Vaqif Qurbanov nəinki təyyaradə, hətta Yevlax şəhərində mənim tərəfimdən 123 alayın yaradılmasında  böyük köməkliyi olub, demək olar ki hərbi biliyi mənə izah edən ilk şəxslərdən biri Vaqif Qurbanov olub, Qarabağ münaqişəsi başlayarkən təbii ki mənim hərbi texnikadan və silah sursatdan anlayışım var idi, amma hərbi hücümların dəf edilməsi və hücüm planlarının hazırlanmasında onun köməyi böyük olub.  Dəllər, Gəncə, Yevlax, Kürdəmir kimi hərbi aviabazaların yaradılmasında Vaqif Qurbanovun   Azərbaycan ordusuna çox böyük koməkliyi olub!

Surət Hüseynov

 

GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, hərbi jurnalist Asəf Quliyevlə müstəqil Azərbaycanın ilk hərbi təyyarəçisi baş- leytenant (sərvan), şəhid Vaqif Qurbanov haqda söhbətləşmişik.
- Asəf bəy, şəhid təyyarəçi Vaqif Qurbanov şəxsiyyəti haqda oxucularımıza məlumat verəsiniz. Onu da qeyd edək ki, bu gün ictimaiyyətə belə igidin adı o qədər də tanış deyil. Vaqif Qurbanov şəxsiyyəti kim olub, və onun döyüş yolu haqda nə deyə bilərsiniz?
- Əslən Tovuzun Qovlar kəndindən olan Vaqif Qurbanov Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra Borisoqlebs Ali Hərbi Aviasiya(havacılıq, həvanəvərdi) Məktəbini bitirib. Təhsilini başa vurduqda sonra Sitalçaydakı Aviasiya polkunda(həng) xidmətə başlayıb. Sözügedən polk Əfqanıstan müharibəsi zamanı təşkil olunub və Su-25 təyyarələri ilə komplektləşdirilib. Su-25 təyyarələri Əfqan müharibəsində SSRİ-nin(Şurəvi) istifadə etdiyi əsas aviasiya texnikası idi.
- Ümumiyyətlə, sovet (Şurəvi) ordusundan hərbi təyyarəni qaçırtmaq elə də asand iş olmayıb. Bu proses necə baş verib?
- 1992-ci ilin əvvəlində Ermənistandan Dağlıq Qarabağa uçuşların qarşısını almaq üçün Azərbaycan hakimiyyəti məxfi plan qurur. Plana görə Sitalçaydan hərbi təyyarə qaçırılmalı və Xocalı hava limanı dağıdılmalı idi. Həmin dövrdə Daxili İşlər Nazirliyində (DİN) məsul vəzifə tutan Akif Hacıyev Vaqif Qurbanovla əlaqə yaradır. DİN (daxili işlər nazirliyi) rəhbərliyi səviyyəsində Vaqif Qurbanovla görüş keçirilir. Vaqifə təklif olunur ki, təlim uçuşu vaxtı Xocalıya uçsun və hava limanını bombalasın. Bundan sonra Vaqif üçün başqa adla sənədlər hazırlanmalı və o yeni adla başqa yerdə yaşamalı idi. Amma Vaqif bu planı real hesab eləmir. Çünki təlim uçuşu vaxtı təyyarədə olan sursat bu plan üçün yetərli deyildi.
Vaqif bu plandan imtina imtina edir. Amma təyyarənin qaçırılması ideyasından imtina etmir. Polkda Vaqif Qurbanovla birlikdə xidmət edən texniki heyətdə də bu ideyaya tərəfdar çıxanlar olur. Beləliklə Vaqif Qurbanov, Fuad Məmmədov, Akif Quliyev, Gülbudaq Bunyadov, Bəşir Əliyev, Tofiq Şalbuzov, Elman Cəlilov Su-25 qaçırmaq qərarına gəlirlər. Həmin dövrdə Sürət Hüseynov Qarabağ istiqamətində yaranan özünümüdafiə batalyonlarının (qurdan) hamisi kimi tanınırdı. Təyyarəni qaçırmaq istəyən qrupdan bir-neçə nəfər Yevlaxda Sürət Hüseynovla görüşür və ona bu plan barədə deyirlər. Sürət Hüseynov bu ideyanı bəyənir və istənilən köməyi göstərməyə hazır olduğunu deyir. Beləliklə, 8 aprel 1992-ci ildə plan həyata keçirilir. Bort nömrəsi 27 olan Su-25 təyyarəsi Müstəqil Dövlətlər Birliyinin Sitalçaydakı Aviasiya Polkundan qaçırılır. 12 dəqiqədən sonra təyyarə Yevlax Mülki hava limanına endirilir.
Amma təyyarəni orada saxlamaq mümkün olmur. Moskvadan belə bir göstəriş verilir: Su-25 aşkar olunduğu yerdə xəbərdarlıqsız və qeyd şərtsiz məhv edilsin.
Bundan sonra təyyarə Şəkiyə aparılır. Şəki rayon Polis İdarəsinin rəis müavini Mahir İlyasov təyyarənin Şəkidə gizlədilməsini təşkil edir.
1992-ci ilin may ayının 8-də ermənilərin Şuşada hücumu xəbərindən sonra Vaqif və dostları təyyarəni saxladıqları yerdən çıxarırlar. Su-25 ilk döyüş uçuşuna Şəkidən qalxır. Şuşaya.
Vaqif iki gün Şuşaya uçuş edir. Və hər dəfə də qayıtdıqdan sonra bildirir ki, verilən koordinatlarda(müşəxxəsat) heç nə yoxdur. Mayın 9-da Vaqif Şuşaya uçuşu zamanı idarəetmə mərkəzinə bildirir ki, Şuşa boşdur, şəhərdə heç bir hədəf yoxdur. Amma ona bildirilir ki, ermənilər maskalanıb. Vaqif bildirir ki, mən 50-100 metr hündürlükdə uçuram şəhər boşdur. Amma ona inanmırlar.
1992-ci ildə iyulun 12-də Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu hücuma keçir. Vaqif Qurbanov ermənilərin müdafiə xəttini yarır və bundan sonra Goranboy-Ağdərə istiqamətində uğurlu hücum reallaşır. İyulun 13-də Vaqif yenə Goranboy-Ağdərə istiqamətində işləyir. Ağdam-Əsgəran istiqamətində vəziyyət ağırlaşır. 3 döyüş uçuşundan sonra Vaqif Əsgərana uçur və vurulur.
Həmin gün Vaqifin Əsgəran istiqamətində uçduğunu görmüşdüm. Amma çox keçmədi xəbər gəldi ki, təyyarəmizi vurdular.
Bu təyyarənin rus bazasından oğurlandığını bilirdim. Amma həmin vaxt başqa heç bir məlumatım yox idi.
Bu hadisədən uzun illər keçdi.- Sizcə, nədən indiyə qədər onun haqqında hansısa sənədli film çəkilmir? Axı, Vaqif Qurbanov yenicə qurulmaqda olan müstəqil ordumuzun ilk hərbi təyyarəçisi olub…

- Jurnalistlik fəaliyyətimə başlayandan sonra bu məsələni araşdırmaq qərarına gəldim. Amma dəqiq məlumat toplaya bilmirdim. Nəhayət 2006-cü ildə Sürət Hüseynovla görüşdüm və ondan 1992-ci ildə qaçırılmış təyyarə barədə soruşdum.
Sürət Hüseynov mənə Vaqifin Qovlardan olduğun dedi. Qovlarda qohumların tapdım. Onlar mənə Vaqifin həyat yoldaşının koordinatların verdilər. Həyat Yoldaşı ilə görüşdüm. O da mənə dostu Fuadın nömrəsini verdi. Fuad vasitəsi ilə də digər dostların tapdım.
Bayaq adını çəkdiyim Akif Hacıyevi də tapdım, amma o heç nə demək istəmədi.
Bu barədə araşdırmamı ilk dəfə “GÜN səhər” qəzetində dərc elədim. 2006-cı ildə isə Mehriban Ələkbərzadə məni yenidən Space TV ilə əməkdaşlığa dəvət elədi. Və orada “Tam məxfi” silsiləsindən ilk filmim məhz Vaqif Qurbanov haqda oldu.
Bir məqamı da qeyd edim ki, bugünə qədər nə Vaqif Qurbanov, nə də onun silahdaşları Azərbaycan Respublikasının fəxri ad və mükafatlarına layiq görülməyib. Vaqif Qurbanovun adı bu günə qədər heç yerdə çəkilmir. Ailəsinin Müdafiə Nazirliyinə ünvanlığı müraciətlərinə isə, belə cavab verilir ki, o heç bir hərbi hissədə qeydə alınmadığına görə, Vaqif haqda heç nə edə bilməzlər. Halbuki, Vaqifin Yevlaxın bir-çox uçuşlarına hazırkı müdafiə naziri olan Səfər Əbiyev rəhbərlik edib. Səfər Əbiyev də, Nəcməddin Sadıxov da Vaqifi şəxsən tanıyıblar. Amma…

Söhbətləşdi:  Elnur Eltürk

P.S: Bu yerdə atalarımız yaxşı deyib: “İgid ölər, adı qalar”. Vaqif Qurbanovda belə igidlərimizdəndir. Allah, bütün şəhidlərimizə rəhmət eləsin!!!

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники