 50-100 sm olan yüksək dağ şəraitində hərəkətin çətinliyi xüsusi vurğulanır. Lakin bütün bunlara, hətta prezidentin Türkiyəli hərbi müşavirinin də etirazlarına rəğmən Elçibəy S.Hüseynovdan sərt şəkildə yanvarın ortalarından gec olmayaraq hücuma keçməyi tələb edir.

Beləliklə, heç bir hərbi zərurət olmadan, əksinə, hərbi şəraitin tələblərinə zidd olaraq, 2-ci korpus 1993-cü ilin yanvarında Ağdərə və Fərrux istiqamətlərində genişmiqyaslı hücuma atılır. Amma fevralın 5-də ermənilərin əks-hücumu nəticəsində qüvvələrimiz azad edilmiş mövqelərdən tədricən geri çəkilməyə başlayır. Beləliklə, Xankəndinin cəmi 20-30 km-dək gedib çıxmış ordumuz məğlubiyyətə düçar olur.

Bu minvalla 9 fevral 1993-cü ildə AXC İcra Komitəsinin sədri Fərəc Quliyev “Sürət Hüseynovun Ağdərədən qoşunları çıxarması, ermənilərin qarşısını açması və bununla da Vətənə xəyanət etməsi” haqda bəyanat verir. Məhz bundan sonra Surət Hüseynov — iqtidar münaqişəsi qızışan xətlə inkişaf edir. SHüseynov baş nazirin müavini və korpus komandirliyindən azad edilir. 1993-cü ilin aprelində Kəlbəcər də işğal edilir. Bütün səylərə rəğmən SHüseynov rəsmi Bakıya tabe olmur. Və nəticədə 1993-cü il iyunun 4-də Gəncədə yerləşən hərbi hissənin tərksilah edilməsi haqda əmr verilir. Uğursuzluğa düçar olan əməliyyat hər iki tərəfdən 35 nəfərin həlak olması ilə nəticələnir. Bundan sonra daha da hiddətlənən SHüseynov tərəfdarları Bakıya doğru istiqamət alır və prezident başda olmaqla AXC iqtidarının istefasını tələb edirlər. Bundan təşvişə düşən iqtidar o dövrdə Naxçıvan Ali Sovetinin sədri olan Heydər Əliyevi ölkədə sabitlik yaratmaqda yardımçı olması üçün Bakıya dəvət etməyə məcbur olur…

Əlbəttə, deyilənlərdən sonra Surət Hüseynovun kimliyi haqda ziddiyyətli fikirlər oyanır. Politoloq Ərəstun Oruclu hesab edir ki, SHüseynov Qarabağda fəaliyyətə başladığı dövrdən bilərəkdən və ya bilməyərəkdən hərəkətlərinin mahiyyəti qanuni AXC hakimiyyətinə qarşı yönəlmiş və sonradan həmin iqtidara tabe olmayan, hansısa siyasi maraqlar üçün çalışan bir hərbi birləşmə komandiri olub.
Surət Hüseynovun kimliyi haqqında ikinci ehtimal onun xarici kəşfiyyat xidmətinin, xüsusən Rusiya Ordusunda Baş Kəşfiyyat İdarəsinin(“QRU”), yaxud sonradan qismən FTX-ya transformasiya olunmuş keçmiş SSRİ DTK-nın yüksək rütbəli əməkdaşlarının birbaşa, yaxud dolayısıyla təsiri altında fəaliyyət göstərməsidir. Surət Hüseynovun “KQB”-“FSB” strukturları ilə bu və ya digər formada əlaqəsi olması haqqında son 23 ildə elə bir ciddi fakt aşkar edilməyib. Ancaq sabiq baş nazirin “QRU”-nun təsiri dairəsində olması ehtimalını artıran bir yazılı sənəd mövcuddur…
1995-ci ilin martında bu sətirlərin müəllifi “Təzadlar” qəzetinin baş redaktor müavini kimi redaksiyanın poçtuna “Əbülfəz Elçibəyin milli təhlükəsizlik məsələləri üzrə məxfi müşaviri” imzasıyla göndərilmiş və əsasən Surət Hüseynovun AXC hakimiyyəti dövründəki fəaliyyətinə həsr olunmuş bir məktubu redaktə edərək çapa vermişdir.
Məktubda göstərilirdi ki, AXC hakimiyyəti dövründə Surət Hüseynovun baş nazirin müavini, prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi və korpus komandiri təyin olunmasında Rusiya Ordusunda Baş Kəşfiyyat İdarəsindən pul bahasına ələ keçirilmiş sənədlər böyük rol oynayıb. Həmin sənədlərdə SHüseynov müsbət xarakterizə olunurmuş.Və o zaman baş nazir Pənah Hüseynovun SHüseynovun müavin vəzifəsinə namizədliyini təqdim etməsində o sənədlərin böyük təsiri olub…

AXC hakimiyyəti dövründə milli təhlükəsizlik nazirinin müavini olmuş Sülhəddin Əkbər 2013-cü il aprelin 30-da “Həftə içi”nə müsahibəsi zamanı bu barədə suallarımızı belə cavablandırmışdı:
“… O dövrkü MT nazirinin müavini kimi bu barədə(Surət Hüseynovun “QRU”dan gəlmiş sənəd əsasında baş nazirin müavini təyin olunması-SL) məlumatınız olubmu?

- Həmin təyinatlar barədə detallı məlumatım olmayıb, çünki bunlar Prezident Aparatında həll olunurdu. Ancaq Rusiya “QRU”-dan Surət Hüseynov barədə müsbət fikirlərin olduğu bir sənədin ələ keçməsi haqda məlumatım olmuşdu. Və mən bunu Azərbaycan hakimiyyətini yanıltmaq, yönləndirmək cəhdi kimi qiymətləndirmişdim…

- Məxfi müşavirin məktubunda milli təhlükəsizliyimiz üçün təhlükə doğuracaq daha bir neçə fakt qeyd edilirdi… 1992-ci ilin payızından müdafiə naziri Rəhim Qazıyevin icazəsi və Surət Hüseynovun göstərişi ilə Milli Ordunun əsgərlərinə guya cəsarətverici xüsusi həblər paylanmağa başlayıb. Amma sonradan məlum olub ki, sən demə, həmin həblər əslində cəsarət yox, qorxu, vahimə hissi yaradırmış… Və 1992-1993-cü ilin qış kampaniyasında Milli Ordumuzun müəmmalı məğlubiyyətlərə uğraması, əsgərlərin öz mövqelərini kütləvi şəkildə tərk etməsinin əsas səbəblərindən biri də məhz Surət Hüseynov tərəfindən Gəncədəki Rusiya diviziyasının komandanlığından alınıb döyüşçülərimizə verilən psixotrop preparatlar olub…

- O vaxt bu cür informasiyalar var idi, ancaq onların nə dərəcədə həqiqətəuyğun olması barədə məndə informasiya yoxdur…
15 may 2013-cü ildə qəzetimizin “Hər cavab –bir cümlə” rubrikasına müsahibəsində 1992-1993-cü illərdə baş nazir olmuş Pənah Hüseyn sabiq prezidentin məxfi müşaviri kimi təqdim olunmuş şəxsin kimliyini və Surət Hüseynovun vəzifəyə necə təyin olunmasına aydınlıq gətirdi. Birbaşa mövzu ilə bağlı olmasını nəzərə alıb müsahibənin həmin parçasını bir daha nəzərinizə çatdırırıq:

“- 1995-ci ildə mətbuatda müəllifin ad-soyadı göstərilmədən, sadəcə, “Əbülfəz Elçibəyin milli təhlükəsizlik məsələləri üzrə müşaviri” imzası ilə gedən bir yazıda bildirilirdi ki, Surət Hüseynovun baş nazirin müavini və prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi təyin olunması təklifini 1992-ci ildə baş nazir Pənah Hüseyn irəli sürmüşdür .

- O yazını mən yazmışam.

- Deməli, həmin “məxfi müşavir” siz idiniz?

- Bəli, o yazının müəllifi mənəm, onun əlyazması da var, bunu o zaman həmin yazını mətbuata verənlər də bilir.

- O yazıda göstərilən faktlar doğrudurmu?

- Həmin yazı 1992-ci ilin sonunda o vaxtkı baş nazir müavini Surət Hüseynov ətrafında aparılan əməliyyat işləri əsasında əks-kəşfiyyatın təqdim etdiyi məlumatlara istinadən hazırlanmışdı.

- Sözügedən yazıda qeyd edilir ki, Pənah Hüseynovun o vaxt Yevlax yun fabrikinin direktoru olan Surət Hüseynovu yüksək vəzifəyə təqdim etməsini şərtləndirən əsas mənbə ”QRU”dan (Rusiya Ordusunda Baş Kəşfiyyat İdarəsindən) Azərbaycan kəşfiyyatına külli miqdarda pul müqabilində məqsədli şəkildə ötürülmüş sənədlərdəki SHüseynovu müsbət xarakterizə edən kəşfiyyat məlumatları olmuşdur.

- 1992-ci ilin yayında bizə Azərbaycanın hərbi-siyasi rəhbərliyinin, ayrı-ayrı siyasətçilərin, hərbi hissə komandirlərinin, o cümlədən, Surət Hüseynovun xarakterizə olunduğu belə bir məlumat daxil olmuşdu.

- Bəs siz niyə yad və Azərbaycana münasibəti bəlli olan bir ölkənin kəşfiyyat qurumunun məlumatlarına əsasən Surət Hüseynovun belə bir strateji vəzifəyə təqdimatını irəli sürdünüz?

- Bilirsiz, həmin məlumatlar həm də bizim daxili kəşfiyyatın məlumatları ilə üst-üstə düşürdü, Surət Hüseynovun təyinatı barədə “Cinayətimiz- məğlubiyyətimizdir” yazısında ətraflı yazmışam.

- “Məxfi müşavir”in yazısında Rusiyanın Gəncədəki diviziya rəhbərliyindən “cəsarətverici dərman” adı ilə I korpus komandiri Surət Hüseynova (o da maraqlıdır ki, Azərbaycan Milli Ordusunun I korpusunun qərargah rəisi guya “QRU”nun məsul əməkdaşı olduğu sonradan bilinən rus-sovet polkovniki Volodya Selivanov idi) ötürülən, amma əksinə, əsgərlərimizdə qorxu, vahimə yaradaraq onların döyüş mövqelərini kütləvi şəkildə tək etməsinə şərait yaradan psixortrop həblər barədə də məlumatlar var.

- Onlar bizim xüsusi idarəmizin və əks-kəşfiyyatın məlumatları idi, doğru olmaya da bilərdi…”

Sabiq baş nazirin və mili təhlükəsizlik nazirinin müavininin söylədiyi faktlar kifayət qədər ciddi olsa da, Surət Hüseynovun “QRU” və ya digər xarici kəşfiyyat qurumuna xudmət etməsinin hüquqi təsdiqi yoxdur. AXC hakimiyyəti dövründə Milli Təhlüksizlik nazirliyinin əməkdaşı olmuş politoloq Ərəstun Oruc isə SHüseynovun xarici kəşfiyyata xidmət etməsi ehtimalı haqda belə deyir:” Bunu tam əminliklə demək mümkün deyil. Surətin ətrafına onun müəyyən istiqamətdə yönləndirilməsi üçün təsir agentləri yerləşdirilməsi mümkündür. Amma Surət Hüseynov məhkəmədə vətənə xəyanət maddəsi ilə ittiham olunub. İstər cinayət işində, istərsə də məhkəmə prosesində onun hansısa xarici kəşfiyyatla bağlılığı barədə faktlar səslənməyib və təsdiqini tapmayıb”.
Politoloq Ərəstun Oruclu Surət Hüseynovun qiyama qalxmasının səbəbləri haqda belə deyir:”Hesab edirəm ki, hər hansı münaqişədə hər iki tərəfin -birinin az,birinin çox günahı olur. Amma burada müəyyən şəxsi faktorlar da böyük rol oynamışdı. Vəzifə və səlahiyyətləri böyüdükcə Surət Hüseynovun iddiaları da böyüyürdü. Ətrafındakılar onu göylərə qaldırıb eyforiyaya qapdırırdılar. Bu da siyasi prosesərdə çox təkrarlanan haldır ki, hər insan müəyyən böyük uğurlar qazandıqdan sonra tam şəkildə özünə nəzarəti əlində saxlaya bilmir.Yadımdadır ki, o vaxt belə informasiyalar da alırdıq ki, Gəncə və ətraf bölgələrdəki bəzi toy və şənliklərdə Surət tərəfdarları “Azərbaycanın gələcək prezidenti” kimi onun şərəfinə badələr qaldırırdılar. Belə videogörüntülər də əldə edilmişdi.Heydər Əliyevin öz dövründə Surət Hüseynovu baş nazir vəzifəsindən kənarlaşdırarkən ona dediyi sözlər də ibrətamizdir. “Sənin yaxşı, müsbət keyfiyyətlrn var idi” deyən Heydər Əliyev onun ətrafındakı neqativ adamların adlarını da sadalamışdı. Onu da unutmaq lazım deyil ki, Surət Hüseynov yalnız AXC hakimiyyətinə qarşı deyil, onu baş nazir qoymuş Heydər Əliyevə də qarşı çıxmışdı. Bu da onun fərdi keyfiyyətlərini və ətrafını önə çəkir. Bütün hallarda Surət Hüseynov Azərbaycanın yaxın tarixində ən neqativ fiqurlardan biridir. Və o istəsə də, istəməsə də bu, belə qalacaqdır. Hesab edirəm ki, 1994-cü ilin oktyabrında Surət Hüseynovun birdəfəlik durdurulması Azərbaycan dövlətçiliyi üçün çox uğurlu bir addım idi…”

Siyasi analitik Tahir Cəfərli Surət Hüseynovun Rusiya kəşfiyyatı, eləcə də sabiq prezident Ayaz Mütəllibovla bağlılığı ehtimalını rədd edir. Onun fikrincə, 4 iyun olayları bilavsitə AXC iqtidarının yarıtmaz daxili və xarici siyasətinin nəticəsi olub. “Gəlin Gəncə hadisələrində cəmi 1 il əvvəl baş vermiş olaylara baxaq: Xalqın etimadından sui-istifadə edən AXC iki dəfə dövlət çevrilişi etmiş və Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovu hakimiyyətdən kənarlaşdırmışdı. Şuşa və Laçının verilməsi də AXC-nin Rusiya hakimiyyət rəsmisi Burbulislə gizli sövdələşməsi nəticəsi idi. Verdikləri vədlərə rəğmən AXC iqtidarı iki aydan sonra xalqa Türkiyədən gətirilmiş “jmıx” yedizdirirdilər.Hakimiyyət liderləri isə Londonda 500 funt sterlinqə şampan vurub biri-birini tərifləyirdi. Bir sözlə, artıq 1992-ci ilin payızında xalq kütlələrində AXC iqtidarına qarşı kəskin narazılıq yaranmağa başlammışdı.

mehman-elekberovEyni zamanda Qarabağ uğrunda canlarından keçməyə hazır olan minlərlə döyüşkən Azərbaycan oğulları da iqtidarın cəbhədəki avantüralarını dərk etməkdə idi. Döyüş əməliyyatlarında cürbəcür müəmmalı təxribatlar baş alıb gedirdi. Cəbhədə faktiki olaraq uğurlar qazanan Surət Hüseynova korpus komandiri, baş nazirin müavini kimi vəzifələr və Milli Qəhrəman adı verən AXC rəhbərliyi sonradan onun xalq arasındakı nüfuzundan ehtiyat edərək ona qarşı müxtəlif tədbirlər görməyə başladı. Demək olar ki, erməni yaddan çıxmış, bütün qüvvələr Surət Hüseynova qarşı səfərbər edilmişdi. Sabiq milli təhlüksizlik naziri Vaqif Hüseynov “Bir ömürdən çox” adlı məşhur kitabında açıq şəkildə göstərir ki, AXC liderlərinin bir çoxu SSRİ DTK-nın agentləri olub. Bəlkə bunlarda öz xalqına qarşı belə qəddarlıq və Gəncədə dünən ermənilərə qarşı döyüşmüş hərbçilərə atəş açmaq əmri verməklə 35 nəfərin həlak olmasına səbəb olmaları buradan irəli gəlir. Əgər AXC iqtidarında milli qeyrət olsa idi, onlar Surətin Xankəndini almasına dəstək verərdi. Kəlbəcərin ermənilərə verilməsi də Surətin qiyam qaldırmasının səbəblərindəndir. Kəlbəcər veriləndən sonra Surət və onun tərəfdarları anladılar ki, bu iqtidar xalqa xidmət etmir.
4 iyun hadisələrində Qarabağ müharibəsinin əsl qəhrəmanlarından olan Mehman Ələkbərov Gəncəyə gələn qüvvələrin qarşısına ağ bayraqla çıxıb qardaş qırğını törətməməyi tələb edəndə AXC tərəfdarları onu güllələdilər. Nəticədə onun tərəfdarları və qohumları AXC-yə qarşı üsyana qalxdılar. Beləliklə, Gəncədə AXC satqınlığı nəticəsində azərbaycanlılar azərbaycanlılara əl qaldırdılar. Gəncəni mühasirəyə almaq və bombardıman etmək əmrini verənlər hərbi cinayətkardırlar. Nəyə görə Azərbaycan ordusunun S.Hüseynovun nəzarətində olmayan böyük hissəsi və polis ona qarşı qalxmadı. Çünki Surət Hüseynov AXC iqtidarına qarşı qiyam qaldırmaqda haqlı idi…”

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники