Suratİyunun əvvəlindənModerator.az 93-cü ilin Gəncə hadisələriylə bağlı silsilə mövzular işləyib oxuculara təqdim edir. Bundan əlavə həmin hadisələrin tam mərkəzində olan və Surət Hüseynovun rəhbəri olduğu 709 saylı hərbi hissənin qərargah rəisi olmuş polkovnik-leytenant Nazim Bayramov da demək olar ki, həmin dövrün hadisələrini əks etdirən silsilə yazılarını bizə göndərir. İndi onun növbəti yazısını təqdim edirik:

….Ötən bölmədə bəhs etdiyim kimi 39 rayonun ziyalı ağsaqqallarının təşəbbüsü ilə yaradılmış «Ağsaqqallar Şurası»na yekdilliklə Surət Hüseynovun sədr seçilməsi iqtidardakı qruplaşmaların çaldığı gizli «həyəcan təbili»nin sədasını bir az artırmışdı…

1993-cü il, iyunun üçü, axşam saatlarında 709-cu briqadanın Gəncənin girəcəyindəki hərbi hissəsinin ərazisi və Seyfəli təlim mərkəzini  Bakıdan, Qazaxdan və başqa yerlərdən gətirilmiş bölmələr sıx mühasirəyə almışdılar. Beşmərtəbəli binaların damında snayperlər mövqe tutmuş və əməliyyat çəkilişi aparılırdı.

Briqadanın şəhərdəki dislokasiya yerində gündəlik xidmət aparan 200 nəfərlik komendant bölməsi və  60-a yaxın digər hərbi qulluqcuları var idi.

 Seyfəlidə yerləşən 1-ci və 3-cü batalyonlardan olan 260 nəfər mayın 12- də Murovdakı mövqelərdə dəyişilərək, dincəlməyə və yenidən döyüş bölgəsinə  qalxmağa hazırlaşan bölmələr idi. İyunun 3-dən 4-ə keçən gecə onlar Şəmkir yolunun üstündəki h/h-yə keçirildilər. Seyfəlidə 50 nəfərlik arxa cəbhə təhcizatı bölməsi saxlanılmışdı. Briqadanın qalan qüvvələri Murov-Gülistan müdafiə xəttində , 2-ci batalyon isə  Ağdərədəki mövqelərimizdəydilər.

“Tufan” əməliyyatının keçirilməsinə cəlb olunmuş, 4 iyun hadisələri ilə bağlı keçirilmiş əməliyyatda istintaq tərəfindən müəyyən edilmiş bölmələr aşağıdakılar idi:

1. Müdafiə Nazirliyinin hərbi birləşmələrinin şəxsi heyəti;

2. Müdafiə Nazirliyi nəzdindəki və yerlərdə olan hərbi-birləşmələrin ağır zirehli texnikası;

3.  Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissələrdən ağır artileriya topları və “Qrad” qurquları;

4. Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri;

5. Prezident qvardiyası;

6. Fəhmin Haciyevin komandanliğı ilə Daxili qoşunlar;

7. Daxili İşlər Nazirliyinin və onun yerlərdəki şöbələrinin şəxsi heyəti;

8. Daxili İşlər Nazirliyinin yüksək rütbəli vəzifəli şəxsləri;

 9. Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələri;

10. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Daxili Qoşunların nəzdindəki aviasiya, o cümlədən vertolyotlar;

11. Bakı şəhərində yerləşən Hərbi məktəblərin kursantları;

12. Hərbi dəniz qüvələrinin matrosları;

13. Ali Hərbi Dəniz qüvvələri məktəbinin kursantları;

14. Polis akademiyasının kursantları;

15. Milli Təhlükəsizlik Nazirliyinin Xüsusi təyinatlı dəstələri;

 16. Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli, vəzifəli şəxsləri;

 17. Baş Prokurorluğun xüsusi təşkil edilmiş istintaq-əməliyyat qrupları;

 18. Bakı Bələdiyyə polisi bölməsi;

 19. Neft qurgularının mühafizə dəstələri;

 20. Mülki müdafiə quvvələri;

 21. Ədliyyə Nazirliyinin əməkdaşları, o cümlədən, cəzaçəkmə müəssisələrinin zabit və əskərləri;

 22.Sərhəd qoşunları və s.

“Tufan” əməliyatında istifadə etmək üçün  Ağdam müdafiə xəttindən  Daxili Qoşunların iki batalyonu, 4 ədəd BM-21 (Qrad) və 10-a yaxın başqa artilleriya qurğuları da çıxarılaraq  Gəncəyə gətirilmişdi.

Bu qüvvənin ümumi sayı 3 mindən çox idi. Ancaq “Tufan»ın birinci eşelonunda 2 mini iştirak edirdi. Qalan mindən artıq qüvvə Göranboyda ikinci eşelon kimi sonradan Gəncəyə daxil olmağa hazır vəziyətdə dayanmışdı.

Bundan başqa iyunun 4-də  Fərəc Quliyevin Naxçıvandan gətirdiyi geyri- qanuni silahlı dəstəsi və Ağcabədi hərbi polis qüvvələri Yevlax Yun Kombinatına hücumda iştirak etmişdilər.

“Tufana” ümumi rəhbərliyi Daxili işlər naziri Abdulla Allahverdiyevin xidməti  kabinetindən İsa Qəmbər və Pənah Hüseynov həyata keçirirdilər.

Bir məqamı xüsusi qeyd etmək istəyirəm ki, “Tufan” əməliyatında iştirak etməkdən və qardaş qanı tökməkdən qəti imtina edən 130 saylı h/h-nin komandiri polkovnik Ramadan Maqomedov kimi şərəfli zabitlərimiz də olmuşdu.

Ramadan Maqamedov özünün  AzTV-ə verdiyi müsahibəsində də bildirmişdi ki, o, müdafiə naziri  Dadaş Rzayevə deyib ki,  qardaş qanı tökülməyin əleyhinədir. 709 saylı hərbi hissənin şəxsi heyətini şəxsən tanıyır, bir çox döyüşlərlə onlarla çiyin-çiyinə döyüşüb. Onların necə igid və qoçaq döyüşçülər olmasını yaxşı bilir.

Sırf bu  hadisəylə bağlı da Ramadan Maqamedov istefa ərizəsini nazirə təqdim edib.

İyunun 4-ü,  səhər saat 5.50-də 709-un əsgərləri hələ yatarkən, qonşu 130 saylı h/h ərazisində cəmləşdirilmiş qüvvələrdən biri tank, arxasınca bir PDM olmaqla, dəmir hasarı əzib keçərək 709-cu briqadanın ərazisinə girir.  Tank kazarmanın bir hissəsini uçurdur. Dağıntılar altında qalmış 7 əsgərdən ikisi ağır yaralanır. Bu açıq-aydın təxribat idi. Qarşı tərəf gözləyirdi ki, tank 709-cu briqada tərəfindən vurulacaq ki, bundan da 709-a qarşı güc əməliyatının başlanmasına bəhanə kimi istifadə olunacaq. Lakin briqada  komandiri  p/l-nt Eldar Əliyev soyuqqanlıq nümayiş etdirərək, tankın vurulmasını qadağan etmişdi. O, tankın qarşısına çıxaraq, əli ilə tanka dayanmaq, mühərrikini söndürmək işarəsini verir. Lakin tankın ekipajı buna əhəmiyyət vermir və zirehli texnika E.Əliyevin üzərinə doğru  irəliləyir.  Onun çəkilmədiyini görüb qarşısında dayanır və sonra nə fikirləşirsə,  dönüb 130 saylı h/h-yə qayıdır.

Briqada komandiri E. Əliyev dərhal hadisə haqqında  müdafiə nazirliyinin növbətçisinə  telefonoqram göndərir və “Hərbi hissəyə hücum!” təbili ilə  briqada ərazisinin müdafiəsini qurur.

Təxminən 2 saat sonra briqadaya 4-cü Ordu Korpus komandiri p-k İsa Sadıxov  gəlir. Briqadada onu tanımadıqlarından zabit və əsgərlər düşünürlər ki, o, səhərki insidentlə bağlı MN-nin tapşırığı ilə göndərilmiş zabitdir. Lakin məlum olur ki, o, 709-cu briqadanın buraxılması haqqında müdafiə nazirinin  əmrini kombriq E. Əliyevə çatdırmağa gəlib və dediyinə görə, səhərki hadisədən xəbəri yoxmuş. E. Əliyev ondan yazılı formada əmr istəyir. Çünki əvvala, belə əmr yalnız yazılı sürətdə olur və buraxılma ilə bağlı bir çox vacib məqamları özündə əks etdirir. İkincisi, İ.Sadıxov  E.Əliyevin və briqadanın şəxsi heyyətinin rəisi (komandiri) deyildi. Yəni, hərbi intizamnamələrin tələblərinə görə kombriq E. Əliyev İ.Sadıxova tabe olmamalı, onun əmrlərini yerinə yetirməməliydi. Bundan sonra İ. Sadıxov 709-un zabitləri ilə bir yerdə səhər naharı edir və müdafiə nazirinin yazılı əmrini gətirməyə gedir.

Ayrıca qeyd edim ki, İsa Sadıxov kimi şərəfli zabitin, Qərb bölgəsində etibarlı müdafiə və düşmənə nəfəs almağa imkan verməyən artilleriya atəş sistemi qurmuş bir peşakarın, ümumiyyətlə, milli  ordumuzun daxili siyasi münaqişəyə cəlb edilməsi  təəsüf doğuran haldı və yolverilməzdir.

Hər hansı h/h-nin buraxılması üçün çox ciddi əsaslar olmaqla bərabər, bu prosses qanunlara uyğun keçirilməlidi.  Azərbaycan Respublikası Silahlı üvvələrinin Daxili Xidmət Nizamnaməsinin 59-cu bəndində göstərilib ki;

1. Hərbi hissənin təhvil-təslimi şəxsən böyuk komandirin (rəisin) nümayəndəsinin iştiraki ilə aparılmalıdir.

2. İşlərin və vəzifələrin təhvil-təslimi üçün böyük komandirin (rəisin) əmri ilə  komissiyalar təyin edilməli və bu komissiyalar ayri-ayrılıqda hərbi hissədəki ümumi vəziyyəti, sillahların, döyüş texnikasının və digər texnikanın, döyüş sursatının sayını, vəziyyətini və qeydiyyatını , həmçinin hərbi hissənin qoşun təsərrüfatının vəziyyətini yoxlayıb aktlar tərtib etməlidirlər …”(inventarlaşdırma və s. aparılmalıdır).

 Qeyd edim ki, qanunda  tələb olunan müddəaların  heç biri 709-cu briqadanın buraxılması prosesində tətbiq olunmamışdı. Belə görünür ki, “Tufan” müəlliflərinin təsəvvürlərində hərbi hissəsinin ləğvi hərfi mənada həyata keçirilirdi. Yəni ultimatum verilməklə və sonra şəxsi heyyəti fiziki cəhətdən məhv etməklə. Digər mühüm bir  məqam isə ondan ibarətdir ki,  əsas bölmələri döyüş mövqelərində olan və  ləğv edilməsi planlaşdırılmış h/h öncə döyüş mövqelərində başqa qüvvə ilə əvəzlənib, sonra daimi dislokasiya yerində cəmləşdirilərək MN-nin təhvil- təslim komisiyasının vasitəsilə buraxılmalıdır.

Burada bir haşiyəyə çıxaraq, qeyd edim ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 61-ci bəndinə əsasən işlərin və vəzifələrin təhvil-təslimi üçün müddətlər aşağıdakılardır;

—briqada komandiri üçün  — 10 gün müddətində

— briqada komandirinin arxa xidməti üzrə müavini — 20 gün müddətində

—tabur və bölük komandirləri üçun – 5 gun müddətində.

Lakin 709-cu briqadanın şəxsi heyyətindən, Hərbi İntizamnamənin yuxarıda göstərdiyim 59, 61 və b. bəndlərinin pozulması ilə  h/h-ni dərhal tərk etmələri tələb olunur.  Əks halda isə onlara qarşı silah tətbiq ediləcəyi  ultimatum şəklində bildirilir. Bir daha xatırladım ki, bu tələb briqadanın tabe olmadığı şəxs tərəfindən irəli sürülmüşdü.  Əlbəttə, dövlətə məhz 709-cu briqadanın buraxılması lazım idisə, bunu qanunda nəzərdə tutulmuş şəkildə etməliydii. Lakin bu yanaşma tam aşkarlıqla göstərir ki, AXC iqtidarı Gəncədə silahlı təxribat planlaşdırmışdı.

Bu arada hospitaldan səhər yaralanmış əsgərlərdən ikisinin ölüm xəbəri gəldi. Bu xəbər zabit və əsgərləri bərk hiddətləndirdi.  Müharibədə düşmənə qan udduran iki döyüşçünü öz milli  tankımız əzmişdi…

 Bütün heyyət kombriq E. Əliyevdən Sürət Hüseynovun h/h-yə dəvət olunmasını tələb etdi. Çünki 709-cu briqada təşkil olunanda o söz vermişdi ki, “bir daha belə şeylər təkrarlanmayacaq”.  E. Əliyev səhərki hadisəni, iki nəfərin ölməsini, və briqadanın buraxılması haqqında müdafiə naziri Dadaş Rzayevin əmr verdiyini S. Hüseynova bildirir. S.Hüseynov təxminən səhər saat 9-da, 709-cu h/h-yə gəlir. Sürücü danışdı ki, onun da evi mühasirədə olub. Evdən çıxdıqları zaman S.Hüseynov evi mühasirəyə almış bölmənin komandirini soruşub. Komandir irəli çıxdıqda ona müraciət edib ki, «bu nə məsələdi?». Milli Təhlükəsizlik Nazirliyinin Xüsusi Təyinatlı Dəstəsinin komandiri başını aşağı salaraq deyib ki, «Sürət bəy, cənab nazir dedi ki, prezident əmr edib sizi harda görsək vuraq». S.Hüseynov onu dinlədikdən sonra  soruşub ki, “uşaqlar çörək yeyiblərmi?” və komandirin cavabını gözləmədən mühafizəçisinə əsgərlərə səhər yeməyi verməyi tapşırandan sonra hərbi hissəyə yola düşüb. Əsil möcüzə isə budur ki, hər 500 metrdən bir qurulan postların heç birində S.hüseynovun maşınını saxlamayıblar və o, heç bir maneə olmadan 709-un ərazisinə daxil olub.

Məlumat üçün bildirim ki, həmin vaxt Sülhəddin Əkbər Gəncə şəhər prokurorluğunun inzibati binasından əməliyyata rəhbərlik edirmiş.

Hərbi hissədə S.Hüseynov 709-un əsgər-zabitlərini dinlədikdən sonra onları təxribatlara uymamağa çağırır və hadisənin aydınlaşdırılacağına, təqsirkarların cəzalandırılacağına söz verir.
Bu zaman İsa Sadıxov Prezident Qvardiyası zabitinin müşayətilə 709-cu briqadaya qayıdır və E. Əliyevə MN-nin 709-cu briqadanın buraxılması haqqında yazılı əmrini təqdim edir. Əmrdə 709-cu briqadanın tutduğu döyüş mövqelərini kimə təhvil verilməli olduğu göstərilməmişdi.
S.Hüseynov kombriqin iş otağından səhərki hadisə ilə bağlı MN-i ilə əlaqə yaratmağa cəhd edir.
E.Əliyev İ.Sadıxovu S.Hüseynovun yanına dəvət edir.  S. Hüseynovla İ.Sadıxovun arasında söhbət qısa və gərgin olur. S. Hüseynov İ. Sadıxova “709 tutduğu döyüş mövqelərində dəyişdirilmədən, necə buraxıla bilər? Briqadaya tapşırılmış 75 km müdafiə xətti kimə təhvil verilsin, erməniyə? Yenə nə oyundu çıxardırsınız? Səhər yatılı vəziyyətdə əsgərləri tankla basıb, sonra əmr gətirirlər? Əmr beləmi verilir? Hanı Dadaş Rzayev?». Sonra o, mühafizəçilərə İ.Sadıxovu və onunla gələn zabiti vəziyyət aydınlaşdırılana qədər saxlanılmalarına göstəriş verir.  E. Əliyevə isə onu  müdafiə naziri D. Rzayevlə calaşdırmasını tapşırdı. D. Rzayevi heç kəs tapa bilmirdi. Yerini bilən də yox idi. Dedilər ki, o Şəmkir QES gölündə balıq tutur. S. Hüseynov onun dalınca adam göndərmək istəyəndə, briqadanın ərazisi top və qumbaraatanlardan atəşə tutuldu. Qərargah vurulurdu. H/h ərazisində olan p/l-nt Vahid Tacibov S.Hüseynova “İsa Sadıxov bu atəş altında ölsə, məsuliyyət bizim üzərimizdə qalacaq” deyib, ondan İ.Sadıxovun buraxılmasını xahiş etdi. İ.Sadıxov və onunla gələn qvardiyaçı buraxıldı.

 Saat 9.50 idi.  709-un Nəzarət-Buraxılış Məntəqəsi (NBM) ilə üzbəüz, yolun o biri tərəfində dayanmış PDM-in topundan NBM-ə atəş açıldı.                   5  növbətçidən ikisi öldü, 3-ü yaralandı. Qərargah işçiləri olan qadın hərbi qulluqçuları h/h-dən ağ bayraqla çıxarmaq cəhdlərimiz baş tutmadı. Onların başı üstündən atəş açıldı və onlar qaçaraq, şok və halsız vəziyyətdə özlərini birtəhər zirzəmiyə atdılar.

709-cu briqada səhər saat 9.50-dən saat 13-dək, 3 saat ərzində, axşamdan onu mühasirəyə almış hərbi hissələr və bölmələr tərəfindən tanklar, PDM-lər, minaatanlar, qumbaraatanlar, iriçaplı pulyemotlar, atıcı silahlarla və ətraf yaşayış binaların üstündə mövqe tutmuş snayperlər tərəfindən aramsız atəşə tutuldu. Yer silkələnirdi, kazarmalar dağıdılır, yanırdı, hər yer od və tüstüyə bürünmüşdü, qonşu binaların sakinləri qaçırdı. 709-da ölən və yaralananların sayı artırdı. Hərbi hissənin qarşısından avtomaşınla keçən insanlardan atəşə tuş gəlib, qətlə yetirilənlər də olmuşdu.
709-un qətliamına etiraz edən Gəncə əhalisi İcra Hakimiyyətinin qarşısındakı meydanda toplaşaraq, qardaş qırğınını dayandırmağı tələb edirdilər. Artıq 10 minə yaxın insan mitinq keçirirdi.
Səhər saat 11 radələrində 709-cu briqadanın 4-cü batalyonun komandiri, Gəncə Xalq Cəbhəsini yaradanlardan biri, Qarabağ müharibəsi qəhramanı Mehman Ələkbərov öldürüldü. Şəhid M. Ələkbərovun qardaşı Ağakərim Ələkbərov tərəf.info saytına verdiyi müsahibədə hadisəni belə xatırlayır: “… Biz 709-un içinə girdik. Gördük bura əsgərlərlə doludur. Özü də elə-belə prizıv (yeniyetmə çağırışçılar-red.)  əsgərləri deyil. Çünki, çoxlu yaşlı əskərlər də var idi. Mehman onlara müraciət edib dedi ki, qardaşlar biz burada qardaş qırğınına yol verməyəcəyik. Siz erməni üstünə gəlmisiniz? Silahları aşağı salın. Burada düşmən yoxdur və bu nə isə anlaşılmamazlıqdır. Biz hamımız silah qardaşıyıq. Hər şeyi sakitliklə və qurbansız həll edəcəyik. Bizim bir düşmənimiz var, o da erməni…»

 Jurnalistlə A.Kərimovun söhbətinin qısa mətnini oxucuların diqqətinə çatdırıram:

Sual: Mehman kimlərə müraciət etdi? 709-un uşaqlarına?

Cavab: Yox qardaş, nə 709, heç orada o vaxt 709-dan əsgər yox idi. Bunlar gəlmə əsgərlər idi. Onlar barıdan içəriyə keçmişdilər və hər yerə atəş açırdılar. Mehman bir tanka yaxınlaşıb onu söndürdü, sonra yaxındakı BMP-ni söndürdü və içində olan bir cavan əsgəri çıxartdı. Sonra  əsgərlərə atəş açmamaq üçün ikinci dəfə müraciət etdi. O, dedi ki, «qardaşlar, biz ermənilərin sevincinə səbəb olan qardaş qırğınılna yol verməməliyik. Bizim bir düşmənimiz var, o da erməni və biz ona güllə atmalıyıq. Biz burada hər şeyi sülhlə həll etməliyik və edəcəyik.»

Coxu onu tanıyırdı və bir birinə deyrdi ki, “ Mehman gəldi, Mehman gəldi.” O cibindən ağ yaylığını çıxardıb yuxarı qaldırdı və “ atmayın, atmayın” deyə qışqırdı. Doğrudanda atəş dayandırıldı. Elə bil hamı sakitləşdi. Allaha and olsun hamı sevinirdi ki, Mehman indi hər şeyi həll edəcək. Amma bu zaman güllələr açıldı. Onun yanında batalyonunun naçalnik svyazı (rabitə rəisi-red)  Mehman Cəfərovu güllələyib öldürdülər. Hümbətov Kərim isə qolundan yaralandı.

Sual:  Kİmlər idi güllə atanlar? Surətçilər idi ?

Cavab: Yox nə Surətçilər, Qazax briqadasının əsgərləri idi. Gözümnən gördüm. 709-un qərərgahının aşağı tərəfi stadiondur, ondan bir az aralıda ağaclıq var. Oradan atdılar, sonrada səhv etmirəmsə “ Ural” maşınları var idi ona minib barını uçurdaraq qaçdılar.

Eyni zamanda, baxmayaraq ki, xüsusi təyinatlılara S. Hüseynovun evdə olmaması dəqiq məlum idi, atasının yas mərasimi keçirilən evi də 3 saat ərzində aramsız atəşə tutmuşdular. Mühafizəçilər  müqavimət göstərmiş, yalnız 709-a hücum edən qüvvələrin təslim olduğunu eşidəndən sonra xüsusi təyinatlılar gəldikləri avtobuslara doluşub, evdən uzaqlaşmışdılar.

Saat 13.00 radələrində Gəncə İcra Hakimiyyətinin qarşısından çoxminli  insan axını qardaş qırğınını dayandırmaq çağırışları və AXC iqtidarına etiraz şuarları səsləndirərək atəş zonasına hərəkət edir. Məhz bu zaman-  hakimiyyətin silahlı “Tufan” təxribatı pozuldu və uğursuzluğa duçar oldu. Gəncədə xalq üsyanı başladı. Xalq 709-un və Surət Hüseynovun müdafiəsinə qalxdı. Yeri gəlmişkən, 21 ildir iftiraçı təbliğat  709-cu briqadanın müharibənin od-alovunu keçmiş əsgər və zabitlərini “Sürətin quldurları”, “narkomanlar”, “rusiyapərəst hərbi qüvvə” adlandırır. Özünüzə sual verin, bəylər, 709-cu briqada quldurlardan ibarət idisə, Gəncə kimi hamının bir-birini tanıdığı şəhərdə, əhali onların  müdafiəsinə əliyalın qalxardımı?

İnsan axınının səsi yaxınlaşan zaman atəş səsləri biraz səngidi. Atəşin bir anlıq səngiməsindən istifadə edərək, mən 35 nəfər müharibədə dəfələrlə düşmən üzərinə arxamca apardığım əsgərləri 100 metr məsafədə qonşu hərbi hissədən   atəş açan qardaşlarımızın üzərinə hücuma qaldırdım. Biz bu 100 metrəni qaçaraq,  onların başlarının üstünü kəsdik və tanklardan, PDM-lərdən nişançıları çıxardıq. Tərksilah edilən əsgərlərin çoxu bizə atmadıqlarını deyir, avtomatlarının lüləsinin təmiz olduğunu göstərirdilər. Aydınlıq üçün bildirim ki, gerçəkdən də avtomatın daraqları güllə ilə dolu, lülələri isə təmiz idi. Mühasirə halqasının başqa tərəflərində mövqe tutanlar isə qaçdılar…

 Atəş tamamilə dayandı. Qarşı tərəfin əsgərlər silahlarını yerə atıb, təslim oldular…

 ardı var…

istinad - http://moderator.az/?xeber=48227

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники