nazim-b3-160x1504 iyun Gəncə hadisələri ilə bağlı belə sualın da verilməsi doğrudur ki, “lap tutaq ki, 709-cu briqadanın əsgərləri və zabitləri qiyam etməmişdilər, günahsız idilər. Məgər onlar müdafiə nazirinin bir işarəsinə belə tabe olub, silahları təhvil verməli deyildilərmi?”  Bəli, 4 iyunda 709-cu briqada hadisələrin müəyyən mərhələsində - yəni, hökümət qoşunlarının silah tətbiq etməsindən sonra, silahlı müqavimət göstərdi. Ancaq baxın hansı şəraitdə?

Bu və başqa suallara cavab vermək üçün ilk növbədə 4 iyunla bağlı adı hallanan “Hərbi Birliyin” nə vaxt yaradıldığına və “qiyamçıların”  kimliyinə faktlarla nəzər salaq. Bunun üçün o zaman gedən proseslərə 1992-ci ilin mayından başlayaraq baxmaq lazımdı.

1992-ci ilin aprelində Azərbaycanın durumu bu yaxınlarda hakimiyətsizlik dövründə ərazi itkilərinə məruz qalmış Ukraynanın vəziyəti ilə demək olar ki,eyni  idi. Ermənistan və Dağlıq Qarabağ separatçıları 1991-ci ilin sonlarından 1992-ci ilin aprelinə qədər  sonu görünməyən siyasi böhranlardan zəifləmiş və  idarəolunmaz hala salınmış Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini ələ keçirmiş, azərbaycanlıları yaşadıqları yerlərdən qovmuş, Xocalıda qətliam törətmişdilər. Dövlət orqanlarının fəaliyyətsizliyi və 6 ay ərzində üç müdafiə naziri, o cümlədən, iki Baş Qərargah rəisinin dəyişdirilməsi Qarabağın əhalisinin və ərazi bütövlüyünün qorunması tədbirlərini və  tələb olunan intensiv ordu quruculuğu prosesini iflic etmişdi. Qarabağ ölüm-dirim savaşı verdiyində, Bakı 1992-ci ilin may ayında hakimiyyət uğrunda savaş meydanına çevrilmişdi. Qarabağ öz qara taleyinin ümidinə buraxılmışdı.

Separatçıların Ermənistanla artıq quru nəqliyyat dəhlizi açmaq məqsədilə növbəti hücumun Şuşa və Laçına olacağı bəlli idi. Çünki bunsuz “DQR”-nın mövcudiyəti mümkün deyildi.

Ölkədə hərbi idarəçilik aşağı səviyyədə idi, orduda pərakəndəlik  hökm sürürdü. Şuşa təhlükədə idi və konkret addımlar atmaq zamanı idi. Qarabağda bütün dəstə komandirləri artıq başa düşürdülər ki, yaranmış təhlükəli vəziyyətlə bağlı hamı bir yumruq kimi vahid komandanlıq ətrafında birləşməlidir. Bu zərurət Qarabağda döyüşən dəstələri ətrafında birləşdirəcək mərkəzin yaradılmasını zəruri etdmişdi.

3 və 5 may, 1992-ci ildə Ağdamda Qarabağın 52 özünümüdafiə batalyonlarının komandirləri tərəfindən koordinasiya orqanı və vahid komandanlıq kimi “Hərbi Birlik” yaradıldı.  Qurumun qərarlarının yerinə yetirilməsi vacib şərt kimi qoyularaq, bu birliyin məşvərət qrupu və başçısı seçildi. Birliyin məşvərət qrupu Milli Ordu briqadalarının və iri özünümüdafiə dəstələrinin komandirlərindən və ixtisaslı zabitlərdən təşkil edilmişdi. «Hərbi Birliyin» sədri isə alternativsiz və yekdilliklə Ali Sovetin deputatı Surət Hüseynov seçildi. HB-in sədri əlaqələndirmə, hərbi maddi-texniki və başqa təhcizat, erməni birləşmələrinə qarşı döyüş əməliyyatlarının hazırlanması və həyata keçirilməsinə birbaşa cavabdeh idi. “Hərbi Birliyin” üzvləri Qurana əl basıb, aralarında olan bütün ixtilafları kənara qoyaraq, vətən naminə birləşib, bütün döyüş qərarlarını yerinə yetirəcəklərinə and içdilər. Sonda «Hərbi Birlik» adından Azərbaycan Ali Sovetinə müraciət ünvanlandı.

S. Hüseynov o vaxt artıq Qarabağın müdafiəsində bilavasitə iştirak edən nüfuzlu şəxs idi. 1988-ci ildən başlayaraq, o, minlərlə Ermənistan qaçqınının məskunlaşdırılmasında, təminatında yaxından iştirak etmişdi. O, həmin dövrdə Qarabağda və Xanlar, Göranboy rayonlarında  6 kəndin müdafiəsində dayanmış polis bölmələrinin və özünümüdafiə dəstələrinin bütün ehtiyaclarını təmin edirdi.  Şuşaya minlərlə silah- sursat, Kosalara tank və başqa hərbi texnika və qida, geyim məhsulları ilə yardım edirdi.  Malıbəyli, Quşçular, Xocalı köçkünlərini müdiri olduğu Yevlax “İlkin Yun Emalı” kombinatına aid yaşayış binalarında yerləşdirib, onları işlə təmin etmişdi. Müdafiə Nazirliyinə 300 mln rubl, OMON-un hesabına 100 mln rubl maliyə yardımları göstərmişdi. O, 1991-ci ilin sonlarından Qarabağla bərabər Qazax, Gədəbəy, Naxçıvanın özünümüdafiə dəstələrinin silah-sursat və yanacaq təminatı üçün də əlindən gələni əsirgəmirdi.

1992-ci ilin prezident seçkilərində Azərbaycan Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin namizədliyini birmənalı şəkildə dəstəkləmiş və xalqı ona səs verməyə çağırmışdı. O zaman əksəriyətimiz səmimi inanırdıq ki, milli azadlıq və Qarabağ şuar və ritorikası ilə hakimiyətə gələcək bu şəxslərinn rəhbərliyi ilə acı məğlubiyətlərə son qoyacağıq və düşmən işğalında olan Qarabağı qaytaracağıq…

“Hərbi Birliyə” daxil olan qüvvələr  10 may 1992-ci ildə Qarabağ müharibəsi dövründə ilk dəfə olaraq, Ağdam- Tərtər- Göranboy- Xanlar cəbhəsi boyunca düşmənin üzərinə birgə  hücuma keçdilər. Mayın 5-də  o zaman hələ işğal olunmamış  Şuşaya gözlənilən erməni hücumunun qarşısını düşmən qüvvələrininin diqqətini  üzərimizə çəkmək məqsədilə  planlaşdırılan döyüş əməliyyatının həyata keçirilməsi mayın 10-a təyin olunmuşdu.

…Şuşa itirildikdən  sonra, 10 may 1992-ci ildə Turşsudakı qüvvələrimizin Şuşaya əks-hücumlarına yardım məqsədilə hücuma keçdik.  Ağbulaq, Dəhraz, Pircamal, Naxçivanik, Xramurd, Marquşevan və başqa bir sıra kənd və yüksəkliklərdə düşmənə sarsıdıcı zərbələr endirdik və bəzi kəndləri bir müddət nəzarətimizdə saxlaya bildik.

Bu əməliyatdan sonra “Hərbi Birlik” 1992-ci il 12 iyunda başlamış Qarabağın şimalına genişmiqyaslı hücumu planlaşdırdı. Bu hücum üçün güclü həmlə-zərbə qüvvəsi lazım idi. O zaman ordu quruculuğu ilk mərhələsində idi. Müdafiə Nazirliyi hərbi hissələr  yaratmaq və silahlandırmaqda çox böyük çətinliklərlə üzləşirdi.

S.Hüseynov yaradılması planlaşdırılan hərbi hissələrdən birinin bütün təhcizat işlərində  yaxından iştirak etmək üçün MN-ə müraciət etmişdi. Beləliklə, 1992-ci il, mayın 20-də MN-nin əmrilə Yevlaxın  yaxınlığındakı Aran qəsəbəsində 123 saylı hərbi hissə yaradıldı. Funksional olaraq, 123-cü alay, briqadalardan fərqli, daimi müdafiə ərazisi olmayan, hücum əməliyatlarında Baş Qərargahın həmlə-zərbə təyinatlı qüvvəsi olmuşdu.

Alayın əsas batalyon və bölmələri  o zamana kimi özünü artıq döyüşlərdə göstərmiş adlı- sanlı  və yüksək döyüş ruhlu dəstə və batalyonlardan formalaşdırıldı. Alayın yaradılmasına S. Hüseynov rəhbərlik etdiyinə görə onu “Surət Hüseynovun dəstəsi” adlandırırdılar.

123-cü alayın 1-ci batalyonu Yevlaxın Qaramanlı kənd «əfqan» veteranlarının bölməsi əsasında quruldu. Batalyon komandiri Şəhid Xosrov Əhmədov idi.
2-ci batalyon Yevlax AXC-nin Borsunluda yerləşən batalyonu idi. Komandiri, Yevlax rayon AXC fəalı, artıq o zaman Qarabağ döyüşçüləri arasında  “Kobra” ləqəbi ilə tanınmış Murad Qurbanov idi.
3-cü batalyon ölkənin müxtəlif yerlərindən yığılmış, sovet ordusunda döyüşən  hərbi hissələrdə xidmət keçmiş yüksək hazırlıqlı könüllülərdən yaradılmışdı. Komandiri kapitan Hümbət Əliyev idi.
4-cü batalyon Gəncə AXC-nin batalyonu idi. Batalyon komandiri Gəncə AXC-ni yaradanlardan, 1992-ci ilin əvvəlində Tərtərin hərbi komendantı olmuş, sonralar «Arabo» dəstəsini məhv edən Şəhid Mehman Ələkbərov idi.
123-cü alayın tank batalyonu, komandiri olduğum OMON-un Çevik Zirehli Dəstəsinin ekipajları əsasında yaradıldı. Tank batalyonun komandiri mən təyin edildim.

1992-ci ilin iyulundan başlayaraq könüllü yerli özünümüdafiə batalyonları müdafiə nazirinin əmrilə nizami ordu h/h sıralarına daxil edildi. Eyvaz Əliyevin (Xan Eyvaz) Bərdə batalyonu və Sahil Məmmədovun Zəngilan rotası 123-cü alaya ştatdankənar bölmələr kimi daxil edildilər. Alayın ümumi sayı 2 min nəfər idi. Alayın komandirləri mayor Mehman Şirinov və sonra p-k Rəsul Suleymanov olmuşlar.

Alay 12 iyun 1992-ci ildən başlayaraq Azərbaycan Ordusunun bütün əsas hücum istiqamətlərində avanqard- zərbə qüvvəsi kimi istifadə olunub və qarşısına qoyulmuş bütün döyüş vəzifələrini ləyaqətlə yerinə yetirmişdi. Veteranlar bilir ki, 123-cü alay Qarabağın hansı cəbhə bölgəsinə göndərilibsə, ordakı bölmələrdə ən ağır döyüş vəzifələrinin yerinə yetirilməsinə, bizim zəfərimizə tam əminlik və ruh yüksəkliyi yaranıb.

“Hərbi Birliyin” Qarabağda vahid komandanlığın yaradılmasında, strateji hücum təşəbbüsünün Azərbaycan Silahlı Qüvvələri tərəfindən əldə edilməsində və müharibənin, 1992-ci ilin iyunundan 1993-cü ilin fevralına qədər bizim xeyrimizə davam etməsində həlledici və müstəsna rolu olmuşdu.

Qarabağda müdafiəni təşkil etdiyinə,  ətraf rayonlarındakı  nüfuzuna və prezident seçkilərindəki fəal dəstəyinə görə Prezident Əbülfəz Əliyevin 2 iyul 1992-ci il tarixli Fərmanı ilə Surət Hüseynov Qarabağ və ətraf rayonlar üzrə Prezidentin Səlahiyətli nümayəndəsi təyin olundu.

Ali Baş Komandanın 8 avqust 1992-ci il tarixli Fərmanına əsasən  isə Qarabağda olan 40 minlik silahlı qüvvə yeni yaradılmış 2-ci Ordu Korpusuna tabe etdirilmiş və S. Hüseynov korpusun komandanı təyin edildi.

“Hərbi Birlik”də olan qüvvələr də 2-ci OK-nun tərkibinə daxil edildiklərinə görə “Hərbi Birliyin” bir daha yığışmasına nə ehtiyac qalmadı, nə də bir daha heç vaxt “Hərbi Birliyin” adından hər hansı bəyanat qəbul olunmadı. Qarabağda keçirilən sonrakı hərbi əməliyatları Baş Qərargah planlaşdırır, 2-ci Ordu Korpusu tərəfindən isə həyata keçirilirdi

. “Hərbi Birlik” xalqın qeyrətli oğullarının Vətənin müdafiəsi üçün nadir və unikal birləşmələrindən biri kimi tarixçilər tərəfindən hələ uzun zaman öyrəniləcək….

Ardı var…

Nazim Bayramov

istinad — moderator.az/?xeber=47380

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники