196166_221551521299891_1768747687_nSurət Huseynovun nəzarətində olan 709 saylı hərbi hissənin keçmiş qərargah rəisi, polkovnik-leytenant Nazim Bayramov saytımıza aşağıdakı məzmunda bir yazı göndərib. Biz onu olduğu kimi təqdim etməkjlə bərabər Fərəc bəyə də cavab haqqı tanıdığımızı bəyan edirik:

Hörmətli Moderator.az saytı, Fərəc müsahibəsində yenə kobud təhriflərə yol verib, ona münasibət bildirmişəm. Xahiş edirəm etirazımı saytınızda yerləşdirin.

Fərəc Quliyev “Heydər Əliyev mənə baş nazir postunu təklif etmişdi” adlı müsahibəsində Qarabağ müharibəsi haqqında danışarkən yenidən ciddi və qərəzli təhriflərə yol verib.  93-cü ilin fevralında baş vermiş hadisələrə mətbuatda, o cümlədən sizin saytda - moderator.az/?xeber=47550, aydınlıq gətirdiyimə baxmayaraq, mövzuya yenidən qayıtmaq məcburiyətindəyəm.

Qarabağ müharibəsinin döyüş tarixi F. Quliyevə görsəndiyi qədər qarışıq və anlaşılmaz deyil ki, onun üzərində o danışdığı ağ yalanlar inşa oluna bilsin. Müharibənin istənilən günü və saatı qoşunlarımızın və bölmələrimizin hansı mövqeləri tutduqları, hərəkətləri və cəbhənin konfiqurasiyası Baş Qərargahın arxivində saxlanılan xəritələrin üzərində konkret tarixlərlə  o vaxtdan əks olunub və məlumdu. Həmin döyüşlərin iştirakçıları da hələ həyatdadılar. F. Quliyev isə nə o zaman, nə indi cəbhənin haradan keçdiyini bilmədən danışır və düşünür ki, heç kəs bilmir.

O, müsahibəsində deyir ki, “Ordumuz geri çəkilmişdi, yüksəklikləri itirmişdik, Kəlbəcərə gedən alternativ yol bağlanmışdı və s. Mən o zaman bu hadisədə məsuliyyət daşıyanları qınamışdım, Arif Hacılı isə onları müdafiə etmişdi. Surət Hüseynovu kadr kimi təqdim edənlərdən biri də Arif Hacılı olmuşdu.”

Burada söhbət F. Quliyevin AXC İcraiyyə Komitəsinin adından 2-ci Ordu Korpusun komandiri Azərbaycanın Milli Qəhrəmanı Surət Hüseynovun haqqında  9 fevral 93-cü ildə AzTV vasitəsilə verdiyi bəyanatından gedir. F. Quliyev indi bunu “qınamaq” adlandırsa da həmin bəyanatda deyilirdi ki, “2-ci Ordu Korpusu komandiri Surət Hüseynov cəbhədən iki briqadanı geri çəkib, ermənilərin qarşısını boşaldıb, nəticədə düşmən 3(üç) kəndi tutub. Bu hərəkətilə S. Hüseynov vətənə xəyanət edib”.

Birincisi, Kəlbəcərə Tərtərdən birbaşa iki yol var və onların bir hissəsi Sərsəng su anbarının sahilləri boyunca gedir. Bu yollardan biri Sərsəngin cənubundan,o birisi Sərsəngin şimalından keçir.  9 fevral 93-cü il- bəyanat verilən tarixdə yolların hər ikisi bizim nəzarətimizdə idi və o yollarla bizim qoşunlar hərəkət edirdilər.

Fevralın 10-u eks- prezident Ə. Əliyev öz fərmanı ilə S. Hüseynovu hərbi vəzifəsindən azad edib, fevralın 12-i Bakıda qəbul edib, “AzərYun” dövlət şirkətinin prezidenti təyin etmişdi. Sərsəngin cənubu ilə keçən yol isə fevralın 16-sı, şimalı ilə keçən yol fevralın 26-ı düşmənin nəzarətinə keçmişdi. Yəni Kəlbəcər yoluna nəzarətin itirilməsi bəyanatdan əvvəl deyil, sonra baş vermişdi. Buradan görünür ki, F. Quliyev 21 il öncə törətdiyi təxribata yeni yalanlarla bəraət qazandırmaq, ona haqq donu geyindirmək cəhdlərindən hələ də əl çəkmir.

O, pafosla davam edir, “Mən Surət Hüseynovun ən güclü vaxtlarında sözümü demişəm. İndiki məqamda, bir daha konkret olaraq, deyirəm ki, Azərbaycanın milli maraqlarına zərər gətirən bütün hadisələrin istənilən vasitə ilə qarşısı alınmalıdır.”

Bu sətirləri oxuyan hər kəsin sağlam təfəkkürünə müraciət edərək, soruşmaq istəyirəm- necə ola bilir ki, dünən(8 fevralda 93-cü ildə) Naxçıvandan Bakıya gəlmiş, Qarabağın yolunu belə tanımayan mülki şəxs o biri günü Qarabağda korpus komandirinin fəaliyətinə qalxıb qiymət versin, özü də bu cür qiymət versin?

Burada bir neçə vacib məqamlar da nəzərə alınmalıdı.

9 fevralda Ali Baş Komandan Ə. Əliyev Gəncədə səfərdəydi. O,  2-ci Ordu Korpusunun komandiri S. Hüseynovla görüşmüşdü və işi ilə bağlı heç bir irad bildirməmişdi.

Həmin gün bəyanatı AzTV-dən eşidən müdafiə naziri R. Qazıyev və daxili işlər naziri İ. Həmidov Ağdərədən təcili Gəncəyə gəlib, S. Hüseynovla onun iş otağında görüşüb, bəyanatla bağlı narazılıqlarını bildirib, təkzibini tələb edəcəklərini demişdilər, onunla axşam naharı etmişdilər.

Bundan başqa bəyanatda əks olunmuş “faktlarla” bağlı Ali Baş Komandan Ə. Əliyev Baş Qərargahın rəisi general-mayor Nürəddin Sadıxovun rəhbərliyi ilə Hərbi- Texniki Ekspertiza təyin etmişdi. Ekspertiza başa çatdıqda,  komisiyasının rəyini Baş Qərargahın rəisi general- mayor Nürəddin Sadıxov müşavirədə şəxsən oxumuşdu- 2-ci Ordu Korpus komandirinin verdiyi əmr zəruridi, məqsədəuyğundu, qanun çərçivəsindədi.

Nəticədə Prezident Ə. Əliyevin göstərişi ilə o zamankı dövlət katibi Arif Hacılı  AzTV vasitəsilə F. Quliyevin AXC İK-i adından verdiyi bəyanatı dövlətin adından təkzib etmişdi.

Sual- necə ola bilir ki, Ali Baş Komandan, müdafiə naziri, daxili işlər naziri, Hərbi-Texniki Ekspertiza deyir ki, S. Hüseynov qoşunları çəkməyib, ermənilərə yol açmayıb, xəyanət etməyib, ancaq bir ictimai-siyasi təşkilatın funksioneri, ixtisasca həkim cəbhədə olanları hamıdan yaxşı bilsin və hələ bir bəyanat versin?

Qeyd edim ki, bu bəyanat AXC İcraiyyə Komitəsinin adından verilsə də, 20 nəfər Komitə üzvlərinin bu bəyanatın hazırlanmasından xəbərləri belə olmayıb. Yəni F. Quliyev burada da saxtakarlığa yol verib, bəyanatı öz adından deyil, məhz AXC İK-in adından vermişdi.

Üçüncüsü, heç bir ictimai-siyasi təşkilatın ixtiyarı yoxdu ki, müharibə aparan ordu birləşməsinin komandirinin fəaliyətinə qiymət versin. Bunu yalnız komandirin (rəisin) birbaşa komandanlığı edə bilər və xüsusi şəraitdə hüquq-mühafizə orqanları. Hansısa siyasi təşkilatın funksioneri qalxıb ordu birləşməsinin komandanın fəaliyətinə qiymət verirsə, bu funksionerin nə dövlətçilikdən, nə müharibədən, nə dövlət intizamından xəbəri yoxdu. Bu, o qədər aşkardı ki, sübuta belə ehtiyac yoxdu. Belə bir addım komandirə iftira və “vətən xaini” elan olunması ilə baş verirsə, burada düşmən ölkələrinin xüsusi xidmət orqanlarının izini axtarmaq lazım gəlir.

Bu bəyanatla Azərbaycan Ordusu Qarabağda başsız qoyuldu. Bundan istifadə edən düşmən, fevralın ortalarından hücum təşəbbüsünü ələ keçirdi və 93-cü il boyu Azərbaycan ağır itkilərə məruz qaldı. Ordumuzun müqavimət qabiliyəti bir daha 93-cü ilin dekabrında bərpa olundu. Bunları hər bir vətənpərvər azərbaycanlı bilməlidi….

 

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники