nazim-b3-160x150Gəncə hadisələrinin ildönümdür və «qiyamçı polkovnik» adlandırılan Surət Hüseynovun ən yaxın silahdaşlarından olmuş 709 saylı hərbi hissənin keçmiş qərargah rəisi, polkovnik-leytenant Nazim Bayramov bir neçə gündür ki,Moderator.az-a maraqlı yazılar göndərir. Onun növbəti yazısını təqdim edirik:

1992-ci ilin iyun-oktyabr aylarında Qarabağ ərazisinin 52%-i — Şaumyan rayonu, Ağdərənin böyük hissəsi, Laçın rayonu (şəhər istisna olmaqla), ümumilikdə 220 yaşayış məntəqəsi düşməndən azad edildi. Bu xidmətlərinə görə 9 oktyabr 1992-ci ildə Surət Hüseynova Azərbaycanın Milli Qəhramanı adı verildi.
Dağlarda qışın yaxınlaşması ilə əlaqədar payızda geniş hücum əməliyatları planlaşdırılmamışdı. Bu ərəfədə  S. Hüseynov “Seyfəli” təlim mərkəzində 10 minlik ehtiyat qüvvəsinin hazırlığına başladı. 2-ci Ordu Korpusu rəhbərliyinin fikrincə bu qüvvənin hazırlığı 1993-cü ilin fevralında tamamlanmalı, martın sonlarından isə ordumuz genişmiqyaslı hücuma keçərək,  həmin ilin mayında müharibəni zəfərlə bitirməli idi.
S.Hüseynov 5 noyabr 1992-ci il tarixdə hərbi planla bağlı bütün ayrıntıları  Mərdəkanda dövlətin rəsmi nümayəndələrinə  şam yeməyi zamanı danışır. O, “Seyfəli”də ilk 4500 nəfərlik 9 batalyonun hazırlığına başladığını, müharibəni 1993-cü ilin mayında zəfərlə başa çatdıracağımıza əmin olduğunu bildirmiş, siyasi rəhbərliyi ölkədə milli birliyə nail olmağa çağırmışdı. Görüşdə o zamankı ana müxalifət partiyasının sədri Etibar Məmmədov və müavini Şadman Hüseynov da iştirak etmişdilər. S.Hüseynov artıq istefa ərizəsini vermiş baş nazir Rəhim Hüseynovun yerinə Etibar Məmmədovun təyin olunması və bununla da birliyə nail olmaq üçün daha bir addım atılması təklifini səsləndirmişdi. Lakin Türkiyə səfərindən yorğun qayıtdığına görə Prezident Əbülfəz Əliyev görüşdə iştirak edə bilməmişdi. Buna görə də S.Hüseynov Milli Məclisin sədri İsa Qəmbərdən və dövlət katibi Pənah Hüseynovdan təklifini prezidentə çatdırmalarını xahiş etmişdi. Xatırladım ki, S.Hüseynov hələ 1992-ci ilin mayında prezident seçkiləri ərəfəsində E.Məmmədovdan namizədliyini Ə.Elçibəyin xeyrinə geri götürməsini xahiş etmişdi. İndi isə o düşünürdü ki, milli birlik və zəfər naminə iqtidar-müxalifət münasibətləri kənara qoyulmalı, hamı əl-ələ verib ölkənin ərazi bütövlüyü uğrunda çalışmalıdır. S.Hüseynov həmçinin görüşdə iştirak edənləri əmin etmişdi ki, onun bu təklifinin arxasında başqa fikir durmayıb, heç bir siyasi ambisiyası yoxdur və Qarabağ azad ediləndən sonra o, özünün əvvəlki işləri ilə məşğul olacaq. Gələcəkdə kəskin şəkil almış AXC — S.Hüseynov qarşıdurmasının ilk başlanğıcı da məhz bu görüşdə S.Hüseynovun  E. Məmmədovun baş nazir təyin edilməsi təklifini irəli sürməsi ilə  olmuşdu.
Bu görüşdən təxminən 10 gün sonra Qərb bölgəsinə gedən İ. Qəmbər nə gedəndə, nə də qayıdanda 2-ci Ordu Korpusunun qərərgahı və maddi-texniki bazasının yerləşdiyi Yevlax Yun zavoduna dönüb, Prezidentin Qarabağ və ətraf rayonlar üzrə səlahiyətli nümayəndəsi S.Hüseynovla görüşməmişdi. Halbuki ölkə rəhbərliyindən hər kəs Yevlaxdan keçərkən adət üzrə S. Hüseynovun yanına dönür, Qarabağdakı vəziyətlə maraqlanır, döyüşçülərlə görüşürdü.
Daha sonra həmçinin ehtiyatda olan ilk 4500 nəfərlik qüvvənin 20 dekabr 1992-ci ildə Seyfəli təlim mərkəzində yekun təlim və sıra baxışına dəvət olunduqlarına baxmayaraq, dövlət rəhbərliyindən heç kəs oraya təşrif gətirməmişdi. Əvəzində dekabrın 24-ü Prezident Ə.Elçibəy müdafiə naziri Rəhim Qazıyevə bildirir ki, S. Hüseynov məlum ordu hazırlığını (!) Bakıda dövlət çevrilişinə yönəldəcək. Bu üzdən də S. Hüseynovu 2-ci Ordu Korpus komandanı vəzifəsindən azad etməsini tələb edir.  R. Qazıyev isə cavabında bildirir ki, «onu bu vəzifəyə siz təyin etmisiniz, lazımdırsa, özünüz də azad edin”. R.Qazıyevin “Bəy, bu adam 6 aydır sənin Qarabağ üzrə səlahiyətli nümayəndəndir. Bircə dəfə onu yanına dəvət edib, fəaliyəti barədə hesabat istəmisənmi? Adam Allahla danışar, Surət Vətən üçün əlindən gələni edir”- dediyində isə Əbülfəz Elçibəy “bu qüvvəni dövlət çevrilişi üçün hazırlamırsa, onda yanvarın ortalarından gec olmayaraq Qarabağda hücuma keçsin”-cavabını verir.
1993-cü il dekabrın sonunda Baş Qərargah rəisi general-mayor Nürəddin Sadıqov Gəncəyə gələrək Ali Baş Komandanın hücum barədə əmrini S.Hüseynova çatdırır.  2-ci Ordu Korpusunun rəhbərliyi Baş Qərargaha hazırkı vəziyyətdə hücum qərarının səhv olduğunu  əsaslandıran belə bir təqdimat verir:
1) Düşmən haqqında (sayı, mövqeyi, hücum vasitələri və nöqtələri) kəşfiyyat məlumatları kifayət qədər toplanmayıb. Kəşfiyyat aparılmadan düşmənin üstünə irimiqyaslı hücuma keçmək olmaz;
 2) Hücuma dəstək verəcək artilleriya qruplaşması yaradılmayıb və artilleriya nişançıları çatışmazlığı var;
 3) Mühəndis təchizatı və arxa cəbhə təchizatı qurulmayıb;
 4) Qışda, 20 dərəcə şaxtada və qarın qalınlığı 50-100 sm olan yüksək dağ şəraitində hərəkət çətindir;
5) Qoşunların təchizatı qışda dağda xeyli çətinləşir (tüstüyə görə döyüş zonasında ocaq qalamaq təhlükəlidir və buna görə də qadağan olunur), isti qidasız əsgər isə qışda fiziki ağırlığa tab gətirməyəcək;
6) Qışda dağ-meşə şəraitində hücum əməliyatları keçirmək və idarə etmək ən ağır döyüş növlərindəndir ki, bunun üçün də xüsusi dağ ləvazimatı və hazırlığı lazımdır;
 7) Hazırkı ehtiyyat qüvvəsini hücuma atmaqla, Azərbaycan ehtiyyat qüvvəsiz qalacaq. Bu isə yolverilməzdir.
Lakin bu əsaslı etirazları prezident Əbülfəz Elçibəy rədd edərək Surət Hüseynovdan  sərt şəkildə tələb edir ki, yanvarın ortalarından gec olmayaraq qoşunlar hücuma keçsin.
 Beləliklə, heç bir hərbi zərurət olmadan, əksinə, hərbi şəraitin tələblərinə zidd olaraq, Azərbaycanın yeganə ehtiyat qüvvəsi 1993-cü ilin yanvarında Ağdərə və Fərrux istiqamətlərində genişmiqyaslı hücuma atıldı.
Ayrıca qeyd edim ki, prezidentin türk hərbi müşavirləri də onu bu hücum qərarından imtina etməyə çağırmışdılar.  Lakin müdafiə naziri  R.Qazıyev və 703-cü briqadanın komandiri  Nəcməddin Sadıkov (!) qərarın lehinə rəy  bildirmişdilər. S.Hüseynov R.Qazıyevə qış hücumu ilə bağlı kəskin etiraz edərək, istefa verəcəyini dedikdə, R.Qazıyev, “Surət, sən getsən, bəs müharibəni kim aparacaq? Bu qədər zəhmət çəkmisən, işi yarımçıq qoyma. Hücuma keçək. Hücum uğurlu olacaq, əminəm”-demişdi.
1993-cü ilin yanvarındakı hücum əməliyatı haqqında haşiyə.
Hərbidə, xüsusən də müharibədə hər addım yalnız və yalnız zərurətə uyğun atılır. Ancaq indiyə qədər 1993-cü ilin yanvarındakı  Ağdərə-Fərrux hücumunun zəruriliyi əsaslandırılmayıb. Bu hücum qərarının əsaslandırılması üçün bir-birini təkzib edən iki versiya irəli sürülür. Birinci versiyaya görə, “qış idi, ermənilərdə yanacaq problemi var idi, onlar acından ölürdülər, ona görə hücumun əsl vaxtı idi”. İkinci versiyanın müəllifləri görünür ermənilərin bizim hücumun qarşısını alandan  sonra fevralın 5-i keçdikləri əks-hücumu dəlil gətirərək,  yanvar hücum qərarına bəraət qazandırmağa cəhd edib buyururlar ki, “ermənilər fevralda hücuma keçəsi idilər, ona görə də biz onlara qabaqlayıcı zərbə endirməli idik”. Anlamaq olmur, “ermənilər acından ölürmüşlər”, yoxsa o qədər güclü idilər ki, “fevralda hücuma keçəcəkdilər”?
 Birincisi, sonrakı hadisələr də göstərdi ki, “ermənilər acından ölmürmüşlər”.
İkincisi, bizim Ağdərədəki qüvvələr noyabr ayından həmin mövqelərdə müdafiədə dayanmışdılar. Mövqelərimiz müdafiə üçün əlverişli idi, onun qarşısı, eləcə də düşmən tərəfdən gələn yollar minalanmışdı. Biz tam rahatlıqla ermənilərin fevralda “gözlənilən” hücumunun qarşısını alıb (əgər bu baş versəydi), sonra Seyfəlidə hazırlanmış həmin ehtiyat qüvvə ilə əks-hücuma keçə bilərdik. Lakin biz anlaşılmaz bir hücuma keçdik, əlimizdə olan yeganə ehtiyat qüvvəni Fərrux və Ağdərənin dağlarında “əritdik”, cavabında isə ermənilər hücuma keçdilər. Nəticədə ermənilərin 16 fevraldan başladıqları əks hücumun  qarşısını almaq üçün artıq ehtiyat qüvvəmiz olmadı. İdarəçilik isə S.Hüseynovun kənarlaşdırılması ilə pozulmuşdu, Qarabağda onu əvəz edə biləcək təşkilatçı yox idi. Döyüşlərə polis qüvvələri, mülki dənizçilik məktəbinin kursantları, sonra isə “oblavalarda” tutulan hazırlıqsız gənclər atılırdılar. Bu, 1993-cü ilin sonrakı acı məğlubiyətlərinin başlanğıc nöqtəsi idi. Bundan sonra ordumuz bir daha 1993-cü ilin dekabrından müqavimət gücünü özünə qaytara bildi. Yeri gəlmişkən, artıq Baş Qərargahın rəisi olmuş Nəcməddin Sadıkov yenidən ordunu 1994-cü ilin yanvarında faciəvi Kəlbəcər hücumuna atdı. Çünki bir il əvvəlki avantürasına görə İsgəndər və Sərdar Həmidovların himayəsində və sayəsində cəzadan boyun qaçıra bilmişdi. Həmin səhvi-qışda dağlarda genişmiqyaslı hücumu 1994-cü ildə bir daha təkrar etdi.
1993-cü il yanvar ayında Fərrux və Ağdərə hücum əməliyatı planını Baş Qərargah hazırlamışdı. Hücum iki istiqamətdə keçirilməli idi: Fərrux və Ağdərə istiqamətlərində.
 Yanvarın 15-də başlamış hücum zamanı Ağdərədə cəmləşdirilmiş 6 minlik qruplaşmadan 19 yanvara qədər yalnız mərkəzdə hücum edən 123-cü alay ağır itkilər verərək qarşısına qoyulmuş döyüş vəzifəsini şərəflə yerinə yetirdi. Sol və sağ cinahlardakı qüvvələr (bu qüvvələrə cavabdehliyi Nəcməddin Sadıkov, Fəhmin Hacıyev və  Rövşən Cavadov daşıyırdı)   irəliləyə bilmədiklərinə görə əməliyata bilavasitə rəhbərlik edən Ağdərə briqada komandiri Nəcməddin Sadıkov  yanvarın 27-də Ağdərə istiqamətində hücumu dayandırmaqla, müdafiə əmri verdi.  Eyni əmrə əsasən həm də 123-cü alayı Araçadzorun (Dovşanlının) və Vəngin ətrafında tutduğu mövqelərdən geriyə, cəmləşmə rayonu olan Çıldrana qaytarılmışdı. Briqada komandiri və eyni zamanda Ağdərə əməliyatına rəhbərlik edən N.Sadıkovun bu əmrinin üstündən 28 yanvarda 2-ci OK qərargah rəisi polkovnik İ. Aslanov əməliyatda, 35% itki vermiş 123-cü alayın və 143 saylı artilleriya bölməsinin daimi dislokasiya yerinə qayıtması haqqında 108 saylı döyüş sərəncamını vermişdi. Nəcməddin Sadıkov əmrlə tanış olduqdan sonra Surət Hüseynovdan 143 saylı artilleriya bölməsinin cəbhədə saxlanılmasını xahiş etmişdi. S. Hüseynov həmin gün verdiyi 109 saylı döyüş sərəncamı ilə 143 saylı artilleriya bölməsini N.Sadıkovun sərəncamında saxlamışdı.
30 yanvar 1993-cü ildə 123-cü alaydan qalan hissə Seyfəli təlim mərkəzində cəmləşmişdi. Onu da qeyd edim ki, 123-cü alay o zamana kimi 15-16 analoji əmr almış və icra etmişdi. Çünki sırf hücum qüvvəsi kimi əvvələr də azad etdikləri ərazini müdafiə üçün yerli briqadaya təhvil verib, daimi dislokasiya yerinə qaytarılıb.
31 yanvar 1993-cü ildə S.Hüseynov Bakıda müdafiə naziri R.Qazıyevlə görüşüb, Ağdərə və Fərrux əməliyatları zamanı baş vermiş müəmmalı hadislərlə bağlı prezidentə dərhal məlumat verməsini, bunların araşdırılması üçün istintaq başlanmasını və təqsirkarlara qarşı hərbi-səhra qanunlarının tətbiqini tələb etmişdi.
Fərrux dağı ilk hücumda itkisiz alınandan sonra əməliyata bilavasitə rəhbərlik etmiş Mehman Səlimov Fərruxu tutan bölmələrə geri qayıtmalarını əmr etmişdi.  S.Hüseynov bunu bilib, M.Səlimovdan Fərruxu tutmasını sərt şəkildə tələb etmiş və bunu etməsə, onu hərbi- səhra qanunları ilə güllələyəcəyini demişdi. Fərruxa ikinci hücum zamanı Daxili Qoşunlara məxsus zirehli texnika (PDM) səhvən və ya qəsdən hücuma keçmiş bölmələrimizə arxadan atəş açmışdı. PDM ekipajını atəşi dayandırmağa məcbur edən polkovnik İlham Aslanov və polkovnik-leytenant Vahid Tacibovun “niyə özümüzünküləri vurursuz?” sualına, “bizə deyiblər oranı vurun” — cavabını vermişdilər.  Fərrux ikinci hücum nəticəsində böyük itkilər hesabına alınsa da, bu dəfə ermənilər əlavə qüvvələr gətirdiklərinə görə bölmələrimiz tutduqları mövqeləri saxlaya bilməyib, geri çəkilmişdilər. Bununla da Fərrux əməliyatı pozulmuşdu.
Həmçinin Ağdərə istiqamətidə hücum zamanı 123-cü alayın sağ və sol cinahları, “Qurtuluş” batalyonundan başqa, nəinki irəliləməmiş, əməliyat dövrü — 15-27 yanvar ərzində hücuma keçməyə cəhd belə etməmişdilər.
Bundan başqa yanvar hücumundan bir neçə gün əvvəl qoşunların  hazırlığını yoxlamaq məqsədilə Ağdama getmiş S.Hüseynov Əfətli kəndində 708-ci briqadanın qərargahında olarkən,  üzbəüzdə yerləşən orta məktəbin binasında güclü partlayış baş vermiş, “20 Yanvar” batalyonundan 20 nəfər həlak olmuş, 60 nəfər yaralanmışdı. Həmin gün qərargahın daxili həyətindəki çayxanasında qumbaraatandan atəş açmağa cəhd edərkən, mərmi erkən partlamış, atəş açmağa cəhd edən əsgər ölmüşdü. O günlər hücuma ciddi hazırlıq getdiyindən bu faktlar ciddi araşdırılmadı. Lakin Fərrux və Ağdərə əməliyatları müəmmalı şəkildə pozulduqdan sonra Əfətlidəki bir gündə baş vermiş bu iki hadisə S.Hüseynova qarşı sui-qəsd cəhdləri  kimi qiymətləndirildi.
Yuxarıda qeyd etdiyim görüşdə S.Hüseynovu dinləyən Rəhim Qazıyev dərhal prezident Ə.Əliyevə telefon açaraq baş verən olayları təfərrüatı ilə danışmış və S.Hüseynovun hərbi səhra qanunlarının tədbiqi haqqında tələblərini ona çatdırmışdı. Ölkə başçısı eşitdiklərindən qəzəblənib, bunlardan xəbərsiz olduğunu, S.Hüseynova narahat olmamasını və təqsiri olanların müəyyən edilib mütləq şəkildə cəzalandırılacaqlarına söz vermişdi.
Prezident S.Hüseynovun sadaladığı faktlarla bağlı artıq 1 fevral 1993-cü ildə Respublika Baş Prokurorun 1-ci müavini İbrahim Tatıyevin başçılığı və Baş Hərbi Prokuror Rövşən Əliyevin iştirakı ilə cəbhə bölgəsinə istintaq qrupunu göndərmişdi.
İstintaq qrupu cəbhə bölgəsində işləyən zaman, 5 fevral 1993-cü ildə ermənilər Ağdərədə Nəcməddin Sadıkovun briqada mövqelərinə əks-hücuma keçib, müqavimətsiz 3 kəndi almışdılar. N.Sadıkovun ixtiyarında həmin vaxt 4 minlik qüvvə olmasına baxmayaraq, o, təşviş içində S.Hüseynova zəng edib ondan yardım istəmişdi. S.Hüseynov 111 saylı döyüş sərəncamı verərək, 123-cü alayın nisbətən az itki vermiş 1-ci batalyonunu, 2-ci batalyonun bir hissəsini, Ağdamdan 032 h/h-nin tanklarını, 778 h/h-ni, 701-ci briqadanın 1-ci batalyonunu və başqa qüvvələri korpusun qərargah rəisi polk. İ.Aslanovun rəhbərliyi ilə Ağdərəyə göndərmiş, özü də ora gəlmişdi. Fevralın 6-na kecən gecə İ. Aslanovun rəhbərliyi ilə bu qüvvələr düşmən üzərinə əks-hücuma keçərək, fevralın 8-nə qədər həmin 3 kəndi geri qaytarmışdılar.
İstintaq qrupu yanvarda baş vermiş hadisələrlə yanaşı, fevralın 5-də ermənilərin Ağdərədə əks-hücumu və bir gündə 3 kəndin itirilməsinin səbəblərini  araşdırmışdı. Məlum olmuşdu ki, hələ yanvarın 27-də briqada komandiri N. Sadıkov hücumu dayandırıb, müdafiəyə keçmək haqqında əmrində öz briqadasının mühəndis-istehkam xidmətinin rəisi mayor Piriyevə düşmən tərəfdən gələn yolları və briqadanın mövqelərinin qarşısını minalamasını əmr etmişdi. Lakin mayor Piriyev yanvar 28-dən fevralın 5-ə qədər əyyaşlıqla məşqul olduğundan yolları və ön cəbhəni minalamamışdı. Bunun nəticəsində düşmən zirehli texnikası ilə maneəsiz 3 kəndi tutmuş,  bu üzdən də briqadanın bölmələri geri çəkilmişdi.
Məlumat üçün bildirim ki, həmin hadisələrdə mayor rütbəsi daşıyan Piriyev hazırda müdafiə nazirliyində polkovnik rütbəsində məsul vəzifə daşıyır.
Baş prokurorun birinci müavini İbrahim Tatıyevin başçılıq etdiyi  istintaq qrupunun Fərrux və Ağdərə əməliyatları zamanı baş vermiş müəmmalar və bunun nəticəsindəki uğursuzluğun səbəblərini açmalarından narahat olan bəzi yüksək vəzifəli hərbçilər və onların siyasi havadarları istintaqın işini əngəlləmək və istiqamətini özlərindən uzaqlaşdırmaq məqsədilə üzərində Nəcməddin Sadıkovun “icra edilsin” dərkanarı olan 28.01.1993 tarixli 108 saylı məxfi döyüş sərəncamının nüsxəsini AXC-nin mətbu orqanı olan “Azadlıq” qəzetinə ötürüb, çap etdirdilər.
Beləliklə də onlar heç bir aidiyyatı olmadan, bu əmri cəmiyətə S.Hüseynovun Ağdərədən qoşunları çəkməsi kimi çatdırdılar. Halbuki bu əmrin ermənilərin əks-hücumu nəticəsində itirilmiş və sonra 123-cü alayın bölmələri tərəfindən qaytarılmış kəndlərə heç bir aidiyatı yox idi. Bu əmr əvvəlki əməliyata aid idi.
  Bununla da AXC iqtidarı daxilindəki bir neçə maraqlı qruplar tərəfindən “S.Hüseynov faktorunun zərərsizləşdirilməsi” prosesi “həlledici” mərhələsinə daxil oldu…
Ardı var…
istinad — moderator.az/?xeber=47469

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники